Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“MƏDƏNİYYƏT ANCAQ KONSERT VERMƏK DEYİL”- Layihə

“Son zamanlar insanlarda aqressiya hiss edirəm, bir-birinə olan diqqət azalıb”

"Üzeyir Hacıbəyov sağ olsaydı, ilk öncə məndən soruşardı ki, niyə öz üzərində az işləyirsən. Mənsə ondan heç nə soruşmazdım, musiqi, sənət haqqındakı qiymətlə ölçülməyən fikirlərini dinləyərdim və deyərdim ki, Üzeyir bəy sən sadəcə sağ ol, qalan hər şey boşdu."


Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, məşhur pianoçu Fərhad Bədəlbəyli 10 qəzet baş redaktorunun Simsar.az saytı vasitəsi ilə ona ünvanlanan suallarını cavablandırır.

- “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: Beynəlxalq aləmdə Azərbaycan musiqisinin və mədəniyyətinin təbliği istiqamətində aparılan işləri necə qiymətləndirirsiniz?
- Indi daha da yüksək qiymətləndirirəm. Yunanıstan, Litva, StokHolm, İngiltərə, Almaniyada çıxışlarım oldu. Məndən başqa da musiqiçilər Yuneskoda çıxış edirlər. Alim Qasımov öz musiqisi ilə bütün dünaynı gəzir. Son illərdə böyük irəliləyiş var.
- “525-ci” qəzetinin baş redaktoru Rəşad Məcid: Fərhad Bədəlbəyli Şuşada qocalığını yaşayacağına ümidini itirməyib ki?
- Xeyr, itirməmişəm.
- “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: Üzeyir Hacıbəyov sağ olsaydı, Fərhad Bədəlbəyli hansı mövzu ətrafında onun fikirlərini öyrənmək istəyərdi?
- Üzeyir Hacıbəyov sağ olsaydı, ilk öncə məndən soruşardı ki, niyə öz üzərində az işləyirsən. Mənsə ondan heç nə soruşmazdım, musiqi, sənət haqqındakı qiymətlə ölçülməyən fikirlərini dinləyərdim və deyərdim ki, Üzeyir bəy sən sadəcə sağ ol, qalan hər şey boşdu.
- ”Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı: Azərbaycanda ümumi mədəni səviyyə sizi qane edirmi?
- Yox, qane etmir. Çünki mədəniyyət ancaq konsert verməkdən deyil. Mədəniyyət davranışdı, bir- birinə qarşı olan münasibətdi, gözəl danışıqdı. Son zamanlar insanlarda aqressiya hiss edirəm. Bir-birinə olan diqqət azalıb. Kapitalistin o sərt qanunları bizdə eybəcər formada gəlib çıxıb. Bu, məni narahat edir. 
- “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova: Ötən il Qarabağa səfər təşkil olunmuşdu və Siz də ora səfər etdiniz. Bu, Azərbaycanda elə də yaxşı qarşılanmadı. Yenidən belə bir təklif olsa, qəbul edərdinizmi?
- Yox, qəbul etməzdim. Mən birinci dəfə getdim, çünki Şuşanı görmək istəyirdim. Amma ikinci dəfə Şuşaya ev sahibi kimi getməliyəm.
- ”Yeni-Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu: Son illərdə musiqi zövqümüz ciddi şəkildə korlanir. Efir məkanımız bayagı musiqinin ekspansiyası altındadır. Çıxış yolunu Fərhad müəllim nədə görür?
- “Mədəniyyət” kanalı açılıb, bu, bir çıxış yolu. Başqa çıxış yolu odur ki, biz sözümüzü deməliyik, daha sağlam və ciddi tənqid olmalıdır. Yeni, gözəl, bütün mənalarda səviyyəli verilişlər hazırlamaq və əsərlər yaratmaq lazımdır. Çıxış yolu ancaq bundadır. Heç nəyi qadağan etmək mümkün deyil.
- ”Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: Fərhad Bədəlbəyli üçün rektor kürsüsü daha doğmadır, yoxsa pianinonun dilləri?
- Əlbəttə pianinonun dilləri. Rektorluq əbədi deyil axı, sabah ayrı bir rektor da bu krüsüdə otura bilər. Amma pianinonun dilləri həmişə mənə əziz və doğmadır.
- “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı: Tanınmış bir ailənin üzvü kimi müxtəlif rejimlərdə yaşamaq hansı problemlər gətirib?
- Atam bir il xalq düşməni elan olunub. Bir il işsiz qaldı, həmin müddətdə heç kim ona salam vermirdi, hər kəs onunla təmasda olmaqdan qorxurdu. Babam 1932-ci ildə rəhmətə getdi, sağ qalsaydı, onu 1937-ci ildı mütləq həbs edəcəkdilər, çünki Mərkəzi Komitənin Xalq Partiyasının üzvü idi. Anamın atası Tağıbəy Səfərəliyev xalq düşməni kimi sürgün olundu, elə orda da rəhmətə getdi. İki əmim, Davud Bədəlbəyli və Sərvər Bədəlbəyli Sibirə sürgün olunub. Həm də Davud əmim Fəridə xanımla evli idi. Fəridə xanımınm qardaşı xaricdə “Azadlıq” Radiosunda işləyirdi. Əmimə dedilər ki, sən yoldaşınla boşan qal Bakıda, ancaq yoldaşını Sibirə sürgün edəcəklər. O isə əsl kişi kimi dedi ki, heç vaxt belə bir addım atmayacam və bir yerdə onlar sürgün olundu. Bu ailənin taleyi çox faciəli idi. Atam həmişə deyərdi ki, heç vaxt heç kimin yanında diz çökmə. İki halda diz çökürlər - qocaya və uşağa yardım etmək, ya da kiməsə ucuz yaltaqlanmaq məqsədilə . Atam həmişə deyərdi ki, yaltaqlıqla heç vaxt məşğul olma.
- ”Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid: Fərhad Bədəlbəyli Azərbaycanda demokratiyanın olmasında maraqlıdırmı?
- Əlbəttə maraqlıyam. 1989-cu ildə Azadlıq meydanındakı mitinqlərdə olmuşam. Xalq Cəbhəsinin birinci iclasını Üzeyir Hacıbəyovun ev muzeyində mən təşkil etmişdim. O zaman da faciə baş verdi, böyük alim Xudu Məmmədov mənim qucağımda dünyasın dəyişdi. Mərkəzi Komitəyə çağırıldım, danlandım, hadisədə məni təqsirkar bildilər. Ondan sonra dedim ki, bir daha siyasətlə məşğul olmayacam. Qarabağ İcmasında fəaliyyətim aktivdi, Minsk Qrupunun həmsədrləri ilə görüşlərimiz olur, orada öz sözümüzü deyirik. Vətəndaş, qarabağlı kimi öz borcumu yerinə yetirirəm.
- Simsar. az saytının əməkdaşı Aynurə Həsənova: Əvvəlki "Evrovision" mahnı müsabiqələrində qatılan musiqiçilərin ifasında Azərbaycan elementləri hiss olunurdu, tarın, kamançanın dəsti xətti var idi. Bu dəfə ölkəmizi yarışmada təmsil edəcək Nigar Camal və Eldardın ifasında azərbayçançılığın hansısa tərəfləri görünürmü?
- Mən onların mahnısında, ifasında, səhnə hərəkətlərində Azərbaycana aid heç nə görmürəm. Amma gəlin nəticələri gözləyək, bəlkə bu ifa avropalıların xoşuna gələr... bilmirəm. Normal Avropa musiqisidir, orada qeyri-adi heç nə yoxdur. Oğlan ifaçı avropalıların simpatiyasını qazana bilər. Amma o ifadan heç Azərbaycanın iyi də gəlmir.

TƏƏSSÜRAT: Bizi gülərüzlə qarşıladı. Səmimiyyəti də, sənəti kimi alqışa layiqdi. Müxtəlif mövzularda söhbət etdik. Hiss edirdim ki, işlətdiyim “şou-biznes” kəlməsini eşitmək ürəyincə deyil. Musiqimizin adına “şou”, onu təmsil edənlərə isə “şou-biznes nümayəndəsi” deyilməsi onda təəssüf hissi doğururdu. Hər dəfə başqa mövzuya keçəndə dərin köks ötürürdü. Daha çox musiqidən danışmaq istəyirdi, həm də ciddi musiqidən. Məsələn, “Sənsiz”, “Sevgili canan”, “Oldu” kimi əsərlərdən...

Aynurə Həsənova






15 Aprel, 2011  16:04 Baxılıb: 2039 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner