Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əliqismət Lalayev: “Gözətçi işləmişəm” - FOTOLAR

Simsar.az-ın “Tam səmimi” layihəsinin bu həftəki qonağı Azərbaycan Dövlət Musiqli Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

Qısa arayış: Əliqismət Lalayev 1956-cı ildə Salyan rayonunda  anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Gənc rejissor kimi səkkiz il Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında çalışıb. Ə.Lalayev Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində onlarla tamaşaya quruluş verib. E.Qolsuorsinin "Birincilər və sonuncular", T.Uilyamsın "Sökülən yurd", E. de Filipponun "Silindr", Emin Sabitoğlu və Sabit Rəhmanın "Hicran" musiqili komediyası, H.Cavidin "Ana" və "Uçurum", A.Ostrovskının "Günahsız müqəssirlər" əsərləri, A.Dudarevin "Astana" psixoloji dramı, C. Məmmədquluzadənin "Kişmiş oyunu" və "Kamança" əsərləri əsasında "Keçmiş günlər" komediyası onun səhnəyə qoyduğu maraqlı tamaşalar sırasındadır.

1988-ci ildə doğma Salyana qayıdan Ə.Lalayev bir müddət qəzetçiliklə məşğul olub - yerli “Qələbə” qəzetində məsul katib işləyib, sonra rayon mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışıb. 1993-cü ildən Bakıya köçüb. Müslüm Maqomayev adına Flarmoniyanın direktor müavini olub. Sonrakı 11 ildə Mədəniyyət Nazirliyinin İncəsənət Baş İdarəsinin rəisi kimi çalışıb. Nazirliyin strukturundakı dəyişiklikdən sonra Mədəniyyət və turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri olub. Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin 2008-ci il 6 may tarixli əmri ilə Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Teatrının direktoru təyin edilib.

Bəlkə də kobud səslənəcək, amma son günlərdə tanınmış simalar arasında səmimi müsahib tapmaqda əməlli-başlı əziyyət çəkirəm. Bizim cəmiyyətdə səmimiyyətə hərə bir don biçir. Amma mənim üçün səmimi insan “səmimiyəm” deyib aləmə car çəkən yox, söhbət zamanı səmimiyyətini qarşısındakı insana ötürəndir.

Uzun sürən götür-qoydan sonra Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevi seçdim. Əslində bu mənim Əliqismət müəllimlə ilk təkbətək görüşüm olduğu üçün, səmimi söhbətimizin alınacağına bir az inamsızlığım vardı. Musiqili Teatrın binasının qapısından içəri asanlıqla girə bilsəm də, qapının ağzından Əliqismət Lalayevin otağı yerləşən mərtəbəyə qalxmağım xeyli vaxt apardı. Uzun sürən yoxlama, qeydiyyat proseslərindən sonra, mühafizəçi məni Əliqismət Lalayevin otağına qədər yola saldı. Qarşımda kostyum, qalstuk geyinmiş direktor gözləsəm də, tam əksi ilə qarşılaşdım. Musiqili Teatrın direktorunu sadə, rahat geyim tərzi ilə görəndə təəccübümü gizlətmədim:

“Aktyor kütləyə qarışıb gedirsə o artıq yaradıcı şəxs deyil”

- Açığı sizi bu geyimdə görəcəyimi təsəvvür etmirdim

- Niyə?

- Adətən rəhbər vəzifələrdə çalışan insanlar kostyum, qalstuksuz kresloda oturmurlar, xüsuilə də müsahibə verəndə.

- (Gülür) Bu mənim gündəlik iş geyimimdir. Ona görə ki,hər gün səhər tezdən gəlib, beşinci mərtəbəyə qədər bütün otaqları, sexləri, qazanxanaları gəzirəm, səliqə-səhmanına nəzarət edirəm. Saat 10:30-dan başlayan bu proses 11:30-a qədər davam edir. Mənə elə gəlir ki, qazanxanaya  qalstukda, kostyumda girmək mümükün deyil.

Bir də axı mən məmur deyiləm. Artıq 6 ildir ki, məmurluğa vida etmişəm.

- Hər halda teatr direktoru da balaca vəzifə deyil.

- Təbii ki, bu vəzifədir. Amma indi daha çox yaradıcı insanam. Ümumiyyətlə təbiət etibariylə mən yaradıcı insanam. İxtisasca rejissoram. Uzun illər rejisor kimi fəaliyyət göstərmişəm, sonra bir müddət qəzetdə müxbir olmuşam. Hər zaman çalışmışam ki, içərisində özümü rahat hiss edə biləcəyim geyimlər geyinim. Amma elə yerlər var ki, təbii ki, ora gedəndə kostyum geyinib, qalstuk taxmaq zəruridir.

Bir şeyi də hiss etdim ki, Əliqismət müəllim qətiyyən kürsü həvəskarı deyil. Söhbətimizə otağın ayaq başında qoyulan divanda oturub davam etməyi təklif etdi.

- Teatr rəhbəri olmaq bezdiricidir?

- Bezdirici yox, çətnidir. Xor, balet, orkestr, aktyor truppası… Bunların hamısını idarə etmək çox çətindir. Aktyorlar cığaldılar. Musiqiçilərin hər biri elə hesab edirlər ki, ən böyük musiqiçlərdir, balet ustaları hesab edirlər ki, dünyanın ən böyük rəqqasları bunlardır. Amma istənilən halda hər yaradıcı insanın öz prinsipi olmalıdır. Burda da hər yaradıcı insanın öz prinsipi, eqosu var

- Sizdə də eqo sezilir.

- Təbii ki, hər nə qədər inzibatçı olsam da, mən yaradıcı insanam. Bilirsiniz yaradıcı adamın mütləq eqosu, fərdi xüsusiyyəti olmalıdır. Əgər aktyor kütləyə qarışıb gedirsə o artıq yaradıcı şəxs deyil.

- Aktyorlarla işləmək çox çətindir. Bunu ən yaxşı rejissorlar bir də teatr rəhbərləri bilir. İstədiklərini ala bilməyib, narazı olanlar olur, inciyənlər olur.

- Bu gün hamıya istədiyini vermək mümkün deyil. İstədiyini verməmək baxımından kimsə narazı qala bilər. Amma bu düşmənçiliyə çevirilmir. Məsələn bizim teatrda xatırlamıram ki, böyük dava, qalmaqal baş versin.

“Teatra məni aktyor kimi də  qəbul etmədilər”

- Bu dövrün tamaşaçısını təəccübləndirmək, teatrı yenidən sevdirmək bir qədər çətinləşib. Nə etmək lazımdır ki, bu günün tamaşaçısının teatrlara axını güclənsin?

- Başqa teatrları deyə bilmərəm, amma bizim teatr heç vaxt tamaşaçı qıtlığından əziyyət çəkməyib. Dövlət Musiqili Teatr hər zaman xalqın sevimli teatrı olub. Əgər baxmısınızsa Nəsibə Zeynalova haqqında qısametrajlı bir film var. O vaxtlar kassa indiki Zərifə Əliyeva küçəsində yerləşirdi. O filmdə qısa bir xronika verilir. İnsanlar qarlı, soyuq havada bilet üçün növbəyə dayanıblar.

- Amma etiraf edək ki, bu gün belə bir faktla qarşılaşmaq olmur.

- Əlbətdə mən deməzdim indi belə növbələr var. Əvvəla niyə bu gün növbələr yoxdur onu izah edim. Bu gün bilet satışı ilə bağlı çox maraqlı bir sistem yaranıb. Şəhərin mərkəzində istənilən kassaya yaxınlaşıb bizim teatra bilet almaq mümkündür. Eləcə də  Heydər Əliyev Sarayında keçirilən istənilən konsertə bizim kassamızda bilet almaq mümkündür. Ona görə də  bu gün növbə deyilən bir şey yoxdur.  Amma sevindirici haldır ki, Musiqili Teatra öz xoşları ilə bilet alıb gələn tamaşaçların sayı çoxdur.

- Görünür insanlar zamanın gətirdiyi gərginliyi sadəcə gülməklə azaltmağa çalışırlar.

- Xalq onlara gülüş, sevinc bəxş edənləri sevir. Biz iki il bundan əvvəl mövsümü Xaçmazda açdıq. Orda çox unikal bir muzey var. Şəxsiyyətlər muzeyi. Açıq havada Azərbaycan xalqının tarixində, mədəniyyətində, sənayesində əməyi olan insnaların heykəlləri ucaldılıb. Bizim üçün çox sevindirici haldır ki, bu gün həmin muzeydə 5 aktyorun heykəli qoyulub ki, onların beşi də Musiqli Teatrın aktyorları olub. Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova, Hacıbaba Bağırov və müəyyən vaxta qədər bizim teatrda çalışan Əliağa Ağayev.

- Belə çıxır ki, xalq başqa teatrlarda çalışan aktyorlarımızı sevmir?

- Mən elə demirəm. Təbii ki, başqa teatrlarda çalışan çox böyük aktyorlarımız  olub, yenə də var.  Peşəkarlıq cəhətdən teatr icması o insanları çox yüksək qiymətləndirir. Amma  sevimli aktyorlar siyahısında həmişə  Musiqli Teatrın aktyorları dayanıb.

- Musiqili Teatrda yeni nəfəsli, müasir dövrlə ayaqlaşan librettolara rast gəlmirik. Qəbul etməliyik, ki, bu günün tamaşaçısı təkrarçılığı sevmir.

- Bəli bu gün müasir əsərlər yazılmır. Köhnələr də elə mövzularda olur ki, onları səhnəyə qoymaq olmur. Məsələn; kolxoz, tikinti mövzusunda olan əsərlər var ki, bu gün biz o əsərləri tamaşaçıya təqdim edə bilmərik. Həmin librettolara əl gəzdirmək, məzmununu dəyişmək lazımdır. Bəzən olub ki, dəyişmişik də. Amma təbii ki, istərdik yeni nəfəs olsun. Gənclər arasında yeni əsərlər yazan yoxdur.

- Yazanlar da qapıdan qovulduqlarını deyirlər.

- Heç bir teatr istedadı qapıdan qova bilməz. Bu gün Azərbaycan teatrında istedadlar üçün böyük imkanlar yadılıb.

Bu gün sürətli tanınma prosesi var. Amma bizim zamanımızda belə imkanlar yox idi, hər şey çox çətin idi. Bir əsəri tamaşaya qoymaq üçün, bir tamaşada istədiyimiz rolu almaq üçün illər lazım olurdu. Təsəvvür edin mən rejissorluq fakültəsini Mehdi Məmmədovun  kursunu fərqlənmə diplomla bitirməyimə baxmayaraq, teatra məni aktyor kimi də  qəbul etmədilər.

- Səbəb nə idi?

- Yer yox idi. Çünki o vaxtlar təyinatlar var idi. Mən özümü  təsdiq etmək üçün nə qədər çətinliklərdən keçdim. Amma bu gün gənclər çox şanslıdır.

“Teatrdan küsüb, getdim”

- Amma gec və çətinliklə də olsa Naxçıvan Teatrında aktyor oldunuz.

- Bəli. Azərbaycan teatrında Hüseyn Cavid rolunu ilk dəfə mən oynamışam və bununla fəxr edirəm. Hüzeyn Cavidin nəşinin vətənə gətirilməsi münasibətiylə Naxçıvanda “Mənim tanrım gözəllikdir sevgidir” tamaşasını səhnəyə qoymuşduq. Bu tamaşa çox böyük uğur qazanmışdı.

- Teatrda, nə rejissorluq, nə də aktyorluq fəaliyyətinizin ömrü uzun olmadı. Buna səbəb nə oldu?

- Mən teatrdan küsüb, getdim. Mən ümumiyyətlə düşünümürdüm ki, nə vaxtsa teatr sahəsinə qayıda bilərəm. Jurnalistikaya üz tutmuşdum. Bu sahə də mənə çox doğma idi. Səlyanda qəzetdə məsul katib idim. Günlərin bir günü Rayon Partiya Komitəsində Mədəniyyət şöbəsinin işi müzakirə olunurdu. Orda belə  bir qərara gəlindi ki, Mədəniyyət şöbəsinin müdiri mən olum. Çox az müddət orda işlədim və yenidən Mədəniyyət Nazirliyinə qayıtdım.

- Nə vaxtsa böyük bir tarixi olan teatra rəhbərlik edəcəyinizi də yəqin ki, düşünmürdünüz.

- Hər hansı bir teatrın direktoru ola biləcəyimi düşünürdüm. Amma Musiqili Teatrı ağlıma da gətirməzdim. Baxmayaraq ki,peşəkar teatrda ilk tamaşam musiqli tamaşa olub. O vaxtlar Naxçıvan  Teatrında səhnəyə “Hicran tamaşasını qoymuşdum.

- Tənqidlə aranız necədi?

- O qədər tənqid ediblər ki, məni. O vaxtlar tamaşalarım haqqında tənqidlər olanda daha çox inadkar olurdum. Hətta məndə belə bir şey yaranmışdı ki, əgər bu tamaşa haqqında qəzetlərdə tənqidi məqalə çıxsa deməli bu tamaşanın içində nə isə var. Tamaşanın içərisində mübahsə üçün mövzu tapılırsa deməli onun içərisində nə isə var. Mənim tamaşalarımın hər biri belə mübahisələr doğururdu. Amma heç vaxt qıcıqlanmırdım. Hidayət Orucovun “Məni qınamayın” əsərini tamaşaya qoymuşdum. Yadıma gəlir 2 saatlıq tamaşanın 8 saatlıq müzakirəsi olmuşdu. Sonra Hidayət Orucov”Tamaşadan sonra” adlı bir povest yazdı.  Həmin povestdə Əlisöhbət obrazı var, o əslində Əliqismətdir.

- Ürəyinizdə qalan tamaşa, oynamaq istədiyiniz obraz olmamış olmaz.

- Əlbətdə elə tamaşa var ki, onu səhnəyə qoymaq istəyirəm. Elə rol var  onu oynamaq istəyirəm. Amma hansı tamaşa, hansı obraz olduğu sirr qalsın(gülür). O elə bir roldur ki, mən onu on il bundan sonra da oynaya bilərəm. Çox sediyim əsərdə, sevdiyim bir obazdır.

- Bu gün Musiqili Teatrda rejissor hansısa rolda sizi görsə və tamaşaya dəvət etsə oynamazsınız?

- Yox oynamaram. Amma öz ürəyimdən keçən o obraz ki, var, məni qane edəcək rejissor  məni inandıra bilsə ki, həqiqətən də bu obrazı yarada bilərəm, onda bəlkə oynayaram.

“Mühafizə idarəsində gözətçi işləmişəm”

Söhbətin məcrasını sənətdən, teatrdan bir qədər uzaqlaşdırmaq Əliqismət müəllimə söhbətimizə eyvanda davam etməyi təklif etdim. Etirazsız qəbul etdi. Əllərini ciblərinə qoyub, küçədə sürətlə şütüyən avtomobillərə tamaşa etdi.

- Avtomobili özünüz idarə edirsiniz?

- Mən heç vaxt sükan arxasında oturmamışam.

- Qorxursunuz?

- Yox. Sadəcə olaraq gözümü açandan həmişə evimizdə maşın olub, bizi sürücü aparıb-gətirib.Görünür buna görə də məndə maşın sürmək həvəsi yaranmayıb. Heç indi də həvəsim yoxdur.

- Piyada gəzməklə aranız necədir?

- Çox nadir hallarda piyada gəzirəm. Binamız şəhərin mərkəzində olduğu üçün, mərkəzdə keçirilən tədbirlərə piyada gedirəm. Bir küçənin başından ayağına getmək üçün avtomobildən istifadə etməyə gərək duymuram. Məzuniyyət vaxtı isə ümumiyyətlə avtomobildən istfadə etmirəm. Mən məzuniyyətə çıxanda sürücüm də mənimlə birlikdə məzuniyyətə çıxır.

- Atanız çox tanınmış və imkanlı şəxs olub. Tanınmış adamların övladları adətən pillələri qalxmaqda  çox çətinlik çəkmirlər. Qısası maddi problemləri olmur.

- Tanınmış adamın övladı olsam da hər zaman çalışmışam ki, öz ayaqlarım üzərində dayanım. Atamın adından, şöhrətindən istifadə etməmişəm. İkinci kursdan başlayaraq axşam mühafizə idarəsində gözətçi işləmişəm.

- İlk maaşınız neçə manat olub?

- Mənim ilk maaaşım qonorar olub. 1968- ci ildə “Azərbaycan pioneri” qəzetində ilk yazım çıxmışdı. Onda hələ 7-ci sinifdə oxuyudum. Ordan səhv etmirəmsə 2 manat mənə qonorar yazılmışdı.  Uşaqalıqda jurnalistikaya çox böyük həvəsim var idi. 13-14 yaşlarımda “Azərbaycan gəncləri”, Səlyanda  o vaxtlar  nəşr olunan “Qələbə” qəzetlərinin ştatdan kənar müxbiri idim.  Amma tələbə vaxtı çox yaxşı pullar qazanırdım (gülür). Radioda “Gənclik” proqramını aparırdım. Ayda bizim on verilişimiz olurdu. Hər verilişə 4 manat 10 qəpik verirdilər. 42 manat radiodan alırdım, “Firuzə” tələbə teatrında tamaşalar hazırlayırdım. 40-50 manat ordan qazanırdım, 50 manat əlaçı təqaüdü  alırdım. 65 manata yaxın da gözətçi işləyirdim ordan qazanırdım. Bu gün bunları etiraf etməkdən çəkinmirəm. Çünki biz özümüz tanınmaq, yaşamaq üçün çalışırdıq.

- Məndə belə bir təssürat oyatmısınız ki, hər şeyi bəyənən insan deyilsiniz.

- Baxır o nə şeydir (gülür). Hər şeyi bəyənmək mümkün deyil. Əgər insanın bir balaca dünyagörüşü, biliyi, savadı varsa hər şeyə yaxşı deyə bilməz.

- Bu xarakterli insanlar hamı tərəfindən sevilmir, hər şeyə mız qoyan, özündənrazı insan kimi tanınırlar.

- Yox mən burda sizinlə razı deyiləm. Düşünümürəm ki, insanlar məni özündənrazı biri kimi tanıyırlar. Bu saat durub teatrda mənimlə bağlı fikir öyrənsəniz, söylədiyiniz fikrin əksini görəcəksiniz. Bəzən uşaq qədər sadəlövh oluram. Hər kəsə, sonradan çox peşman olacaq qədər inanıram.  Çox kövrəyəm. Qadınların, uşaqların göz yaşlarını görə bilmirəm. Fərqi yoxdur bu insan doğmadır, ya yaddır. Saytlarda bir uşaq haqqında pis məlumat oxuduğum gün mənim halım dəyişir.

- Ata kimi çox tələbkar olmusunuz, Əliqismət müəllim necə babadır?

- Nəvələrim məni çox istəyir. Mənim yanımda onların  üstünə qışqırmaq olmaz. Amma onlarla daha çox yayda vaxt keçirdə bilirəm. Bəlkə də yeganə babayam ki, onların hamısını iki ay bundan əvvələ qədər bir damın altında saxlayırdım. Bir binada, bir evdə yaşayırdıq. İndi işləri ilə əlaqədar övladlarımdan biri xarici ölkəyə köçüb, o birisi ev aldı köçdü. İndi bir xanım qalıb bir də mən.

- Nəvələr arasından bu sahəyə meyilli olanı var?

- Var. Ancaq mən davam etməsini heç istəmirəm. Bilirsiniz çox çətindir. Kim istəyər ki, övladı çətinliyə düşsün. Nəvəm Ayan Xoreoqrafiya Məktəbində oxuyurdu. Bu il beşinci sinifi bitirdi və biz onu məktəbdən çıxardıb, başqa məktəbə qoyduq.  Opera və Balet Teatrında “Şelkunçik” tamaşasında çıxış edirdi. İnanın ki o qədər böyük sevgi həvəslə fərqli bir oyun nümayiş etdirirdi. Mən görürdüm ki, bu bir az da oxusa bu yoldan onu çəkindirmək mümkün olmayacaq. Balet ustası olmaq çox çətindir.  Yəqin ki, o qızı siz də tanıyarsınız. Ərdoğanı ağladan azərbaycanlı qızı mənim nəvəmdir.

“Heç vaxt bağ evim olmayıb”

- Əliqismət Lalayevi uğurlu insan hesab etmək olarmı?

- Mən çox xoşbəxt insanam.  Ona görə xoşbəxtəm ki, iki gözəl balam, beş nəvəm var. Allah mənə sağlam övladlar verib. İnsanın sağlam övladlarının olması nə qədər böyük xoşbəxtlikdir. Yeməyə bir tikə çörəyin varsa deməli sən xoşbəxtsən. Məsələn mənim heç vaxt bağ evim olmayıb. Heç vaxt da düşünməmişəm ki, niyə mənim bağım yoxdur.

- Bəs yayda harda dincəlirsiniz?

- Burdan Səlyana bir saat yarımlıq yol var. Ürəyim istəyəndə gedirəm ata yurduma.

- Onda sizin şəhərin mərkəzində super təmirli eviniz də yoxdu

- Tam səmimi deyirəm ki, yoxdu. 8-ci kilometrdə yaşayıram. Övladlarımı da 29 kvadratmetrlik iki otaqlı  həmin evdə böyütmüşəm. Təzəliklə balkon artırmaqla bir az şərait yaratmışıq özümüz üçün.

- Musiqli Teatrın direktoru, üstəlik uzun illər Mədəniyyət və Turizm Nazirliyində məsul vəzifədə çalışmış bir insanın hələ də 2 otaqlı mənzildə yaşaması təəccüblüdür.

- Təəccüblü olsa da bu həqiqətdir. Mən buyam (gülür). Nikbin insanam. Ona görə də özümü çox varlı hesab edirəm. Bu gün  artistlər var ki,fəxrlə deyirlər “5-10 minlik kostyum geyinirəm”. Mən belə şeylərə qiymət vermirəm. Niyə artistləri deyirəm. Çünki bizim mühitdir və bu insanların əksəriyyəti 20 ildir mənim gözümün qabağında şana-şöhrətə çatıblar.

- Yəqin naharı da restoranda etmirsiniz

- Sizinlə görüşməzdən iki saat əvvəl nahar vaxtı idi. Qızdan soruşdum yeməyə nə var. Dedi ət soyutması və pure. Dedim mənim üçün ət soyutması gətirin. Mən belə bir insanam. Əməkdaşlarım  burda nə yeyir mən də onu yeyirəm.

- Söhbət yeməkdən düşmüşkən. Mətbəxtlə aranız necədi?

- Bişirməkdə çətinlik çəkirəm. Adətən  tək yaşayan insanlar yemək bişirmək mövzusunda təcrübəli olurlar. Mən heç vaxt tək yaşamadığım üçün bu sahədə təcrübəsizəm.

- Amma kişilər də var ki, yemək bişirmək onun hobbisidir

- Mənim belə hobbim olmayıb. Həm də bizim evin xanımı mətbəxt mövzusunda çox səriştəlidir. Nəinki məni, heç qızları da mətbəxtə yaxın buraxmaz.

“Dostumun xəyanətini görmüşəm”

- Bayaq dediniz ki, uşaq qədər sadəlöhvsünüz. Bu xarakterlə dostu düşməndən ayıra bilirsiniz?

- Mənim heç vaxt çox dostum olmayıb. Bu barmaqlar da çoxluq edir dostlarımı saymaqda. Dostumun xəyanətini görmüşəm. Ona görə də dostluğa o qədər də bel bağlamıram. Qadın dostum var onunla fəxr edirəm, amma kişi dostum olub ki, məni aldadıb.

- Deyirlər 40 yaşı keçdikdən sonra kişilərin  yaşlanmaq qorxuları artır. Bu hiss sizdən yan keçibmi?

- Yox yan keçməyib. Yaşlanmaqdan qorxuram. Bu qorxu yaşla bağlı deyil, qocalıb əldən düşməklə bağlıdır. İnsanın həyatında hər şey gözəl olmalıdır. Hazırda 60 yaşım var. Amma istəməzdim ki, 80 il yaşayım, yorğan-döşəkdə olum. Həyatdan köçəndə heç kəsə əziyyət verməyəsən. İnsanlar əziyyətindən bezib sənin ölümünü dörd gözlə gözləməməlidir.

- Nə əcəb sosial şəbəkədə yoxsunuz?

- Buna gərək duymuram. Mənfi tərəfləri çoxdur. Bir də görürsən insanlar aktyor, bir müğənni, ümumiyyətlə tanınan bir şəxs haqqında ağızlarına gələni yazırlar. Demək olar ki, qəzetlərin hamısını internet vasitəsiylə oxuyuram. Bəzən görürsən ki, o xəbərlərin altında elə fikirlər yazırlar adam təbdən çıxır. Tək buna görə yox. Bu gün rayonlarda sosial şəbəkələr vasitəsiylə tanış olub ailəsini uşağını tərk edən qadınlar, 13-14 yaşlı qızlar  azdırmı? Hər gün nə qədər dəhşətli xəbərlər oxuyuruq.  Xüsusən uşaqlara bu mövzüda  nəzarət etmək lazımdır.

- Hansı cəhətinizi sevmirsiniz?

- Ən pis, sevmədiyim cəhətim hamıya uşaq kimi inanmağımdır. Bir də tərbiyəm yol vermir ki, qarşımadakı insanın yalanını ifşa edim.

- Bu zəiflikdirmi?

- Yox bu zəiflik deyil və hər adamla baş vermir. Ancaq yaxınlarla baş verir.

- Onda sizin pis cəhətiniz yoxdur .

- Niyə ki, var. Tez özümdən çıxanam (gülür). Şəkərim var, bəlkə də bu onunla əlaqəlidir. Şəkər xəstələri bir az tez əsəbləşirlər.

Günel Musa

Foto: Nuranə Novruz


















9 Oktyabr, 2014  14:48 Baxılıb: 3731 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner