Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Rənglər dünyasının ağ-qara sakini – Səttar Bəhlulzadə

“Səttar yaradıcılığı nümunəsində bir daha əmin olursan ki, rəssam olmaq bütün həyatını incəsənətə qurban verməkdir”.

Qriqori Anisimov

Əmircan kəndinin, görkəmli akademik Əlisöhbət Sumbatzadənin adını daşıyan dar küçəsi addım-addım onun doğulub, böyüdüyü və son mənzilə yola salındığı sənətkar ocağına gedib çıxır.

Səttar Bəhlulzadə 1909-cu ilin dekabr ayının 15-də bu darvazanın o üzündəki həyətdə anadan olub.

Həyət çox balaca dəydi gözümə. Muzeyin gözətçisi Nizami dayı dedi ki, o vaxtlar bura belə balaca olmayıb. “Böyük həyət olub. Ev muzey olandan sonra ata evi ilə muzeyin arasından hasar çəkdilər. Elə mən özüm də bu həyətdə, Səttarın gözünün qabağında böyümüşəm. Taleh elə gətirdi ki, indi onun evinin gözətçisi mən oldum”.

Köhnə dəmiryol işçisi olan Nizami dayı Səttar Bəhlulzadənin qonşusu olub. Özünün də dediyi kimi, Səttarın gözü önündə böyüyən bu adam  artıq uzun illərdir ki, böyük rəssamın yaşayıb, yaratdığı bu evə gözü kimi baxır. “Rəhmətlik çox sakit adam idi. Uşaqla uşaq, böyüklə böyük kimi davranardı. Özünü heç vaxt məşhur adam kimi aparmadı. Ömrünün  son günlərinə kimi hər gün şəhərə elektrik qatarı ilə gedib-gəldi. Bu evə çox böyük adamlar gəlib-gedib. Amma o bu darvazadan çölə hər zaman sadə bir əmircanlı balası kimi çıxırdı”.

O sadə adamlar arasında adi, peşəkarlar arasında dahi idi. 1920-ci ildə XI Qızıl Ordu Bakıda çevriliş edəndə onun cəmi 10 yaşı vardı. Şəkil çəkməyə 5-6 yaşlarında həvəs göstərən Səttar, 18 yaşına kimi Əmircandan kənara çıxmır. 7-ci sinfi bitirdikdən sonra Bakıda fəaliyyət göstərən rəssamlıq texnikomuna daxil olur. 1927-1931-ci illər  ərzində Səttar  iki il “Kommunist” qəzetində baş rəssam  Əzim Əzimzadənin köməkçisi kimi çalışır. O illərdə Ə. Əzimzadə Səttarın böyük gələcəyini görə bilmişdi. Elə ona görə də 1933-cü ildə  Səttar  onun təşəbbüsü ilə ilk dəfə doğma vətəndən ayrılır. Beləliklə gənc Səttar bu dar küçələrdən, Moskvaya yollanır... Buralar üçün darıxacaqdı. Amma neyləsin ki, onu arzularına doğru aparan yolların başlanğıcı uzaqlarda idi. Getməlidir və getdi...

Moskva böyük və gözəl şəhər olsa da Əmircan qədər doğma deyildi. Getdiyi il Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olan Səttar burada o illərin məşhur rəssamları V.A.Favorski və Q.M.Şaqalın rəhbərliyi altında rəssamlıq sənətini, o cümlədən də boyakarlığın sirlərini öyrənir. İş elə gətirir ki, Şaqalın bu qeyri-adi şəxsiyyətə, istedada malik azərbaycanlıya olan hörməti, onlar arasında dostluq körpüsünə çevirilir. Hətta Səttar Bəhlulzadə özünün “Qaraçı qadın” etüdünü Şaqalın emalatxanasında işləyib.

Uzun ayrılıqdan sonra vətənə qayıdan rəssam, çox keçmir ki, faşist Almaniyasının SSRİ-yə hücuma keçməsi xəbərini eşidir.  O illər Azərbaycan üçün ağır illər idi. Səttar da bu dövrdə bütün qüvvəsini xalqı qələbəyə ruhlandıran sənət əsərləri yaratmağa sərf edir. 1941-1945-ci illərdə  o, “Babək üsyanı”, “Fətəli xan” əsərlərini çəkir. Həmin illərdə rəssamın çəkdiyi  “Babəkin üsyanı” tablosu onun həm də diplom işi idi.

Azərbaycan təbiətinə vurğun idi Səttar. Rəssamı ilhama gətirən təbiət motivləri rəngarəngdir. O, səfalı dağ mənzərələrini, meyvə bağlarını, bərəkətli pambıq tarlalarını, baharın gözəlliyini, payızın qızılı rənglərini dönə-dönə, hər dəfə də vurğunluqla tərənnüm edib.

Nizami dayı deyir ki, Səttarın ömrü yollarda keçib. “İki gündən bir rayonlarda idi. Azərbaycanı qarış-qarış gəzib. Baxın, bu otaqda olan tabloların çoxunu elə təbiətin qoynunda çəkib”.

İndi o əsərlərin bəziləri yaşadığı bu evin aşağı mərtəbəsində ayrıca bir guşədə sıra ilə divardan asılıb.

“Bu həyətdə hələ də onun nəfəsi hiss olunur. Çünki həmişə şəkilləri həyətdə çəkərdi. Rəhmətliyin şəhərdə evi vardı. Amma bura ona daha əziz idi. Heç vaxt evlənmədi. Heç sevdiyi qız da olmayıb. Hər halda Əmircan elə də böyük yer deyil. Olsaydı eşidərdik. Evini bacısı yığışdırardı. Bacısının oğlunu oğulluğa götürmüşdü. Ölən gününə qədər qulluğunu o tuturdu”.

Nizami dayının gözləri yol çəkir. Mənimsə fikrim evin arxitekturasına ilişib qalmışdı. Nizami dayı fikrimi dərhal oxudu:

“Evin çölünü rəngləyiblər, pəncərələri dəyişiblər. Amma arxitexturası necə var idisə elə də qalıb. Bu evi Səttar çox sonralar, 60-cı illərdə tikdirdi. O vaxtlar kənddə heç kimə ikimərtəbəli ev tikməyə icazə vermirdilər. Amma Səttardan keçə bilmədilər”.

Evin girəcəyində Səttar Bəhlulzadənin qızılı rəngdə bərq vuran heykəli qoyulub. Uzun artırmanın başındakı otaq onun gecələr yatıb dincələ bilmədiyi yataq otağıdır. O bütün gecələri, tavana baxıb bəyaz kətan üzərinə köçürəcəyi rəsmlərin mövzusunu xəyalında canlandırırdı. Səttar Bəhlulzadənin öz dünyası vardı. Onun dünyasında zənginlik, şan-şöhrət, pul yox idi. Yalnız və yalnız sənət var idi. O, özünün də dediyi kimi heç kimə bənzəmirdi.

“Hər bir sənətkar haqqında danışılarkən nədənsə  ona hökmən istər özündən əvvəl yaşamış, istərsə də müasiri olduğu böyük sənətkarların təsiri olduğunu qeyd edirlər. Doğrusunu deyim ki, əgər mənim barəmdə bu fikir söylənsə onunla heç zaman razılaşa bilmərəm. Axı sənətkar adlanan kəsin hər şeydən əvvəl öz yönü, öz dəsti-xətti olmalıdır”. Bəlkədə Səttar Bəhlulzadənin söylədiyi bu sözlər çoxlarına təvazökarlıqdan kənar görünə bilər. Amma o həqiqətən də şəxsiyyəti ilə də, yaradıcılığı ilə də tamamən özü idi.

Nizami dayı: “Mən xatırlamıram, amma deyirdilər ki, sərgilərdən aldığı qonorarları uşaq evlərinə verirmiş. Deyilənə görə o vaxt Leninin  Polşaya satdığı portretindən aldığı pulun hamısını uşaq evlərini verib”.

Söhbət edə-edə keçirik rəssamın qonaq otağına. Bu  dəyirmi masanın arxasında kimlərin oturub, Səttarla çörək kəsdiyini düşündüm. Nizami dayı fikrimi oxudu sanki:

“Bilirsən bura nə qədər tanınmış adamlar gəlib? Rusiyadan, başqa xarici ölkələrdən qonaqları gələrdi rəhmətliyin. Katiblər, yazıçılar bu evdə çox qonaq olub. Hətta deyilənə görə o vaxt əsəbiləşib bir dəfə katibi qapısından qovub. Amma ən çox Tofiq Bayramla dostluq edirdi. Tofiq Bayram öləndə də vəsiyyət eləmişdi ki, məni Səttarın ayağının altında basdırın”.

1974-cü ildə böyük rəssam Moskvada xərçəng xəstəliyindən dünyasını dəyişir. 64 il rənglərdən ibarət ömür yaşadı Səttar Bəhlulzadə. Amma bu rənglər yalnız çəkdiyi tablolarda göründü.

Özünün vəsiyyəti ilə onu doğma Əmircan qəbiristanlığında dəfn etdilər. Ölümündən bir qədər əvvəl yarı ciddi, yarı zarafat işlətdiyi bu ifadə, o dünyasını dəyişəndən sonra həqiqətə çevirildi:

“Məni öləndə Əmircanda dəfn edin. Bəlkə mənə görə Əmircana gələn ola”.

Səttarın qəbri üstündə inşa edilmiş əzəmətli heykəl bu gün Azərbaycanın, hətta dünyanın müxtəlif yerlərindən gələn dostları, Səttarsevərləri qarşılayır. Ona görə qarşılayır deyirəm ki, mən hər zaman “sənətkarlar ölmür” fikrini əsas tutmuşam.

Səttar Bəhlulzadənin yaradıcılığında narın xüsusi yeri olub. Onun yaratdığı natriumlarda tez-tez bu meyvəyə rast gəlmək olar. Elə ona görə də böyük rəssamın məzarını ziyarətə gələnlər onun məzarı üstünə gül yox, iki cüt nar qoyub gedirlər...

Günel Musa

Foto: Vüsal Qarayev

 

 

 

 

 

 

 

 






14 Oktyabr, 2014  11:20 Baxılıb: 5291 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner