Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

“Övlad əmanət kassası, toy pul dövriyyəsidir” – ETİRAZ

Əmanət kassası deyil uşaqlar

Xərcindən kəsərək qazanc görəsən!

Artıq gəlirini orda saxlayıb

Sonra faiz ilə ömür sürəsən.


Uşaqtək baxırıq oğula, qıza

Bilmirik, böyüyür ilbəil övlad!

Rahat yaşamaqçün sabahımıza

Dünən verdiyimiz borc deyil övlad!

Bu sətirlər Bəxtiyar Vahabzadənin “Atılmışlar” poemasındandır. On dörd-on beş yaşım vardı bu poemanı oxuyanda. Əksər hissələri əzbərə yadımdadır amma bu hissəsi bu günkü yazımın məzmununu yaxşı ifadə edir.

Bəli, bizim düşüncəmizdə övlad əmanət kassasıdır, övlad rahat yaşamaq üçün sabaha dünən verdiyimiz borcdur. O əsəri oxuyanlar yaxşı bilir ki, Bəxtiyar Vahabzadə bu sətirləri yazanda bizim dəyərlərimizdə qərar tutan toy, gəlin məfhumlarını da nəzərdə tuturdu. Uşağın ki, oldu, gedirsən toylara, 20 il sonra sən toy edirsən və o övladı düşünüb getdiyin toyların sahibləri həmin pulları sənə qaytarır. Burda nə baş verir? Övlad sənin üçün bir bank, bir qazanc fiquru rolunu oynayır. Ya da iyirmi il əziyyətin çəkib övlad böyüdəndə fikirləşirsən ki, sabah gəlin gətirəcəksən o sənin əziyyətini çəkəcək. Burda da öz sərf etdiyin enerjini, zəhməti, alın tərini banka qoymuş olursan. İstənilən halda Bəxtiyar Vahabzadə bu sözlərlə bu düşüncəni mükəmməl ifadə edib.

İndi isə keçək toylara

Lalə Məmmədova deyir ki: “Yazarlarımızın, şairlərin  kitablarını 3 manatdan xalq almırsa bir müğənnini  10000 manata toylarına dəvət edirlərsə aksiya yaradıcılarının da haqları var. Ancaq mən bu aksiyaya qoşulmuram. Müğənnilərin gəlir yeri toylardır. Və ən əsası biz dövlətə vergi veririk. Mən o zaman toyda ifama görə qonararımdan düşərəm ki, aranjımançı, bəstəkar, şair də qiymətləri düşürsün. Bir mahnı ən az 2000-3000 AZN-ə  başa gəlir.”

Məlumdur ki, bir müddət əvvəl dəyərli qələm sahibləri “Toylara yox de” kampaniyası başlatdılar. Son günlər isə bu məsələ televiziya verilişlərində, radio programlarında, internet portallarında geniş müzakirə olundu, hətta böyük mübahisələr yaratdı. Müğənnilərimiz isə bu kampaniyanı başladan yazarlara qarşı birləşib etiraz etdilər. Bu etirazların içində ən maraqlı fikir Lalə Məmmədovanın oldu.

Onun münasibəti sizə bir neçə cümlə kimi görünməsin. Bu bir neçə cümlədə bu boyda xalqın faciəsi var, cənablar! Bəli, doğrudan yazıçılarımız, şairlərimizin kitablarını 3 manat verib almayan, oxuyub maariflənməyən insan toyuna müğənni çağırıb 10 000 manat verir. Görün nə qədər böyük bir bədbəxtlikdir. Hələ ki, sən bu kitabı alıb oxuyaraq maariflənəcək, ibrət alacaq, dünyagörüşünü artıracaq, nitqini inkişaf etdirəcəksən. Amma 10 000 manat verib çağırdığın müğənninin mahnısına göbək atmaq sənə nə qazandıracaq? Yox, mən göbək atmağın əleyhinə deyiləm, insan öz emosiyalarını ifadə etməkdə, enerjisini istədiyi kimi boşaltmaqda sərbəstdir. Amma elmi, biliyi, maariflənməni, ziyalı olmağı, mədəniyyəti, ədəbiyyatı bir kənara tullayıb bütün var-dövlətini bir gecəlik əyləncəyə xərcləmək axmaqlıqdır, rəzillikdir!

Üstəlik yazısındakı digər bir fikir də ondan ibarətdir ki, “bəstəkarlar, şairlər qiymətləri aşağı salsınlar, biz də endirək”. Bəstəkarların, aranjemançıların qiymətlərini deyə bilmərəm amma bizdə şairlər şeir satmır. Müğənnilərin oxuduğu mahnıların söz yazarları isə şair deyil, onların təbi və isteadı yoxdur. Söhbət hamısından getmir, mən Baba Vəziroğlunun sözlərinə şeir deyil deyə bilmərəm. Amma bir qrup söz yazarı çıxıb ortaya adlarını qoyub şair, yazdıqları mətnləri öz əhatələrindəki nüfuzlu insanların sayəsində müğənnilərə satırlar. Beləcə onların ard-arda düzdüyü mənasız söz yığını ifa olunur, onlar məşhurlaşır, məşhurlaşdıqca özlərini qüdrətli qələm sahibi hesab edib, hələ bir qiymətlərini də qaldırırlar. Lalə xanım, bu yerdə də haqlıdır amma o şəxslərə şair deməkdə haqsızdır. Əgər müğənnilərin toylara belə baha getməsinə səbəb mahnıların baha qiymətə başa gəlməsidirsə, gəlin mən sizə havayı şeir də verim, bəstə də verim. Bircə aranjemana pul verin. Hətta sizə dəstək üçün kampaniya da başladım, istedadlı qələm sahiblərini və bacarıqlı bəstkarları toplayıb sizin üçün havayı şeir və bəstələr hazırlayaq, bircə aranjeman işi sizin öhdənizə qalar. Beləcə, mahnıların ərsəyə gəlməsi ikiqat ucuzlaşar, bu o deməkdir ki, sizin toy qiymətləriniz də ikiqat ucuzlaşacaq. Müğənnilər razılaşarsa, çox tez bir zamanda bu kampaniyanı da başladar və müraciət edən hər müğənniyə ən az beş ədəd mahnı təqdim edərik. Vallah, nə mən, nə də sizə yaradıcılıq nümunələrini təqdim edəcəyim digər insanlar, bir qəpik də istəmirik. Tək şərtimiz sizin toy qiymətlərinizin ucuzlaşması olacaq.

Müğənni Emma Ələkbərzadə isə yazıçıları ağılsız adlandırır. Elə müğənnilər var ki, bu sözü desə adamı yandırmaz. Amma Emma Ələkbərzadənin yazıçılara ağılsız deməsi adamın naləsini ərşə ucaldır. Emm xanım, bağışlayın, bizim sizin qədər mütaliəmiz, sizin qədər təfəkkürümüz, düşüncəmiz yoxdur. Bu yaxınlarda mən də toy etməyə hazırlaşıram, biraz ucuz qiymətə gəlsəz, sizi də toyuma çağıraram. Amma mahnı oxumağa yox e, sizə yazıçıların sizdən ağıllı olduğunu göstərməyə.

Hə, doğru oxudunuz, elə mən də toy eləməyə hazırlaşıram. Atam neçə ildir toylara gedir. Dövriyyəyə buraxılan pulları yığmağın vaxtıdır. Ağa Cəfərli demiş: Ay qardaş, sistemi belə qurublar e, bizdə nə günah!?

Orxan Bahadırsoy

 






25 Oktyabr, 2014  14:18 Baxılıb: 1748 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner