Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Süleymaniyyə" məscidində bir gün – REPORTAJ - FOTOLAR

Bu yazımda, Türkiyəyə səfərim zamanı dünyanın ən gözəl şəhərləri siyahısında birinci sırada yer alan, minarələr şəhəri İstanbuldakı türbələrdən və məşhur Süleymaniyyə məscidindən bəhs edəcəm.

Min illərin tarixi qoxuyan və minarlərindən ucalan azan səsləri ilə insanın ruhuna rahatlıq verən İstanbul haqqında, qarışıq, “dəliyə tikə, ağıllıya pay düşməyən” vəziyyətə düşməsəydi daha çox və gözəl sözlər deyə bilərdim. Amma təssüflər olsun ki, bu gözəlim şəhərin abu-havası türk ənənəsindən uzaqlaşalı bir xeyli zaman olub. Amma etiraf etməliyəm ki, İstanbul tarixi abidələrlə zəngin böyük bir şəhərdir. Şəhərdə gəzərkən bir neçə səmtdə yerləşən üstü mamırlı Bizans qala qapılarından keçərkən insan özünü zamanın o biri tərəfinə keçirmiş kimi hiss edir və qeyd etməliyəm ki, bu çox fərqli bir hissdir.

Bura, haqqında çox eşitdiyim, amma ilk dəfə olduğum məşhur Süleymaniyyə Məscididir.  1557- ci ildə Memar Sinan tərəfindən Osmanlı padşahı Qanuni Sultan Süleymanın şəninə inşa edilən bu tikili  Memar Sinanın şah əsərlərindən biri də adlandırmaq olar.

Süleymaniyyə Məscidinin İstanbulun dörd bir tərəfindən görünən 4 minarəsi var ki, bu minarələrin sayının dörd olması, Qanuninin İstanbulun fəthindən sonrakı dördüncü padşah olduğuna işarə edir.

Eminönünə gedən yolda, təpədən boylanan bu ehtişamlı gözəl məscid haqqında bir çox rəvayətlər danışılır. Rəvayətə görə Qanuni Sultan Süleyman Memae Sinana özü üçün bir məscid tikdirmək istədiyini deyir, ancaq məscidin harda tikiləcəyinə heç cür qərar verə bilmir. Gecələrin birində Süleyman yuxusunda Hz. Məhəmmədi görür. Hz. Məhəmməd ona məscidi burda tik deyir və necə tikəcəyini də təsvir edir. Səhərisi gün Süleyman Memar Sinanı yanına çağırır və məscidi tikdirmək istədiyi yeri nişan verir. Memar Sinan da öz növbəsində Sultan Süleymana məscidin yeri və necə tikiləcəyi haqqında danışır. Sultan Süleyman heyrət içində onu dinləyir və bunun necə ola biləcəyini Memar Sinandan soruşur. Memar Sinan: “Padşahım o zaman arxanızda mən də vardım” deyir. Təbii ki, bunların hamısı  rəvayətdir. İnşasına 1550- ci ildə başlanılan bu möhtəşəm məscidin tikintisi nə az, nə çox düz 7 il davam edib.

Məscidin içərisi böyüklüyü və dərinliyi ilə sözün əsl mənasında heyrətamizdir. Qəribədir ki, yüzlərlə tursitin səs-küyü belə Süleymaniyyə məscidinin dərinliyini doldura bilmir.  Məscidin divarlarına, qübbəsinə işlənmiş naxışlara saatlarla tamaşa etmək mümükndür. Dövrün böyük sənətkarı sərxoş İbrahimin hazırladığı bu rəngli şüşələr hər mövsüm günəş şüalarının dəyişkənliyinə görə hazırlanıb. Güşəş şüaları dəyişdikcə bu şüşələrin də rəngi dəyişir.  İşləmələrin hər biri dil açıb danışacaq qədər canlıdır.

Sultan Süleymanın külliyyatı da burda saxlanılır. Osmanlı külliyyatları içərisində Fateh külliyyatından sonra ikinci böyük külliyyat Süleymaniyyəyə aiddir. Külliyyat İstanbul yarımadasının Haliç, Marmara, Topkapı Sarayı və Boğaziçini görən ortdakı ən hündür təpədə tikilib. Burda mədrəsələr, darüşşəfa, darülhadis, darülkurra, darüzziyafə, imarət, hamam, tabxana, kitabxana və dükanlar var.  Məscidin çöl divarlarının qarşısında kiçik və göstərişsiz bir türbə görünür ki, bu da Memar Sinanın məzarıdır.

Qanuni Sultan Süleyman Türbəsi

Süleymaniyyə məscidi Külliyyatı içərisindəki bu türbə Qanuni Sultan Süeymana aiddir. Səkkiz güşəli, səthi güzgü və mərmərlə bəzədilmiş, qübbəli, divarları çinilərlə əhatəli zərif əsər 1566- cı ildə Memar Sinan tərəfindən tikilib.

1566-cı ildə Zigetvar Döyüşündə ölən Qanuninin ölümü orduda çaxnaşmaya səbəb olmasın deyə Sokullu Mehmed Paşa tərəfindən bir müddət gizlədilib. Deyilənə görə Süleymanın daxili orqanları sultanın öldüyü yerdə basdırılıb. Yəni burdakı məzarda Qanunin orqanlarsız cəsədi dəfn edilib.

Türbədə Qanunidən başqa II Süleyman, II Əhməd və Rabiə Sultan, Qanuninin qızı Mihrima Sultan, II Süleymanın anası Salihə Dilaşub Sultan və II Əhmədin qızı Asiyə Sultanın məzarları da var.

Hürrəm Sultanın Türbəsi

Qanuni Sultan Süleyman Türbəsinin yanında yerləşən, 1558- ci ildə inşa edilən  bu türbə isə Hürrəm Sultanındır. Hürrəm... Sultan Süleymanın qarşısında boynu qıldan incə olan yeganə varlıq. Sultan Süleymanın çırağını yandırmaqla, neçə-neçə evi çıraqsız qoyan, cariyəlikdən Sultanlığa yüksələn bu qadının məzarı belə adamı ürkütür.

Ziyarətçilər arasında daha çox ruslara, ukraynalılara və polşalılara rast gəldim. Amma Hürrəm Sultan Türbəsini dövr edənlərin əksəriyyəti nədənsə türklər idi. Türbənin ətrafında dolanıb, pəncərələrdən içəri boylanan yaşlı qadınların üzlərindəki ifadə aydın deyildi. Rəğbətlə nifrət arasında qalan bu qadınlar türbəni dövr edir, dodaqlarının altında anlaşılmaz sözlər pıçıldayırlar. Hətta bir anlıq mənə elə gəldi ki, bu yaxınlarda bitən “Möhtəşəm Yüz il” serialının təsiri altından çıxa bilməyən bu xalalar Mahidevranın və Mustafanın başına gətirdiyi oyunlara görə Hürrəmə qarğış borclarını verməyə gəliblər. Elə ona görə də ara-sıra məni gülmək tuturdu. Yaşlı xalalardan biri gülümsədiyimi görüb mənə acıqla baxdı və: “Gülmək olmaz  evladım”.  Dedim “Niyə?  Hürrəm Həcixanım olub?  Xala “Həcixanım nə demək?” dedi. Dedim “boş ver teyze dönelim”. Bu millətdən heç vaxt baş aça bilmədiyimi hər zaman demişdim yenə də sözümdə dururam.

Hürrəm Sultanı da ziyarət etdikdən sonra Osmanlının gəlmiş keçmiş bütün saray əyanlarının qəbirlərini ziyarət edib ruhlarına bir Fatihə oxumadan keçə bilmədim. Bu gördüyünüz məzarlar Sultan Süleymana və ondan sonrakı sultanların müxtəlif əmrlərini icra edən əyanlara aiddir.

Süleymaniyyə çarşısı

İqtisadi gəlirlərini turistlərin hesabına tənzimləyən türk qardaşların çarşı (bazar) sevdası Süleymaniyyə Məscidindən də yan keçmir. Digər turistik məkanlarda olduğu kimi burda da məkana uyğun hədiyyələrin, şərflərin satıldığı uzun bir çarşı var. Qiymətlərin münasib olduğunu deyə bilməyəcəm. Piştaxta üzərində boy-boya verən Sultan Süleymanlara, Hürrəmlərə, Malkoçoğullarına sadəcə tamaşa edib keçməklə kifayətləndim.

Günel Musa

Fotolar:  Müəllifindir

 

 

 

 






28 Noyabr, 2014  12:45 Baxılıb: 4380 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner