Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ekspert: “Bələdiyyələrin üçün effektiv mexanizmlərin yaranmasına imkan verməlidir”

“Hökumət kütləvi qiymətləndirməyə başlamalıdır”

“Ölkədə, xüsusən də kənd yerlərində yaşayış evlərinin inventar dəyərinin olmaması onların vergiyə cəlb edilməsi imkanlarının məhdudlaşdırır. Nəticədə bələdiyyələr bu obyektlərdən əmlak vergisi tuta bilmir. Ona görə hökumət təcili olaraq kütləvi qiymətləndirməyə başlamalıdır”. Bu barədə mətbuata açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyini eksperti Samir Əliyev bildirib. 

Ekspertə görə, Azərbaycanda bələdiyyələr qanunvericiliklə ona məxsus olan əsas gəlir mənbələrindən tam yararlana bilmirlər: “Fiziki şəxslərdən əmlak vergisi Azərbaycanda torpaq satışı və torpaq vergisindən sonra yerli özünüidarə orqanlarının üçüncü əsas gəlir mənbəyidir. Orta hesabla büdcə gəlirlərində payı 10% təşkil edir. Ancaq bu mənbə üzrə yığım səviyyəsi çox azdır. 2010-cu ildə bu vergi üzrə yığım səviyyəsi 67% təşkil edib. Ancaq elə bələdiyyələr var ki, yığım səviyyəsi hətta 5%-dən çox deyil”.

S.Əliyev bu problemi evlərin inventar dəyərinin olmaması ilə əlaqələndirir: “Vergi Məcəlləsinə görə, fiziki şəxslərdən əmlak vergisi xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən tutulur. Bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə 0,1 faizlə vergi hesablanır. Ancaq araşdırma göstərir ki, yaşayış evlərinin bir çoxunun inventar dəyəri yoxdur. Bu, xüsusilə də regionlarda daha çox özünü büruzə verir. Kənd yerlərində ən yaxşı halda evlərin 10-20%-nin inventar dəyəri var. Buna görə də bələdiyyələr vergi yığa bilmirlər”.
Qanunvericilikdə bir sıra ziddiyyətlərin olduğunu bildirən ekspertə görə, bunun aradan qaldırılması vacibdir. “Qanunvericiliyə görə, bələdiyyələr binalara görə fiziki şəxslərdən əmlak vergisini hesablamaq məqsədi ilə 3-5 ildə bir dəfədən çox olmamaq şərti ilə, ərazilərində yerləşən müvafiq əmlakın vergiqoyma məqsədləri üçün qiymətləndirilməsi barədə qərar qəbul edirlər. Təbii ki, burada söhbət qiymətləndirmə aparmaqdan yox, qiymətləndirmə aparılması ilə bağlı qərar qəbulundan gedir. Çünki bələdiyyə maraqlı tərəf olduğu üçün birbaşa qiymətləndirmə apara bilməz. Bunun üçün müstəqil qiymətləndirici şirkət cəlb edilməlidir. Ancaq burada bir ziddiyyət ortaya çıxır. Qiymətləndiricinin vəzifəsi əmlakın bazar dəyərini müəyyən etməkdir. Vergi Məcəlləsinə görə isə, əmlak vergisi əmlakın inventar dəyəri əsasında hesablanır. Belə çıxır ki, qiymətləndiricinin qoyduğu dəyər vergiyə cəlb edilə bilməz. İnventar dəyərini isə qanunvericiliyə görə, ancaq Əmlak Komitəsinin yerli bölmələri müəyyən edə bilər. Deməli, bələdiyyə şöbələri vergiyə cəlb etmək üçün qeydiyyatsız evlər üçün hər dəfə Komitənin yerli qurumlarına müaricət etməlidir. Bu isə vaxt itkisi ilə yanaşı əlavə xərcdir. Buna bələdiyyənin maliyyə imkanı çatmaz. Çünki evin qiymətləndirilməsinə çəkilən xərc həmin evdən yığılan vergi məbləğindən ən azı 4-5 dəfə çoxdur. Eyni zamanda Əmlak Komitəsinin yerli bölmələri də fiziki baxımdan bunu yerinə yetirə bilməz.”, -deyə ekspert bildirib.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin bu sahədə uzun müddətdir ki, tədqiqat apardığını bildirən S.Əliyev hesab edir ki, təmsil etdiyi qurumun ekspertləri bu problemin aradan qaldırılması üçün qanunvericilkdə bir sıra düzəlişlərin olunması vacibliyini vurğulayırlar. Onun sözlərinə görə, ilk növbədə, Vergi Məcəlləsinə müvafiq dəyişiklik edilərək əmlak vergisinin bazar dəyəri əsasında hesablanmasının hüquqi mexanizmləri hazırlanmalıdır: “Dünyanın əksər ölkələrində əmlak vergisi bazar dəyərindən tutulur. Digər metodlar da var. Məsələn, hər kvadratmetrə görə ödəniş və s. Ancaq inventar dəyəri kimi mücərrəd bir vergi bazası heç bir ölkədə tətbiq edilmir”.
Ekspertə görə, hökumət kütləvi qiymətləndirməyə getməlidir və bu proses birdəfəlik yox, xarici ölkələrdə olduğu kimi, dövrü olmalıdır. “Müvafiq qanunvericiliyə, o cümlədən “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna dəyişiklik edildikdən sonra hökumət kütləvi şəkildə daşınmaz əmlakın, o cümlədən evlərin qiymətləndirilməsini həyata keçirməlidir. Kütləvi qiymətləndirmə üçün müstəqil qiymətləndirici şirkətlər seçilməlidir və qiymətləndirməni məhz müvəkkil şirkətlər həyata keçirir. Qiymətləndirmə birdəfəlik yox, xarici ölkələrdə olduğu kimi, dövrü aparılmalıdır. Bəzi ölkələr 1, bəzilərində 2 ildən bir kütləvi qiymətləndirmə aparılır. Prosesə əsas nəzarəti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin həyata keçirməsi vacibdir. Komitənin vəzifəsi həmçinin daşınmaz əmlakın bazar dəyərini əhatə edən məlumat bankını yaratmaq və onu idarə etmək olmalıdır.” – deyən ekspertin fikrincə, bazar dəyərini müəyyən etmək üçün regionlar üzrə differensiallaşma tətbiq edilməlidir.
S.Əliyev hesab edir ki, hökumət yerli özünüidarənin səlahiyyətlərini və maliyyə imkanlarını artıq fikri yoxdursa, heç olmazsa bələdiyyələrin əlindən olan mənbələrdən istifadə edə bilməsi üçün effektiv mexanizmlərin yaranmasına imkan verməlidir: “Hökumətin əsas arqumenti budur ki, bələdiyyələrə kifayət qədər səlahiyyət və maliyyə mənbələri verilib. Sadəcə onlar işlərini səmərəli qura bilmirlər, vergilər toplaya bilmirlər. Ancaq araşdırmalar göstərir ki, bu mənbələrdə istifadə üçün ya bələdiyyənin əlində təsir rıçaqları olmalı, ya da qanunvericilkdə bu prosesi əngəlləyən ziddiyyət olmamalıdır”

RUSLAN






19 Aprel, 2011  15:59 Baxılıb: 1507 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner