Akademik Milli Dram Teatrı Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Məktəb və teatr” adlı layihə davam edir. Simsar.az xəbər verir ki, bu gün layihə çərçivəsində daha bir tədbir həyata keçirilib. Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və yaxından köməkliyi ilə Akademik Milli Dram Tatrının kollektivi Binəqədi Rayonu 284 saylı orta ümumtəhsil məktəbində olub. Teatrımız 284 saylı məktəbdə Azərbaycan dramaturgiyasının böyük simalarından olan Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanan “Anamın kitabı” tamaşası ilə çıxış edib. Mirzə Cəlilin pyesi əsasında böyük ustalıqla hazırlanan, Vətənə, xalqa, ana dilinə məhəbbət hissləri aşılayan, böyük tərbiyəvi əhəmiyyət daşıyan “Anamın kitabı” tamaşasının aktual mahiyyəti və bədii keyfiyyəti məktəblilər və teatrın müəllim heyəti tərəfindən böyük maraqla qarşılanıb. Sabah teatr həmin tamaşa ilə Suraxanı Mədəniyyət Evində çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada rolları Xalq Artisti Səidə Quliyeva (Zəhra Bəyim), Əməkdar Artistlər Ayşad Məmmədov (Rüstəm bəy), Kazım Həsənquliyev (Mirzə Məhəmmədəli), Şəlalə Şahvələdqızı (Gülbahar), Sevinc Əliyeva (Zivər xanım), Mirzə Ağabəyli (Mirzə Zeynal), Firuz Xudaverdiyev (Məşədi Cəfər, Hambal), aktyorlar İradə Həsənova (Zəhra Bəyim), Aslan Şirinov (Səməd Vahid), Anar Heybətov (Aslan bəy), Hikmət Rəhimov (Mirzə Baxşəli), Manaf Dadaşov (Mirzə Baxşəli), Ramin Şıxəliyev (Hüseyn Şahid), Şəhla Əliqızı (Gülbahar), Dilarə Nəzərova (Zivər xanım), Elçin Əhmədov (Qənbər), Elnar Qarayev (Qənbər), Rövşən Kərimduxt (Mirzə Həsən), Mətləb Abdullayev (Mirzə Həsən), Vüsal Mustafayev (Teymur bəy), Rəşad Bəxtiyarov (Senzor), Cümşüd Zeynalov (Polis), Əlləz Əhmədov (Polis) ifa edirlər.
Tamaşanın xronometrajı 2 saat 5 dəqiqədir.
Simsar.az