Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Çingiz Abdullayev: “Əclafların vətəni yoxdur” – MÜSAHİBƏ

“Əsərlərin dili ilə” rubrikasında həmsöhbətimiz Azərbaycan Yazıçılar Birliyinin katibi, 193 adda kitabın müəllifi, əsərləri dünyanın bir çox ölkəsində 27 milyon nüsxədə dərc olunan, “Qırmızı Əmək Bayrağı” və “Şöhrət” ordeni ilə təltif edilən, 2014-cü ilin noyabrından İnterpolun fəxri səfiri seçilən Çingiz Abdullayevdir.

- Çingiz müəllim, 1988-ci ildə “Mavi mələklər”i harada görmüşdünüz – yuxuda, ya aşkarda? Onlar sizə nə deyirdilər?

- Yox, onları görməmişdim, nə yuxuda, nə də aşkarda. Amma mən beynəlxalq təşkilatda işləyirdim, orada xüsusi  əhəmiyyətli işçilərin rəsmi adları belə idi. Onlardan biri – yaxın dostum həlak olmuşdu. Düşündüm ki, bu peşənin insanlarından kitab yazmalıyam. 1985-ci ildə “Mavi mələklər”i yazdım, amma çapına icazə vermədilər. Nəhayət 1988-ci ildə kitab çap olundu.

- 1997-ci ildə “Əclafların qanunu”ndan danışmısınız. Bu qanuna kimlər tabe olurdu, o qanun indi də qüvvədədirmi?

- Əvvəl kitabı “Yaramazlar qanunu” adlandırmaq istəyirdim. Amma kitab hazır olandan sonra  “yaramaz”ı daha kəskin bir sözlə əvəz etmək lazım olduğunu düşündüm və “əclaf” yazdım. Çünki həmin müharibə vaxtları bizdə nə cür satqınlar olub, məmurlar özlərini necə pis aparıblar, kitab onlardan bəhs edirdi. Yazmışdım ki, əclafların vətəni yoxdur, əclafa bir çemodan pul versən, namusunu, qeyrətini, anasını, vətənini də sata bilər. Mən indi də bu fikirdəyəm ki, bizim bəzi məmurlar pula görə nəinki vicdanını, vətənini də satmağa hazırdılar.

- 2004-cü ildə “Müqəddəs olmaq istəyi” nədən yarandı? Ümumiyyətlə, müqəddəs olmaq necə olur?

- Çox çətindi, hər adam müqəddəs ola bilmir. Müqəddəs olmaq o deməkdi ki,  başqaları ona baxanda  dərk edirlər ki, müqəddəs olmaq nə deməkdir. Əlbəttə, hər bir insan gün ərzində ən azı üç dəfə səhv edir. Yəni insanın tam və mütləq mənada  müqəddəsliyindən yox, insanlığa xas olan bəşəri dəyərləri  yaşatmaqdan söhbət gedir.

- 2005-ci ildə “Məşhər ayağında” olan kim idi, niyə ora düşmüşdü?

- Dan Daligiyerin “İlahi komediya”sını əsas tutaraq bu kitabı yazdım. Kitabda qəhrəmanlar cəhənnəmin dairəsindən keçirlər.

- 2006-cı ildə hansı “Unudulmuş röya”dan söhbət gedirdi?

- O kitabın içində bir sirr var idi, ona görə adını belə yazdım. Amma sonra fikirləşdim ki, “unudulmuş” yox, “gizlədilmiş” yazsaydım daha münasib olardı.

- 2008-ci ildə “Qisasın ölçüsü”nü necə təyin etmişdiniz?

- Sirr olan yerdə qisas almaq istəyi olur. Bir qətl hadisəsi baş verir, qatilin kim olduğu isə bilinmir, amma qisas almaq istəyi insanı rahat buraxmır. Əsərdə bundan söhbət gedir.

- 2009-cu ildə də “Məhəbbət və nifrətin ölçüsü”nü tapdınız...

- O kitabda qadınlardan yazmışdım. Çox adam mənə deyirdi ki, bunu kişi yaza bilməz. Amma Lev Tolstoy “Hərb və sülh” əsərində qadının dünyaya necə uşaq gətirməsindən yazırdı, özü bu hissi yaşamasa da. Bilirsiz, yer üzündə iki sivilizasiya var - kişi və qadın svilizasiyası. Qadın svilzasiyası daha rəngarəng və maraqlıdı. Bir dəfə dünyaya uşaq gətirən qadın ikinci dəfə bu hissi yaşayandan sonra bu dünyanın böyük sirrini dərk edir. O, başa düşür ki, dünyada onun həyatından da vacib şeylər var. Heç bir kişi bu sirri bilə bilməz. Doğrudur, kişilər müharibədə vuruşurlar, qəhrəmanlıqlar edirlər, həlak olurlar. Amma bu yaşantılar tamam başqadır. Rəsul Həmzətov deyirdi ki, kişi  iki məqsəd uğrunda döyüşməlidir – qadını və vətəni üçün, qalan döyüşlər xoruzlar üçündür. Yəni kişinin ən böyük qəhrəmanlığı belə, dünyanın sirrini ona anlada bilməz. Ancaq qadın 9 ay “bu sirri açmağa hazırlaşır” və sonda başa düşür.

- 2009-cu, 2011-ci illərdə “Mavi mələklər” yenə gəldilər.  Onları siz çağırırsız, yoxsa özləri gəlirlər? Bəlkə sizin bu qədər yaradıcı insan olmağınıza elə mələklər kömək edirlər?

- Yox, mən çağırmıram, görünür  özləri gəlirlər. Və yəqin ki, mənə kömək edirlər. Çünki elə gün olub ki, səhər saat 9-da oturub yazmağa başlamışam, bir də növbəti gün axşama doğru işdən ayrılmışam. Arada beş-on dəqiqəlik ayağa duranda da fikrimdə ancaq yazacaqlarım olub. Yəni,  sadəcə otururam və yazıram. Atam bir dəfə soruşmuşdu ki, sənə qonarar verməsələr yenə yazacaqsan? Dedim yazacam. Yazıçı üçün oxucu sevgisindən böyük nə ola bilər. Əsərlərim çox oxunur deyə başqa dillərə tərcümə olunur və təkrar nəşr  edilir. Həmin illərdə də “Mavi mələklər”in təkrar nəşrləri olub.

- 2010-cu ildə “Tənha ürəklərin evi”ni necə tapdınız, o evlərin qapısı açıq olur, ya bağlı?

- Əsərdə o insanlardan söhbət gedir ki, onların ölümünə bir-iki ay vaxt qalıb, onlar bilirlər bunu və ona görə də ürəkləri tənhadı. Və belə insanlar ürəklərinin qapısını çox vaxt bağlı saxlayırlar, heç kəsi ora buraxmırlar, ən doğma adamlarıını belə. O insanların hər birinin qəlbində öz məzarlığı var. Bu məzarlıqda həyata keçməyən arzular, bir də xatirələrdi. O əsəri latış dilinə tərcümə edən bir yazıçı mənə zəng vurub deyirdi ki, kitabınız məni necə sarsıdıbsa, bütün gecəni səhərə kimi ağlamışam. Bilirsiz, ömür çox tez keçir, yuxu kimi. Cavan olanda insan bunu hiss etmir. Ona görə çox şeyə vaxt çatdırmır, arzularını reallaşdıra bilmir. Odur ki,  hər bir insanın ürəyində öz məzarlığı olur. Bir də ki, insan bu dünyaya məhəbbət üçün, sevinmək üçün gəlir. Amma 99 % insan nəinki ömrünü sevgisiz və sevincsiz başa vurur, hətta bu həyata niyə gəlib-getdiyini də bilmir...

- 2011-ci ildə “İnsan ovuna çıxanlar” idi  “Ölümü özün seç” deyənlər?

- O kitabın adı əslində “Prezident ovu” idi – Qorbaçova aid. Amma məsləhət gördülər ki, yaxşı deyil, adı dəyiş. Bəli, onlar idi “ölümü üzün seç” deyənlər. Bax onlar idi dövləti dağıdanlar. Bilirsiz, 1917-ci ildə bizə Allahsızlığı təbliğ elədilər. 70 il Allahsız yaşadıq. 91-ci ildə dövlət dağılanda dedilər ki, vicdan da lazım deyil. Biz başladıq Allahsız və vicdansız yaşamağa. Axır 5-10 ildir ki, deyirlər ləyaqət də lazım deyil. İndi biz Allahsız, vicdansız və ləyaqətsiz bir cəmiyyətdə yaşayırıq. 90-cı ilə qədər heç olmasa bilirdin ki, icra hakimiyyətinə getsən sənə kömək edəcəklər. Amma indi bilirsən ki, hara getsən ancaq puldur. Biz deyirik ki, əgər pulun yoxdursa, sən kimə lazımsan? Necə ki, amerikanlar deyir: əgər sən belə ağıllısansa, bəs niyə varlı deyilsən? Amma mən “pul hər şeydən üstündür” deyənlərdən soruşuram: Allah sənə milyonlar versin, amma əzizinin ayaqlarını ondan alsın. Sən o pullarla bu itgini satın ala bilərsən?

- Çingiz müəllim, bəs “Abırlı adam” necə olur?

- Heç kəsi satmayan, heç kəsin haqqını tapdamadan yaşayan adam. Abırlı adam üçün bu gün yaşamaq çox çətindi. Ümumiyyətlə, indi abırlı olmaq özü çox çətindi. Mən bir dəfə demişdim ki, rüşvətxor məmur əxlaqsız qadından pisdir. O, öz bədənini satır, bu isə vicdanını və vətənini... Amma şükür ki, abırlı adamlar var. Mən bir professor tanıyıram ki,yoldaşı xərçəng xəstəsi idi, onun müalicəsi üçün pula böyük ehtiyacı olsa da, uşaqlardan pul almırdı. Şükür ki, nümunələr var. Baxmayaraq ki, dəyişdirilmiş dünyamızda vicdansızlar belə təmiz adama dəli deyirlər, ancaq onlar heç vaxt öz əqidələrindən dönmürlər.

- 2012-ci ildə həmin abırlıya deyirdiniz ki “Dərdimə şərik ol”?

- Yox, o kitab 1997-ci ildə Çeçenistanda çap olunmuşdu, 2012-ci ildə təkrar nəşr edildi. Orada müharibə, döyüş dərdindən söhbət gedir. Yəni müharibənin əleyhinə olan bir kitabdı. İki nəfər qan düşməni dağda rastlaşırlar. Onlardan birinin qılıncı var, o birinin yox. Silahlı o birini öldürmür, silahsıza əl qaldırmır. Xəncərlə rəqibini yavaşca vurub silahı ona verir ki, indi sən də məni vur. Beləliklə, onlar qılıncı 20 dəfə bir-birlərinə ötürə-ötürə “vuruşurlar”. Axırda qan itirdikləri üçün ikisi də hüşunu itirir. Yəni onların vicdanı yol vermir  silshsızı öldürməyə. Bu, olmuş hadisədi. Mən orda demək istəmişəm ki, müharibədən sonra – qan görəndən sonra insan vəhşiləşir.

- Nəhayət, bütün bunlardan sonra HƏYAT haqqında “Yekun diaqnoz”unuz nə oldu?

- Həyat hamı üçün çətindir. Amma insan bu həyata xöşbəxtlik üçün gəlib. Hər günü, hər saatı, hər dəqiqəni xöşbəxt olmalıdır. Bu  isə insanın özündən asılıdır, yəni insan öz içində bir cənnət yaratmalıdır. Atamla çox yaxın dost idim. Anam 87 yaşında, atam 81 yaşında dünyalarını dəyişiblər. Atam rəhmətə gedəndə 50 yaşımı ötürsəm də mənim üçün çox çətin idi, elə bilirdim ki, ən faciəli günümdür. Amma təsəlli üçün gələn dostların sözlərindən sonra düşüncələrimdə hər şey tamam dəyişdi. Əbülfəz Qarayev dedi ki, mən 9 yaşında olanda atamı itirmişəm. Polad Bülbüloğlu dedi ki, atam rəhmətə gedəndə mənim 14 yaşım vardı. Ömür böyu fikirləşirəm ki, atam mənim bir mahnımı belə eşitmədi. Nəriman Həsənzadə isə dedi ki, 6 aylıq olanda atası rəhmətə gedib. Heç köynəyinin qoxusunu belə duymamışam. Bax, onda başa düşdüm ki, mən necə xöşbəxtəm, çünki ata-anam mənim Xalq yazıçısı olduğumu gördülər. Mən necə xoşbəxt olmayım ki, 50 yaşımda ata-anam üçün bir uşaq olmuşam. Və mən Allaha min şükür edirəm ki, onlarla uzun illər yaşamağı mənə qismət edib.

İsmət Ələkbərqızı






4 Dekabr, 2014  08:55 Baxılıb: 3304 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner