Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şah İsmayılı xilas edən "Gümüşü yağışlar" şəhərindən - REPORTAJ

"Bura  Rəştin ən qədim və müasir küçələrindən biridir. Burada həyat əsasən, axşam saatlarında başlayır. Sakinlər burada gəzişir və alış-veriş edirlər".

İranın şimal-qərbində yerləşən Rəşt Gilan əyalətinin inzibati mərkəzidir. Xəzər sahilində əhəmiyyətli bir ticarət və turizm mərkəzi rolunu oynayan Rəştə İranın Avropaya açılan qapısı da demək olar. Şəhər Sasanilər dövründə də önəmli liman olub. Şəhərin İran və dünya tarixindəki əsl əhəmiyyəti ölkədə haqqında əfsanələr dolaşan Mirzə Kiçik xanın Rəştdə doğulması, şah və işğalçılara qarşı mübarizəsini məhz bu şəhərdən başlaması ilə bağlıdır. Mirzə Kiçik Xan  "Meşə" hərəkatının təşkilatçısı və rəhbəri olub. Rəşt Xəzər dənizi sahilində yerləşdiyindən burada turizm olduqca yüksək inkişaf edib. Şəhərdə olan lüks otellər İranın daxili və xarici turizminə xeyli gəlir gətirir.

Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaini məhz Rəştdə gizlətməklə ölümdən xilas ediblər. Şah İsmayılın atası Şeyx Heydər 1488-ci ildə döyüşdə öldürüldükdən sonra, İsmayıl anası və qardaşları-Sultanəli və İbrahim ilə birlikdə İstəxr qalasında (Şiraz) həbsdə saxlanır. Uzun Həsənin oğlu Rüstəm Mirzə İsmayılın böyük qardaşı Sultanəlinin və qızılbaşların şücaətini görüb qorxuya düşür, özünü və sülaləsini gələcək təhlükələrdən qurtarmaq üçün Şeyx Cüneyd nəslinə son qoymaq qərarına gəlir. Şeyx Sultanəlinin ölümündən sonra tərəfdarları hər yerdə axtarılan İsmayılı görüb onu bir müddət Ərdəbildə, daha sonra Rəştdə gizlədirlər. Sonra onu Lahicana, Gilan hakimi Mirzə Əlinin sarayına gətirirlər. Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Hüseyn Lələ bəy tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalaraq, tanınmış əmir və alimlərin rəhbərliyi altında dini, dünyəvi və hərbi təlim alır.

Şah İsmayılın babası Şeyx Səfiəddin də tanınmış dini xadim Şeyx Zahid Gilani ilə Rəştdə dost olub. Onun şərəfinə burada əzəmətli məscid tikdirib.

Xəzər sahilində yerləşən bu şəhərin adı ilə bağlı imzalanan müqavilə dənizin taleyinə təsir göstərən ilk müqavilələrdəndir. Belə ki, 1732-ci ildə Səfəvilər dövləti ilə Rusiya arasında Rəşt müqaviləsi imzalanıb və müqaviləyə əsasən, Rusiya I Pyotrun vaxtında işğal etdiyi Xəzəryanı əraziləri - Kür çayından şimalda yerləşən Azərbaycan torpaqlarını Səfəvi dövlətinə qaytarıb. Öz növbəsində Səfəvi dövləti Osmanlı dövlətini bu ərazilərə buraxmamaq barədə öhdəlik götürüb.

Rəşti İranın ilklər şəhəri saymaq olar. Qızlar üçün ilk məktəb bu şəhərdə tikilib, ilk milli kitabxananın əsası Rəştdə qoyulub, ilk yanğın stansiyası, 7 gün 24 saat fəaliyyət göstərən əczaxana, ilk İran bankı, ilk İran qəzeti “Nasimi Şomal” bu şəhərdə fəaliyyətə başlayıb. Modern şəhər olan Rəşt sakinləri futbola xüsusi maraqları ilə seçilir. “Damaş Gilan” komandasına azarkeşlik edən rəştliləri komanda dəfələrlə sevindirib. Rəştlilər kitab oxumağa meyllidir, burada beynəlxalq kitab yarmarkaları, kinoteatr, incəsənət sərgiləri, konsertlər təşkil olunur. Şəhərin ən sevimli müsabiqəsi isə hər il gənc bloqçular arasında keçirilən yarışmadır.

"Mənim adım Əbdül Əli Ramazanidir. Burada doğulmuşam, burada yaşayıram. Dünyanın çox yerindən bura gəlirlər. Gözəlliyinə görə çox bəyənirlər. Burada böyük adamlar çıxıb. Elə Mirzə Kiçik Xanın adı bəsdir. Çox qonaqpərvərdirlər. İki otaqları olsa, birini qonağa verirlər. Ən gözəl yerlərindən biri Masulədir. Çay, düyü, balıq deyəndə Rəşt yada düşür".

"Adım Əhyardır. Rəştliyəm. Mənim fikrimcə, bura  4 fəslin şəhəridir. Həm ab-havası, həm də turistik baxımdan 4 fəsildir. Mən bu şəhərdə doğulmuşam. Mən burada rahatam. Həyat yoldaşımla Azərbaycana salam göndəririk".

"Bura Gilan ostanının mərkəzidir. Qoy mən bir şeirlə başlayım:

Deyir, aşiqin məşuqə eşqi bir qədim əfsanədir,

Eşqsiz bir insan yəqin ki, divanədir.

Bülbülün məşuqəsi gül, Məcnununku Leylidir

Çingiz amma, öz Gilan şəhərinə pərvanədir".

Buranın əsas əhalisi giləklərdir. Burada talışlar, türklər yaşayır. Mirzə Kiçik xan bizim mübarizlərdəndir. Bu, onun heykəlidir. Əhalisi çox qonaqpərvərdir. Biz də buradan Azərbaycana salam göndəririk. Arzu edirik ki, onlar da sülh, əmin-amanlıqla yaşasınlar.

Bir də zəngin bazarları var. Şəhərin balıq bazarı isə ölkənin hər yerində məşhurdur. Günün istənilən saatında bura gəlsəniz, bazarların dolu olduğunu görəcəksiniz.

Şəhər bir neçə dəfə faciələrin qurbanı olub. 1830-cu ildə şəhərdə taun epidemiyası tüğyan edir və 6 min insan bu xəstəliyin qurbanı olur. 56 il sonra isə şəhərdə güclü yanğın baş verib. Bir də burada yağışlar demək olar ki, kəsmir. Şəhərdə olduğumuz müddətdə yağış bir saat belə ara vermədi. Rəştə əbəs yerə "Gümüşü yağışlar" şəhəri demirlər.






22 Noyabr, 2014  10:09 Baxılıb: 948 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner