Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Hamı bilir ki, tənqid yazanlar niyə həbs edilir” – Qulu Məhərrəmli MÜSAHİBƏ

“Siyasətçi olmaq istəyirsənsə jurnalistikadan getməlisən”

Müsahibə almaq jurnalistin sağ əlindən gələn iş olmalıdır. Ancaq müsahibin jurnalistdirsə məsuliyyət birə-beş artır. Qulu Məhərrəmli ilə söhbətimiz “bulku qonaqlığı” ilə başladı. Əksər tələbələrin gözəl tanıdığı, BDU-da təhsil alanların fəxri kafesi “Pepsi”də baş tutan görüş o qədər maraqlı oldu ki, 2 saatın necə gəlib keçdiyinin fərqinə varmadıq. 36 ildir türklər demiş jurnalistika ilə “içli-dışlı” olan Qulu Məhərrəmli jurnalistikada keçdiyi yol, təcrübələr, cavab verməkdən boyun qaçırmağa çalışdığı şəxsi həyatı və jurnalistikanın bu günündən danışdı. Suallara cavab verdikcə, arabir bulkudan dadıb çox da uzaq keçmişdə olmayan tələbəliyimizi xatırlamağımızı istəyirdi…

-“Svit November” filmindən sonra bir çoxlarının noyabr ayından müxtəlif gözləntiləri olur. Noyabrda doğulan Qulu Məhərrəmli üçün bu ay nə ifadə edir?

-Düzdür, noyabrın ikisində doğulmuşam. Buna baxmayaraq, noyabrın bütün günlərini özümə ad günü hesab edirəm. Ayın əvvəli mənə nəsə sıxılmış günlər təsiri bağışlayır. Ona görə, ad günümü bəhanə edərək ay ərzində dostlarla, tanışlarla görüşürük. Əhatəm o qədər genişdir ki, tədbirlərin ilin sonuna qədər çəkəcəyini ümid edirəm.

-Səhv etmirəmsə, “Əməkdar Jurnalist” adına da noyabrda layiq görülmüsüz...

-Bəli, bu adı da Prezidentin sərəncamı ilə noyabrın 4-də almışam. Düzünü deyim ki, ad veriləndə heç o qədər də sevinməmişəm. Bilmirəm, bunu çox gec veriblər ona görədir, yoxsa bu adı çox mənasız adamlara da verirlər deyə... Ancaq onu deyim, pulunu alandan sonra hiss edirəm ki, fəxri adı olmaq heç də pis deyilmiş, hətta lazım imiş (gülür).

-Ümumiyyətlə jurnalistə bu səpkili adlar lazımdırmı?

-Bütün sahələrdə adların verilməsi birmənalı qəbul edilmir. Jurnalistikada isə, ümumiyyətlə əcaib görünür. Bu gün bizdə həqiqətə sadiq olan çox yaxşı jurnalistlər də var, bu sahədə baş girləyib, əldə vasitə kimi “işlədilən”lər də. Kim həqiqətə, cəmiyyətə və ictimai marağa xidmət edirsə o, əsl xalq jurnalistidir. Kim həqiqəti tapdalayırsa, jurnalistikanı qisas və ya yaltaqlıq vasitəsinə çevirirsə, pis jurnalistdir. Mövlanənin bizlərə aid olan qızıl kimi sözü var: ya həqiqəti de, ya da sus.

-Qulu Məhərrəmli həmişə haqqı deyib?

-Susduğumuz vaxtlar da olub. Həqiqəti demək imkanımız olanda isə o imkanı əldən verməmişik. Əsas odur, yalanlar olmasın, çünki yalanlar cəmiyyəti çaşdırır və ictimai əxlaqı zədələyir.

-Bəs, indi necə?

-Jurnalistika həmişə içərisində yaşadığı cəmiyyətin rənglərini götürür. Burada vacib məqamlar var: biz hansı tip cəmiyyətdə, hansı rejimdə yaşayırıq? Jurnalistikanın mövqeyi hardadır və onu necə qəbul edirlər? Bax bu məqamlar mürəkkəb suallar yaradır. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda 90-cı illərin sonundan, təxminən 2000-ci ilə qədər həqiqəti demək imkanları olub, çünki cəmiyyətdə oksigen bolluğu vardı. Azad mətbuatımız enerjisini toplayaraq bir müddət bu oksigenlə yaşayıb, amma təəssüf ki, indi həm jurnalist əxlaqı, həm peşəkarlıq, həm də gerçəkliyin  ifadəsi baxımından xeyli problemlər var.

-Bu qədər cəsarət və ədalət tələb edən peşənin kişisi, qadını olur?

-Fikrimcə, jurnalistikanın kişisi qadını yox, peşəkarı və qeyri-peşəkarı olur. Bu peşə, ümumiyyətlə cinsi kateqoriyaya bölünmür. Jurnalist həqiqətə sadiqliyini saxlayırsa, deməli jurnalistdi. Hətta mən deyərdim ki, indiki dövrdə yaxşı yazan, araşdırmalar aparan, cəsarət göstərən media əhli arasında xanım jurnalistlərin səsi daha aydın eşidilir, onlar bu peşənin havasını saxlayırlar.

-Sizin jurnalist kimi ən böyük cəsarətiniz nə olub?

-Düzü, fövqəladə bir davranışa yol verməmişəm, “7 gün” proqramında babat tənqidi süjetlər verdiyim vaxtlar olub, məsələn, əlil arabaları ilə biznes edən bir-iki məmurun planını poza bilmişəm, Cümhuriyyət tarixinə soyuq münasibəti, 20 Yanvar faciəsi ilə siyasi alver etmək istəyənləri tənqid etmişəm. Amma iş burasındadır ki, siyasi proseslərlə bağlı danışanda xeyli diqqətli olmaq, sözləri zərrəbinlə seçmək lazım gəlir. Sən jurnalistsən, analitiksən, eyni zamanda çox da cəsarətli fikirlər deyirsən. O dövr üçün cəsarətli sayıla biləcək fikirlərimdən biri “Bişkek protokolu” ilə bağlı olmuşdu. Həmin sənədlə bağlı AzTV-nin xəbərlər proqramında tənqidi fikirlər səsləndirmişdim. Milli Məclisin o vaxtkı sədri Rəsul Quliyev məni yanına çağırıb bir xeyli danlamışdı: tənqid olmaz, bu yaxşı protokoldu, hətta mənə dediklərimi təkzib etmək təklifi də vermişdi. Ertəsi gün yenə şərh verdim və təxminən bir gün əvvəlki fikirlərimi təkrar elədim. Efirdən sonra R. Quliyev AzTV-nin sədrinə demişdi ki, “Qulu yaxşı oğlandır, bizi eşidir, amma yenə öz bildiyini edir”.

-Jurnalistika sizin üçün digərlərinə nisbətən daha doğma olar. Axı siz həyat yoldaşınızı da bu sahədə tapmısız...

-O da jurnalistdi (təəccüblü gülüşlə). Həyat yoldaşım, əslində tələbəliyin məhsuludur. Jurnalistikanın məhsulu isə daha çox dostlarımdır. Jurnalistika imkan verib ki, bir çox siyasi xadimlərlə görüşüm, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Rəşid Behbudov kimi sənət adamlarını yaxından tanıyım, dəyərli elm adamları, səhnə xadimləri ilə dostlaşım, Tetçerlə ünsiyyətdə ola bilim, Boris Yeltsinə sual verim, Heydər Əliyevlə səfərdə olum, Fətullah Gülənlə müsahibə aparım, İshaq Rabindən Fələstinlə bağlı bəzi şeylər soruşum, BMT-nin yubileyində, ATƏT-in, Avropa Birliyinin, NATO-nun toplantılarında iştirak edim. Jurnalistika olmasa idi, bunların heç biri olmayacaqdı.

-Jurnalistlə söhbət çətindir. Hələ işin peşəkarı ilə söhbət etmək, ümumiyyətlə çətindir. Çünki o, sənin nə demək istədiyini bilir. Bütün “hücum”lara hazır olduğundan asanlıqla manevr edir. Mən sualı həyat yoldaşınızla bağlı versəm də siz yenə jurnalistikanın imkanlarından danışırsız.

-Bununla yanaşı mən yalan demədim, doğrunu söylədim. Jurnalistika həqiqətən də mənə bu imkanları verib, (gülür). Həyat yoldaşım jurnalistdir, yazıçıdır, uzun müddət qəzetdə işləyib. İndi də Ombudsman aparatında mətbuat katibidir. Həyat yoldaşından çox danışan kişiləri xoşlamıram, bəlkə bir az patriarxalam (gülür). Bir şeyi bilirəm ki, ailə və ictimai məsələləri bir-birinə qatmamaq lazımdır.

-Hər iki tərəfin jurnalist olması uğurlu karyeraya təsir edirmi?

-Heç bilmirəm bu suala necə cavab verim ki, nə xanım incisin, nə də həqiqət tapdalansın. O da yaxşı jurnalistdir. Vaxtilə “Bakı” qəzetində yaxşı yazılar yazıb. Hər ikimiz jurnalist olsaq da, fərqlər var idi: o, qəzet jurnalistikası ilə, mən isə telejurnalistikayla məşğul olurdum. Sadəcə, jurnalist həyat yoldaşının olması ona görə yaxşıdır ki, problemlərlə bağlı bir-birinizi anlaya bilirsiz. Mənə elə gəlir, bizim bir-birimizə təsir imkanlarımız o qədər də olmayıb. Jurnalistikada kiminsə sənə təsiri ola bilər, amma burada daha çox insanın duyumu, qavrayışı və fərdi xarakteri əsas rol oynayır.

-Bu peşə üçün ömrün 36 ilinə dəyərdimi?

-Əlbəttə, dəyərdi! Bəlkə yeganə sahədir ki, bu seçimimə təəssüflənmirəm. 78-ci ildən jurnalistikadayam, həm Bakı Dövlət Universitetində dərs deyirəm, həm də Xəzər televiziyasında məsləhətçi işləyirəm. Sonuncu apardığım veriliş iki il əvvəl dayandırılıb. “Ayna” qəzetinə yazılar yazırdım. O da bağlanıb, hara üz tutursan, qapılar bağlanır (gülür). Mən jurnalistliyi dünyanın ən yaxşı peşələrindən biri sayıram, bu, insanın ruhu və xarakterini ifadə edən çox parlaq və gərəkli bir peşədir.

-Sovet dövrü deyərkən, bizdə ancaq kitablardan oxuduqlarımızla bağlı təsəvvürlər var. Ancaq hər iki dövrün jurnalistikasını görən bir peşəkar kimi bu dövrləri necə xarakterizə edərsiz?

-Sovet jurnalistikası daha səmimi idi, hərçənd ki daha çox təbliğat və piarla (PR) məşğul idi. Heç SSRİ-də mətbu fəaliyyətə jurnalistika demirdilər, qəzeti, teleradionu kütləvi informasiya və təbliğat vasitəsi adlandırırdılar. Bununla yanaşı cəmiyyətin maraqlarını ifadə etmək baxımından bu sistemin dəqiq prinsipləri var idi. Mətbuat konkret partiya orqanı və təbliğat-təşviqatla məşğul idi, yəni bizdə hər şey gözəldir, əhali süd gölündə üzür və s. kimi fikirləri yayırdı. Bu, bir sistem idi, jurnalist isə həmin sistemin təbliğatçısı. Ancaq müsbət tərəfi o idi ki, jurnalist cəmiyyətdə sayılırdı. Bir çoxu, sifarişli olsa da, tənqidi materiallara geniş yer verilirdi. Siyasi sferadan başqa digər bütün sahələrdə jurnalistin araşdırma aparmaq, tənqid etmək, yazmaq imkanı var idi. İndi isə jurnalistika, guya heç kimdən asılı olmayan sahədir, müstəqil fəaliyyət göstərir, lakin Sovet dövrü ilə müqayisədə onun azadlığı, təhlükəsizliyi və iqtisadi fəaliyyəti təminatlı deyil. Yazdıqlarının təsiri də yoxdur, ən pis odur ki, araşdırma aparan, nöqsanları üzrə çıxaran tənqid yazan jurnalistləri basıb döyürlər.

-Döyülmələrə səbəb qanunlardakı ziddiyyətli fikirlər də ola bilərmi?

-Qanunlarda bəzi ziddiyyətlər ola bilər, çünki qanun qəbul olunur, iki il sonra başlayırlar düzəliş və əlavələr etməyə. Düzəlişlər ayrı-ayrı vaxtlarda qəbul olunduğuna və hüquqi ekspertizadan keçmədiyinə görə problemlər yaranır. Məsələn, konstitusiyada məlumat əldə etmək azadlığı haqqında müddəa var. Azərbaycanda məlumat əldə etməklə bağlı çox yaxşı qanun qəbul edilib. Təəssüf ki, həmin qanun işləmir. Ümumiyyətlə, kütlə öz hüququnu bilmədiyinə görə, məlumat almaqla bağlı azadlıqlardan da bəhrələnə bilmir. Bu baxımdan bizdə kütləvi laqeydlik, əbədi nadanlıq və hüquqi nihilizm bir-birini tamamlayır.

-Son vaxtlar həbs olunanlar arasında jurnalistlərin sayı artıb. Bütün həbs edilən jurnalistlər həqiqətən xuliqandırlar?

-Jurnalistlər bir çox ölkələrdə həbs olunurlar, amma motivlər müxtəlifdir. Ən çox jurnalistin həbs olunduğu ölkələr-Çin, Hindistan, Kuba, Afrika ölkələrdir. Azərbaycanın da bu siyahıya düşməsi bir vətəndaş kimi məni göynədir. Əlbəttə, hüquq prizmasından bu həbslər birbaşa peşə fəaliyyəti ilə bağlı deyil. Həbsin səbəbləri ya xuliqanlıq, ya da narkotika ilə bağlı olur. Lakin cəmiyyət bu motivləri qəbul etmir. Hamı bilir ki, tənqidi yazılar yazan jurnalist niyə həbs edilir. Buna görə cəmiyyətdə söz azadlığına dair ciddi şübhələr yaranır. İnsanlar fikirlərini ifadə edərkən çətinliklər yaşayırlar, qorxu hissi keçirirlər. Bu qorxu, çəkinmə və susma korrupsiya və s. neqativ halların genişlənməsinə səbəb olur. Siz günorta oğurluq edəni görmüsüz? İşıq yoxdu deyə, bütün oğurluqlar gecə baş verir. Mətbuatı da susdurmaqla işığı söndürürük. Cəmiyyətin inkişafını istəyiriksə o işıq daim yanılı olmalıdır. Belə olmasa vəziyyətimiz getdikcə ağırlaşacaq.

-Jurnalistlərin adlarının rüşvətdə hallanması bu sahədə maaşların az olması ilə əlaqədardı?

-Jurnalistika adamı varlı eləmir, ancaq ac da qoymur. Ehtiyaclar çoxalanda əzablar da artır. İncildə bir söz var-hər cür istək müəyyən iztirab doğurur. Gəncliyimdə biznesə yaxınlaşmaq imkanım olub, çoxlu pullar görmüşəm. Amma mən o pullardan qorxmuşam, çünki sel kimi gələn pulların işıqlı düşüncələrimi, ictimai ideallarımı yuyub apardığını hiss edirdim. Jurnalistin qazanmaq imkanı olur, tərcümələr, kitab çapı, sayt hazırlanması və s. Yəni yaxşı işləyən jurnalist ac qalmır. Ancaq milyonlar qazanmaq istəyirsənsə, jurnalistikadan getməlisən. Siyasətçi olmaq istəyirsənsə, jurnalistikadan getməlisən. Biznes, siyasət və jurnalistikanın sərhədləri dəqiq bilinməlidir.

-Bir vaxtlar bütün jurnalistlər azadlıqdan danışır, “ANS” kanalı həqiqətin aynası hesab olunurdu. İndi də çoxları danışır, ancaq nədənsə mövzu bəsit, söhbətlər yorucudur. Həmin həqiqət carçıları qocalıblar, yoxsa ruhdan düşüblər?

-Çox qəliz sual verirsiniz, indi ağıllı və “ehtiyatlı” adamlar bu barədə danışmaqdan qaçırlar. Əlbəttə, yaşlanan da, ruhdan düşən də, şərə təslim olanlar da var. Amma yaş məsələsi bəhanədir. Bu gün televiziya və ya mətbuatın əvvəlki sərbəstliyi olsaydı, həmin jurnalistlər indi də ucadan danışardılar. Mənim vaxtilə “7 Gün” və “Təfsilat” verilişlərim var idi. İndi həmin verilişlərə baxanda fikirləşirəm ki, nə yaxşı buna görə mənə heç nə deməyiblər. 80-ci illərin sonu 90-cı illərin ortaları jurnalistikanın fikir ifadə etmə baxımından qızıl dövrü idi. Onda azadlığın meydanı çox geniş idi. Bəlkə də bu gənclikdən, çılğınlıqdan irəli gəlirdi. İndi isə istər həmin jurnalistlər üçün, istərsə də adını çəkdiyiniz  ANS üçün azadlığın imkanları bir qədər daralıb.

-Jurnalist adına sadiq qalan kimlər oldu?

-Bu gün Azərbaycanda jurnalist deyəndə çox az adam yada düşür. Ancaq 90-cı illərin əvvəllərində jurnalist kimi çoxlarının adı çəkilirdi. Bunların arxasında intellekt sahibi olanlar da, matros düşüncəsi ilə yazıb-düşünənlər də vardı. Onların bir qisminin yanacağı tez tükəndi, bir çoxu pula və vəzifəyə təslim oldu, bəziləri peşəsinə xəyanət etdi. Daha ağıllı və müdrik olanlar güclərinin çatmadığını hiss edib başqa sahələrə keçdilər...

-Müstəqillik qazandıq, SSRİ asılılığından azad olduq. Bəs bu azadlıqdan jurnalistika nə qazandı?

-Keçid dövründə jurnalistika müəyyən şeylər qazandı, amma itirdikləri daha çox oldu. İndi biz uçurumun kənarında dayanan mətbuatı müşahidə etməkdəyik. Azərbaycan daha yaxşı jurnalistikaya layiq idi. Amma təəssüf...

Ülviyyə CÖVDƏTQIZI






13 Noyabr, 2014  15:49 Baxılıb: 4482 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner