Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xarici neft şirkətləri hökumətdən tələb etdi

"Qanunsuz tikililər məsələsi həll edilsin!"

Neft mədənlərinin ərazisindəki qanunsuz tikililər Azərbaycanın iştirakçısı olduğu beynəlxalq neft müqavilələrinin icrasına da mane olmağa başlayıb.

Qanunsuz tikililərin yaratdığı problemlər «Binəqədi Oyl» konsorsiumuna müqavilə öhdəliklərinə əməl etməyə mane olub.

Xatırladaq ki, «Binəqədi» bloku üzrə müqavilə 2004-cü ilin sentyabrında bağlanıb, 2005-ci ilin sentyabrından qüvvəyə minib. Müqavilənin şərtlərinə görə, müqavilənin qüvvəyə minməsindən ötən 3 il ərzində şirkət burdan neft hasilatını 1,5% artırmalı idi. Amma ərazidəki qanunsuz tikililərin olması, burda hasilatı artırmağa mane olub.

Şirkətin hüquqşünası Rövşən Kərimovun sözlərinə görə, hazırda müqavilə ərazisində iş görmək demək olar ki, mümkün deyil: “Əgər sən orda quyu qaza bilmirsənsə, hasilatı necə artırmaq olar? Evlərdə adamlar yaşayır, onları sökmək olmaz. Məcbursan məhkəməyə verəsən, nəticədə iş illərlə uzanır. Özü də ən pisi odur ki, bu evləri neft çıxarmaq baxımından ən sərfəli yerlərdə tikiblər. Ən çox qanunsuz tikililər də məhz ən çox neft olan hissələrdədir. Nəticədə şirkət nəzərdə tutulan müddətdə neft hasilatını lazım olan həddə qaldıra bilməyib”.

Şirkətin digər hüquqşünası Anar Qurbanov da bildirib ki, qanunsuz tikililər olmasaydı, hasilat daha çox ola bilərdi: «Bəzən quyuya yaxınlaşa, təmir işləri apara bilmirik. Ora texnika da yaxınlaşa bilmir. Əgər bu olmasaydı, hasilatın 1,5%-lik artımını vaxtında təmin etmək mümkün olardı».

«Binəqədi Oyl» Əməliyyat Şirkəti bununla bağlı bir neçə dəfə ARDNŞ-a və Azərbaycan hökumətinə müraciət edib. A.Qurbanovun sözlərinə görə, müraciətlərdə Azərbaycan tərəfinə müqavilədəki öhdəlikləri, o cümlədən müqavilə ərazisində işlərin aparılması üçün lazımi şəraitin yaradılması təminatı xatırladılıb, ərazidə yerləşən qanunsuz tikililərin işə mane olduğu bildirilib və problemin həlli xahiş edilib: «Bildirmişik ki, qanunsuz tikinti gedir, işə mane olur və onun qarşısının alınması istiqamətində səylərin göstərilməsi xahiş olunur. Təminatı xatırlatmışıq. Hökumət tərəfindən təminat ondan ibarətdir ki, hökumət bu fəaliyyəti həyata keçirmək üçün normal şəraiti təmin eləməlidir».

Bundan başqa, qanunsuz tikililərin olması konsorsiumun xərclərini də artırıb. Bu, həm məhkəmə, həm ərazinin yeni tikililərdən qorunması üçün təşkil olunan mühafizənin, həm də qanunsuz tikililərin yaxınlığında olan və sakinlər tərəfindən korlanan avadanlığın təmiri xərclərini əhatə edir.

Müqavilə ərazisində vəziyyət və onun səbəbləri Azərbaycan tərəfinə də aydın olduğuna görə şirkətə bu öhdəliyi yerinə yetirmək üçün daha 3 il (2011-ci ilin iyul ayınadək) vaxt verilib. Hazırda bu vaxtın da başa çatmasına bir neçə ay qalmasına baxmayaraq, hələlik hasilatı lazım olan həddə qaldırmaq mümkün olmayıb. Doğrudur, indi şirkət vəziyyəti düzəltmək üçün yeni hasilat quyularının qazılmasına hazırlaşır. R.Kərimovun sözlərinə görə, öhdəliyi bu müddət ərzində də yerinə yetirmək mümkün olmasa, müddətin bir daha artırılması üçün Azərbaycan tərəfinə müraciət ediləcək: «Ümid edirik ki, müsbət cavab alacağıq».

Şirkətin nümayəndələri ARDNŞ-ın bu problemin həllinə çalışdığını bildirərək, məhkəmə perspektivinin gündəlikdə olmadığını bildiriblər: “Məhkəməyə o vaxt müraciət oluna bilərdi ki, biz ARDNŞ-dan dəstək görməyəydik. Amma biz görürük ki, onlar problemi həll etməyə çalışırlar. Hərçənd bu hal davam etsə, gələcəkdə məhkəmə perspektivi də istisna deyil. Çünki investor pul xərcləyir və əvvəl-axır ondan gəlir götürməlidir. Hazırda hasilatın artırılması üzrə təsdiq edilmiş investisiya proqramına uyğun iş aparılır”.

Xatırladaq ki, «Binəqədi» bloku üzrə kontrakt 2004-cü ilin sentyabr ayında ARDNŞ ilə (25%) AZEN (75%) müştərək müəssisəsi arasında imzalanıb. Öz növbəsində AZEN Azərbaycanın «AzPetrol» və Türkiyənin «ENKA» şirkətlərinin iştirakı ilə yaradılıb.

Qeyd edək ki, 1896-cı ildən istismar olunan və ümumi sahəsi 43 kv. km olan «Binəqədi» blokuna 8 yataq daxildir.






8 Aprel, 2011  20:02 Baxılıb: 1381 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner