Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Boşanma halları niyə artır? - Rəqəmlər vəziyyətin kritik olduğunu deyir - Təhlil

“Bəziləri sadəcə qudurğanlığından boşanır”

Müasir dövr, texnologiya və s. barədə söhbətlər az qala bütün konfransların ümummilli söhbətinə çevrilib. Ancaq bir də müasirliyin təfəkkürlə ayaqlaşa bilib-bilməməsi məsələsi var. Və təəssüf ki, bəzi məsələlər illər ötdükcə qəlibləşmiş, daşlaşmış olaraq qalır. Məsələn, nikah və boşanma.

Sürətli iqtisadi, mədəni və hər tərəfli inkişafa baxmayaraq, Azərbaycan cəmiyyəti hələ də boşanmış qadını asanlıqla qəbul etmək gücündə deyil. Hələ də “boşandıqdan sonra kənardan baxanlar nə deyər” düşüncəsi ilə yaşayan, daha doğrusu normal yaşaya bilməyən qadınlar var. Bu yaxınlarda həmsöhbət olduğum və adını şərti olaraq qeyd edəcəyim 50 yaşlı xanım kimi. Ona xanım deyəndə mənə necə qəribə gülüşlə cavab verdiyini desəm yəqin ki çoxları buna inanmayacaq. Çünki 20 ildən çox davam edən evliliyi müddətində xanımlığı unutdurulub. Ən qəribəsi isə odur ki, o bunun fərqinə vara bilməyib. Sevil xanım çox erkən yaşda ailə həyatı qurub. Kənd yerinə gəlin gələndə özünün də dediyi kimi boynuna hansı vəzifələrin düşdüyünü bilirdi:

“Səhər tezdən durub mal-qaraya qulluq etmək, evləri təmizləmək, səhər yeməyini hazırlamaq, daha sonra yenidən evləri təmizləyərək yemək hazırlamaq və s. hər gün eyni şəkildə davam edən sistemli ev işləri. Əslində indi fərqli mühitdə böyüyən bizlər üçün ağır gəlsə də o, bu vəziyyəti heç də çətinlik kimi qiymətləndirmirdi”.

Bütün bu işləri ailədə qadının üzərinə düşən borcu kimi yerinə yetirən Sevil xanımın əri bir müddət sonra rus qadınla evlənir. Lakin ərini həmin qadınla bölüşməyə razı olan qadının gördüyü ev işlərindən rus qadına pay düşmür. Hətta onun qarşısında döyülür, təhqir olunurdu. Çox keçmir Sevil xanımın həyat yoldaşı yenidən daha bir rus qadınla ailə həyatı qurur. Və uşaqları onun əlindən alaraq Moskvaya, yenicə evləndiyi rus qadının yanına aparır. Sevil xanımın sözlərinə görə, evli olduğu müddət ərzində həyat yoldaşı cəmi bir neçə dəfə Azərbaycana, daha dəqiq desək evlərinə baş çəkirdi. “Evə gəlməyinə sevinirdim desəm, yalan olar. Döyürdü, təhqir edirdi. Abır və həyamı güdərək ata evinə qayıtmırdım. Lakin əslində evliliyimiz sadəcə kağız üzərində idi, münasibətlər isə çoxdan bitmişdi...”

Müsahibim “əlbəttə ki çətin idi” dediyi ailə həyatını asanlaşdırmaq üçün çarə axtarmaq fikrində olmayıb. Səbəbini soruşanda isə “ərə gedəndə atam bizi, bura yalnız kəfənlə qayıda bilərsən deyərək evdən çıxarıb”,- dedi.

Sevil xanım Azərbaycanda bu cür taleyi yaşayan yeganə qadın deyil. Hər bölgədə, bəlkə elə paytaxtın özündə də neçə Sevillər yaşayır. Qəribəsi isə odur ki, onlar bəzən təhsil alıb iş-güc sahibi olsalar da boşana bilmirlər. Ancaq buna baxmayaraq ötən ilin statistikasına əsasən il ərzində ölkədə 11 730 cütlük boşanıb. Bu isə 1 gündə 32 ailənin dağılması deməkdir. Kifayət qədər ciddi rəqəmlərdir. Mövcud cəmiyyətdə çətin ailə həyatı sürüb boşanmayan və necə deyərlər qədəri ilə barışanların səbəbləri bir çox hallarda oxşar olur. Bəs gün ərzində 32 ailənin dağılmasına gətirib çıxaran səbəblər nədir? Yenicə boşanan bir cütlüyün 10 günlük nikahı yəqin ki, bir çoxlarına “bu qədər də yox” dedizdirəcək. Məhz yaşadığımız ölkədə, pafoslu desək doğma Azərbaycanda bir neçə il davam edən birinci evliliyini yekunlaşdıran daha bir adını açıqlamayacağım şəxs ikinci ailə həyatını 10 gün davam etdirib.

Nə üçün yeni qurulan ailələr bəzən sadəcə 1 il, 6 ay, hətta bir neçə ay davam edir?

Problemin haradan qaynaqlandığını Simsar.az-a şərh edən sosioloq Cavid İmamoğlu bildirib ki, nikah münasibətləri ən az davam edən əhali qrupu 25-35 yaş arası gənclərdir. Uzunmüddətli nikahlara isə daha çox 40 yaşdan yuxarı olan vətəndaşlarımızda rast gəlinir: “Nikah prosesi bir neçə mərhələni əhatə edir. Onlardan ən vacib mərhələ uyğunlaşmadır. Bu mərhələdə yeni ailə quran gənclərə psixoloji və digər mütəxəssis məsləhətləri qaçılmazdır ki, sonradan münasibətlər boşanma həddinə çatmasın. Təəssüf edici məqam burdadır ki, Azərbaycan reallığında evliliklərin sayı ildən ilə artsa da, gənc ailələrə istiqamətli sosial yönümlü layihələr və xidmətlər yaradılmır. Xüsusi ilə də dövlət hesabına pulsuz həkim, psixoloq, sosial işçi, hüququşünas və s. digər xidmətlər olarsa, təbii ki, boşanma qərarına gələnə qədər gənclər bir çox başqa alternativ qərarlara gələrək nikah münasibətlərini uzada bilərlər”.

Sosioloqun fikrincə, boşanmaların sayının artması insanların ailə dəyərlərinə və cəmiyyətin qınağına fərqli aspektdən yanaşması ilə əlaqəlidir: “Nikahların davamlılığına təsir edən ən başlıca faktor nəsil fərqliliyidir. Beləki, müasir nəsil ilə ondan əvvəlki nəsil arasında sosial normalar, mədəniyyət və ən əsası nikah davranışı bir-birindən çox fərqlənir. Təbii ki, buna təsir edən ən əsas amillərdən biri müasir Azərbaycan gəncinin öz hüquqlarını tələb etmə bacarıqlarının formalaşmasıdır. Əgər 10-15 il öncə ailədaxili münasibətləri alınmayan cütlüklər sosial normalara, dəyərlərə zidd getməyərək boşanma prosesini ləngidirdilərsə, müasir dövrün ictimai qınağı boşanmayanlara istiqamətli işləyir. Belə olduqda bir çox hallarda gənc cütlüklər ailədaxili münaqişədənsə nikah münasibətlərinə son qoymağa üstünlük verirlər. Burada bir çox müsbət məqamlar olsa da, sonrakı mərhələdə qadınların yenidən evlilik həyatına başlaya bilməmələri digər problemlərə yol açır. Boşanmanın yaşı cavanlaşsa da, artım bununla paralel getmir. Bu isə sevindirici haldır. Belə ki, nikah münasibətlərinə son qoymaq cəmiyyət tərəfindən alqışlanacaq sosial fenomenə çevrilməyib. Ancaq, hər bir halda gənc ailələrə dövlətin dəstəyi qaçılmazdır”.

Psixoloq Afaq Tahirqızı isə bir qədər fərqli fikirdədir. Onun sözlərinə görə, boşanmalar hər iki tərəfin səbrsizliyindən irəli gəlir. “Statistika göstərir ki, Azərbaycanda boşanmaların sayında artım var. Göstəricilərə baxanda adam təəccüb bürüyür. Ancaq bu proses lokal xarakter daşımır. Əslində bütün dünyada eyni problemlər yaşanır. Burada ən başlıca səbəb cütlüklərin səbirsiz davranışlarıdır. Evlilik üçün ən çətin müddət ilk 5 ildir. Beş ildən sonra qarşındakı insanı tam olaraq tanıya bilirsən”.

Ailədə məsuliyyətsizliyin boşanma üçün münbit şərait yaratdığını deyən psixoloq bildirib ki, bəzən hər iki tərəf öz məsuliyyətini dərk edə bilmir. “Qadın deyir ki, işləməliyəm. Belə olduqda ev işlərinin hamısını görə bilmərəm. Kişi isə üzərinə düşən, pul qazanma, ailə saxlama məsuliyyətini layiqincə yerinə yetirə bilmir. Yaxşı olar ki, həm qadın, həm də kişi ailədə yarana biləcək problemlər barədə əvvəlcədən söhbət aparsınlar. Ailə qurmazdan öncə, bir-birini tanıma və ya nişanlılıq dövründə gələcək ailə barəsində planlar qursunlar. Belə olduqda ailə ittifaqları da daimi olur”.

Boşanmaların daha bir səbəbinin gənc ailələrə edilən müdaxilələrdə görən A. Tahirqızı bu cür müdaxilələrin xırda konfliktləri böyütdüyünü dilə gətirib: “Kənar müdaxilələrə bir çox hallarda gənclər özləri şərait yaradırlar. Gənclər öz problemlərini özləri həll edə bilmək gücündədirlər. Ancaq xırda konfliktlərə ailələri şərik edirlər. Analar, atalar məsələyə qarışdıqdan sonra kiçik mübahisələr böyüyür. Beləliklə xırda mübahisələr iki nəslin davasına çevrilir. Belə olan halda təbii ki, boşanma baş verəcək. Halbuki problem sadəcə söhbətləşərək, bir-birinin çatışmayan cəhətlərini müzakirə edərək həll oluna bilərdi”.

Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri  Novella Cəfəroğlu boşanmalar zamanı qadınların çətin vəziyyətdə qalmasından danışıb: “Doğrudan da son vaxtlar boşanmalar məsələsində Azərbaycanın vəziyyəti çox pisdir. Cəmiyyət tərəfindən bu məsələyə biganə yanaşılmamalıdır. Ailə institutları formalaşdırılmalı və gənclər həmin institutlarda nikaha hazırlanmalıdırlar. Ailədə nə ola bilər, hansı vəziyyətdə necə davranmaq lazımdır, boşanma qərarına hansı hallarda gəlinə bilər?! İndi gənclər nikaha girərkən bir-birlərini kifayət qədər tanımırlar”.

N. Cəfəroğlu deyib ki, boşanmalar üçün müxtəlif səbəblər var:  “Bəziləri iqtisadi vəziyyətə görə, bəziləri sadəcə qudurğanlıq ucbatından boşanırlar. Ən əsası qadınlar boşandıqdan sonra hüquqlarını tələb etməkdə aciz qalırlar. Bir çox hallarda ərlər boşanmaq fikrinə düşəndə 1 il öncədən evi anasının adına keçirir. Boşandıqdan sonra isə qadına ev düşmür. Bu səbəbdən evlilikdən öncə hər iki tərəf nikah müqaviləsi bağlamalıdır. Müqavilədən utanmaq lazım deyil. Hər iki tərəfin, hətta ailələrin ortaq qərarlarına əsasən tərəflər müqavilə bağlayaraq boşandıqdan sonra onlara düşəcək payı tələb edə bilərlər”.

Ailənin və ailə dəyərlərinin üstün tutulduğu İslam dinində boşanmalara necə münasibət bəslənilir. 3 dəfə, hətta zarafatla deyilən “boşadım səni” ifadəsi dini nikahı qüvvədən salmış olur.

Bu barədə ilahiyyatçı Rövşən Məmmədov məlumat verib. O bildirib ki, İslamda boşanma halal buyurulub. Lakin bu Allahın xoşuna gəlməyən halaldır:

“Boşanma barədə qərar o vaxt verilir ki, tərəflərin yenidən bir araya gəlmək şansı qalmır. İslamda əsas söz sahibi kişi olduğu üçün çox zaman elə hesab olunur ki, qadının boşanma tələb etmə hüququ yoxdur. Qadın mehrini qaytararaq boşanma tələb edə bilər. Kişinin boşanma tələb etmə kimi şansı olduğu halda Allah onun hər tərəfli düşünməsi üçün həmin qadınla yenidən evlənmək istədiyi zaman müəyyən çətinliklərdən keçməli olduğunu buyurmuşdur. Allah Rəsulu(s.a.s.) iki dəfə evli olduğu qadınlardan boşanma qərarına gəlmişdir. Onlar Həzrəti Ömərin qızı Hafsa və Hz. Xədicədən sonra evləndiyi qadınlardır. Həmin qadınların səsinin yüksək çıxması, sözü sərt demələri Məhəmməd Peyğəmbərin (s.a.s.) xoşuna gəlmir. Və onlara ayrılmaq istədiyini bildirir. Qadınlar isə Peyğəmbərdən (s.a.s.) boşanmaq istəmədiklərini və sadəcə onunla cənnətə daxil olmaq istədiklərini bildirmişlər. Bu zaman Peyğəmbərimiz (s.a.s.) qərarından dönmüşdür. Ancaq həmin dövrdə boşanmaq qadın üçün problem deyildi. Çünki boşanan qadın asanlıqla yenidən evlənə bilirdi. Günümüzdə isə boşanarkən ən böyük sıxıntını çəkən qadındır. Cəmiyyətimiz o qadına xoş olmayan gözlə baxır. Təbii ki onun ikinci dəfə ailə həyatı qurmaq şansı var. Ancaq cəmiyyət onu asanlıqla qəbul edirmi?”.

R. Məmmədov qeyd edib ki, keçmişdə ailə mədəniyyəti deyə bir şey olub. Günümüzdə isə həmin dəyərlər azalmağa doğru gedir:

“Qaynana oğlundan tələb edir ki, bu gəlini boşa. Münaqişə yaranan zaman hər kəs özününkünü süddən çıxmış ağ qaşıq görür. Beləliklə ortaq yol tapa bilmirlər. Halbuki Quran-i Kərimdə buyurulur ki, hər iki tərəfdən adil şahidlər gəlsin və onlar qərar versinlər. Bu səbəbdən ailəni qurarkən müzakirə apararaq, məsləhətli şəkildə könlünə uyğun olan insanla ailə qurmaq lazımdı”.

Boşanma hər iki tərəfin ən azından birgə keçirdiyi vaxtın hədər olmasıdır. Tərəflərin psixoloji durumu, uşaqların taleyi və s. məsələlər isə bu prosesin sonradan yaranan və kifayət qədər əhəmiyyət kəsb edən hissəsidir. Həm ekspertlərin, həm psixoloq, sosioloq, həm də din alimlərinin söylədiyi ortaq bir fikir var: Tərəflər, daha dəqiq desək ər və arvad boşanmağa qərar verərkən bunu yaradan səbəbləri ətraflı müzakirə etməli və mümkün qədər ailə bütövlüyünü qorumağa çalışmalıdırlar. Sorğu keçirmək qərarına gəlsəniz cəmiyyətin əksər hissəsi də eyni cavabı verəcək. Bəs, görəsən 11730 cütlük boşanarkən bu cəmiyyət hara baxırdı?!

Ülviyyə Cövdətqızı

 






20 Noyabr, 2014  11:07 Baxılıb: 2761 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner