Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Reportaj

Vətənə iki şəhid verən, yurdlu, yuvasız AİLƏ - FOTOLAR

Azərbaycan ordusu sentyabrın 27-də daha bir əsgərini torpağa verdi. Ölən vətənin əsgəri idi. Şəhid bir ananın yox, hər bir Azərbaycan anasının övladı idi. Ölümü ilə orduda fərqlənməyə nail olmuşdu. Və buna görə də “Hərbi xidmətdə fərqlənməyə görə” medalla təltif olundu, medal şəhidin ailəsinə təslim edildi. Şəhidin cüməsi, həftəsi, qırxı çıxdı. Ancaq nə həmin medal, nə ötən müddət şəhidin ailəsinin ağrısını azaltmaq gücündə olmadı...

Ölüm xəbərini eşidəndən sonra Allahverdi Baxışlının hüzrünə gedəndə şəhid artıq dəfn edilmiş, evlərində ah-nalə səsləri qismən səngimişdi. Şəhidin 3 mərasimində görüşdüyümüz Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının müavini Sahib Aslanovun “hətta o mağarı da biz vermişik” deyə qürurlandığı mağarın yuxarı hissəsində oturan ana hələ də dizlərini döyürdü. Palçıqlı, nə vaxtsa bu yollarda da asfalt olduğunu düşündüyümüz Hacıqabul yolları bizi şəhidin evinə apardı. Yolun lap başlanğıcından qapıya asılan bayraq və qurulan mağar doğru ünvanda olduğumuzu göstərirdi. Bu dəqiqə dağılacağından ehtiyat edilən evə girəndə, bu evdən iki şəhid çıxdığını fikirləşədə adamı vahimə bürüyürdü. Ancaq 20 il öncə torpağa verdikləri şəhidin, ailə başçılarının adını daşıyan və bu vətən üçün daha bir şəhid verən ailənin evinin yerləşdiyi küçənin vəziyyəti sadəcə bir sual haqda düşündürürdü: Hacıqabula ayrılan pullar hara gedir? Həyətə girəndə isə küçənin vəziyyətinə sözün əsl mənasında şükr etdim. Şəhidin ailəsinin dediyinə görə, bu hələ yaxşı vəziyyətdir. Sən demə ölüm xəbəri gələn kimi İcra Hakimiyyəti əl-ayağa düşüb, səy göstərib, ev-eşiyi guya səliqəyə salıblar. Dəmirdən, köhnə pilləkənlərlə evə qalxanda yerə döşənən yeni dik-taxtalar da onların “hədiyyəsi” imiş. Hərçənd Sahib müəllim onunla görüşümüz zamanı “orda nə var ki, normal şəraitli evdir”, deyə təkid edirdi.

Şəhidin ailəsinin yaşadığı şərait bizi, Simsar.az-ın baş redaktoru və əməkdaşlarını şəhidin 3 mərasimində yenidən Hacıqabula apardı. Rayona çatanda səhər saatları idi. Və həmin evdə qadınlar ağı deyib ağlayırdılar. Hər dəfə dizlərinə vurduqca ev də sirkələnirdi. Əslində otaqda o qədər də çox adam yox idi. İçəri girəndə xalçanın üzərinə hər iki şəhidin şəkli, o qədər də təzə olmayan Azərbaycan bayrağı asılmışdı. Qaranlıq və singirlə (palçıq suvağı) suvaqlanmış otaqdakı qadınlar hər dəfə ağladıqca adama elə gəlirdi ki, ev bu dəqiqə çökəcək. Bura ikinci dəfə gəlişimiz sadəcə başsağlığı vermək məqsədi daşımırdı. Əvvəldə qeyd elədiyim kimi bizi bura ikinci dəfə gətirən səbəb şəhidin evinin vəziyyəti idi. Ailəyə baş sağlığı verdikdən sonra yollandıq birbaşa Hacıqabul Rayon İcra Hakimiyyətinə. Sakinlərdən soruşa-soruşa İsmət Qayıbov küçəsi 7 ünvanına çatdıq. İki mərtəbəli binanın qarşısında maşından düşəndə sözün əsl mənasında, bu cür təvazökar binası olan Rayon İcra Hakimiyyəti gördüyümüzə görə təəccüb içində idik. Lakin bizə həmin binanın yox, arxa tərəfdəkinin İcra Hakimiyyətinə məxsus olduğu deyildi. Həyətə girəndə təəccübümüzün əsassız olduğunu və yanıldığımızı anladıq. Bura asfalt örtüyü, ağacları və hətta sakinlərdən fərqli olaraq təmiz ayaqqabıları olan əməkdaşları ilə rayondan fərqlənirdi. Rayon küçələrində palçıqla suvanan ayaqqabılarımızla binaya daxil olduqda bizi qapıda qarşılayan nəzarətçiyə İcra Hakimiyyəti başçısı ilə görüşmək istədiyimizi bildirdik. “İndi xəbər edərəm”deyən nəzarətçi yarım saat sonra başçının nahara getdiyini, bizimlə onun müavini Sahib Aslanovun görüşəcəyini bildirdi. Niyyətimizi demək üçün səlahiyyətlilərdən kimləsə görüşəcəyimizi bilmək sevindirici idi. Bizimlə salamlaşar-salamlaşmaz özünün Hacı olduğunu bildirən Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Sahib Aslanov Simsar.az kollektivini otağına dəvət etdi. Bizdən hansı səbəbə bura gəldiyimizi soruşan Sahib bəyə məqsədimiz barədə danışmaq istəyirdik ki, ağzımızda sözümüzü yarımçıq qoyub Hacıqabulun tarixi, dünəni, bu günü barədə məlumat verməyə başladı. “Ay Sahib müəllim biz şəhidin ailəsinin yaşadığı şəraitin çətin...”deməyə çalışsaq da Sahib Aslanov “Gələcəyik, o məsələyə də gələcəyik”,- deyərək bu dəfə də 1994-cü ildən bu yana gəldiyi karyera yolundan danışmağa başladı. Nəhayət, uzun-uzadı cəhddən sonra söhbəti əsas məqsədimizin, şəhidin ailəsinin ev problemi üstünə gətirə bildik. Bu haqda məlumatı olduğunu deyən müavin ailəyə bacardıqları qədər köməklik göstərdiklərini bildirdi. “Şəhidin ailəsi daima bizim nəzarətimizdədir. Hətta onların yaşadıqları küçə də Allahverdinin 20 il qabaq şəhid olan atası Əbülfəzin adını daşıyır. Biz şəhidin xəbərini eşidən kimi dərhal onların həyətlərində və küçədə mağar quraşdırdıq. Mağarı hər cür ləvazimatla-stol, stul, xalça, ehsan üçün lazım olan ərzaqlarla da təmin etmişik. Hətta oğlunun yas mərasimi üçün lazım olacağını düşündüyüm üçün mən onlara öz hesabımdan yardım da etmişəm”. Müavinə ananın yox vətənin oğul itirdiyini xatırladıqda o, bizə, “biz də əlimizdən gələni edirik də”-dedi.

Evin vəziyyəti barədə danışanda isə “Bilirəm mən orda olmuşam. Orada vəziyyət siz deyən qədər də dəhşətli deyil. Axı o evdə yaşamaq mümkündür. Bununla bərabər “qorodokda” biz onlar üçün ev verdik. Hətta birinci mərtəbəni bəyənmədikləri üçün yuxarı mərtəbəni onlara verdik”.

Şəhidin ailəsindən isə bildirdilər ki, sözügedən evin Baxışlılara məxsusluğu haqda ailəyə məlumat verilib. Ancaq köçmək istədiklərində həmin ünvanda hərbiçi ailəsinin yaşadığını görüblər. Dayısı Səməd kişinin söylədiyinə görə, “Bacım evə gedəndə görüb ki, orada başqa hərbçi ailəsi yaşayır. Ailə iki aylıq möhlət istəsə də bacım bu müddəti 6 aylıq verib. 6 aydan sonra evə gələndə bu dəfə ailə onu kobudlayıb. Və evdən çıxmayacaqlarını bildiriblər. Məsələ ilə bağlı İcra Hakimiyyıtinə müraciət etdik. Ancq müraciətimizə cavab verən olmadı”.

Ailənin fikirlərini Sahib Aslanova çatdırsaq da o bu fikirlərin əsassız olduğunu bildirdi: “Birinci növbədə ona görə ki, bu ev həmin ailənin adına verilib. Ona görə də onların əlindən buranı heç kəs ala bilməz. İkincisi isə əgər belə problem olubsa onlar İcra Hakimiyyətinə müraciət etməli idilər. Hacıqabulda o qədər şəhid ailəsi, imkanı olmayan insanlar var. Hamısının problemini bilə bilmərik ki. Problemi olanlar bizə müraciət etməlidirlər ki biz də həll edək. Amma mən inanmıram ailə onlara hər hansı müqavimət göstərsin. Hərbçinin qalmağı üçün də şərait yaradılmalıdır. Hərbçi bir yerdə çox qalmır. Dövlət var, dövlətin qanunu var. Bu ev Baxışlılar ailəsinə verilibsə kim onların əlindən ala bilər?! Ancaq Allahverdinin dayısı məndən Hacıqabulda yox, Bakıda ev tələb etdi. Bu isə bizim əlimizdən gələn bir şey deyil”.

Hazırda ailənin şəhərcikdə onlar üçün ayrılan evdə yaşamadığını müavinin nəzərinə çatdırdıqda, “Nə olsun ki? İndi qaldıqları evdə yaşayanda nə olur? Yaşadıqları evin də hər bir şəraiti var. Amma mən bu məsələ ilə şəxsən məşğul olacağam. Sizin qarşınızda şəxsən öz adımdan söz verirəm ki, şəhidin 7-nə kimi onların ev problemi həll ediləcək”. Elə bu sözü müavindən eşidən kimi rahatladıq. Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının hacı müavinin sözünün üstündə duracağına inanaraq İcra Hakimiyyətinin binasından çıxdıq. Yola salarkən “Telefon nömrəm və adım dəyişilməz qalır” deyərək mobil nömrəsini verən S. Aslanov, “həmin ailə evlə təmin olunmasa mənimlə əlaqə saxlayarsız” deyərək bir daha bizi əmin etdi. Müraciət edildiyi təqdirdə şəhid anasının və bacısının işlə təmin ediləcəyini də söz verən müavin Simsar.az kollektivini deyə-gülə yola saldı. Sonda təkidlə bizi nahara dəvət etmək istəsə də təklifini geri çevirdiyimizi görəndə hansısa missiyası yarımçıq qalan biri kimi əhvalı bir qədər korlanmış görünürdü. Otaqdan çıxarkən Hacıqabul yollarında palçıq gölünə düşən ayaqqabılarımızın palçığı artıq qurumuşdu. Problemin qismən həll edildiyini düşünüb yola düzəlmişdik ki, Simsar.az-ın Hacıqabul “macərası” başladı. Üzləşdiyimiz çətinliklər barədə həm Simsar.az, həm də bir çox mətbuat orqanlarında məlumat yer aldığı üçün keçmək istəyirəm mətləbin lap mərkəzinə.

Şəhidin “yeddi mərasimi”ndən sonra bacısı ilə əlaqə saxlayıb evin təhvil işləri ilə bağlı məlumat almağa çalışsaq da cavab heç də ürəkaçan olmadı. Almaz Baxışlının sözlərinə görə, onlara nəinki ev verilib, hətta ailə İcra Hakimiyyəti tərəfindən təzyiqlərə də məruz qalıb. O bildirib ki, İcra Hakimiyyəti müavini onların ailəsi haqqında yanlış məlumatlar yayır. Yas mərasiminin təşkil edildiyi evin cüzi də olsa təmiri həmin ailə tərəfindən aparılıb. “İcra Hakimiyyəti tərəfindən bizə verilən tikinti materialları keyfiyyətsiz idi. Onlarla ev tikmək, sonra da həmin evdə yaşamaq qeyri mümkündür. Ancaq buna baxmayaraq Sahib Aslanov yanlış məlumat verir. Şəhərcikdə bizim üçün ayrılan ev isə hələ də təhvil verilməyib”.

 

Şəhidin dəfnindən 2 aydan çox vaxt keçib. Hacı Sahib Aslanovun otağında, 5 nəfərin və Allahın qarşısında verdiyi sözün müddəti isə çoxdan bitib. S. Aslanovla əlaqə saxlayıb ev probleminin nə yerdə olduğunu soruşanda bildirdi ki, “bu məsələyə artıq Hacıqabul rayon İcra Hakimiyyəti baxmır. Müdafiə Nazirliyi məsələni öz öhdəsinə götürüb”.

Şəhidin ailəsi isə hələ də onlara məxsus evə köçə bilməyiblər. Şəhid Allahverdinin anası Solmaz xanım isə nəinki yeni ev verildiyini, hətta 1 il qabaq onların adından prezidentə yalançı məktub ünvanlandığını bildirib. “Bizə yeni ev verilməməsinə baxmayaraq keçən il Prezident az (http://www.president.az/articles/10671) saytında guya mənim yazdığım məktubu yerləşdiriblər. Halbuki nə qeyd olunan ünvan - Hacıqabul şəhər, İsmət Qayıbov küçəsindəki binada, nə də qeyri ərazidə bizə ev verilib. Allahverdi şəhid olduğu gün də gəlib evimizə baxdılar, vəziyyətini gördülər. Ancaq İcra Hakimiyyətindən bizə ev verilməsi barədə heç bir söz deyilmir. Bu barədə Müdafiə Nazirliyinə də məlumat vermişik. Dekabrın 2-də nazirin birinci müavini ilə görüşdük. O isə bu məsələnin Müdafiə Nazirliyinin səlahiyyətində olmadığını lakin Zakir Həsənova bu barədə məruzə edəcəyini dedi”.

Dekabrın yarısını arxada qoysaq da Baxışlılar ailəsinin, daha doğrusu bu ailədən geriyə qala iki nümayəndənin ev problemi hələ də həll olumayıb. Nəticə olaraq bizə şikayətləri yazıya köçürmək, onlara isə hələ də gözləmək qalır.

Ülviyyə Cövdətqızı






15 Dekabr, 2014  16:55 Baxılıb: 8092 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55