Misirin keçmiş prezidentinin özü isə xəstəxanaya düşüb
Misir prokurorluğu ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin 2 oğlunun həbsi ilə bağlı sanksiya verib. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, onlar bu ilin yanvar-fevral aylarında etiraz nümayişlərinin dağıdılmasında və korrupsiyada ittiham olunurlar.
Qardaşları səhər tezdən çağırıldıqları dindirmədən sonra tutublar. Sorğu-sualı Qahirədən bunun üçün xüsusi olaraq Şarm-əl-Şeyxə səfər edən prokuror aparıb. Alya və Qamal Mübarəkin olduğu məhkəmə binasının önündə 2 mindən çox adam toplaşaraq, onların həbs edilməsini tələb edib. Prokurorlar insanların tələbini yerinə yetirmək barədə qərar çıxarıblar.
Qardaşları aparan polis avtomobili daş, boş şüşə butulkalar və ayaqqabılarla atəşə tutulub.
Qeyd edək ki, Mübarəkin kiçik oğlu Qamal atasının vaxtında yüksək vəzifə tutub və onun varisi sayılırdı. Alya isə bizneslə məşğul olub.
Hüsnü Mübarəkin özü isə xəstəxanadadır. Dünən keçirilən sorğu-sual zamanı onun vəziyyəti qəflətən pisləşib. Güman edildiyinə görə, Mübarək infarkt keçirib.