"Proqramların həyata keçirilməsi üçün əlverişli şərait yetişib"
Ziyad Səmədzadə: “Yaxın vaxtlarda qanun layihəsi Milli Məclisə təqdim olunacaq”
Dünya bazarında neftin qiymətinin qalxması ilə əlaqədar olaraq Azərbaycan büdcəsinə əlavə vəsaitlər daxil olur. Simsar.az-ın verdiyi məlumata görə, bunu Milli Məclisin İqtisadiyyat komitəsinin sədri Ziyad Səmədzadə jurnalistlərə açıqlamasında söyləyib.
Ziyad Səmədzadə deyib ki, bu da ölkədə uğurlu sosial proqramlar həyata keçirməyə imkan verir: “Artıq bu proqramların həyata keçirilməsi üçün əlverişli şərait yetişib. Ölkə başçısı son müşavirədə də bu barədə fikirlərini söyləyib. Məsələn, 2006-cı ilə qədər təqaüdə çıxanların pensiya məbləğinin qaldırılması, müvafiq investisiya layihələrinin maliyyələşdirilməsi bu məsələdə ön plana çəkiləcək”.
Komitə sədri bildirib ki, bu layihə və proqramlar büdcədə dəyişiklik edilməsi zərurətini ortaya çıxarıb: “Hazırda hökumət bununla bağlı verilən tapşırıqlar əsasında hesablamalar aparır. Yaxın vaxtlarda 2011-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisə təqdim olunacaq”.