Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ülviyyə Əliyeva: “Boş-boş guruldayanlar çox olub”

Müstəqil Azərbaycanın azad jurnalistləri olaraq ölkə vətəndaşlarına vicdanla xidmət etmək üçün əlimizdən gələni əsirgəmirik. Elə bu məqsədlə də Simsar.az-ın səyyar mikrofon və diktafonları studiyamızda quraşdırılmışdır.“Dodaqqaçdı” rubrikasında, insan qəlbinin sarı siminə toxunan suallarını bu dəfə Musiqili Komediya Teatrının aktrisası Ülviyyə Əliyeva cavablandırır.

- Deyirlər, həyat bir mübarizədir. Həyatın enişli-yoxuşlu yollarında daim qalib gəlmisiniz, yoxsa büdrədiyiniz vaxtlar da olmuşdur?

-Mən adətən yavaş yeriyirəm deyə elə də büdrəmirəm. Hərdən qaçan vaxtlarım da olur. Belə vaxtlarda yıxılmışam. Amma  asta gedəndə uzaq getmişəm. Asta gedib ağılnan hərəkət edəndə, lap qalib də gəlmişəm.

- Başqa bir deyim də var. Deyirlər, həyat bir pəncərədir. O pəncərədən baxanda dumanlı, yoxsa günəşli mənzərə ilə qarşılaşırsınız?

-Oyyy! O pəncərədən baxanda hərdən günəş olur, hərdən ildırım çaxır. Necəki əvvəllər hava haqqında məlumat verəndə deyirdilər günəşli hava olacaq, amma yağış yağırdı. Bu da elə bir şeydir.  Elə bilirsən   həyatında günəş olacaq, qəfildən görürsən şimşək çaxır. Amma şükür, həyatımda günəşli hava daha çox olur.

- İnsanlardan usanıb, hər şeyə yox deyərkən, içinizdəki “mən”lə söhbət edirsinizmi? O “mən” “siz”ə nə deyir?

-O “mən”lə çox söhbət edirəm, ən çox elə onunla dərdləşirəm. Amma hərdən olur ki, ona da zəng çatmır.

- Xoşbəxtsiniz deyilmi?

-Şükür.

- İtin hürdüyü, karvanın keçdiyi bir vaxtda it hürən tərəfə gedərsiniz yoxsa işıq gələn tərəfə?

-Həmişə daha çox işıq gələn tərəfə gedirəm. Amma  nə fərqi var. Hansı tərəfə gedirəm-gedim, qarşıma elə it çıxır.

- Deyim var: Yağışı mənə anlatma, yağ. Həyatınızda yağışı anladanlar çox olub, yoxsa yağanlar?

-Heç birisi olmayıb, elə boş-boş guruldayanlar çox olub.

- Sevincinizə kədərlənənlər çox olub, ya kədərinizə sevinənlər?

-Dostlarım daha çoxdu.

- Gecənin qaranlığından doğan zülmətin sükutunun səsini eşitmisiniz?

-Nəinki sükutun səsin eşidirəm, hərdən gecənin hayqırtısı qulağımı batırır.

- Sübhün şəfəqi ilə nura boyanan günlərinizdən razısınızmı?

-Kimin həyatı sübhün şəfəqi ilə nura boyansa, razı olar də. Amma əsas odur ki,  insan başqalarının həyatına şəfəq kimi doğa bilsin, kimisə sevindirsin. Belə vaxtlarda mən daha şox razı qalıram.

- Deyirlər musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat isə insan təfəkkürünün musiqisidir. Hisslərinizdə və təfəkkürünüzdə riyaziyyatın rolu necədir?

-Düzdür, orta məktəbdə riyaziyyatı yaxşı oxumuşam deyə, indi pulu da yaxşı saya bilirəm. Amma  mən incəsənət adamıyam. Odur ki,  hisslərimi musiqi ilə daha çox ifadə edirəm. Yəni maddiyat, alış-veriş, hesab-kitab mənlik deyil. Həyatda da heç kəslə haqq- hesab çəkməyi sevmirəm. Doğrudu, bir vaxt gələcək hamımız haqq-hesab ediləcəyik. Bax, əsas o zaman haqq-hesabda düz çıxaq.

- Təkamül  nəzəriyyəsini zəncirə bənzədən Darvin sizcə zəncirin əvvəlini yaddan çıxartmamışdı ki?

-Deyir: kiminin əvvəli, kiminin axırı. O Darvin nəyi yaddan çıxarıb, keşmiş olsun. Allah axırımızı yaxşı gətirsin. Oxuculara da bunu arzu edirəm.

- Dənizə düşən damlanın “dənizəm” deməyə haqqı var, bəs sizin nə deməyə haqqınız var?

- 16 ildir bu sənətdəyəm, amma heç nə deyə bilmərəm. Məndən  böyüklər var. Ancaq tam əminliklə, əlimi ürəyimin üstünə qoyub deyə bilərəm ki, mən insanam. İnsan olmaq ən çətin və şərəfli bir şeydi.

- Gözəllik dünyanı xilas edəcək deyənlər, sizcə, şişirdilmiş boyalı dodaqları, saralmış saçları, yoxsa gödəlmiş ətəkləri nəzərdə tuturdular?

-Onlar dünyanı xilas etmirlər ey, dağıdırlar. Bilərəkdən yox aaa...  Slikon o qədər çox şişirdilir ki, gözlərini örtür, ətrafı görmürlər, ona görə.

- Axar suya bənzədilən gəncliyiniz öz çuxurunu tapmışdır?

-Yox, tapmayıb, hələ axır. Amma o çuxura düşməyəcək. O, birkərəmlik qocalıq, ahıllıq dəryasına düşəcək. Mənim xırda-mırda işlərlə aram yoxdu.

- Əsrə bərabər gününüz olub?

-Əsrə bərabər günüm yox, ilim olub. Hamı sevinirdi ki, yeni il gəlib, mən sevinirdim ki, ay Allah, nə yaxşı  bu il başa çatdı.

- Şirin-şirin günlərin acı-acı həsrətini çəkmisiniz?

-Yox, yox.  Şirin günlərin daha şirinləri məni gözləyir hələ. Əsas odur ki şəkər xəstəliyinə tutulmayaq.

- Gələcək necə gələcək?

-Eh, necə gəlir-gəlsin. Əsas odu ki, gələndə xəbər eləsin. 33 ildi  ki, xəbərsiz gəlir-xəbərsiz gedir. Əvvəllər belə deyildi axı. Qonaq gələndə bir xəbər eliyərdilər ki, gələk- gəlməyək? Bu təzə əsrin dəbidir. Necə gəlir, necə gedir, bilinmir. Xəbər eləsin, yoxsa gələr, birdən evdə olmarıq.

- Gözlərinizdə kədər görürəm, o kədər eşqdən olmasın?

-Yooox, eşqdən olsa, gözlərim  parıldayar.

- Sonun başlanğıcına inanırsınız?

-Əlbəttə, hər bir sonun başlanğıcı var. Allah yaxşı başlanğıc qismət eləsin.

-Suallarımız sizi sıxmadı ki?

-Yox, sıxmadı. Amma başım şişdi.

Simsar.az

 

 

 

 

 

 

 







27 Noyabr, 2014  11:32 Baxılıb: 3365 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner