Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Elşən Cəbrayılov: “İncəsənətdən başı çıxmayan insanları seriala çəkirlər”-FOTOLAR

Uşaqlıqdan teatr həvəskarı olub. Aktyor atasını, digər sənətkarları səhnədə canlı-canlı izləyib. 16 yaşından aktyorluq, 17 yaşından aparıcılıq fəaliyyətinə başlayıb. Teatrda müxtəlif səpkili obrazlar canlandırıb. Xarakterik obrazların vurğunudu. ““Romeo və Culiyetta”da Romeonu yox, Merkurini, “Otelloda” Otellonu yox, Yaqonu canlandırmaq istəyərdim” deyir. Atası mərhum aktyor Şahin Cəbrayılovun yolunu uğurla davam etdirən, Milli Dram Teatrı doğma ocağı adlandıran əməkdar artist Elşən Şahinoğlu ilə söhbətimizi təqdim edirik:

- Aktyor ailəsində doğulmusuz. Yəqin bu, sənət seçiminizə təsir edib.

- Təbii ki, gözümü açandan ancaq sənətkarları görmüşəm. Evimizə Səməndər Rzayev, Hamlet Xanızadə, Hamlet Qurbanov, Zərnigar Atakişiyeva, Firəngiz Mütəllibova, Sofa Bəşirzadə, Nəcibə Məlikova kimi çox dəyərli sənətkarlar gəlirdi. Atam məni 2-3 yaşımdan teatra aparıb. Kiçik yaşda o sənətkarları səhnədə izləmişəm, yanlarında oturmuşam, başıma sığal çəkiblər. Atamın məni teatra gətirməyinə Siyavuş Aslan etiraz edirdi. “O uşağı teatra gətirmə, sənətlə yoluxduracaqsan. Böyüyüb aktyor olacaq. Biz çox əziyyət çəkmişik. Qoy getsin pullu sahələrə”, – deyirdi. Atam da cavab verirdi ki, o həkim olacaq. Amma ürəyimdəki sənət alovundan xəbərdar deyildi. Tamamşalara baxanda mən böyüyüb bundan da yaxşı oynayacam, – deyə düşünürdüm. Atam aktyor olmağımı istəmirdi. Universitetə sənəd verəndə ancaq İncəsənət Universitetini yazmışdım. Risk etdim, amma uğurlu oldu. Dram və kinoaktyorluğu fakultəsinə qəbul oldum.

- Bəs atanız biləndə nə dedi?

- Ağladı. Bir kəlmə dedi ki, bacarsan qabağa gedəcəksən. Səni çox incidən olacaq, çox xətrinə dəyəcəklər. Güclü olmalısan. Vuracaqlar, yıxılacaqsan, özün qalxacaqsan. Atam çox tez xəstələndi (kövrəlir). Ona söz verdim ki, sənin sənətdə sona qədər edə bilmədiklərini mən edəcəyəm. İndi Allaha min şükür çalışıram, fəxri ad almışam, mükafatlara layiq görülmüşəm. Atamın sözlərini heç vaxt unutmadım. Mənə çox şeylər öyrədib. Deyib qürurlu ol, heç kimə əyilmə. Kiminsə qapısını döyüb, ondan rol istəmə.  Elə günlərim olub ki, avtobusa verməyə pulum olmayıb, teatra piyada gedib-gəlmişəm. Heç vaxt ruhdan düşməmişəm, öz səviyyəmi qorumuşam. İnsan özünə hörmət edəndə, hamı ona qiymət verir.

- İlk rolunuz nə oldu?

- Azərbaycan televiziyasında “Səhər görüşləri” verilişi var idi. Rejissor Məhərrəm Bədirzadə atamdan xahiş etmişdi ki, məni verilişə çəkilməyə aparsın. Kök uşaq idim, verilişdə bir neçə komedik rollar oynamışdım. İlk ciddi rolumu 16 yaşımda oynamışam. Allah Lütfü Məmmədbəyova rəhmət etsin, məni səhnəyə o çıxardı. Qarabağ münaqişəsindən bəhs edən “Qisas qiyamətə qalmaz” tamaşasında Nurlan obrazını canlandırdım. Sonra Cənnət Səlimovanın quruluş verdiyi “Fərhad və Şirin” tamaşasında Xosrovun oğlunu oynamışam. “Lənkəran xanın vəziri”, “Aydın”, “Varlı qadın”, “Müsyö Jordan və dəvriş Məstəli şah” kimi tamaşalarda müxtəlif rollarım olub. Həm Musiqili Komediya teatrında həm də Milli Dram Teatrda işləmişəm.

- Bütün tələbələr Akademik Milli Dram Teatrda işləməyi arzulayır...

- Doğrudur, tələbə vaxtı Dram Teatrda müqavilə əsasında çalışırdım. Musiqili Komediya teatrında tamaşa hazırlayırdıq. Premyeraya 10 gün qalmış Mədəniyyət Nazirliyindən əmr gəldi ki, Dram Teatra gedim. Atam iflic xəstəsi olmuşdu. Səhnəyə çıxa bilmirdi. Ərizə yazıb öz ştatını mənə verdi. Çünki teatrda boş ştat yox idi. Mənim səhnəyə çıxa bilməyim üçün atam illərlə canını qoyduğu sənətdən getdi. Ərizəni ağlaya-ağlaya yazmışdı. O vaxtdan indiyədək bu teatrda işləyirəm. Hal-hazırda göstərilən tamaşaların 80 faizində iştirak edirəm.

- Kinoya çəkilməmisiz?

- Heydər Əliyev fondunun dəstəyi ilə 11 hissəli filmə çəkilmişəm. Film haqqında geniş danışmağa icazə yoxdur. Yaxın zamanlarda möhtəşəm premyera olmalıdır. Başqa heç bir filmə çəkilməmişəm.

- Son vaxtlar televiziyada müxtəlif yerli seriallar yayımlanır. Sizin belə bir layhidə iştirak etmək fikriniz var?

-  Yox, o serialları izləmirəm. Bir iki hissəyə baxdım, hər şey aydın oldu. Yoldan keçən, incəsənətdən başı çıxmayan insanları seriala çəkirlər. Bunun qarşısı alınmalıdır. Hansısa rejissor dostluq xətrinə və ya rüşvətlə kimisə öz filminə çəkirsə, bu, biabırçılıqdı. Düzdü, bir neçə kastinqdə iştirak edib, seçilmişəm. Amma imtina etmişəm. Hətta Türkiyədə sınaq çəkilişlərində də olmuşam. “Fatmagülün suçu nə?” serialında “Ərdoğan” obrazı üçün seçilmişdim. Bəzi subyektiv səbəblərə görə getmədim.

- Dövlət tədbirlərinin aparıcılarından birisiz. Necə oldu ki belə məsuliyyətli işə başladız?

- Universitetdə oxuyanda Cənnət xanım gəlib dövlət tədbirləri üçün cavan, siması gözəl aparıcı axtarırlar dedi. Əlini mənə uzatdı. Çox sevindim və getdim. İlk dəfə 16 yaşımda Birləşmiş Millətlər Təşklilatının yubileyində, Heydər Əliyev adına sarayda çıxış etdim. Heyər Əliyev özü bir neçə ölkənin prezidentləri ilə birgə zalda oturmuşdu. O tədbirdən sonra mənim üçün bütün dövlət tədbirlərinə qapılar açıldı. Hər ay ən azı 10 tədbir aparırdım. Sonra bir müddət kanallarda işlədim.

- İndi niyə televiziyada işləmirsiz?

- Təkliflər hələ də var. Amma hansı layihədə işləyim?! Televiziyada yayımlanan proqramlar başdan-ayağa biabırçılıqdı. Yoldan keçənlər, ağızları söz tutmayanlar aparıcılıq edirlər. Özümün iki gözəl layihəm var. Amma vaxt edib televiziyalarla görüşüb müzakirə edə bilmirəm.

- Şahin adlı bir oğlunuz var. Onun ata-baba sənətini davam etdirmək istəyinə necə yanaşardız?

- Bunu zaman göstərəcək. Oğlum atamın adını daşıyır. Hansı sahəyə marağı olsa, onu da seçəcək. Aktyorluğu seçmək istəsə, yəqin  qarşısını kəsə bilməyəcəm. Əgər o incəsənətə gəlsə, məndən də yüksəkdə olacaq.

- Əməkdar artist adını almağınızı necə xatırlayırsız?

- Beş il əvvəl may ayı xəbəri eşidəndə, sevincimdən ağladım. Allah cənab prezidentimizə can sağlığı versin. Atamın fəxri adı yox idi. Dostları zəng edib təbrik etdilər ki, elə bilirik Şahinə ad verdilər.

- Boş vaxtlarınızı necə keçirirsiz?

- Boş vaxtım demək olar ki, olmur. Tamaşalara, məşqlərə, ailəmə başım qarışıb. Amma uşaqlıqdan rəssamlığa marağım olub. Təbiət mənzələrini çəkməyi sevirəm. Kitab da oxuyuram. Kitabsız özümü təsəvvür etmirəm. Atamın evdə zəngin kitabxanası var idi. Təsəvvür edin 5 yaşımda “Min bir gecə”əsərini gizlicə oxumuşam (gülür). Dedektiv əsərlərə də marağım var. Çingiz Abdullayevin kitablarını bəyənirəm. Bir də təbii ki, dini kitablar oxuyuram. Bu, ruhumu qidalandırır, məni sakitləşdirir.

 

“Simsar” jurnalı







27 Noyabr, 2014  14:42 Baxılıb: 3187 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner