Aktyorun, aktrisanın ən böyük xoşbəxtliyi, onun yaratdığı, möhürünü vurduğu obrazlar ilə xatırlanmasıdır. Elə buna görə də onun haqında uzun-uzadı, bər-bəzəkli cümlələr qurmağa ehtiyac duymuram. Söhbətin kimdən getdiyinin bəlli olması üçün bir neçə obrazından sitat gətirmək kifayətdir:
“Nədi, efirdən göz eliyən kimi Leninqrada qanadlandın. Cəhənnəmə get. Adə, heç olmasa isti geyin, ora soyuqdur, ay axmaq”. (“Təhminə” filmi)
Bəli həmsöhbətim, həyatın bütün zərbələrinə sinə gərib, sənətdə öz sözünü artıqlaması ilə deyən, şəxsi həyatındakı uğursuzluqlara “qismət” deyib yaşamağı bacaran xalq artisti, Zərnigar Ağakişiyevadır. Bu gün 68 yaşı tamam olan sevimli aktrisamızla söhbəti sizlərə təqdim edirik.
“İnsan arzularına çatana qədər həyatı işgəncəyə çevirilir”
- Zərnigar xanım, necəsiz. Çoxdandır görünmürsüz?
- Şükürlər olsun yaxşıyam. Vaxtilə çox görünmüşəm. İndi səhnəyə yeni nəsil gəlib. Düşünürəm ki, meydanı gənclərə buraxmaq lazımdır. Həm də tez-tez görünmək nəyə lazımdır. Tamaşçı gərək sənət adamı üçün bir az darıxsın. Tez-tez görünəndə adam hörmətdən düşür
- Seriallara necə dəvət alırsız?
- Dəvət edirlər. Bilirsiniz filmə çəkilmək çox əziyyətli prosesdir. Elə olur ki, saatlarla ac qalmalı olursan. Seriallar isə uzunmüddətlidir. qorxuram, dözə bilmərəm. Həm özüm əziyyət çəkərəm, həm ətrafdakı insanları bezdirərəm. Onlara deyə bilmərəm ki, siz gözləyin, mən gedim dərman içim.
- Amma xasiyyətinizdə bir ötkəmlik var...
- Hə, elədi...
- Bu ötkəmliyinizin sizə köməyi dəyib, yoxsa ziyanı?
- Sadəcə mane olub. Xoşum gəlməyən bir şeyi heç vaxt qəbul etmirəm. Amma, əslində ürəyiyumşaq insanam. Güzəştə getməyi bacarıram. İnsanlara qarşı çox həssasam. Dərinliyə varanda insanları daha yaxşı anlayıram. Əgər qarşılıqlı anlaşma yoxdursa, o zaman susuram. Ruhumla bağlı olan istənilən şeydə güzəştə getmirəm, onda da ortaya ötkəmlik çıxır. Mən olduğum kimi görünən insanam. Başqa cür ola bilmirəm.
- Taleyinizdən razısınız?
- Çox şükür razıyam. Heç kəs deyə bilməz ki, arzularımın əzabın çəkməmişəm. Mən də çəkmişəm bu əzabı. İnsan arzularına çatana qədər həyatı işgəncəyə çevirilir. Bu hamı üçün belədir.
- Sürət əsridir, hər şey yenilənir. İnternetlə, sosial şəbəkələrlə maraqlanırsız?
-Yox, yox... Buna, ehtiyacım yoxdur. Yaşım da o yaş deyil. Mən zarafatı, ünsiyyəti xoşlayıram, amma bunlar mənlik deyil.
- Şekspirin “səhnə” alandırdığı həyat, indi daha çox mehmanxanaya bənzəyir. Sizin fikirinizcə insanlar- əsasən də gənclər harda səhvə yol verirlər. Axı siz “Mehmanxana sahibəsi”olmusuz?
- Səhv olmayan yerdə inkişaf ola bilməz. İndividual səhv varsa, sadəcə özünə kənardan baxıb səhvləri düzəltməyə çalışmaq lazımdır. Amma ümumilikdə bu günkü günə baxanda fərəhlənirəm.Özlərini təsdiq etmək üçün gənclərə geniş meydan verilib. İndi bütün dünya ayaqlarımızın altındadır. Sərhədlər açılıb. Mədəniyyətdə, elmdə bir inkişaf var. Azərbaycanın gələcək taleyi indiki gənclərdən çox asılıdır. O gənclərdən ki, hər sahədə iş qurub, Azərbaycana töhfə verirlər. Məncə onlar xoşbəxtdirlər və hara gedirlər getsinlər, uğurları Azərbaycan üçündür.
- Zərnigar xanım, bu gün efirlərdə yayımlanan verilişlərin səviyyəsindən nə dərəcədə razıdır?
- Bu gün Azərbaycan kanallarında təqdirəlayiq verilişlər çoxdur. Kütləvi verilişlərə gəlincə. Mən düşünürəm ki, cəmiyyətdə nə varsa, televiziyalar onu gündəmə gətirir. Onları düşündürən mövzu var ki, ona veriliş həsr edirlər. Birdə axı cəmiyyət təbəqələşib. İntellektual səviyyə bir yana, axı sadə insanlar da var. Bu gün efirdə cəmiyyətə uyğun verilişlər hazırlanır.
“Şəxsi həyatımın alınmaması məndən asılı deyildi”
- Nələrə təəssüflənirsiniz?
- Heç nəyə...
- Amma aktrisa olmasaydınız həyatınız fərqli olardı.
- Mən çox şadam ki, taleyim belə oldu. 1945-ci ilin 7 noyabrında Qubada anadan olmuşam, orada böyümüşəm. Anam danışardı ki, “müəllimə sənə bağçada şer öyrətmişdi. Sən də kəndin klubunda konsertdə səhnəyə çıxıb əl-qolumu ölçərək şeir deyirdin. Hamı əl çalırdı, sən də onlara qoşulub əl çalırdın. Müəllim çağırırdı, sən səhnədən düşmürdün, çiynlərini dartıb dayanırdın”.
Mən indi düşünürəm ki, bu mənim səhnə taleyimin başlanğıcı imiş. Tale yolumuz cızılır, amma biz bəzən ona əhəmiyyət vermirik. Məktəbi bitirib Qubadan Bakıya ticarət texnikomuna qəbul olmağa gəlmişdim. Burda fikrimi dəyişdim ki, rəssam olmaq istəyirəm. Sənədlərimi rəssamlıq məktəbinə aparanda sənədləri qəbul edən adam dedi ki, neynirsən rəssam olmağı qız üçün tibb texnikomu yaxşıdır. Rəssamlığa meylim vardı deyə, divar qəzetinə tərtibat verirdim, eyni zamanda, məktəbdə konsertlər təşkil olunanda şer deyirdim. Bir dəfə imtahanda müəllimim mənə dedi ki, qiymətini yazıram, amma sən get teatr institutuna, sənin yerin oradır. Getdim, asanlıqla da qəbul oldum.
- Bəlkə də ticarətlə məşğul olsaydız, indi varlı biznesmen idiz.
- Görünür incəsənətə istəyim daha güclü imiş. İndi alimlər də sübut edib ki, beyinin çox hissəsi hara meyllidirsə, insan o yolu seçir. Görünür məndə aktrisalığa güclü istək olub. Elə ona görə də 5 yaşımda alqış səhnədən çıxanda sığal görmüşəm. Yaşlı nənələr, analar məni o qədər əzizləyirdilər ki... Yəqin xoşagələn uşaq olmuşam (gülür).
- Oynadığınız obrazlardan hansı daha çox ruhunuza yaxındır?
- “Ötən ilin son gecəsi”ndə Həmidə. Mən orda anamı oynamışam. Daha doğrusu, oynamamışam, sadəcə anamın həyatını yaşamışam. Balaca nəvəsi nə desə, razılaşacaq, inanacaq... Əslində bütün analar belədir...
- Kimisi həyatının mənasını işində, kimisi ailədə, kimisi də sevgisində tapır...
- Şəxsi həyatımın alınmaması məndən asılı deyildi. Allahın məsləhəti belə idi. Məni yaşadan işim olub.
- Hər-halda sevginiz də olub.
- Əlbəttə olub. Sevgisiz həyat olar? Gözüdağınıqlığı xoşlamıram. Ona görə də hər şeyə son qoydum.
- Zərnigar xanım, sizcə tamaşaçılar sizi niyə sevir?
- Bax bu suala cavab verə bilmərəm. Amma onu bilirəm ki, tamaşaçıların bu münasibəti- diqqəti, sevgisi məni aciz edir. Bu sevgi həyatımın mənasına çevirilib (kövrəlir).
- Sizi sevindirmək çətindir, ya asan?
- Asandı... Təmiz, hiyləsiz müsibət məni sevindirir.
- Bu gün sizin doğum gününüzdür. Ad günlərinizdə yanınızda kimlər olur?
- 37 yaşımdan sonra ad günümü qeyd etmirəm. Heç kəsi çağırmıram, heç kəsi gözləmirəm... Birdə, bilirsiz, indi ad günü qeyd etmək mənim üçün çətindir. Yəqin yaşdan irəli gəlir. Dəm-dəsgahdan, stol açmaqdan yoruluram. İmkanım var, amma hünərim yoxdur. Buna baxmayaraq, birdən kims gələr deyə evimdə olan-olmazımdan nə varsa düzürəm süfrəyə.
- Gələn olmur?
- Olur. Bir də görürəm qapı döyülür. İş yoldaşlarım, xətirimi istəyən insanlar gəlirlər. Amma zəng edib təbrik edənlər daha çox olur.
“Simsar.az” kollektivi də bu təbriklərə qoşulur və sevimli sənətkarımıza can sağlığı diləyir.
İsmət Ələkbərqızı