Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“İlk yazdığım şeiri ona oxudum...” - ELDAR NAMAZOV “Çay dəsgahı”nda

Bu dəfə “Çay dəsgahı”nda söhbətləşmək üçün “El” hərəkatının sədri, siyasi xadim Eldar Namazovu “Dafne by Dalida”ya dəvət etmişdik. Görüş yerinə bizdən əvvəl çatan Eldar müəllim bir stəkan çay içməyə də vaxt tapmışdı. Qonağımızla görüşüb gecikdiyimiz üçün üzrxahlıq etdik. E.Namazov: “Narahat olmayın. Siz hələ yaxşısınız, insanlar var, saatlarla gözləməli olursan”, - dedi.

Çaylarımız gəlməmiş söhbətə başladıq. Eldar Namazovun Bakıya necə gəlib çıxmasından,  siyasi fəaliyyətinin pərdəarxası məqamlarından, dostları ilə münasibətindən, şeir yazmağında və başqa məsələlərdən xəbər tutduq.

Söhbətdə iştirak etdilər: İradə Nurəddinqızı, Ramil Məmmədli, Aqşin İbrahimi, Hüseyn İbadlı, fotoqrafımız Nuranə Novruz və mən Vüsal Məmmədzadə.

“Uşaqlıqdan çox çay içənəm. Evdə də həmişə deyirlər ki, bu qədər çay içmək olmaz. Digər içkilərlə, elə də aram yoxdur”.

“Yəqin ki, Lənkəran çayı içirsiniz...”

“Burada satılan yox, oradan gələni içirəm (gülür). Əslində, çayın dadını gözəl edən təkcə çayın özü deyil. Həm də sudur. Daşdan süzülmə su ilə dəmlənən Krasnodar çayı adi su ilə hazırlanan hind çayından daha dadlıdır”.

(Bir qədər  sonra Eldar Namazov ətrafa göz gəzdirərək sözlərinə davam etdi)

“Gənclik dövrümdə vaxtımın çoxunu buralarda keçirərdim. Bakının ən xoşuma gələn yeri buradır. Dostlarımla gəzərdik...”

“Deyirlər, həmin dövrün Bakısı daha gözəl idi...”

“Bu söz arxitektura və şəhərin görünüşü ilə bağlı deyildi, daha çox, abu-hava ilə bağlı idi”.

“Sizin gənclik illəriniz daha maraqlı olub. İndiki gənclər internetdən başqa fərqli nəsə görmürlər. İnternet işimizə yarayan bir şey olsa da, tam olaraq, yaxşı bir şey deməyə adamın dili gəlmir...”

“İnternetsiz dövrlə indiki dövrü müqayisə etsək, yerlə göy qədər fərq var. İndi evdən çölə çıxmadan elmi iş yazmaq mümkündür. Əvvəllər isə arxivlərdə eşələnməli olurdun”.

“İnternet meydana gələndən sonra insanlar kitab, qəzet oxumur, televizora baxmırlar... Deməli, mənfi tərəfləri də çoxdur”.

“Ola bilsin... Amma bunu  da cilovlamaq mümkündür. Çalışmaq lazımdır, internetlə fəaliyyəti müsbət istiqamətə yönəldəsən”.

“Məlumdur ki, Qazaxda doğulmusunuz və uşaqlığınız da orada keçib. Bəs necə oldu ki, Bakıya gəlib çıxdınız?”

“Valideynlərim məktəbə Bakıda getməyimi istəyirdilər. Ona görə, 6 yaşımda buraya gələsi oldum. Halbuki, heç vaxt şəhərdə yaşamağı arzu etməmişəm. O vaxtlar da tətil başlayan günü qatarla kəndə yola düşürdüm. Bir də dərslər açılanda qayıdırdım”.

“Valideynləriniz sizin savadlı olmağınızı istəyirdilər, təhsilinizə fikir verirdilər. Belə olmasaydı, sizi doğma torpaqdan ayırmazdılar. Yeni mühitə uyğunlaşmaq da asan deyil...”

“Elədir. Məktəbdə ilk vaxtlar çox çətin oldu. Məni buraya gətirən vaxt məktəbdə Azərbaycan bölməsində yer olmadı. Rus bölməsinə qoymağa məcbur oldular. Ömrümdə rus dilində bir kəlmə belə danışmamışdım. Müəllimin dediklərindən heç nə başa düşmürdüm. Yadıma gəlir, həmişə parta yoldaşıma baxıb onun yazdıqlarını təkrar edirdim.  Bir dəfə parta yoldaşım iki sətir “0” yazdı, mən də ona baxıb bir səhifə “0” yazdım. Sonra onun dəftərinə baxıb gördüm ki, iki sətir “0” yazandan sonra başqa şey yazıb”.

“Bildiyim qədərilə, şəhərin mərkəzində yaşayırsınız. Bəs torpağa bu qədər bağlı insan nə əcəb şəhərdən kənarda, həyət evində yaşamır?”

“Bir müddət yaşamışam. Amma çox tab gətirə bilmədim. Hər gün şəhərə gəlib-getmək məni çox yorurdu. Məcburiyyətdən qayıtmalı oldum”.

“Rayondan Bakıya gəlib yaşayanlar həmişə “1 həfta getdi Bakıda qaldı danışığını dəyişdi” Yəqin siz də bunu yaşamısız”.

“Şəhərə təzə gələn vaxtlarda Qazax ləhcəsi ilə danışırdım. Daha sonra rus bölməsində oxumağa başladım. İlk vaxtlar mənim üçün çətin olsa da, dili tədricən öyrənə bildim. Bu, mənim danışığıma da təsirsiz ötüşmədi. Məktəbi qurtarandan sonra isə 10 ilə yaxın xaricdə yaşamalı oldum. Daha sonra qayıdanda isə Azərbaycan dilində danışmaqda çətinlik çəkirdim. Yəni, təhsilin və mühitin danışıq tərzinin dəyişməsinə böyük təsiri var”.

“Siyasətlə məşğul olsanız da, idmanla da yaxından maraqlandığınızı bilirik. Təsadüfi deyil ki, bir vaxtlar Şahmat Federasiyasına rəhbərlik etmisiniz. Şahmatla yanaşı, futbolla da maraqlandığınız məlumdur. Buna görə, düşünürəm ki, millimizin 0:6 hesablı məğlubiyyəti bəradə də deməyə sözləriniz var...”

“Bu məğlubiyyətin müsbət tərəfləri də oldu. Çünki, bu, bir daha sübut etdi ki, Berti Foqtsla yolları ayırmağın vaxtı çatıb. Əslində, bu, çoxdan baş verməli idi. Yeddinci ildir, almaniyalı mütəxəssis Azərbaycan millisinə rəhbərlik edirdi. Amma, hələ ki, bir nəticə ortaya qoya bilməmişdi. Təkcə onu da günahlandırmaq düzgün olmazdı. Futbola kompleks şəkildə yanaşmaq lazımdır. Məsələn, yüksək məbləğ müqabilində legioner futbolçular gətirmək əvəzinə, uşaq futboluna daha çox diqqət ayırmaq olar”.

“Deyirlər, futbol bir siyasətdir...”

“Siyasət, əslində, idarəçilikdir. Futbolda da idarəçilik çox vacibdir. Buna görə, demək olar ki, futbolun da öz siyasəti var. Mədəniyyətdə, iqtisadiyyatda və həyatın digər sahələrində olduğu kimi...”

“Futbolda kütlə daha böyükdür”.

“Tamamilə razıyam. Götürək, Ukrayna hadisələrini... Burada da futbol azarkeşləri hadisələrin gedişində mühüm rol oynayırlar”.

“Qazax mühiti şeir sənətinə çox bağlıdır. Məncə, poeziya sevgisi ailənizdən, qohum-əqrabanızdan, elə sizin özünüzdən də yan keçməməlidir...”

“Düz qeyd etdiniz. Qazaxda hər ailədə minimum iki şair olmalıdır. Mən də şeir oxumağı çox sevirəm. Arada da yazıram...”

“Şeir yazdığınızdan xəbərimiz yox idi. Eldar Namazov yaradıcılığı ilə tanış olmaq bizim üçün çox xoş olardı”.

“Hər peşədə peşəkarlığa əhəmiyyət verirəm. Poeziyaya da hörmətlə yanaşıram. Buna görə, həmin şeirləri yaxın dostlarımdan başqa heç kim oxumayıb” (gülür).

“Hansı janrda yazırsınız?”

“Baxır, kimə yazırsan”.

“İlk şeirinizi kimə yazmısınız?”

“İlk şeirimi nənəmə oxumuşam. Oxuyub qurtarandan sonra başımı sığallayıb məni təriflədi”.

“Hansı şairlərin yaradıcılığını bəyənirsiniz?”

“Ədəbiyyat zövq məsələsidir. Mənim də zövqümü oxşayan şairlər var. Ən bəyəndiyim əsər Şəhriyarın “Heydərbabaya salam” şeiridir. Bilirsiniz, mənim ən sevdiyim ədəbiyyat nümunəsi “Kitabi Dədə Qorqud”dur. Elmi işimi də “Dədə Qorqud” dastanı ilə bağlı yazmışam. “Heydərbabaya salam” şeirində də “Dədə Qorqud”un ətri duyulur. Həmin ətri Mövlud Süleymanlının “Köç” romanında da duymaq olur”.

“Poeziyadan danışanda insan onu özündən çıxaran, ona təsir edən misralardan nümunələr səsləndirir. Həmin məqamlarda sizin ağlınıza gələn ilk şeir parçası da “Heydərbabaya salam”dan olur?”

“Bir dəfə “Facebook”da kəndimizin yaxınlığında yerləşən qeyri-adi bir ağacın fotoşəklini paylaşmışdım. Hansı ki, həmin ağacla mənim çox xatirələrim var. Uşaqlıqda həmin ağacın ətrafında oynayardıq, oyuğunda gizlənərdik... Həmin şəklə əlavə olaraq “Dədə Qorqud” dastanında bir parça yazmışdım...”

(Qonağımız bu məqamda “Facebook”da həmin postunu axtarıb tapdı və bizə göstərdi)

“Dədə Qorqud” dastanına böyük məhəbbətlə yanaşdığınızı hiss etdik. Tədqiqatçılar belə qənaətdədirlər ki, əslində, bu dastan nəinki Azərbaycanın keçmişi, eləcə də gələcək tarixi haqqında məlumatları özündə cəmləşdirib...”

“Dastanın giriş hissəsində Dədə Qorqudun Oğuz elinin gələcəyi haqda da məlumat verdiyi bildirilib. Dastanı oxuyanda görürük ki, həqiqətən də Azərbaycanın bu gününü özündə göstərən məqamlar var...”

“Müasir ədəbi prosesi, gənc yazıçıları izləyirsiniz?”

“Əvvəllər ədəbiyyatla, kino və teatrla yaxından maraqlanırdım.  Son dövrlərdə isə işlərimlə əlaqədar bunlara çox vaxt ayıra bilmirəm. Amma bəzi gənc yazıçıları, onların diskussiyalarını izləməyə vaxt tapıram”.

“Mənə gənc yazıçıların təxəllüsləri maraqlıdır. Vaxt var idi, yazıçılar daha ciddi təxəllüslər götürüdülər. Müşfiq, Vurğun, Səhhət kimi...”

“Özümü çətinliklə mübahisələrdən qoruyuram. İndi də ədəbi mühitdə olan mübahisələrə qoşulmaq fikrim yoxdur” (gülür).

“Hər bir peşənin nümamayəndələri müəyyən vaxtdan sonra gördükləri işdən yorulurlar və həmin peşədən getmək istəyirlər. Sizin də həyatınız da istefa olub. Amma gördüyünüz işin istiqaməti dəyişməyib...”

“Mənim elmi fəaliyyətim də siyasətlə bağlı olub. Əvvəl, AMEA-da yaradılan Politologiya şöbəsinin, daha sonra Strateji və Beynəlxlaq Araşdırmalar Mərkəzinin rəhbəri olmuşam. Bu dövrlərdə diplomatlarla tanış olmuşam, onlarla müxtəlif siyasi mövzularda müzakirələr aparmışam. Yəni, bu, bir növ mənim həyat tərzimə çevirilib. Hazırda da Azərbaycanın siyasi mühitində gərginlik var. İstər Qarabağ münaqişəsi, istər regionda baş verən digər hadisələr Azərbaycana da təsir edir. Biz də əlimizdən gələn köməyi əsirgəməməliyik”.

“Qarabağ münaqişəsinə toxunmuşkən, siz də danışıqlarda yaxından iştirak etmisiniz. Ona görə, soruşmaq istərdim, niyə sülhə nail ola bilmirik? Erməbilər nə istəyirlər? Bu məsələnin görünməyən tərəfləri haqqında danışmağınızı istərdik”.

“Erməni milləti çox bədbəxt millətdir. Onlar Qafqaz milləti deyil. Çar Rusiyası onları məcbur köçürüb ki, regionda dayaq nöqtəsi olsun. Ermənilər Azərbaycanın ərazilərinə iddialı deyildilər. Onların məqsədi başqa ərazilədə özlərinə dövlət qurmaq idi. Lakin Rusiya tərəfindən buraya köçürüldükdən sonra çar hökumətinin köməyi ilə dövlət qurmağa başladılar. Hazırda da Rusiya başda olmaqla, böyük dövlətlər regiona təsir etmək üçün “erməni kartı”ndan istifadə edirlər. Mən də sülhün tərəfdarıyam. Amma ermənilər özlərini elə bir quyuya salıblar ki, öz taleləri haqda qərar verə bilmirlər. Biz faktiki olaraq, Rusiya ilə danışıqlar aparırıq. Ermənistan isə qapının arxasında dayanıb gözləyir ki, hansı qərar qəbul ediləcək”.

“İşinizə qarışanlar olur?”

“Çalışmışam, heç vaxt heç kimdən asılı olmayım. İndiyə qədər tutduğum vəzifələrdə də kifayət qədər müstəqil olmuşam. Sadə bir misal deyim, indiyə kimi lotereya bileti almamışam. Yalnız bir dəfə mənə məcbur lotereya bileti veriblər. Onda da bəxtim gətirib.

Deməli, gənc vaxtlarım idi. Ailəmlə Abxaziyada dincəlirdik. İş elə gətirdi ki, təcili Bakıya qayıtmalı oldum. Anamdan da bir həftə bəs edəcək qədər pul almışdım. Bilet alanda mənə xırda pulun əvəzində lotereya bileti də verdilər. Şəhərə gələn kimi dost-tanışa xəbər verdim, görüşdük. Elə alındı ki, mənim bir həftə işlətməli olduğum pul üç günə qurtardı. Ömrümdə birinci dəfə dayımdan pul almaq barədə fikirləşdim. Cibimdə 2 manat qalmışdı. Bu, taksiyə bəs edərdi. Evdən çıxdım, küçənin tininə getmək istəyirdim ki, taksi tutum. Qonşu binanın birinci mərtəbəsində də poçt var idi. Poçtun yanından keçəndə yadıma düşdü ki, mənə lotereya vermişdilər. Əlimi atdım cibimə, gördüm bilet üstümdədir. İstədim, maraqlanım görüm, oynayıb, ya yox. Girdim poçta, yaxınlaşdım oradakı işçiyə. Biletimə baxdı, dedi ki, dünən oynayıb, sizin biletiniz isə “Sokol” kinokamerası udub. Onun da qiyməti 70 manat idi. Poçt işçisi dedi ki, hədiyyəni istəyirsinizsə, bir qədər gözləməli olacaqsınız, amma əvəzində pulu istəyirsinizsə, indi verə bilərəm. Mənə də pul lazım idi. 70 manatımı götürdüm, çıxdım. Halbuki, dayımdan 10-15 manat istəyəcəkdim”.

“Bir həftəyə xərcləməli olduğunuz pulu üç günə qurtardınız. Deməli, bədxərcsiniz...”

“Mənə görə, pul, insanın yaşamağı üçün vasitədir. Normal yaşamaq üçünsə, insana ev, maşın, ailəsi ilə dincəlmək və s. bu kimi şeylər lazımdır. Pul yığmaq məsələsini isə, ümumiyyətlə, başa düşmürəm. Həyat təcrübəmdə belə bir məsələ ilə rastlaşmışam ki, kiməsə kömək etmişəmsə, 2-3 gün sonra elədiyim köməyin əvəzi qat-qat artıq qayıdıb. Buna görə, düşünürəm, xəsislik etmək lazım deyil”.

“Yəqin, geyimləriniz də brenddir...”

“Xeyr. Mənim üçün vacib olan geyimin insana yaraşması və rahat olmasıdır. Mənə bahalı firmaların geyimlərini hədiyyə ediblər, amma mənə rahat olmadığı üçün bir dəfə də olsun geyinməmişəm. Məncə, brend geyinməyə də ehtiyac yoxdur”.

Vüsal Məmmədzadə

 






28 Oktyabr, 2014  17:08 Baxılıb: 3436 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner