Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“İstəmərəm səhvlərimdən kimsə xəbər tutsun” – NATİQ ŞİRİNOV “Çay Dəsgahı”nda

“Çat dəsgahı”nın növbəti görüşünü həyata keçirmək üçün yenə də “Dafne by Dalida”ya toplaşmışdıq. Söhbət edə-edə qonağımız “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinovu gözləyirdik. Eşitmişdim ki, Natiq çox punktual adamdır. Bunu onların məşqlərində də müşahidə etmişdim. Nədənsə, bu gün gecikirdi... Nəhayət, qonağımız gəlib çıxanda səbəb bəlli oldu. Sən demə, dünyanın ən dəbdəbəli şəhərlərini gəzən Natiq paytaxtımızın məşhur restoranlarından olan “Dafne by Dalida”nı tanımırmış. “Vallah, adını da düzgün deyə bilmirəm, güc-bəla ilə başa saldım ki, mən restorana gəlmişəm. Soruşduğum adam da, sən demə, rus imiş. Mən də rus dilində “əla” bilirəm axı...”, - deyərək bizimlə görüşən N.Şirinovun gözü oturar-oturmaz yan masadakı qəlyana sataşdı. “İcazə versəydiniz, mən çaydan əvvəl qəlyan çəkərdim”. “Buyurun”, - deyib söhbətimizə başladıq.

Qısa vaxt ərzində Natiq müəllim nağara sənətinə gəlişindən, planlarından, arzularından, savablarından və günahlarından danışdı.

Söhbətdə iştirak etdilər: İradə Nurəddinqızı, Ramil Məmmədli, Günel Musa, Vüsal Qarayev, fotoqrafımız Nuranə Novruz və mən Vüsal Məmmədzadə.

“Müəllimim Azər Əliyev olub. Pioner evində dərs deyirdi. O dünyasının dəyişəndən sonra başqa müəllimlər də gəldi. Amma mən onların yanına getmədim. Elə bil, həmin effekti vermirdi. Özüm məşğul olmağa başladım”.

“Bizdə uşaqları daha çox pianino, tar, kamança kimi musiqi alətlərinə yönəldirlər. Çünki bu alətləri çala bilən insan qarmon, gitara, skripka kimi müasir alətlərdə də ifa edə bilir. Maraqlıdır, siz niyə bu alətlərə yox, nağaraya maraq göstərdiniz?”

“O vaxtlar Çingiz Mehdiyev tələbələri ilə efirə çıxanda məndə də böyük həvəs yarandı. Mənim nağara sənətinə gəlməyimdə onun böyük rolu olub”.

“Yəqin, ilk nağaranız da yadınızdadır...”

“İlk nağaramı dayım almışdı. 17 rubl qiyməti var idi. Ondan ötrü o qədər ağladım ki, axırda dayım dözə bilməyib, aldı. Sonra da atam baltaladı. İstəyirdi, nağara çalmayım, dərs oxuyum. Amma nağaraya olan məhəbbətim o qədər güclü idi ki, atam 6 uşağını oxutdu, bir məni oxuda bilmədi. Sonra dəfdən nağara düzəldib çalmağa başladım. Onu da qızdıranda yandırdım. Axırda anam atamın “başını bişirdi”, 70 rubla mənə plastik nağara aldılar”.

“Gününüzün müəyyən bir hissəsini nağara ilə keçirirsiniz. Bəs bu zərb alətinin törətdiyi fiziki fəsadlar var?”

“Əlbəttə, fiziki fəsadlar da olur. Əlimdə kəsik izləri var. Həkimlər neçə dəfə məsləhət görüblər ki, bir müddət nağara çalmağı dayandırım. Amma üç gündən sonra adamın ürəyi partlayır. Əslində, bu fəsadların hamısı nağaranı eşqlə vurmağın nəticələridir”.

“Nağaranı eşqlə vuranda güclü səs də əmələ gəlir. Bu səs isə hamıya xoş gələ bilməz. Xüsusilə də qonşulara. Mənim sizin kimi qonşum olsaydı, ...”

“Əvvəl qonşum var idi, indi yoxdur. Qaçıblar...” (gülür)

“Buna necə nail oldunuz?"

“Uşaqlığım Əhmədlidə, kombinatda keçib. 3-cü mərtəbədə qalırdıq. 4-cü mərtəbədə isə bir rus yaşayırdı. 5-ci mərtəbədə yaşayan Əziz adlı qonşumuz da nağara çalırdı. Həmin qonşumla mən bütün günü nağara çalırdıq, yazıq rus da qalmışdı ortada...

Bizdən aşağıda da Aydın dayıgil qalırdılar. Onlar evlərini təzə təmir etdirmişdilər. Atam da deyirdi ki, nağara çalma, əgər onların evlərinə bir şey olsa, mənim təmir etdirməyə imkanım yoxdur. Mən də fikir vermirdim. Bir gün nağara çaldığım yerdə bir də gördüm kimsə qapımızı “sındırır”. Açdım, gördüm ki, Aydın dayıdır. Məni qolumdan sürüyü-sürüyə apardı. Evlərinə gətirib lepkanı göstərdi. Yarısı qopub düşmüşdü. O vaxtlar da lepka dəbdə idi. Bahalı olduğuna görə hər kəs ala bilmirdi. Amma sağ olsun Aydın dayı, həmin vaxt bizdən pul almadı. Özü bu işlə məşğul olurdu deyə, həmin vaxt da lepkanı özü təmir elədi”.

“Atanızın bu hadisədən xəbəri oldu?”

“Nazik bir çubuğu var idi. Dərs oxumayanda bizi döyərdi. Həmin gün məni o çubuqla o qədər döydü...”

“Bu qədər döyülsəydim, bir də nağaraya yaxın getməzdim...”

“Yox, məni nağaradan heç nə ayıra bilməz... Bir dəfə də qardaşımla evdə güləşirdik. İstilik radiatorunu qırdıq. Evi su basdı, işıqlar xarab oldu. Yenə Aydın dayı gəldi, atamdan icazə aldı ki, bizim evin “pol”undan deşik açsın, işığı düzəltsin. Çəkici götürdü, polu deşməyə başladı. Elə bir az vurmuşdu ki, birdən pol deşildi, lepka da qırıldı düşdü yerə. Bizim evlə onların evinin arası açıldı. Bu vaxt onların iti evin ortasından keçirdi. Soruşdum, Aydın dayı, o nə itdir elə? Aydın dayı da itə: “Cimi, get burdan”, - dedi. Atam səsə gələrək, “Cimi kimdi, ay bala?” - dedi. O vaxtlar evdə it saxlamağa da pis baxırdılar. Nə isə... Aydın dayı işıqları düzdü-qoşdu, qaldı həmin yeri suvamaq. Birdən saata baxdı, dedi, “Santa Barbara” başladı. Mən gedim seriala baxım, gəlib düzəldərəm. Atam da buna dedi, Barbara nədir? Tez ol, düzəlt, sonra gedərsən. Qonşularla belə maraqlı hadisələr çox olub”.

“Aydın dayı sizin əlinizdən çox çəkib. Mən onun yerində olsaydım, çoxdan qaçıb getmişdim, ya da dəli olmuşdum... Bir məsəl var, “Qonşun pisdir, köç qurtar”.

“Bu yaxınlarda onunla qarşılaşdım. İndi Mir Möhsün ağanın ziyarətgahının yaxınlığında yaşayır. Bir az söhbət etdik. Deyir, sənə halal olsun ki, bizə verdiyin “əziyyətlər” hədər getmədi. İndi mənim də sənin nağara çalmağından xoşum gəlir”.

“Aydın dayıya da nağaranı qəbul etdirə bilmisinizsə, sizə halal olsun! Bəs nə vaxtsa ağlınıza gəlib ki, qonşuları bezdirən nağara bir gün qazanc mənbəyiniz olacaq?”

“Sevgi safdırsa, bu, sonadək davam edəcək. İstər ailəyə, istər sənətə qarşı... Mən evləndiyim qadını 8 il sevmişəm, əziyyət çəksəm də,  istəyimə nail olmuşam. Nağaraya da bəslədiyim məhəbbət belədir. Ona görə, nəticəsi də yaxşı oldu”.

“Ritm varsa, həyat var. Deməli, həyatın da ritmi var. Bəs siz həmin ritmi tuta bilmisiniz?”

“Bu gün burada oturan hər kəs həyatın ritmini tutub. Əslində, həyatın ritmini biz tutmuruq. Yaradan tutur və bu ritm qəlbdə vuraraq bizi yaşadır... Vay o gündən ki, musiqidəki ritmi tuta bilməyəsən. Əslində, bunu da çox az adam bacarır...”

“Musiqidəki ritmdən danışsaq, əminəm ki, bir müğənni də qalmayacaq. Odur ki, musiqiçilərin ritmindən yan keçək... İnsan yaşayırsa, mütləq səhvlər edir. Bəzən səhvlər elə olur ki, onu ölənə kimi unuda bilmirsən. Sizin özünüzə bağışlaya bilmədiyiniz səhvləriniz olub?”

“Allaha şükür, çox olmayıb. Amma istəmərəm, həmin səhvlərimdən kimsə xəbər tutsun. İbadət edəndə də həmişə Allahdan bunu diləyirəm ki, axirət günü mənim günahlarımı insanların içərisində açmasın”.

“Bəzən şöhrət də insanı günahlara sürükləyir...”

“Şöhrətlə bir yerdə gələn günahlarım olub. Amma, yaxşı ki, tez ayılmışam. Həmin vaxtlarda fikirləşmişəm ki, bu cür günahlar davam edəcəksə, Allah şöhrəti əlimdən alsın. Mənim üçün axirət daha vacibdir”.

“Ürəyiaçıq insan olduğunuzu çoxları bilir. Bəs bundan istifadə edənlər olub?”

“Olub... Amma buna görə də sevinirəm. Çünki Allah deyir ki, kimlərsə sizdən istifadə edirsə, buna görə sevinin, onları mən göndərirəm. Biz də etdiyimiz hər bir yaxşılığı Allah rizası üçün edirik. Düzdür, fırıldaqçılar da qarşıma az çıxmayıb, indi ağıllanmışam”.

“Bu günə qədər Dünyanın müxtəlif yerlərində olmusunuz, bir çox ölkələri gəzmisiniz. Məsələn, mən həmişə İtaliyanı görmək istəmişəm. Bəs sizin getmək istədiyiniz, amma indiyədək olmadığınız ölkə var?”

“Hindistana getmək istəyirəm...”

“Tac Mahal”ı görmək üçün?”

“Xeyr. İstəyirəm, Hindistanda bir konsert verim. Dünyanın ən qəliz ritmləri hind ritmləridir. Onlar ritmləri gözəl bilirlər. Ona görə, orada konsert vermək də böyük məsuliyyət və bacarıq tələb edir”.

“Bir çox konsertlərinizdə tamaşaçıların sizi necə heyranlıqla izlədiyini görmüşəm. Bəs sizin üçün ən yadda qalan tamaşaçı reaksiyası hansı konsertinizdə olub?”

“Özümüzü tərifləmək kimi çıxmasın, yadıma gəlmir ki, hansısa konsertimizdə tamaşaçıların diqqətindən kənarda qalaq. Həmişə maraqla qarşılanmışıq. Amma bəzi toylarımızda xoşagəlməz hadisələr də olub. Elə toylarda iştirak etmişəm  ki, insanların nağaraya qulaq asmağı üçün mübarizə aparmalı olmuşam. Bir dəfə dedim ki, mən bu toyda söyüş söymədim, nağara çaldım. Niyə əl çalmırsınız? Ola bilsin ki, mən zəifəm. Amma zəifəmsə, məni niyə çağırmısınız? Sonda isə, “Ey millət, ən böyük mədəniyyət alqışlamaq, ən böyük mədəniyyətsizlik alqışlamamaqdır”, - dedim.  Sənətçinin həmişə alqışlanmağa ehtiyacı var...”

“Əllərinizə baxıram, nağaraya vurmaqdan bərkiyib. Bayaqdan söhbət edirik, fikirləşirəm ki, bu əllər kiməsə bir şillə vursa, bir başa nakaut olar...”

“İki dəfə əl qaldırmışam. Birincidən sonra tövbə etmişəm, ikincidə etdiyim tövbəni pozmuşam. Hər ikisi də tələbəm olub. Düz iş görmədiyimi bilirəm, amma sevinirəm ki, bundan digər tələbələrim də dərs götürüblər...”

“Bir çox tədbirlərdə iştirak etmisiniz, səfərlərdə olmusunuz. Bu isə o deməkdir ki, sizin danışmağa gülməli hekayələriniz var...”

“Gülməli əhvalatlar çox olub. Amma hər şeyi də danışmaq olmur. Bir neçəsini sizinlə bölüşəcəm...

Bir dəfə Moskvada dövlət tədbirində idik. Mötəbər qonaqlar da var idi. Həmin gün çox həvəslə çalırdım. O qədər çalmışdım ki, nağaram qızmışdı. Bir an nağara cırıldı, əlim girdi nağaranın içinə. Hamı təəccüblə mənə baxırdı. Mən də özümü itirmədim, tez nağaranı fırlatdım o biri üzünə, çalmağa davam etdim.

Bir dəfə də toylara gedən vaxtda maraqlı bir hadisə olmuşdu. Həmin vaxtlar nağara fırlatmağı xoşlayırdım. Bu, tamaşaçıların da xoşuna gəlirdi. Restoranın müdiri də oturub baxırdı. Nağaranı bir-iki dəfə fırlatdım, üçüncüsündə nağara əlimdən çıxdı, düz müdirin qabağına düşdü. Tez qaçdım nağaranı götürməyə, mənə dedi ki, Ay bala, sən nağara çalırsan, ya nağaranın dalınca qaçırsan? Dedim, ikisini də edirəm. Tez nağaranı götürüb yerimə qayıtdım”.

“Daha deyin, nağara ilə çox gözəl günləriniz olub ki...”

“Elədir. Həyatımda çox şeyi nağaraya borcluyam. Oğluma da deyirəm ki, sən mənim qucağımda nağara qədər oturmamısan. Həqiqətən, görün necə maraqlı alətdir ki, onu balamız kimi qucağımızda saxlayırıq...”

“Məlum məsələdir ki, kifayət qədər nağaranız var. Yəqin, bunların içərisində biri xüsusilə fərqlənir...”

“Əvvəl yüzdən çox nağaram var idi. Çoxunu hədiyyə etmişəm, indi az qalıb. Onlardan da 3-4-ü var ki, mənim üçün çox dəyərlidir. Biri isə dünyada yeganədir”.

“Onun özəlliyi nədədir?”

“Torpaqdandır. Onu özüm düzəltdirmişəm. Qədim zamanlarda nağaralar hamısı saxsıdan olub. Sonradan taxta nağaralar çıxıb. Amma saxsı insan ruhuna çox yaxındır. İnsan da torpaqdan yaranıb deyə”.

“Həmişə axtarışdasınız və hər dəfə də yeni nəsə tapırsınız. Bəs insan nə vaxt deyə bilər ki, mən artıq hər şeyi öyrənmişəm, zirvədəyəm”.

“Fikrimcə, onu deyən, ən ağılsız insandır. Zirvə deyilən məvhum yoxdur. İnsan düşünsə ki,hər şeyi bilir, deməli, onun üçün hər şey bitib. Bir insan öyrənirsə, deməli yaşayır”.

“Nağara sənətində elə biri var ki, siz ondan nəsə öyrənəsiniz?”

“Əlbəttə... Özü də çoxdur. Amma ən birincisi hindistanlı Zakir Hüseyndir.  Hər sənətin birinciləri var. O da bu sənətdə təkdir. Bütün zərb aləti çalanların ən böyük arzusu onunla bir səhnəni bölüşməkdir”.

“O, nə edir ki, siz onu bacarmırsınız?”

“Saymaqla qurtarmaz... O, möhtəşəm sənətçidir. İnşallah, Bakıya dəvət etmək fikrim var. Onda siz də Zakiri yaxından tanıyacaqsınız...”

Vüsal Məmmədzadə

 






14 Oktyabr, 2014  13:40 Baxılıb: 2973 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner