Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Reportaj

Paytaxt qayğıları taksi sürücülərinin dilindən, yaxud “ikra”nı niyə ingilis yeyir?”

Tamam fərqli bir mövzu ilə bağlı şəhərə çıxsam da, bir taksi sürücüsünə verdiyim suala aldığım cavab niyyətimin istiqamətini dəyişdi. Sən demə ürəkləri dolu, dərdləri böyükmüş taksi sürücülərinin. Özümü sosial ekspertlərin içində hiss elədim.

“Gənclər kredit içində boğulur”

“Biz taksi sürücülərinin problemi yazmaqla qurtaran deyil. Guya sənin yazdığına kim baxacaq ee! Kimdi mətbuatı sayan. Bakını tikə-tikə yaman günə qoyublar, sora da deyirlər nəqliyyatda problem var” - Jurnalist olduğumu bilən bir taksi sürücüsü Əli dayı  gözünü yumub, ağzını açdı.

Həmsöhbətim əvvəllər mağaza müdürü işləyib. Pensiyaya çıxandan sonra dolanışıq dərdi Əli dayını taksi sürücüsü olmağa vadar edib.

Deyir yol polisi imkan versə, birtəhər qarnımızı doyura bilərik. Bu yaxınlarda infarkt keçirdiyini deyən Əli dayı, həyatını təhlükə altına atıb yollara çıxamağa məcburdur: “Xəstəyəm. Amma məcburam. Nə edim sən de? İş yoxdur, pensiya az. Bu yol polisləri də bir tərəfdən imkan vermir işləməyə. Dayanmağa yer yoxdu. Gah ora qovullar, gah bura. Çıxım oturum evdə nə iş görüm? Bakının vəziyyəti də göz qabağında, qaragünə qoyublar şəhəri”.

Çoxumuzun ağlına gələn sualı dilimə gətirib soruşdum ki: “Əli dayı əgər siz deyən kimi taksidə gəlir yoxdursa, niyə günü-gündən taksilərin sayı artır”.

Deyir - “Tək problem işsizlikdir. Camaat iş tapmır. Cavanlar da ya fəhləlik edir, ya taksi sürür. Neynəsinlər, iş yerləri yoxdur. Hər gün televizorda deyirlər inkişaf edirik, bəs hanı bu inkişaf? Niyə cavanlar kredit içində boğulurlar? Mən xəstə “pensioner” adam səhər saat 6-dan çıxmışam evdən. Hələ bir müştərim olmayıb. Niyə dövlət məni təmin etmir ki, mən də məcbur olub taksi sürürəm. “Sovet” dövründə uzun illər vəzifədə işləmişəm. Görürsən də o dövrün mağaza müdiri, indinin taksi sürücüsüyəm” - gülür.

“Səngərdə duran bizim balamız, “ikranı” niyə ingilis yeyir?”

Söhbəti kənardan eşidən digər sürücülər də başımıza yığışdılar. Zamin 85-ci ildən taksi sürücüsüdür. Deyir o dövürlə indiki dövrü müqayisə etmək olmaz: “O dövr başqa idi qardaşoğlu. Dolanışıq var idi. Taksi sürücüsünə hörmət var idi. Ərzaq ucuz idi, qazancımızla istədiyimiz kimi dolanırdıq. Amma indi gəlir yox, hərşey baha. Mənim ürəyim indi ikra istəsə yeyə bilmərəm, amma o vaxtı yeyirdim. İkra bizim, amma yeyən başqaları. Səngərdə bizim balalarımız durur, ikranı niyə holland, ingilis yeməlidir? İkra cəhənnəm, heç ət də yeyə bilmirəm bu qazancla”.

Zamin də digər sürücü kimi yol polisindən şikayətçidir. Hökumətin onlara şərait yaratmadığını deyir: “Bir yandan da yol polisi imkan vermir işləyək. Saxlamağa yerimiz yoxdur. Yolda müştəri götürmək istəyirik 2 günlük qazancımızı tutub əlimizdən alırlar. Bu qədər də cərimə olar? Hər yeri də pullu dayanacaq ediblər. Mən nə qazanıram ki, nə də verim. Bizi biraz nəzərə almalıdırlar axı”.

Demək olar ki dinlədiyim bütün sürücülər eyni problemdən şikayətlənirlər. Dolanışıq yoxdur, yol polisi imkan vermir işləməyə, şəhərdə hərəkət etmək mümkün deyil.

Təzə-təzə taksi sürməyə başlayan Pərviz də əziyyət çəkib, gecə-gündüz işləsə də, borc içində itib-batdığını bildirir: “Taksi sürücülüyü çox əziyyətli işdir, üstəlik dolanışıq da yoxdur. Probkalarda çox əziyyət çəkirik. Bir yandan da haqsızlığa uğrayırıq. Mən gün ərzində 40 manat işləyə bilmirəm. Amma xırda bir şeyə görə ən aşağısı 40 manat  cərimə yazırlar. Saxlamağa yer yox, yollar tıxac, hər yer pullu dayanacaq. Bəs indi biz necə edək, necə həm cərimə etməyib, həm də özümüzü dolandıraq bu nəqliyyatla? Nə qədər borcla yaşamaq olar? Qarnımıza aldığımız yemək də borcdur. Kreditlə yaşayırıq”.

“Siz hökumət, dovşana qaç deyirsiniz, tazıya tut”

25 ildir sürücülük edən Azər dayıya deyirəm ki, ağsaqqal mən hökumət deyiləm, jurnalistəm. Ağ saçlı, ağ saqqallı, təxminən 65-70 yaşlarında zəif bədənli kişi deyir ki, “Əşi nə fərqi var, əsas problem odur ki, son illər Bakını məhv ediblər. Qanunsuz-qaydasız, harda gəldi tikillər. Millət də ac, işsiz, qaçır Bakıya. Yer dar. Küçələr dar. Addım atmaq olmur. Bir yandan da harda gəldi parkomatları qoyublar. Nə qazanırıq ki, nə də pul ödəyək? Savadsız tikilən “Novastroykalar” küçələri lap bərbad gün qoyub. Maşınla rahat keçə bilmirik. Bəs biz necə edək? Başqa iş də yox. Mən maşını harda, necə saxlayım, müştərini necə götürüm, harda müştəri gözləyim?”

Azər kişi deyir indiki hökumət sovet dövründən örnək götürməlidir, problemi bəlkə onda həll etmək mümkün olar: “Sovet dövrü şəhər boş idi, rahat idi, camaat bir tikə çörək dalınca şəhərə axın eləmirdi, rayonlarda iş var idi. Yol polisi takisləri hər xırda şeyə görə saxlamazdı. Televizorda yalandan deyirlər əhalinin güzaranı yaxşıdır. Amma camaat kreditlə dolanır. Bax bu gün mənim naloqu verməyə pulum yoxdur. QAİ də gizlənib güdür ki, taksi balaca bir qayda pozuntuzu eləsin ki, tutub soysun. Amma bahalı bir maşın eləsə göz yumarlar, görmürlər. Biz kasıblara da biraz hörmət eləsinlər ki, özümüzü dolandıra bilək”.

Qocaman taksi sürücüsü iztehzayla gülümsüyərək əlini çiynimə qoyub, təcrübəli bir ekspert kimi problemdən çıxış yolunu göstərir, deyir “Jurnalist, Bakıda nə qədər qanun yaratmağa çalışsan mümkün deyil. Əvvəl rayonlarda camaata iş yerləri açılmalıdır ki, millət evini-eşiyini atıb Bakıya axışmasın. Sovet dövründəki kimi şəhər genişlik olsun, şəhər şəhərə oxşasın. Sonra da bu kim, harda, necə gəldi tikilən “novastroykalar” var haa, ollar sökülməlidir, küçələr genişləndirilməlidir”.

Həmsöhbətim olan sürücülərin şəkillərini çəkmək istəsəm də imkan vermədilər. Dedilər, “güclə bir tikə çörəyimizi qazanıb, ailəmizi dolandırırq, problem istəmirik”. Xirtdəyə qədər problem içində olan bu insanlara dərdlərini dilə gətirdikləri üçün bundan da artıq problem yaradacaqlarsa daha bizə deməyə söz qalmır.

Vüsal Qarayev






16 Dekabr, 2014  15:00 Baxılıb: 8827 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55