Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əzizağa Əzizov: “Sevəndə onunu birdən sevirəm” - FOTOLAR

“Dodaqqaçdı” rubrikasının qonağı oktyabr ayının 20-ində 54 yaşını qeyd edən  Musiqili Komediya Teatrının aktyoru Əzizağa Əzizovdu.

Sual 1. Deyirlər, həyat bir mübarizədir. Həyatın enişli-yoxuşlu yollarında daim qalib gəlmisiniz, yoxsa büdrədiyiniz vaxtlar da olmuşdur?

- Piyada getdiyim vaxt  baxır ayağımdakı ayaqqabıya. Əgər ayaqqabı dabansızdırsa rahat getmişəm, yox dabanı olubsa büdrəmişəm. Əgər nəqliyyat vasitəsilə gedirəmsə, baxır yola.  Üzüaşağı gedəndə çətindi, gərək ehtiyatlı olasan. Odu ki, mən  çox vaxt  piyada oluram,  çətin məqamlarda da çalışıram elə ayaqqabısız-corabnan gəzim.

Sual 2. Başqa bir deyim də var. Deyirlər, həyat bir pəncərədir. O pəncərədən baxanda dumanlı, yoxsa günəşli mənzərə ilə qarşılaşırsınız?

- O baxır pəncərəyə. İndi elə pəncərələr var ki, icəridən baxırsan çölü görmürsən, çöldən baxırsan içərini görmürsən. Odur ki, yaxşısı budu,  elə pəncərəyə pərdə çəkəsən, təsəvvür edəsən ki,  hava da sən istəyən havadı, mənzərə də...

3. İnsanlardan usanıb, hər şeyə yox deyərkən, içinizdəki “mən”lə söhbət edirsinizmi? O “mən” “siz”ə nə deyir?

- Yox, böyük olan yerdə kiçik ağzını açmaz. Onun nə ixtiyarı var mənə nəsə desin.

Sual 4. Xoşbəxtsiniz deyilmi?

- Hə, ailəmlə bir yerdə xöşbəxtəm.

Sual 5. İtin hürdüyü, karvanın keçdiyi bir vaxtda it hürən tərəfə gedərsiniz yoxsa işıq gələn tərəfə?

- Burda məsələ bir az qəlizdi. İşıq tərəfə getsəm, Allah bilir, orda sayğac nə qədər pul yazıbsa, deyəcəklər ki, işığı elə sən yandırmısan. Yıxacaqlar boynuma ki, borcları ödə. Bu biri yanda da dəvəyə, filana rast gələrəm,  qəfil alarlar başımın üstünü ki, dəvəmi sən oğurlamısan. Odur ki, it hürəndə, imkan daxilində, heç tərəfə getməyib, elə ortada durmaq yaxşıdı.

Sual 6. Deyim var: Yağışı mənə anlatma, yağ. Həyatınızda yağışı anladanlar çox olub, yoxsa yağanlar?

- Həyatıma yağanlar çox olub. Əgər o yağış damlaları gülləyə çevrilsəydi, indi mən aşsüzəndən pis gündə olardım.

Sual 7. Sevincinizə kədərlənənlər çox olub, ya kədərinizə sevinənlər?

- Həmişə çalışmışam ki, sevincimə kədərlənənlər çox olsun. Yəni ki, özümü həmişə sevincli göstərmişəm ki, paxılların ürəyi partlasın.

Sual 8. Gecənin qaranlığından doğan zülmətin sükutunun səsini eşitmisiniz?

- Mən daş kimi yatıram. Odu ki, yox, eşitməmişəm.

Sual 9. Sübhün şəfəqi ilə nura boyanan günlərinizdən razısınızmı?

- O şəfəqləri görmək üçün, gərək, gedib ona baxasan, o da ki, cavan vaxtı olur. Yəni, cavanlıqda razı olmuşam, amma bu yaşda ...

Sual 10. Deyirlər musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat isə insan təfəkkürünün musiqisidir. Hisslərinizdə və təfəkkürünüzdə riyaziyyatın rolu necədir?

- Əgər o musiqiləri bizim “üzdəniraq” bəstəkarlar yazırsa, vay mənim halıma, məlumdu riyazi tərəfi nə gündədi. Odu ki,  baxır o musiqini kim yazıb, kim oxuyur.  Yox əgər klassikadısa... klassik musiqiləri  çox sevdiyimdən onun riyaziyyatı da məni yaman günə qoyur. Ümumiyyətlə,  bu  riyaziyyatla heç uşaqlıqdan aram olmayıb.

Sual 11. Təkamül  nəzəriyyəsini zəncirə bənzədən Darvin sizcə zəncirin əvvəlini yaddan çıxartmamışdı ki?

- Mənə elə gəlir zəncirin ucu elə onun boynunda olub. O da   özünün zəncirdə olduğunu yaddan çıxarıb, - deyə ona elə gəlib ki, insan meymundan əmələ gəlib. Zəncirin o biri ucu kimin əlində olub, Allah bilir.

Sual 12. Dənizə düşən damlanın dənizəm deməyə haqqı var, bəs sizin nə deməyə haqqınız var?

- Mənim haqqım var deyim ki, mən insanam, gözəl ailə başçısı, gözəl atayam.

Sual 13. Gözəllik dünyanı xilas edəcək deyənlər, sizcə, şişirdilmiş boyalı dodaqları, saralmış saçları, yoxsa gödəlmiş ətəkləri nəzərdə tuturdular?

- Yəqin ki, elə bunları nəzərdə tutublar. Amma çətin ki, o gözəlliklər dünyanı düzəltsin. Qorxuram dünya da onlara oxşaya - ağzı, burnu əyilib onların gününə düşə.

Sual 14. Axar suya bənzədilən gəncliyiniz öz çuxurunu tapmışdır?

- Tapmayıb, çünki, incəsənətə təsadüfən düşmüşəm.  Evdən məni məcbur ediblər  ki, istedadlısan, yaxşı aktyor olacaqsan.  Mən dənizçi olmaq istəyirdim. Əgər istədiyim yolu getsəydim, gəncliyim çuxur yox, dərya olardı. Amma iki yol arasında qaldım, - deyə bilmirəm  çuxurdayam,  yoxsa dəryada.

Sual 15. Əsrə bərabər gününüz olub?

- Əsrə yox, amma eraya bərabər günüm olub.

Sual 16. Şirin-şirin günlərin acı-acı həsrətini çəkmisiniz?

- Yox,  həyatımda acı günlər çox olub. Odur ki,  həmin acı günlərin şirin-şirin həsrətini çox çəkmişəm.

Sual 17. Gələcək necə gələcək?

- Hər halda ayaq üstə gəlsəydi, yaxşı olardı. Kəllə-mayallaq gəlsə, vay bizim halımıza.

Sual 18. Gözlərinizdə kədər görürəm, o kədər eşqdən olmasın?

- Yox, sevgidə kədər nədi bilmirəm. Çünki, sevəndə onunu birdən sevirəm. Mənə deyirlər ürəyin “obşijitel”di. Odur ki, mənim gözümdə kədər ola bilməz.

Sual 19. Sonun başlanğıcına inanırsınız?

- Son var ki, başlanğıc da olsun? Biz ortadayıq,  yarımçığıq.  Nə sondan başlamışıq, nə əvvəldən. Ona görə də inanmıram sonun başlanğıcına.

Sual 20. Suallarımız sizi sıxmadı?

- Yox, gözəl suallar idi.

Simsar.az

 

 






23 Oktyabr, 2014  15:03 Baxılıb: 1956 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner