Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Çingiz Əhmədov: “Mən gedəndə dalımca "meyit maşını" gəlirdi”

Dodaqqaçdı” rubrikasının  bu həftəki qonağı   Musiqili Komediya Teatrının aktyoru, respublikanın əməkdar artisti Çingiz Əhmədovdur.

- Deyirlər, həyat bir mübarizədir. Həyatın enişli-yoxuşlu yollarında daim qalib gəlmisiniz, yoxsa büdrədiyiniz vaxtlarda olmuşdur?

- Büdrədiyim vaxtlar olub. Ən çox bağçada büdrəmişəm, bir də məktəb vaxtı.  Çox adam qarda sürüşür, büdrəyir. Amma mən yox. Ümumiyyətlə qarı çox sevirəm. Bəlkə ona görə ki, dekabrda doğulmuşam, qarda rahat yeriyirəm.

- Başqa bir deyim də var. Deyirlər, həyat bir pəncərədir. O pəncərədən baxanda dumanlı, yoxsa günəşli mənzərə ilə qarşılaşırsınız?

- Pəncərəni açanda istəmədiyim adamları görürəmsə tez pəncərəni  bağlayıram, çünki, həyat mənə dumanlı gəlir. Bu da son vaxtlar olur, bilmirəm nədəndi. Axı mən həmişə hamı ilə yolagedən olmuşam...

- İnsanlardan usanıb, hər şeyə yox deyərkən, içinizdəki “mən”lə söhbət edirsinizmi? O “mən” “siz”ə nə deyir?

- O “mən”  hind musiqisinin ritmləri altında  mənə deyir ki, bir azca da döz, döz, döz, bir azca da döz. Hər şey yaxşı olacaq, sən qalib gələcəksən.

- Xoşbəxtsiniz deyilmi?

- Xoşbəxtəm, çünki gözəl ailəm var, televiziyada, teatrda işim var, şükürlər olsun.

- İtin hürdüyü, karvanın keçdiyi bir vaxtda it hürən tərəfə gedərsiniz yoxsa işıq gələn tərəfə?

- İtdən heç xoşum gəlmir, pişikləri çox sevirəm.  Doğrudur sovetlər dövründə bölgələrə qostrol səfərlərimiz çox olardı. Bax o səfərlərdə it hürən tərəfə də getmişik, işıq gələn tərəfə də. Amma hansı tərəfə getsək də bizi yüksək səviyyədə, xoş qarşılayardılar. Ağdam, Qubadlı, Laçında o qədər  motal pendiri yemişəm ki... İndi isə başqa zamandı.  Həmişə çalışıram ki, ancaq  işıq gələn tərəfə gedim.

- Deyim var: Yağışı mənə anlatma, yağ. Həyatınızda yağışı anladanlar çox olub, yoxsa yağanlar?

- Mənə belə gəlir ki, yağanlar çox olub. Mən özüm də həmişə bacardığım qədər yağanlardan olmuşam. Yağa bilməyəndə də, necə deyərlər, guruldamağa çalışmışam.

- Sevincinizə kədərlənənlər çox olub, ya kədərinizə sevinənlər?

- Sevincimə kədərlənənlər çox olub, amma kədərimə sevinənlər də olub.  Bəzən kimisə özümə yaxın bilmişəm, amma... Həyat tamam başqa cür imiş. Odur ki, indi heç kəsə fikir vermədən öz işimlə məşğulam, Allahın köməkliyi ilə.

- Gecənin qaranlığından doğan zülmətin sükutunun səsini eşitmisiniz?

- Həəə.. Elə eşidirəm. Gecənin sükutunu eşitmək hər adama nəsib olmur axı.  Odu ki, bu məqamda çalışıram tənha olum . Bax hind musiqisinin ritmi də onda yaranır, məhəbbət də. Özü də Nacıbaba Hüseynovun müğamını dinlədiyim gün o sükutun səsini eşitmək daha asan olur.

- Sübhün şəfəqi ilə nura boyanan günlərinizdən razısınızmı?

-Şükür, razıyam. Sübh açılıb, şəfəq saçır. Elə burdan çıxanda da hörmətli dostumuz  Şəfəqgilə gedəcəm. Çatdıraram ona ki, siz də onu tez-tez yada salırsız.

- Deyirlər musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat isə insan təfəkkürünün musiqisidir. Hisslərinizdə və təfəkkürünüzdə riyaziyyatın rolu necədir?

- Lap məktəb illərindən riyaziyyatı heç xoşlamamışam. Azərbaycan dili, musiqi, ədəbiyyat bir də əmək dərsi mənimçün əsas olub. İndi də hesab-kitab lazım olan işlərlə evdə  xanımım məşğul olur. Odur ki, riyaziyyatın qapağını açmasaq yaxşıdı.

- Təkamül  nəzəriyyəsini zəncirə bənzədən Darvin sizcə zəncirin əvvəlini yaddan çıxartmamışdı ki?

- Çıxardıb. Çıxartmasaydı deməzdi ki, insan meymundan əmələ gəlib.

- Dənizə düşən damlanın “dənizəm” deməyə haqqı var, bəs sizin nə deməyə haqqınız var?

- Damla dənizə düşür, sonra isə yox olur dənizdə. Çünki dənizin öz suyu özünə bəsdi. Amma damla bunu  bilsəydi “dənizəm”  deməzdi ki...

- Gözəllik dünyanı xilas edəcək deyənlər, sizcə, şişirdilmiş boyalı dodaqları, saralmış saçları, yoxsa gödəlmiş ətəkləri nəzərdə tuturdular?

- Sovetlər birliyi dövründə  Rafael Dadaşovla  mənim ardımca düşən o qədər  gözəl qızlar vardı ki... Hətta mən gedəndə dalımca meyid maşını gəlirdi. Qızların bir-bir ürəyi gedirdi, yıxılırdı, atırdılar maşına. Gözəlliyə böyük hörmətim var. Amma birdən elə olur ki, gözəl bir qızı dindirirsən, o danışmağa başlayanda, deyirsən vay, vay... Apar qaytar. Odur ki, gözəllik elə olmalıdır ki, ona təzədən duz, istiot əlavə eləməyə ehtiyac olmasın. Yəni slikon, saç əkdirmək məsləhət deyil.

- Axar suya bənzədilən gəncliyiniz öz çuxurunu tapmışdır?

-Tapıb, tapıb. Mən uşaq olanda çox vaxt evimizi su basırdı deyə mən elə suyun içində qalırdım, özü də ayaqyalın. Elə  suların içində qala-qala axır çuxurumu da tapdım. İndi də görürsən araba ilə gedəndə tez-tez çuxura düşürəm, çıxıram.

- Əsrə bərabər gününüz olub?

- Olub, el şənliyində, tədbirlərdə belə yaşantılarım o qədər olub ki...

- Şirin-şirin günlərin acı-acı həsrətini çəkmisiniz?

- Adətən şirin çay içəndə acılı günlər keşirmişəm. Çünki stolda şirni olanda, istəmişəm turşu olsun, turşu olanda  şirni istəmişəm. Ərköyün uşaq olmuşam, amma əndazədə. Sevməmişəm ki, böyüyün yanında şitlik edim.

- Gələcək necə gələcək?

- Praqnoz verməyi heç xoşlamıram. Odur ki, gələr, baxarıq. Nə bilim, məsələn, kamazda gələcəksə, bilmək olmaz armaturun yerinə gələcək, betonun, yoxsa daşın.

- Gözlərinizdə kədər görürəm, o kədər eşqdən olmasın?

- Qoy olsun,  məsləhətdirsə qoy eşqdən olsun, nə deyirəm.

- Sonun başlanğıcına inanırsınız?

- İnanıram, amma hələ son olmayıb axı. Odur ki, bilmirəm  necə olacaq o  başlanğıc.

- Suallarımız sizi sıxmadı ki?

- Çox sıxdı, həddindən artıq. Ömrümdə belə suallarla rastlaşmamışam. Bunu əməkdar artist, xalq artistliyinə  namizəd Çingiz dedi.

Simsar.az

 






20 Noyabr, 2014  10:55 Baxılıb: 1785 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner