Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Elçin Hüseynbəyli: “Bir eşqim var, o da evdədi”

Müstəqil Azərbaycanın azad jurnalistləri olaraq ölkə vətəndaşlarına vicdanla xidmət etmək üçün əlimizdən gələni əsirgəmirik. Elə bu məqsədlə də Simsar.az-ın səyyar mikrofon və diktafonları studiyamızda quraşdırılmışdır.“Dodaqqaçdı” rubrikasında, insan qəlbinin sarı siminə toxunan sualları bu dəfə AYB Katibliyinin yeddi üzvündən biri,  Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibi, rus dilində nəşr olunan "Güney Qafqaz" dərgisinin Azərbaycan üzrə koordinatoru və redaktoru,  Ümumdünya azərbaycanlıları qurultaylarının nümayəndəsi,  Prezident təqaüdünə  və Prezidentin xüsusi mükafatına layiq görülən yazışı-publisist  Elçin Hüseynbəyli cavablandırır.

- Deyirlər, həyat bir mübarizədir. Həyatın enişli-yoxuşlu yollarında daim qalib gəlmisiniz, yoxsa büdrədiyiniz vaxtlar da olmuşdur?

-Qalib gəlməkdən söhbət gedə bilməz. Hələki büdrəyirəm, dururam. Söhbət yoxuşu çıxmaq-dağa qalxmaqdan gedirsə, məncə ən təhlükəli məqam zirvədə olmaqdır. Çünki  ordan aşağı yıxılmaq çox asandır. Odur ki, elə yoxuşu asta-asta, aramla qalxmaq lazımdı. Amma, istər zirvədə olum, istər dərədə,  mən ölməyəcəm ki, “şeytan olub divara yapışacam”.

- Başqa bir deyim də var. Deyirlər, həyat bir pəncərədir. O pəncərədən baxanda dumanlı, yoxsa günəşli mənzərə ilə qarşılaşırsınız?

-Mən  çöldə çox olduğuma, düşüncələrimi də çöldə yığdığıma  görə, həmişə çöldən içəri baxıram-insanlara, evə, ailəyə, öz içimə... Baxıram  görüm nə var, nə yox. Şükür ki, hər şey, hələ ki, normaldı.

- İnsanlardan usanıb, hər şeyə yox deyərkən, içinizdəki “mən”lə söhbət edirsinizmi? O “mən” “siz”ə nə deyir?

-  Məsələ burasındadı ki, mən  danışdırmasalar da özü danışan tiplərdənəm. Özü də həmişə ağlamamaq üçün gülməyə tələsirəm. Bütün çətinlikləri yumorla qarşılayıram. O “mən” də deyir ki, tələsmə, diplomat ol, çalış az danış. Mən də ona cavab verirəm ki, mən diplomatam, amma pis icraçıyam. Düzdü, hərdən peşman oluram ki, gərək onun sözünə baxaydım. Amma neyləmək olar, xasiyyəti dəyişmək olmaz ki.

-Xoşbəxtsiniz deyilmi?

-Hə, ailəmdən, işimdən çox razıyam...Şükür

- İtin hürdüyü, karvanın keçdiyi bir vaxtda it hürən tərəfə gedərsiniz yoxsa işıq gələn tərəfə?

-Hamımız bilirik ki, işıq gələn tərəfdə div var, ona görə də it hürən tərəfə getmək lazımdı. Amma mən cırtdanın əməllərindən bir öyüd götürməmişəm deyə elə həmişə işıq gələn tərəfə gedirəm. Əslində elə işıq gələn tərəfə getmək və divi yemək lazımdır ki, işığın qarşısı açılsın.

- Deyim var: Yağışı mənə anlatma, yağ. Həyatınızda yağışı anladanlar çox olub, yoxsa yağanlar?

-Mən elə yağışın içindəyəm də... Yağanda evə su damır, odur ki, yağışdan xoşum gəlmir. Hərdən yağışdan çıxıram, qurulanıram,  yağışa uzaqdan baxıram. Belə vaxtı ondan xoşum da gəlir.

- Sevincinizə kədərlənənlər çox olub, ya kədərinizə sevinənlər?

-Yəqin ikisi də olub. Firuz Mustafanın bir şeiri var:

Pillələrlə qalxanda,

Adamı tanıyır dostlar.

Pillələrlə enəndə,

Dostları tanıyır adam.

İndi mən də  müşahidə aparıram, sonra hesablama aparıram, hələ ki, bir tərəfə çıxmamışam. Yəqin bu məsələyə o qədər də ciddi yanaşmıram, ona görə də hesabı itirirəm.

- Gecənin qaranlığından doğan zülmətin sükutunun səsini eşitmisiniz?

-Şübhəsiz, eşidirəm və onlardan öz əsərlərimdə istifadə də edirəm. “Don Juan” əsərimdə də yazmışam ki, sükut ən yaxşı musiqidi. Musiqi sükutdan yaranıb və sükuta da qayıdır.

- Sübhün şəfəqi ilə nura boyanan günlərinizdən razısınızmı?

- Burda məsələ bir az qəlizləşir.Yəni mən tək fikir bildirə bilmərəm. Çünki biz bütün məsələləri  ailəlikcə-kollektiv həll edirik deyə, gərək ailə müşavirəsi çağıram. Görək bizim həyatımıza gün işığı hansı bucaqdan düşür. Ancaq onu deyə bilərəm ki, mən həmişə  ətrafa müsbət enerji verməyə çalışıram. Müsbət enerji isə görünən deyil. Görünən olsaydı  ətrafdan görərdilər ki, mənim başımın üstündə spiralvari enerji topası fırlanıb göydən gələn siqnalları tutur.  Özü də mən ancaq yuxarıyla-Göylə danışıram. Yerli telekanallarla, filanla işim yoxdur. Onlar şeytan əməlidi.

- Deyirlər musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat isə insan təfəkkürünün musiqisidir. Hisslərinizdə və təfəkkürünüzdə riyaziyyatın rolu necədir?

-Tənliyə görə riyaziyyatdan zəhləm gedir. Uşaq vaxtı pul-pul oynayırdım deyə hesablamanı yaxşı bilirdim.. Bilirdim ki, “5”-lə  “3”-ün cəmi  “8” edir.  Amma bu  “iks”, “iqrik”, “məchul”, “məlum” mənlik deyil. Odur ki, orta məktəbi bitirəndə bütün qiymətlərim  “5” idi, tək riyaziyyatdan  “3” almışdım. Buna baxmayaraq 3-cü sinifdə oxuyanda  astronomik kəşf eləyib, bir şeir yazdım: “baxmışam dərindən ulduza, aya”. O vaxt uşaqlar güldülər, dedilər dərindən necə baxmısan aya. Amma qardaşım dedi ki, quyuya girəndə gündüz də ayı, ulduzu görmək olur. Sonra mən böyüdükcə quyu dərinləşdi, o qədər dərinləşdi ki, ay da, ulduzlar da mənim üçün aydınlaşdı. Başladım yeni kəşflər etməyə. Sevgini, ailəni kəşf elədim, ədəbiyyatı, sonra bir az da özümü kəşv elədim.  Elə bu qayda ilə də yavaş-yavaş gedirəm.

- Təkamül  nəzəriyyəsini zəncirə bənzədən Darvin sizcə zəncirin əvvəlini yaddan çıxartmamışdı ki?

-Məncə, Darvin zəncirin ayağını başın itirmiş birisidi. Kim Darvin nəzəriyyəsinin tərəfində durur, özü bilər, dursun. Amma mən   meymundan yox Adəmdən əmələ gəlmişəm.

- Dənizə düşən damlanın “dənizəm” deməyə haqqı var, bəs sizin nə deməyə haqqınız var?

-Yaradıcı adamlar ruhi xəstədilər.  Mənim dediyim budur. Cammat gəmi alır, yaxta alır, təyyarə alır, milyonlar qazanır, biz də oturub yazı yazırıq ki, nə vaxtsa 5-10 manat qonarar alacağıq. Bu, dəlilik deyil nədi? Doğrudu ey, bəzən biz də onları dəli hesab edirik, deyirik ki, neynirsən, bunları, goruna aparmayacaqsan ki... Bunları fikirləşəndə  bilmirəm dəliyəm, ya dahi. Amma deyəsən, hələki ikisinin ortasındayam.

- Gözəllik dünyanı xilas edəcək deyənlər, sizcə, şişirdilmiş boyalı dodaqları, saralmış saçları, yoxsa gödəlmiş ətəkləri nəzərdə tuturdular?

-Adama nə yaraşırsa, onu etməlidi. Amma təkcə gözəllik yox eybəcərlik də bəşəriyyəti xilas edə bilər. Yaxşı insanlar azdı, amma  güclüdülər. Pislər çoxdu, amma onlar zəifdilər. Ona görə də dünya hələ harmoniyasını tam itirməyib. Bəribaşdan hamnı əmin edirəm  ki, əgər lazım gəlsə, Anadil quşu kimi ağacdan başıaşağı asılı qalıb bəşəriyyəti  xilas edə bilərəm.

- Axar suya bənzədilən gəncliyiniz öz çuxurunu tapmışdır?

-Gəncliyim o çuxurun üstündən keçib gedir. Yavaş-yavaş gedir, Okeana az qalıb artıq. Amma əminəm ki, gəncliyim axar şirin su kimi okeanın duzlu suyuna  qarışmadan  necə safdısa, elə də qalacaq.

- Əsrə bərabər gününüz olub?

-O qədər... Hətta əsrə bərabər dəqiqələrim olub.  Yarmarkaları gəzməkdən heç xoşum gəlmir. Bir dəfə yoldaşımla Binə Ticarət Mərkəzinə getmişdik. Qayıtmaq istəyəndə gördüm bərk yağış yağır, bir dəstə  adam o yana, bir dəstəsi də bu yana gedir. Demə yolları bağlayıblar. Yoldaşıma əsəbiləşdim ki, məni bura niyə gətirdin. Onda mənə elə kəldi ki, nə yağış kəsəcək, nə bu yollar açılacaq.

- Şirin-şirin günlərin acı-acı həsrətini çəkmisiniz?

-İnsan bəzən acı günlərin də həsrətində ola bilir. Uşaqlıqda başıma o qədər qəribə hadisələr gəlib ki... İt qovub, ilan çalmaq istəyib, suda boğulmuşam. Amma mən o acı günləri indi elə şirin-şirin xatırlayıram ki... Təbii ki, insanlar şirin günlərin də həsrətini çəkir. Amma düşünmürəm ki, o günlər acı-acı xatırlanır.

- Gələcək necə gələcək?

-Gələcək elə gəlib də, nə qalıb ki...

- Gözlərinizdə kədər görürəm, o kədər eşqdən olmasın?

-Vay dədə. Mənim gözlərimdə kədər var? Birinci dəfədi eşidirəm. Bəs hamı mənə deyir gözlərindən gülürsən? Doğrusu, mən deyib-gülən adamam. Bir dəfə tələbə vaxtı nəyə görəsə acıqlanmaq istədim, qızlar  dedilər ki, nahaq zəhmət çəkmə,  onsuz da sən düz-əməlli acıqlana da bilmirsən. Eşqə gəlincə, bir eşqim var, o da evdədi.

- Sonun başlanğıcına inanırsınız?

-Əlbəttə. Bir əsərimdə də demişəm ki, həyatın sonu son deyil, başlanğıcdır.

-Suallarımız sizi sıxmadı ki?

-Yox, maraqlı idi.

Simsar.az






13 Dekabr, 2014  10:18 Baxılıb: 2042 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner