Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Siyasət, hər kəs öz işini görəndə olar” - Beynəlxalq Türk Akademiyasının prezidenti – MÜSAHİBƏ

“Türkcü olmaq, insan olmaqdır”

“Türklərin əlifbası olanda Avropada yazmağı bacarmırdılar”

Simsar.az-ın müsahibi Beynalxalq Türk Akademiyasının (İTA)  prezidenti Darxan Kıdıralıdır. Onunla söhbətimiz zamanı türk dünyasını maraqlandıran, həlli vacib olan məsələlərə toxunulub, mədəni kimliyimizin tanıdılması, araşdırılması istiqamətində aparılan işlər haqda danışılıb.

Haşiyə: Tarix elmləri doktoru, professor Darxan Kıdıralı 1974-cü ildə Qazaxıstanın Tülkibas rayonunda dünyaya gəlib. Onun qısa fəaliyyətinə nəzər saldıqda görərik ki, D. Kıdıralı tarixçi-alim olmaqla yanaşı, jurnalist-publisist kimi də ölkə mediasına çıxış edib. O, Qazaxıstan Yazıçılar İttifaqının da  üzvüdür. D. Kıdıralı həmçinin, ölkənin elmi, ictimai-siyasi mühitində aktiv fəaliyyət göstərib. Onun türkdilli ölkələrin əməkdaşlığı istiqamətində də fəaliyyəti təqdir olunmalıdır. D. Kıdıralı hazırda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibinin müavini, həmçinin Türk Akademiyasının prezidentidir.

- Özünüzü Bakıda necə hiss edirsiniz?

- Əvvəlcə onu deyim ki, Beynəlxalq Türk Akademiyası təkcə Qazaxıstanın deyil, Azərbaycan, Türkiyə, Qırğızıstanın da iştirak etdiyi birgə qurumdur. Bizim Türk Akademiyasının rəhbəri təyin edilməyimizdə prezident İlham Əliyevin də imzası var. Akademiyanın qarşısında sözügedən dörd ölkənin bayrağı dalğalanır. Buna görə, Azərbaycana tez-tez gəlirik və buraya öz evimiz kimi münasibət bəsləyirik. Azərbaycanın son dövrlərdə əldə etdiyi nailiyyətlər bizi də sevindirir. Ölkəniz Şərq və Qərb mədəniyyətinin xüsusiyyətlərini özündə cəmləşdirib. Bakı küçələri ilə yeriyərkən tarixi abidələrlə yanaşı, müasir tikililəri də görmək mümkündür. Belə gözəl şəhərdə gəzməkdən zövq alırıq. Bu inkişaf bizi qürurlandırır. Qazaxıstan və Azərbaycan arasında əlaqələr Heydər Əliyevin dövründən inkişaf yoluna qədəm qoyub. Heydər Əlieyvin Nursultan Nazarbayevlə mehriban əlaqələri var idi. Hazırda da bu əlaqələr İlham Əliyevin təşəbbüsü ilə davam etdirilir.

- Həm Qazaxıstan, həm Azərbaycan üçün bizim hər zaman önə çəkə bilmədiyimiz, amma gördüyümüz çətinliklər var. Bu çətinlikləri aradan qaldırmaqdan ötrü Türk Akademiyası hansı işləri görür? Ümumiyyətlə, işə haradan başlamaq lazımdır?

- Çətinliklər həmişə olur. Ziyalılarımız “Molla Nəsrəddin” jurnalını nəşrə başlayanda da bir çox çətinliklərlə üzləşmişdilər. Hazırda isə, fikrimcə, türk dünyası qızıl dövrünü yaşayır. Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə kimi ziyalılarımız bu günü xəyallarında yaşadırdılar. Allah bizə müstəqillik nəsib etdi. Bu fürsətdən isə Respublika rəhbərləri məharətlə istifadə etdilər.

Naxçıvan zirvə görüşü türk dünyasının birgə tərəqqisi baxımından olduqca vacibdir. Bu, bir toxumdur. Bu görüşdən sonra Türk Akademiyası, Türk Əməkdaşlıq Şurası, Türk Miras Fondu, Türk Ağsaqqallar Şurası kimi təşkilatlar yarandı. Azərbaycan torpağı həmişə türkçülüyün qorunub saxlanılmasında mühüm əhəmiyyət kəsb edib. Azərbaycan Türküstanın şərqi və qərbi arasında körpü rolunu oynayır. Çətinliklərin öhdəsindən gəlmək məsələsi ilə bağlı Bodrum zirvə görüşündə Nursultan Nazarbayev türk dünyasının hazırkı vəziyyəti necədir, problemləri nələrdir, hansı istiqamətdə yola davam etmək lazımdır, kimi suallara cavabların tapılmasında Türk Akademiyasının əhəmiyyətini vurğulayıb. Türk Akademiyası türk dövlətləri arasında əlaqlərin inkişaf etdirilməsi üçün konsepsiya hazırlamaqdadır. Türk dünyasında uzun müddət davam edən bölünmə var idi. İndi isə birliyə nail olmaq üçün ilk növbədə fikir birliyinə nail olmalıyıq. Akademiyamızın da qarşısında duran əsas məsələ türk dövlətləri arasında fikir birliyinə nail olmaqdır. Buna görə, elm, mədəniyyət sahəsində fəaliyyətlərimizə daha çox diqqət yetiririk. Bu il Mahtumquli Firaqinin 290, Əli bəy Hüseynzadənin 150, Məhəmməd Əmin Rəsulzadənin 130-cu il dönümlərini və başqa yubiley tədbirlərini keçirdik. Türk Yazı Günü kimi bayram yaratdıq. Türklərin əlifbası olanda Avropada yazmağı bacarmırdılar. Ona görə, belə bir bayramın yaradılmasını lazım bildik.

Tariximizlə qürur duyuruq. 4 min illik Avrasiya tarixində Çin, Hindistan, İran, Misir, eləcə də, Qərb mədəniyyətini bir-biri ilə əlaqələndirən və onlara təsir edən bir mədəniyyət olmuşdur – türk mədəniyyəti. Buna görə, Ortaq Türk tarixi adlı dərslik hazırlamışıq. Bu dərsliyin türk ölkələrində orta məktəb proqramına daxil edilməsini təklif edirik. Tarixə nəzər salsaq isə görərik ki, türk dünyası bir olduğu dövrlərdə - məsələn, Səlcuq imperiyası dövründə necə böyük qüvvədir. Belə vaxtlarda şiddət yox, sevgi təbliğ olunub. Məsələn, Cəlaləddin Rumi belə bir zamanda yaşayıb və insanlara sevgi aşılayıb. Bizim də əsas məqsədimiz birliyə və sevgiyə nail olmaqdır. Birliyə nail olsaq, Azərbaycanın eyni zamanda Nəvaisi, Abayı, qazaxların Nizamisi olar. Yəni türk mədəniyyətində paylaşım vacibdir. Biz buna dərsliklərlə, araşdırmalarla nail olmağa çalışırıq. Arxeoloji qazıntılar aparırıq. avqust ayında Altay dağlarında apardığmız qazıntı işləri zamanı VII əsrə aid şamanlar tapdıq. Şamanların əlində qopuzlar var idi. Təsəvvür edin, Avropada skripkanın kəşf edilmədiyi dövrdə yaşayan hər bir türkün qəbrini qazanda musiqi aləti tapırıq. Deməli, türklər musiqini həmişə seviblər. Musiqini isə yalnız qəlbi incə olan, təbiətə bağlı insanlar sevə bilərlər. Deməli, türklərin bir əlində qılıncı var idisə, bir əlində də qopuzu var idi. Yeri gəlmişkən, Qopuzu bərpa etmişik. Məqsədimiz bütün qədim türk musiqi alətlərini bərpa etməkdir.

- Elə türk xalqları var ki, dövlətləri yoxdur. Bunlar üçün nələr etməyi düşünürsünüz?

- Elmdə sərhəd yoxdur. Akademiyaya dörd dövlət daxil olsa da, araşdırma ərazimiz genişdir. Məsələn, Əfqanıstanda, İranda, Hindistanda, Rusyada, Çində və başqa ərazilərdə türklər yaşayırlar. Onların bəzilərinin dilləri ölməkdədir. Akademiyanın bir vəzifəsi də bu xalqların lüğətini hazırlamaq, mədəni dəyərlərini qorumaqdır. Akademiya təzə qurulub. Vaxt keçdikcə, siyasətə qarışmadan bütün türk dünyasını qovuşdurmaq üçün işlər görəcəyik. Biz bu işdə sizin də təkliflərinizə açığıq.

- Gələcəkdə Türk Akademiyasına üzv olan ölkələrin sayının artması mümkündürmü?

- Biz də buna səy göstəririk. Bu il Mahtumquli Firaqinin 290 illik yubileyini keçirdik. Onun əsərlərini çap etdirdik. Bunların hamısını Türkmənistanla iş birliyi sayəsində reallaşdırdıq. Özbəkistanla bağlı planlarımız var. Hazırda Akademiyada iki özbəkistanlı professor işləyir. Ümid edirik, zamanla Özbəkistan, Türkmənistan kimi ölkələr də bizə qatılarlar. Bayaq qeyd etdiyim kimi, bizdə siyasət yox, elm, mədəniyyət var.

- Türk Akademiyasının yaradılması siyasi iradə ilə olub. Belə demək olarmı ki, Türk Akademiyasının gələcək fəaliyyətinin əsasında siyasi baxımdan türk birliyinə nail olmaq dayanır?

- Sizin nəyi nəzərdə tutduğunuza baxır. Məsələn, “Kutatqu bilik” əsərində siyasətin tərifi veriləndə deyilir ki, siyasət – gözəl danışmaq, dil tapmaq deməkdir. Dövlətlərimizin siyasətini dövlət başçıları təyin edirlər. Bizim işimiz elmdir. Siyasət, hər kəs öz işini görəndə olar.

- Bu gün türk birliyini necə xarakterizə etmək olar? Bu birlik indi hansı mərhələdədir?

- Məncə, türk xalqları birlik mövzusunda qızıl dövrünü yaşayır. Bu günə qədər türk xanlıqları, türk imperiyaları gücləndikləri vaxt bir-biriləri ilə müharibə ediblər. Birləşməyiblər. Hazırda isə dörd türk dövləti bir yerdədir. Onlar türk dünyası üçün müəyyən işlər görməyə başlayıblar. Burada mənfəət güdülmür. Bu, siyasi məsələlərdə də özünü göstərir. Məsələn, Qazaxıstan Avrasiya Birliyində Azərbaycanın haqlarını müdafiə edir. Bütün bu məsələlər bizim əlaqələrimizin tarixdə görülməmiş şəkildə inkişaf etdiyinin sübutudur.

- Türkçülüyü şovinizm kimi dəyərləndirən qüvvələr və həmin ideologiyanı daşıyan cəmiyyətlər var. Sizin onlara sözünüz necədir?

- Mənim kimsəyə sözüm yoxdur. Tarixçi kimi, İsmayıl Qaspiralını araşdırmışam. Başqalarının türkçülük dediyi məsələ, türklərin öz dilini, mədəniyyətini qorumaq, azad olmaq cəhdləridir. Türçülük, bir milləti yüksəkdə tutmaq yox, bir millətin öz dəyərlərini qorumasıdır. Türkçü olmaq, insanları sevməkdir. Bizim atalarımız da tarix boyu digər millətlərə tolerant davranıblar. Onlar digər millətlərin mədəniyyətlərini məhv etməyiblər. Həmin millətlərə məhəbbətlə yanaşıblar. Ona görə, fikrimcə, türkcü olmaq, insan olmaqdır.

- Bayaq qeyd etdiyiniz kimi, tarixin böyük türk imperiyaları bir-biriləri ilə əlaqə yaratmaq əvəzinə müharibələr ediblər. Türk tarixini gələcək nəsillərə öyrədərkən necə etmək lazımdır ki, incə məqamlar səhv anlaşılmasın?

- Biz orta məktəblər üçün hazırladığımız tarix dərsliyində bu məqamlara toxunmuruq. Daha çox türklərin qüdrətindən, quruculuq işlərindən danışırıq. Yəni, burada XV əsrədək olan tarix öz əksini tapıb. Çünki bundan sonra türk dünyasında parçalanmalar başlayır. Biz isə parçalanmalardan daha çox türk dünyasının birgə olduğu dövrlərdən bəhs edirik. Tarixi də danmaq olmaz. Avropa tarixində də bənzər məqamlar yaşanıb. Hər iki Dünya Müharibəsi Avropadan başlayıb. Qardaş dövlətlər arasında çəkişmələr, müharibələr olub. Katoliklərlə protestantlar arasında uzun müddət davam edən mübarizə yaşanıb. Minillik ərzində onların müharibəsiz günləri olmayıb. Lakin Avropa ölkələri sonradan ortaq tarixlərini məktəblərdə tədris etməyə başladılar.

Türk tarixində isə belə qarşıdurmalar az olub. Tarixçilərimiz həmin qarşıdurmaları araşdırmalıdırlar. Əldə edilənlərdən nəticələr çıxarmalı və səhvlərimizi başa düşməliyik.

- Mədəniyyət toplumları birləşdirir. Ancaq öndə gələn bir məqam var ki, bu da dildir. Hazırda türk dünyasına daxil olan ölkələr mədəni baxımdan hərəsi bir dövlətin əlifbasını istifadə edir. Biz latında yazırıq, başqası kirildə, bir başqası ərəb əlifbasında yazır. Bu məsələdə çıxış yolunu nədə görürsünüz? Əlifbanı başa düşmək olar, amma dil məsələsində hansı işlər görülməlidir?

- 100 il öncə İsmayıl Qaspıralı ortaq türk dilini yaratmaq üçün “Tərcüman” qəzetini nəşr etdirməyə başlamışdır. Həmin dövrdə Sovet hakimiyyəti hələ qurulmamışdı və dillər bir-birinə daha yaxın idi, xarici təsirlər yox idi. Artıq 100 il keçib. Bu müddətdə Türkiyə Avropaya daha çox yaxınlaşdı. Digər türk dövlətrlərinin dilləri SSRİ-nin hakimiyyəti dövründə rus dilinin təsiri altına düşdü. Bu müddət ərzində hər xalqın öz ədəbi dili formalaşdı. Bunu inkar edə bilmərik. Hazırda biz bir-birimizi başa düşürük. Bütün ziyalılarımız bir-birini başa düşsə, bu kifayətdir. Kəndindən kənara çıxamayan bir kəndlinin digər bir türk qardaşını başa düşməsi isə müəyyən bir vaxt apara bilər. Burada vasitəçi əlifbadır. Ona görə, biz, ortaq dil demirik, ortaq əlifba deyirik.

Əlifba, simvoldur. Məsələn, ərəb əlifbası İslam dininin, latın Qərbin, heroqlif Çin, kiril pravoslav mədəniyyətinin simvoludur. Latın әlifbası, həm də türk xalqlarını birləşdirən dəyərdir. 1926-cı ildə keçirilən Bakı konqresində toplaşan türklərin əksəriyyəti latın əlifbasına keçməyi lazım bildilər. Bəzi dövlətlər ərəb əlifbasını qorusalar da, çoxları latın əlifbasına keçdilər. Hazırda da dünyanın böyük bir qismi bu əlifbadan istifadə edir. Eyni zamanda, türk dünyasının da böyük bir qismində latın əlifbası qüvvədədir. Qazaxıstan, Qırğızıstan kimi dövlətlər bu əlifbaya nə vaxt keçər, bilmirəm. Türk Akademiyası isə qərar qəbul edib ki, 1991-92-ci illərdə türk alimləri tərəfindən qəbul edilən əlifbadan istifadə edək. Həmin əlifba 34 hərfdən ibarətdir ki, bu da Azərbaycan əlifbası ilə, demək olar ki, eynidir. Hazırda Türk Akademiyası bu əlifbadan istifadə edir. Ortaq əlifbadan istifadə etsək, qazaxın azərbaycanca, azərbaycanlının özbəkcə öyrənməsi daha rahat olar. Belə olan halda, böyük bir coğrafiyada sərbəst gəzə bilərik.

- Beynəlxalq dil olaraq ingilis dili qəbul edilib. Türk dilinin də beynəlxalq dil səviyyəsinə yüksəldilməsi üçün işlər görmək planda varmı? BMT-nin qəbul etdiyi altı dil var. Onlar arasında türk dili yoxdur. Türk dilinin də həmin dillər sırasında daxil edilməsi məsələsi BMT qarşısında qaldırıla bilərmi?

- Bizim prinsipimiz yavaş və ciddi addımlarla irəliləməkdir. Siz UNESCO-da, BMT-də türkcə konfranslar təqdim etsəniz, müxtəlif tədbirlər təşkil etsəniz, BMT gəlib sizin dilinizdən istifadə etmək üçün icazə istəyəcək. Böyük işləri siyasi rəhbərlər görür. Biz isə kiçik işlər görürük. Ancaq bu kiçik işləri də lazımi səviyyədə görsək, nəticələri böyük olacaq.

- Qazaxıstanda Turan adlı şəhərin əsası qoyulmağa başlayıb. Oranı mənəvi paytaxt kimi görürsünüzmü?

- Bu, sadəcə, kiçik bir qrupun reallaşdırmağa başladığı təşəbbüsdür. Amma bildiyiniz kimi, Astananın ən böyük küçələrindən biri Turan adlanır. Bunlar, simvoldur.

- Tələbələrin, ali məktəblərin inteqrasiyası üçün hansı işlər görülür?

- Bununla əlaqədar Universitetlər Birliyini yaratmışdıq. Orada əsas məqsədimiz Akademiyaya üzv olan dörd dövlət arasında tələbə mübadiləsinə nail olmaqdır. Hazırda da bu məqsədlə işlərimizi davam etdiririk. Dörd ölkənin ən yaxşı universitetləri arasında müəyyən yaxınlaşma var. Vaxt keçdikcə, bu mübadilənin daha da inkişaf edəcəyinə, tələbələrlə yanaşı, müəllimlərin də mübadiləsi prosesinin başlayacağına inanırıq. Akademiya məktəb və universitetlərlə maraqlana bilməz. Lakin dərsliklər və proqramlar hazırlaya bilərik. Bizim, həmçinin, ortaq magistratura və doktorantura proqramlarımız da var. Biz bunu təkmilləşdirə və işlək hala sala bilsək, türk tarixinin öyrənilməsində böyük nailiyyətlər əldə edə bilərik.

- Adətən, müsahibin demək istədiyi bütün məqamlara toxunmaq olmur. Bu mənada demək istədiyiniz hansısa məsələ qaldımı? Başqa nə təklifləriniz var?

- İnformasiya sahəsi də bizim gördüyümüz işdə olduqca əhəmiyyətlidir. Ona görə, cenab prezidentlerimiz Bodrum zirvə görüşündə bildirdi ki, gələn görüşdə informasiya sahəsi müzakirə edilsin. Ortaq televiziya yaradılsın, agentliklərimiz birgə işləsinlər. Yəni informasiya mübadiləsi təşkil edilsin.

Simsar.az






16 Dekabr, 2014  11:11 Baxılıb: 2043 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner