Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

RƏŞAD SADIQOV: “TOPU BİZƏ VERMİRDİLƏR...” MÜSAHİBƏ - FOTOLAR

Müsahibimiz son dövrlərdə ölkə futbolunun yetişdirdiyi ən istedadlı futbolçulardan biri – Rəşad Sadıqovdu. Azərbaycanda üç dəfə “İlin ən yaxşı futbolçusu” seçilən, “Qarabağ”ın və milli komandanın kapitanı ilə yığmamızın problemləri, gələcək planları və həyat yolundan danışdıq.

- Futbolu seçməyinizdən başlayaq…

- Ailədə, qohumlarda heç idmançı olmayıb. Məndə bu maraq televizorda baxaraq, oynayaraq yarandı. Sonra valideynlərim futbola yazılmağımı uyğun gördülər və Vaqif Paşayevin yanında məşqlərə yazıldım. Bununla da böyük futbola gedən yol mənim üçün açıldı.

- Adətən, idmançılar karyeraya başlayanda evdə sıxıntıları olur…

- Hə, bizdə də problemlər vardı. Bir müddət sonra artıq futbol oynamağımı istəmirdilər. Çünki zədələr, çətinliklər olurdu. Soyuqda, qarda, qışda məşqlərə getməyə qoymurdular.

- İdeal saydığınız futbolçu varmı?

- İdeal saydığım heç kim yoxdu. Həmişə hər futbolçunun yaxşı cəhətlərini mənimsəməyə çalışıram. Xüsusilə də, özəl həyatlarına, şəxsi keyfiyyətlərinə, udduğu, uduzduğu oyunlardan sonra verdiyi açıqlamalara diqqət edirəm. Bir sözlə, şəxsi keyfiyyətlər mənim üçün daha önəmlidi.

- Bizdə belə bir tendensiya var: futbolçularımız Azərbaycanda zirvə kimi gördükləri “Nefçi”yə, yaxud “Xəzər-Lənkəran”a keçən kimi işlərini bitmiş sayırlar…

- Ümumiyyətlə, hər bir futbolçunun çatacağı maksimum səviyyə var. Ondan sonra inkişaf dayanır. Bizdə də yüksəlişə doğru daha yaxşı gedirlər. Amma o zaman artıq məşqə, özünə, qidana, yaşantına və s. fikir verməkdə daha ciddi olmalısan. Bizdə isə əksinə olur. Doğru qeyd etdiz, bunda maddi təminatın da rolu böyükdür. Pul artan kimi bizimkilər çox rahat yaşamağa başlayır. Həm maddi tərəfdən şəraitinin yaxşılaşması, həyatının daha zəngin, daha maraqlı olması, həm də qeyri-peşəkar yanaşma nəticədə daha irəli getməyə imkan vermir. Bizim futbolçularda bu çox mənfi xüsusiyyətdi.

- Futbolçularımızın demək olar ki, legioner həyatı yaşaya biməməsi nə ilə əlaqədardı?

- Ümumiyyətlə, legioner həyatı yaşamaq bir qədər çətindi. Türk futbolçularını götürsək, nə Okan, nə Hakan, nə də bir başqası xaricdə möhkəmlənə bilmədi. İndi Arda Turan seçilib. Bunun da nə qədər çəkəcəyini hamımız görəcəyik. Lap rus futbolçular, elə ingilislər olsun. Uyğunlaşdığın mühitdən kənarda oynamaq çoxuna çətin olur. Baxsaq, görərik ki, gürcü və ermənilər xaricdə daha yaxşı çıxış edir. Bu da məcburiyyətdəndi, çünki öz birincilikləri maddi baxımdan çox kasaddı. Bizdə isə hamı düşünür ki, öz evimdə, ailəmin yanında oynayım. Həm maddi baxımdan yaxşıdı, həm də rahat olaram.

- Karyeranızda nəyə nail olsaz bunu özünüz üçün zirvə sayar, tam razı qalarsız?

- Demirəm ki, mən böyük imdançıyam, çox işlər görmüşəm. Ancaq şükür Allaha, hər şeydən razıyam. Çünki bizim qrupda yüz futbolçu var idi. Məşqçimiz deyirdi ki, burdan bir, ya iki futbolçu çıxsa, böyük uğurdu. Öz-özümə deyirdim ki, necə ola bilər, burda ən azından 20-25 yaxşı oyunçu var. Amma illər ötdükcə görürsən ki, doğrudan da nəsillər dəyişir və ortalığa 1-2 samballı futbolçu çıxır. Çox şükür ki, dünya səviyyəsində məşhur olmasam da Azərbaycan səviyyəsində tanınmış futbolçu oldum.

- Bir çoxlarından fərqli olaraq Türkiyədə də karyeranız oldu…

- Türkiyədə karyera qurmaq istədim, amma məncə bir az uğursuz alındı. Hər komandada zədə amili ilə üzləşdim. Azərbaycanda qarşılaşmadığım zədələr orada qarşıma çıxdı. 3-cü klubum olan “Kocaelispor”da hər şey daha yaxşı alındı. Lakin mövsüm sonunda aşağı liqaya düşdük və ölkəmizdən də daha yaxşı təklif gəldi, -deyə qayıtdım.

- Uğursuz kimi qeyd etsəz də, düzü, Azərbaycanda bundan uğurlusu da olmayıb. Amma tez-tez gedib qayıdırdız…

- “Kayserispor”da da, “Eskişehirspor”da da zədə səbəbindən yerimi itirdim. Yenidən bərpa olub heyətə qayıtmaq üçün mübarizə aparmaq lazım idi. Orada bir az zəiflik göstərdim.

- Sizcə, bundan sonra təklif olarmı?

- Bundan sonra çətin. Heç özüm də istəmərəm. Çünki digər çempionatların da öz problemləri var. Məsələn, superliqada əmək haqqı vaxtlı-vaxtında verilmir. Bunu hamı bilir ki, böyük problemdi. Düzdü, mükafatlar vaxtında verilir. Amma maaşın alınmasında çətinkilər var.

- 2006-cı ildə Türkiyədən qayıtdız ancaq transfer pəncərəsi qapanmışdı. Klubsuz qaldız, hətta basketbol oynamağa başladız. Millinin ən yaxşı oyunçularından birinə niyə güzəştə getmədilər?

- Orada sırf prinsip var idi. Federasiya nümayəndələri mənimlə prinsip aparırdılar. Elə həmin amillər yığmada oynamamağıma təsir etmişdi. Bir dəfə açıqlama vermişdim, ondan sonra mənimlə belə davranmağa başladılar. Üzr istəməyimi tələb etdilər. Razılaşmayınca, əvvəlcə çempionata buraxmadılar, halbuki Avropada transfer pəncərəsi ayın 31-i bağlanırdı. Mən isə ayın 23-ündən gəlmişdim. Ancaq dedilər ki, 20-si bağlanır. Mən də səbr etdim, formada qalmaq üçün basketbol oynadım. Bir sözlə, o adamlar futbol adamları deyildi.

- Açıqlamanı AFFA-ya qarşı vermişdiz?

- Xeyr, ümumi demişdim ki, problemlərimiz çoxdu, bizdən normal nəticə gözləməyin. Onlar da mənə irad bildirdilər ki, niyə belə demisən?.. Dedim ki, düzünü deyirəm, azarkeşi aldatmaq lazım deyil. Sadəcə, federasiyanın problemi o idi ki, orada futbolu bilən adam yox idi. O fikrin üstündə indi də dayanıram və o illəri Azərbaycan futbolu üçün itirilmiş illər hesab edirəm.

-  O illərdən bu günə millimizin futbolunda elə bir dəyişiklik də yoxdu.

- İndikilər futbolu sevən və can yandıran insanlardı. Futbolu bilən insanlarla məsləhət edirlər, məşqçilərin işlərinə çox qarışmırlar. Amma əvvəl belə deyildi. O vaxt iclas edirdilər, iclasda futbolçuları təhqir edirdilər. Amma indi futbolçu kimi rəftar edirlər, həmişə dəstək olurlar. Sadəcə, nəticə verə bilmirik. Əsas problem bizim özümüzdədi. Bu da çətin prosesdi. Düşünürəm ki, yaradılan şərait gələcəkdə təsirini göstərəcək və yaxşı nəticələr qazanılacaq.

- Çox ümidlisiz gənc nəsildən? İndi klublarımızda gedən iş buna əsas verir?

- Ola bilər mənim ümidlərim puç olsun, amma indi böyük işlər gedir. Bütün klublarda olmasa da, “Bakı”, “Neftçi”, “Qəbələ”, “Qarabağ” kimi klublarda artıq cavanlara diqqət ayrılıb və çox iş görülür. Tez-tez turnirlərə gedirlər. Baxırsan ki, Beynəlxalq yarışlarda inamlı oynayırlar və yaxşı nəticələrlə dönürlər. Sadəcə, onları qoruyub saxlamaq lazımdı ki, bizim nəsil kimi psixoloji cəhətdən pozulmasınlar, beyinlərini məğlubiyyətə alışdırmasınlar.

- Hazırda psixoloji cəhətdən niyə bu qədər zəifik ki?

- Oyundan öncə düşünürsən ki, belə edəcəm, elə edəcəm, amma meydana çıxdıqdan sonra başqa cür olur. Bəzən müqavimət belə göstərə bilmirsən. Məsələn, İspaniya ilə oynayanda, biz o tərəf, bu tərəfə qaçırdıq, ispanlar oynayırdı. Topu bizə vermirdilər...

- Özünüzü məşqçi kimi görürsüz?

- Çox adam karyerasını məşqçi kimi davam etdirir. Amma mənim hələ ki, elə bir istəyim yoxdu. Futbolu bitirəndən sonra idmandan uzaqlaşmaq istəyirəm. Amma nə olacağını indidən demək də düz olmaz.

- Məşqçi olsaz, nələri dəyişmək istərdiz?

- Xüsusi planlarım olacaq. Məşqçi üçün davranış önəmlidir. Həmçinin futbolçularla fərdi söhbətlərə xüsusi önəm verərəm. Texniki-taktiki məşqlər öz yerində, ancaq fikrimcə, bugünki gündə müasir futbolda güclü psixologiya xüsusi rol oynayır.

- Azərbaycanda müqavilə qiymətləri niyə gizli saxlanılır?

- Əvvəl bizdə futbola dəyər vermirdilər. Birdən hər şey dəyişdi və hamı çaş-baş qaldı. Sadəcə problem budu ki, bizim futbolçular dəyərlərinin yüksəlişinə hazır deyildilər. Çoxunun karyerasını elə pul bitirdi. Bəzimiz də başımızı aşağı salıb işimizi gördük. Onsuz da futbolçunun sürdüyü maşınlar, yaşadığı evlər, oturduğu kafelər hamının dilindədi.

- “Neftçi” Avropa liqasının qrup mərhələsinə vəsiqə qazandı. Əvvəllər “Neftçi”də oynamış biri kimi nə hiss edirdiz? Onlarla olmaq istərdiniz?

- Mən “Nefçi”nin futbolçuları adına və ümumiyyətlə, Azərbaycan adına çox sevindim. Orada olmağı o qədər çox istərdim, deməzdim. Amma sevinirdim ki, qruplara qaldılar. Bilirdim ki, bu hamımız üçün uğurdu.

- 14 rəqəminə vurğunluq nə ilə bağlıdı? Klublarda formalarınız, maşınınızın nömrəsi, telefon nömrənizdə belə bu rəqəm var.

- 14-ü uşaqlıqdan sevmişəm. Xüsusi izahı yoxdu.

- Hobbiniz var?

- Belə, xüsusi bir hobbim yoxdu. Vaxt olanda dini xütbələr dinləyirəm. Kitablar da oxumaq istəyərəm, amma məşqlər bizi oxumaqdan da uzaq salıb. Əslində hər cür şərait var ki, Quranımızı, peyğəmərimizin (s.a.v.) həyatını öyrənək, bu dəyərlərin qədrini bilək. Allah bizi yaradıb ki, Ona ibadət edək. Biz ancaq pula, mala, şöhrətə qaçırıq. Düşünürəm ki, futbolda belə uğurlar qazanmağım birbaşa inancımla əlaqədardı. Yəni, İslam dini olmasaydı, bu gün heç kim idim. Bəlkə də gəzən bir heyvan kimi və ya ondan da faydasız biri olardım. Allaha şükürlər olsun ki, məni ona səcdə edənlərdən etdi. İnsanlar uçuruma yuvarlanarkən son tutacaqdan yapışan kimi İslamdan yapışmalıdı...

Aqşin İBRAHİMİ

Simsar jurnalı












6 Noyabr, 2014  17:11 Baxılıb: 2802 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner