Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Zamanın o biri tərəfindəki şəhər - Efes Xarabalığından Reportaj

Qərbi  Anadolu torpaqları, Kiçik Menderes çayınının deltası üzərində hələ də yaşayan və böyük bir tarixə şahidlik etmiş, dünyanın ən qədim şəhərində-Efes xarabalığındayam.

İzmirin Səlcuq rayonuna bağlı olan Efes,  rayon mərkəzindən 3 km uzaqlıqda yerləşir. Efes haqqında sadəcə eşitmişdim. İndi isə bu xarabalığının giriş qapısından içəri keçmək üçün növbə gözləyirəm.   Efes tapıldığı gündən bəri hər il 1 milyondan artıq turist qarşılayır. Əgər yolunuz İzmirə düşərsə bu məkanı görmədən getməyin.

Xarabalığın tapılmasını  türklərin növbəti şanslarından biri hesab edirəm. Hər il dünyanın dörd bir tərəfindən bura axışan turistlər sayəsində türk qardaşlarımız sözün əsl mənasında “daşdan pul çıxarırlar (bizim camaat da pulu Efes pivəsindən çıxardır. Nə deyək buna da şükür).

Əvvəlcədən deyim ki, Efesi gəzmək üçün 30 lirənizi (15 manat) gözdən çıxarmalısınız.

Xarabalığa aparan ensiz yolun hər iki tərəfi turist bazarıdır. Burda iynədən tutmuş, xalçaya qədər nə istəsəniz tapmaq mümkündür. Qiymətlərin isə üstünə od ələnib. Məsələn, Efes xarabalığının simvolik bir heykəli, muzey kartından bahadır. Deyəsən, dünyanın istənilən ölkəsində turistlərə kələk gəlmək heç vaxt dəyişməyən bir alverçi ənənəsidir.

Qapısından içəri keçər-keçməz sanki bir  əl adamı itələyib 3 min il əvvəlki zamana atır. Mərmər yollarda yeridikcə o zamanları xəyalında canlandırmamaq mümükün deyil.

Dünyanın ən qədim teatr meydanı

Adama elə gəlir ki, bir film pavilionundadır və o günləri canlandıracaq. Baş rolun ifaçısı sizsiniz. Artıq teatr meydanında seranada oxuyarsınız, şeir deyərsiniz, yoxsa öpüşüb-qoxlaşarsınız - orasını özünüz bilərsiniz.

Gəzinti zamanı bəzi turistlər teatrın ortasında dayanıb opera məşqləri  edirlər. Təsəvvür edin teatr elə qurulub ki səhnədən gələn səsi 250 000 nəfər aydın şəkildə eşidə bilir. O qədər böyükdür ki, fotoapartın obyektivinə bütöv şəkildə sığdıra bilmək üçün xeyli kənarda dayanıb çəkməli oldum.

Diqqətimi çəkən şeylərdən biri də mil daşları  oldu. Bu daşlara  şəhərin bir çox yerində rast gəlmək mümkündür. İnsanların əksəriyyəti bu daşlara çox da əhəmiyyət vermir. Amma Antik dövrdə bu daşların böyük əhəmiyyəti olub. Şəhərlər arasındakı uzaqlığı bildirən yolların kənarlarına düzülürmüş…

Hellenstik və Roma dövrü Efesin ən ehtişamlı dövrü olub. Hazırda əhalisinin ümumi sayı 30.000 olan Səlcuqa baxanda o dövrdə burda yaşayan insanların sayının 200.000-ni keçməsinə təəccüb edirəm. Və bu dövrdə bütün şəhəri mərmərdən qurmaları heyrətamizdir. Seyr edən hər insanın beynindən keçən sual eynidir: “Bu ağırlıqda daşları insan gücü hesabına necə gətiriblər ?”

Əncir ağacının altından tapılan möcüzə

Uzanıb gedən mərmər yol məni “Celsus Kitabxanası” na gətirib çıxardı.  Fikrimcə bura gələn hər bir turistin ən çox vaxt keçirtdiyi yer bu kitabxananın pilləkənləridir. Şəxsən mən bu kitabxana xarabalağının pilləkənlərində saatlarla otura bilərəm.

Dövrünün Efes bələdiyyəsi olan Celsus öləndən  sonra, e. e. 110-135 illər arasında oğlu tərəfindən tikdirilən bu möhtəşəm kitabxanın  qalıqları üzərində sonradan aparılan bərpa işləri, buranın üç mərtəbəli olduğunu göstərir.  Zamanında 12.500 kitaba ev sahibliyi edən “Celsus Kitabxanası” dünyanın yeddi möcüzəsindən biri hesab olunur. O vaxtlar əl yazmaları  qalareyalardan ibarət olan üst mərtəbələrdə saxlanılırmış.

Binanın önündə qoyulan  4 qadın heykəlindən  biri ağlı, biri talehi, biri elmi, digəri isə ərdəmi(aliliyi) simvolizə edir. Efes Antik Şəhərindəki bu möhtəşəm kitabxananı 1970-1978- ci illərdə ayağa qaldıran avstraliyalı arxeoloq Friedmund Hueberin kitabxanın əskik hissələrini İzmirdəki bir əncir ağacının altından tapıb.

Aqora Cənub qapısı

Kitabxananın sağ tərəfində Aqora Cənub qapısı böyüklüyü ilə göz qaraldan bazar meydanına açılır. Aqora Cənub qapısı e.ə IV-III illərdə Azadlı Mazeus tərəfindən inşa edilib. İmperator Neronun dövründə qapının quruluşu yenilənərək, tavan səviyyəsi daha da yüksəldilib. 13-cü yüzillikdə qapı təbii fəlakət nəticəsində yıxılıb. Türkiyə Respublikası Mədəniyyət Nazirliyinin icazəsi ilə Vetters və Laqmanın rəhbərlik etdiyi Avstraliya Arxeologiya İnstitutu bu qapını yenidən inşa edib.

Yunan bazarı

Bu bazar yeri 3 yüz il əvvəl qurulub. Şimala, cənuba və qərbə açılan üç qapısı olan bazarın ümumi uzunluğu 154 metrdir.  Bazar meydanı və bu meydanı dörd  tərəfdən əhatə edən ikimərtəbəli dükan və iş yerlərinin mövcud olduğu cərgələr salınıb.

Şərqdə. “Mərmər prospekti” ində, İmperator Neronun dövründə Aqoranın üst mərtəbəsində tikilən bu ikimərtəbəli bina isə o vaxtlar  məhkəmə binası kimi fəaliyyət göstərib.

VIII əsrdə bir zamanlar Roma dövrünün Aqorasının qərb qapısına qədər yüksələn dəniz sahilində, kəndə bənzər, yazılı mətnlərdə Smirna adlanan bir yaşayış massivi qurulub. Lakin e.ə VI yüzilliyin ortalarında dəniz səviyyəsinin yüksəlməsi nəticəsində bu evlərin bəziləri tərk edilib.

Uzunluğu 500 km, eni 11 metr olan bu prospekt limanla teatr arasındakı ən əhəmiyyətli bağlantıdır. İustinianusun dövründə tikilən  “Dörd sütunlu abidə” adlanan yerdə imperator ailəsinin üzvlərinin heykəlləri sərgilənirmiş.

İmperator Hadrianusun adına tikilən Hadiran Məbədinin qalıqları üzərində Efesin quruluş əfsanəsi həkk olunub. Afina kralı Kadrosun cəsur oğlu Androklos, Egeyin qarşı tərəfini kəşf etmək istəyir. Əvvəlcə Delfi şəhərindəki Apallon Məbədinin kahinlərilə məsləhətləşir. Kahinlər ona balıq və donuzun işarə etdiyi yerdə bir şəhər salacağını deyir. Androklos bu sözlərin mənasını düşünərkən Egey dənizi sularına yelkən açır… Kaystros (Kiçik Menderes) çayının ağzındakı körfəzə gəldikləri zaman sahilə çıxmağa qərar verirlər. Ocaq  qalayıb tutduqları balıqları bişirərkən alaçığın arasından çıxan bir vəhşi donuz balığı alıb qaçır. Beləliklə həmin kəhanət həqiqətə çevirilir. Burada bir şəhər salmağa qərar verirlər.

Uzun müddət aparılan qazıntılardan sonra Efesdəki yamac evlər gün üzünə çıxıb. Bu evlər o zamanlar varlıların yaşadığı evlər olub. Yamac evlərin üstü bağlıdır. Çünki buranı gəzmək üçün ayrıca bilet alınmalıdır. Hər otağı görməyin qiyməti 15 liradır.

İlk dəfə antik bir şəhərdə ümumi ayaqyolunun varlığını gördüm. Bir də onu öyrəndim ki, efeslilər özlərindən əvvəl xidmətçilərini ayaqyolunda oturdaraq mərmərin isinməsini gözləyirmişlər.

Efesi gəzdikcə insan, o vaxtlar  burda nə qədər möhtəşəm bir həyat yaşanıldığını hiss edə bilir. Bundan başqa dövrünə görə çox inkişaf etmiş bir quruluşa malik olduqları bəlli olur. Mərmərdən olan ehtişamlı inşalar, kanalisaziya sistemləri, bu günkü kondisioner sisteminə bərabər olan soyutma və isitmə sistemləri, heykəllər, müxtəlif yarışların, bayramların keçirildiyi nəhəng  meydanlar,  ticarət mərkəzlərinin qalıqları belə heyranedicidir.

Günel Musa

 

 






22 Oktyabr, 2014  10:16 Baxılıb: 4564 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner