Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Müsavatda fraksiyalaşma - Partiyadan ŞOK xəbər

Müsavat Partiyasında başqanlıq seçkilərindən sonra seçkinin nəticələrindən narazı qalan şəxslər oktyabrın 29-da axşam saatlarında şəhərin çayxanalarının birində çay süfrəsində bir araya gəliblər. Görüşdə Qubad İbadoğlu, Vurğun Əyyub, Tural Abbaslı iştirak edib.


Tural Abbaslının “Yeni Müsavat”a verdiyi məlumata görə, görüşdə partiya daxilində yaranmış durum və fraksiya yaradılması barədə müzakirə aparılıb. Ümumi fikirlər üst-üstə düşüb. Fraksiyanın yaradılması üçün ümumi razılıq əldə olunub: “Fraksiya yaratmaq bölücülük və sabotaj üçün deyil. Nizamnamədə partiya daxilində fraksiyanın yaradılması ilə bağlı qadağa yoxdur. Düzdür, nizamnamədə fraksiya sözü işlənməyib. Ancaq əsas odur ki, bu tip birliklərə də qadağa qoyulmayıb. Ona görə də heç bir nizamnamə pozuntusu yoxdur. Bunun adını qərəzli şəkildə yozmaq, bölücülüklə əlaqələndirmək düzgün deyil. Görüşümüzdə də müzakirələrimiz əsas o istiqamətdə gedirdi ki, bütün fəaliyyət nizamnamə çərçivəsində baş verəcək. Nizamnamənin bir bəndi belə pozulmadan addımlar atılacaq və heç bir halda partiyadan istefa verməklə nəticələnməyəcək”.
“Görüşdə iştirak edən digər şəxslərin də mövqeyi bu cürdür ki, fraksiya həm də istefaların qarşısını almaq üçündür” sualına T.Abbaslı belə cavab verdi: “Təbii. Bu fikirlər müzakirələrə əsaslanaraq söylənən fikirlərdir. İndiyə qədər istefa verənlər Qubad bəyin tərəfdarlarıdır. Təbii ki, Qubad bəy də istəməz ki, tərəfdarları partiyadan istefa versin və tərəfdarları partiya daxilində azalsın. Mənim tərəfdarlarımdan heç kim istefa verməyib və hələlik istefa vermək fikirləri də yoxdur. İstefalar ümumi partiyaya ziyan vurur. Biz partiyadaxili rəqabət mühitini yaradıb partiyanın daha da güclənməsi üçün fraksiya yaratmağı düşünürük. Fraksiya partiyanın işində aktiv iştirak edəcək, tədbirlərə qatılacaq”.

T. Abbaslı qeyd etdi ki, hazırda Müsavatda başqan Arif Hacılı tərəfdarlarının üstünlük təşkil etdiyi idarəetmə institutları formalaşıb və bu da partiyadaxili demokratiyaya uyğun deyil. O, alternativ fikir platformasına, yeni bir fraksiyaya ehtiyac olduğunu söylədi: “Əks fikir demək üçün uyğun şərait olmalıdır. Çünki bütün postlarda bir şəxsin tərəfdarlarının təmsil olunduğu yerdə partiyadaxili demokratiya təhlükə altına düşür. İllərini Müsavata həsr etmiş insanlar üçün bu vəziyyət xoş deyil. Biz bu vəziyyətdən narahatlıq keçirdiyimiz üçün belə bir fraksiyaya ehtiyac duyduq. Partiya daxilində bu cür birliyin yaradılması Müsavatın inkişafına yol açacaq. Fraksiyanı tək mən yaratmıram. Yaradılsa birgə yaradılacaq. Orada mən və tərəfdarlarım, Qubad bəy və tərəfdarları təmsil olunacaqlar”.

“Yaradılacağı deyilən fraksiya partiyanın yeni başqanının legitimliyini tanıyacaqmı” sualına T.Abbaslının cavabı belə odlu: “Mən qurultayın qərarlarını tanıyıram. Qurultayın seçdiyi başqanın legitimliyini də tanıyıram, qurultayın iradəsinə tabeyik. Mən düşünmürəm ki, o fraksiyada təmsil olunacaq kimsə seçkilərin saxta keçirildiyini iddia edir və edəcək. Görüşümüzdə də bu barədə müzakirə apardıq. Qubad bəylə Vurğun bəy dedi ki, biz qətiyyən saxtakarlığın olduğunu demirik, biz sadəcə olaraq ədalətliliyin pozulduğunu söyləyirik”.

Müsavat başqanının müavini Səxavət Soltanlı partiya daxilində fraksiya yaradılmasının hakimiyyətin maraqlarına xidmət edəcəyini bildirdi: “Bu məsələdə mənim fikrim birmənalıdır. Müxalifətdə olan, hədəfi demokratikləşmə olan, avtoritar hakimiyyətlə üz-üzə qalan bir partiyanın siyasi xəttinə qarşı çıxmaq hakimiyyətin maraqlarına xidmət etməkdir. Bu başqa məsələ ki, nizamnamə ilə də fraksiya yaradılması mümkün deyil. Hardasa partiyanın daxilində seçkili orqanlarda iştirak etməklə qərarların keçməsi üçün birləşmələr başa düşülən ola bilər. Amma seçkili orqanlarda iştirakdan imtina edərək, seçkili orqanları tanımadan yaradılan birliklər separatçılıqdır. İnanmıram ki, belə bir addımı kimlərsə atsın, amma atanlar olarsa da dəstək qazanması mümkünsüzdür. Fraksiya yaratmaq fikrinə düşənlərin siyasi biliklərə sahib olması vacibdir, siyasi partiyada fəaliyyətlə, dövlət idarəçiliyində iştirakı qarışdırmaq olmaz. Siyasi partiyanın siyasi xəttini seçkili orqanlar (Məclis, Divan) müəyyənləşdirir. Kimlərsə bu qərarların qəbulunda iştirak edirsə, gözəl, kimlərsə bu qərarların əleyhinə işlər aparacaqsa, onlar özlərini ifşa edəcəklər”.


Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli də bildirdi ki, partiyanın nizamnaməsində fraksiya yaradılması nəzərdə tutulmayıb. Həmin adamların fraksiya yaratmaq təşəbbüsü nizamnaməyə uyğun olmamaqla yanaşı, arzuedilən deyil: “Şəxsən mən buna təəssüf edirəm. Amma məsələnin bir tərəfini qeyd edim ki, həmin adamlar uzun müddət qruplaşma kimi fəaliyyət göstəriblər və partiyada qruplaşma marağından çıxış ediblər. Əgər fraksiyanı elan edəcəklərsə, bu, həmin qruplaşmanın artıq etiraf edilməsi və rəsmiləşməsi demək olacaq. Bu baxımdan o fraksiyanın yaradılmasına faciə kimi də baxmıram. Uzun müddət həmin insanlar Müsavatda qrup maraqları çərçivəsindən çıxış ediblər. Amma partiya rəhbərliyi bundan xəbərdar olsa da minlərlə üzvlərimizin bundan xəbəri olmayıb. Xəbəri olmayıb həmin adamlar qrup marağından çıxış edirlər. Fraksiya elan ediləcəksə, bunun bir müsbət tərəfi olacaq ki, onların uzun müddət qruplaşma çərçivəsində fəaliyyət göstərdiklərini artıq Müsavatın bütün üzvləri biləcək”.


“Fraksiyada təmsil olunacağı gözlənilən Qubad İbadoğlu deyib ki, partiyanın yarısı onun tərəfindədir. Bu, o deməkdirmi ki, fraksiya yaradılsa partiyanın yarısı orada təmsil olunacaq” sualını M.Hacıbəyli belə cavablandırdı: “Belə bir şey ola bilməz. Əgər qurultay indi keçirilsəydi mən əminəm ki, 200 səs yığan namizəd indi heç 50 səs yığa bilməzdi”.





31 Oktyabr, 2014  09:08 Baxılıb: 991 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner