Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Unudulan Unudulmaz - FİKRƏT ƏMİROV

“Xalq üçün yazıb-yaratmaq, onunla birlikdə nəfəs alıb işləmək sənətkar üçün ən böyük səadətdir”.

Bu sözlər böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun həyat devizi olub. Bu gün böyük bəstəkarın doğum günüdür. Sənətkarı yad etmək üçün Fəxri Xiyabana yollandıq. Mən onun məzarı başında izdiham gözləyirdim, ancaq…

Adətən sənət adamlarının yubileyə hazırlıq dövründə  yaradıcılıq yolu bir daha yada salınır, musiqi kollektivləri onun əsərlərinə müraciət edir, yubiley tədbirləri çərçivəsində konsertlər, konfranslar, xatirə gecələri keçirilir... Bütün bunlar təbii haldır. Amma sənətkarlar, xüsusilə də mədəniyyətimizin sütunları sayılan insanlar hər doğum və vəfat günlərində yad edilməlidir. Fikrət Əmirov kimi bir sənətkarın məzarı başındakı bu səssizlik böyük sənətkara olan diqqətsizliyin sübutu idi.

Yubiley tədbirlərində mətbuata, efirə düşmək üçün dil qəfəsə qoymayan, ön sıralarda yer alan nə müğənnilərə, nə də bəstəkarlara rast gəlmədim. Halbuki bu gün bu məzarın başına ilk onlar gəlməli idi. Bəlkə də həddindən artıq emosianal yanaşıram məsələyə. Amma bildiyim tək şey odur ki, bu gün, bu məzarın başı kimsəsiz və çiçəksiz qalmamlı idi.  Sənətə, sənətkara olan dəyərin itdiyi bir cəmiyyətin formalaşdığını görəndə, bütün ömrünü Azərbaycan mədəniyyətinə, incəsənətinə, dövlətçiliyinə həsr etmiş insanlar adına çox kədərlənirəm. Axırıncı dəfə bəstəkarın 90 illik yubileyində bu məzarı ziyarət edən sənət adamlarının növbəti gəlişi yəqin 7 il sonraya qalıb. İndi isə bir az Fikrət Əmirov haqqında:

O 1922- ci il noyabrın 22-də tarzən-xanəndə ailəsində anadan olub. Atası müğənni və tarzən olmaqla yanaşı, həm də müəllim idi. Uşaqlıq illəri musiqi aləmi ilə əhatə olunmuş F. Əmirov musiqiyə olan həvəsi hələ kiçik yaşlarından özünə biruzə verirdi. O, daima xanəndə və aşıqların, eləcədə instrumentalistlərin ifasını diqqətlə dinləmiş, xalq musiqi yaradıcılığını izləyib. Bu da onun musiqi düşüncəsinin formalaşmasını təmin etmişdir. Hələ uşaq yaşlarından tarın yaxşı ifaçısı kimi çıxış edərək öz məharətini nümayiş etdirirdi.

Professional musiqiçi olmaq məqsədilə o, 1938- ci ildə tar ixtisası üzrə Krivabad musiqi texnikumunu bitirdikdən sonra Bakıya gələrək musiqi texnikumunda təhsilini davam etdirir. 1939- cu ildə təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra o, Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Burada F. Əmirov xarici ölkə musiqi tarixi və ədəbiyyatı ilə yaxından tanış olur. Xarici ölkə bəstəkarlarının müxtəlif janrla əsərlərini dinləyərək öyrənir. Tələbəlik illərində o, “Variasiyalar”, “Romantik sonata”, “Prelüdlər”, “Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə” simfonik poemasını, eləcə də M. S. Ordubadinin liberettosu əsasında 1946- cı ildə “Gözün aydın” musiqili komediyalarını yazıb. Həmin dövrdə o, skripka və fortepiano ilə simfonik orkestr üçün ikili konsert, A. Babayev birlikdə fortepino ilə xalq çalğı alətləri orkestr üçün konsert, görkəmli Azərbaycan şairinə həsr etdiyi “Nizaminin xatirəsinə” sinfoniyasını yazıb.

1948- ci ildə F. Əmirov bir pərdəli “Ulduz” operası ilə konservatoriyanın bəstəkarlıq fakultəsini bitirir. O, öz yaradıcılığında milli folklorun öyrənilməsinə xüsusi diqqət yetirir. Xalq muğamlarını dərindən öyrənir, onların məqam xüsusiyyətlərini təhlil edir.

Musiqinin bir çox janrlarında əsərlər bəstələmiş bəstəkarın “Sevil” operası, “Min bir gecə”, “Nəsimi dastanı”, “Nizami” baletləri, “Şur”, “Kürd-Ovşarı”, “Gülüstan Bayatı-Şiraz” simfonik muğamları, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, skripka və fortepiano üçün “Müğam-poema”sı, süitaları, instrumental konsertləri, mahnı və romansları, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqi Azərbaycan mədəni irsinin qiymətli inciləridir. Bu simfonik muğamlarda bəstəkar xalq musiqisinin inkişaf prinsipindən istifadə etmişdir. Həmin simfonik muğamlar 1949- cu ildə Dövlət mükafatına layiq görülüb.

Xalq musiqisini “Tükənməz ilham mənbəyi, sənətkara qüvvət verən dirilik çeşməsi” adlandıran F.Əmirov hesab edirdi ki, əsl sənət əsəri doğma xalqının yaradıçılıq çeşməsindən qidalanmalı, bəhrələnməli və bununla da sənətkar və sənət doğma xalq qarşısında insani və vətəndaşlıq borcunu yerinə yetirməlidir. Həmçinin, onun fikrincə, cəmiyyəti düşündürən mühüm məsələlərə vaxtında cavab vermək, bu günün qəhrəmanlarının səmimi hisslərini, təmiz duyğularını, böyük ideallarını musiqinin ecazkar dili ilə tərənnüm etmək bəstəkarın umdə vəzifəsi olmalıdır.

Sənətkarın yetişməsində, dünya görüşünün formalaşmasında onun boya-başa çatdığı mühitin böyük rolu vardır. Belə ki, xalq musiqisi uşaqlıqdan F.Əmirovun qanına hopub. Dövrünün məşhur muğam bilicisi, görkəmli tarzən Məşədi Cəmil Əmirovun oğlu olan Fikrət muğam və xalq musiqisi mühitində tərbiyə olunub, özü də musiqi sənətinə tar çalan kimi gəlib. F. Əmirovun etiraf etdiyi kimi, “tar və muğam onun ürəyinə uşaqlıqdan daxil olub”. Evlərində tez-tez təşkil olunan musiqi məclislərinə qulaq asmağı sevən F.Əmirov xoşladığı melodiyaları yadda saxlamış, calğıçıların ifa tərzi, muğam sənətinin əlifbası onun şüurunda əbədi kök salıb. Sonralar bütün bunlar F.Əmirovun xalq musiqisinin gözəl bilicisinə çevrilməsi və onun yaradıcılıq dəst-xətti üçün əsaslı zəmin olub

F.Əmirov belə hesab edirdi ki, bir xalqın musiqisinin təkcə özünün deyil, digər xalqların da mənəvi sərvətinə çevrilməsi üçün onun məhz professional səviyyədə işlənməsi və zamanın tələbləri ilə səsləşməsi vacibdir. Onun fikrincə, muğam – “Şərq xalqlarının bu böyük neməti simfonik libas geyinərsə, öz gözəlliyi, öz incəliyi, ahəngi, təravəti, ritmik xüsusiyyətləri ilə dünya xalqlarının mənəvi xəzinəsinə daimi yol tapa bilər”. Bu düşüncələrində böyük bəstəkarımız haqlı idi.

Günel Musa

Foto: Nuranə Novruz







22 Noyabr, 2014  14:39 Baxılıb: 2254 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner