Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

“Özəllərimi sərgiləyib gündəmdə olmaram” - GECƏ MÜSAHİBƏSİ - FOTO

“Həmin gün ürək xəstəliyi taparam...”

Gecələr təkcə yatmaq üçün deyil...Yaradıcı insanlar gün işığında bizlərdən biri olsalar da gecələr özlərinə daha əmin görünürlər. Dəvət aldıqları tədbir və məclislərdə çıxışlar, səs-yazma studiyalarında yeni mahnıları yazdırmaq onların əsas işidir.

Tanınmış estrada ulduzu Sevda Yahyayevanı “Gecəmizin qəhrəmanı” rubrikasında danışdırmaq elə də çətin olmadı. Onun etiraflarını oxumaq sizə də maraqsız gəlməyəcək...

 

- İllər öncə, daha dəqiq desəm 10 il bundan əvvəlki Sevda Yahyayeva ilə bugünki ulduz Sevda arasında fərq nədir?

- Sevinirəm ki, bu 10 il mənim üçün çox məhsuldar olub. Yanımda olan insanların sayəsində sözün həqiqi mənasında uğurlar əldə etmişəm. Fəxrlə deyirəm ki, təqdimata ehtiyacı olmayan, Azərbaycanın əsas prodüseri Tarix Əliyevlə (Tolik) birgə çalışmağım özü bir nailiyyətdir. Bu bir geçcəkdir, Tolik prodüserlər arasında birincidir. Həm dili var, həm də gördüyü işlər göz önündədir. Düz 2 ildir ki, birgə çalışıram. Və bu vaxta qədər qazandığım uğurlarda onun çox böyük zəhməti var. Onu həm peşəkar prodüser kimi, həm də güvənilən dost kimi çox istəyirəm. İnanıram ki, işbirliyimiz uzunömürlü olacaq və biz qarşıda çox uğurlu layihələrə imza atacağıq. Ötən 10 il ərzində mən ilk uğurumu “O zaman” mahnısı ilə qazandım. Məhz bu mahnı mənə yollar açdı. Müğənninin uğuru ondadır ki, mahnısı hit olarsa, özü də mütləq sevilir. “O zaman” radio dalğalarında səsləndikdən bir neçə gün sonra hit oldu. Pərviz Mahmudovla şairə Leylinin bu bəstəsinə Gürcüstanda klip çəkdirdim.Ardınca “O zaman” adlı ilk albomum işıqüzü gördü. Sual etdiniz ki,bu ötən illərdəki Sevda ilə bugünki Sevdanın fərqi nədir, buna bir bəsit cavabım var, mən oxumaq üçün doğulmuşam.Özümü səhnədən kənarda təsəvvür belə etmirəm. Kimsə evimdə oturduğum yerdə əlində sini ilə bu məşhurluğu hədiyyə etməyib. Sevda Yahyayeva olmaqdan ötrü çox əziyyət çəkdim və istədiyim yerdəyəm.

- Sevda, səhnəyə ilk addım atdığın günlərdən səni tanıyıram və əminliklə deyirəm ki, yaşın artsa belə üzündəki uşaqlıq cizgilər qətiyyən dəyişməyib...

- Doğrudan? (uşaq kimi təəccübünü gizləmir)

- Bu sadəlik sənin səmimiyyətinə bir işarədir. Sevda Yahyayevanı keçmişini unutmayan müğənni kimi tanıyıram...

- Bəli, Şahin bu belədir. Keçmişimi unutmamağım göstərici deyil. Bu mənim özümə məxsus xüsusiyyətimdir. Ola bilsin bu cümlələri oxuyan fikirləşər ki, özümü tərifləyirəm, əsla belə deyil. Ətrafımda olan insanlar yaxşı bilirlər ki, ailəmə necə bağlı olan insanam. Uşaqlığım əzab-əziyyətli keçib deyə, indiki məşhurluğum məndə başgicəllənmək yaratmır. Həyatda heç nəyə asan yolla nail olmamışam. Çətinlik görən insan özündən maddi baxımdan zəif təmin olunmuş insanları yaxşı başa düşür. Həyatı elə yaşayıram ki, sabah Allah eləməsin ayağım büdrəyəndə qınaq obyektinə çevrilməyim.

- Bir vaxt jurnalistikaya gələn gənc həmkarlarım tez-tez bu sualı sənətçilərə ünvanlayırdılar. “İkinci dəfə həyata gəlsəydiniz, yenə bu sənəti seçərdiniz?” Mənə bu sual çox maraqlıdır. Ötən 10 ildə çəkdiyin əziyyətləri təkrar yaşayacağın təqdirdə, yenidən müğənni olardınmı?

- Hə, əlbəttə olardım. Cavabı oxuyacaq oxucuların bəziləri deyəcək ki, hay-hay gələrdin a... (gülür) Təkrar demək kimi çıxmasın, mən həqiqətən də bu sənət üçün anadan olmuşam. Kim fikirləşirsə müğənni olmaq asandır, yalnışı var. Sənətə gəldiyim vaxtlarda çox eşidirdim ki, vaxt keçdikcə məni hamı sevməyəcək. Efirdən baxanda hər şey parlaq görünür. Səhnə arxasında elə şeylər yaşanır ki, tamaşaçılar bundan xəbərsiz olurlar. Gücsüz olacaqsansa, özünü kimlərinsə əlində alətə çevirməyə hazırlamalısan. 28 yaşım var. Alllah min şükr edirəm ki, öz ağlımla, ürəyimin səsi ilə hərəkət edirəm. Düşmənim yoxdur. Bəzi bədxahlar ola bilər, amma mən özümü çox güclü sayıram. Ən böyük arzum idi Heydər Əliyev Sarayında konsertim olsun. Rəbbim bunu mənə nəsib etdi. Həm də iki dəfə əzəmətli sarayın səhnəsinə çıxdım. Sağ olsun prodüserim Tolik, sonuncu dəfə Elton Hüseynəliyevlə birlikdə sarayda skalioz xəstəliyindən əziyyət çəkən  bacıların sağalması naminə xeyriyyə konsertimizi təşkil etdi. Yaxın keçmişə nəzər yetirəndə uğurlu konsertlərim məni çox sevindirir. Görkəmli musiqiçi Teymur Göyçayevin rəhbərliyi altında Gənc Tamaşaçılar Teatrında orkestrlə yaddaqalan çıxışım oldu. Sonra Yaşıl Teatrın səhnəsində yenə Tolikin zəhməti ilə ərsəyə gəlmiş solo-proqramla çıxış etdim. Qazandığım bu uğurlar çox keçmədi ki, ölkə hüdudlarını da aşdı. Amerika mənim üçün  bir xəyal idi. Yenə də təşəkkürlərim Tolikin ünvanınadır. Yaxşı dostlarımızın sayəsində Nyu-York, Los-Ancelesdə yaşayan həmvətənlərimizin qarşısında konsertlərim oldu. Hər zaman tamaşaçılara hörmətlə yanaşmışam. Cibim boş olsa olar, yetər ki, təqdim etdiyim iş yüksək olsun.

- Danışdıqlarına qulaq asdıqca bu qənaətə gəlirəm. Ulduzdan müsahibə alıram...

- (gülümsəyir) Mən çox səmimi danışıram. İnsan yaşa dolduqca müdrikləşir. Artıq böyümüşəm, yəqin ondan irəli gəlir bu qənaətin. Mən ulduzluğumu yalnız səhnəyə çıxdıqda hiss edirəm. Marketə də özüm gedirəm, geyim almağa da. Hərdən anam deyir ki, toydan evə gələndə bir çörəklə, qatıq alım.(gülüşünü gizlətmir).

- Bir reallıq da var ki, səndən öncə də,  səndən sonra da Sevda adlı müğənnilər olub, yəqin olacaqlar da. Amma Sevda adı sənin simanda brendləşdi. Bunu üzgörənlik kimi qəbul etmə...

- Sevdalardan əsas fərqim soyadımladır. Yahyayeva bir az qəliz familiya olsa da pərəstişkarlarımın sevgisi bu soyadı doğmalaşdırdı. Müsahibəboyu vurğuladığım zəhmətsevərliyim də önəmli faktlardan biridir. Bu sualınız mənə keçmişdə olan bir hadisəni xatırlatdı. Uşaq vaxtı qardaşıma deyirdim ki, zaman gələcək və tanınmış müğənni olacağam, o, dediklərimə ancaq gülürdü. Elə oldu ki, vaxt keçdi, vədə doldu, uğur ardınca uğur qazandım, qardaşımla görüşəndə dedim bax, mən artıq təkcə sənin bacın Sevda Yahyayeva deyiləm. Milyonların rəğbətini qazanan müğənni kimi həm də qardaşımın sevimli ifaçısıyam.

- Sevdaya zərbə vurmaq istəyənlər nəyi əsas hədəf seçərlər? Zəif nöqtələrini yəqin ki, açıqlamaq istəməzsən…

- Mən çox güclü xanımam. Hətta siz düşünməyəcəyiniz qədər, amma sevgi ilə o qədər güclü əhatə olunmuşam ki, neqativlər əsla mənə təsir etmir. Qoy bu sətirləri oxuyanlar da əmin olsunlar ki, sözlərlə izah olunmayacaq gücə sahibəm. Güc qaynağım Allahım və məni qoruyan doğmalarımdır.

- Özəl həyat... Hər bir ulduzun şəxsi həyatı həmişə insanaların diqqət mərkəzində olub. Sənin özəllərin də oxucular üçün maraqsız deyil.

- Adından göründüyü kimi özəl həyatdan danışırıq. Mən özəllərimi sərgiləyib gündəmdə olmağa can atmamışam. Bunu edən həmkarlarıma da pis baxmıram. Sadəcə mənim xislətimə ziddir özəlimdən danışmaq. Əsas odur ki, xoşbəxtəm!

- İnstagram foto-servisindəki profilinlə çox populyarsan. Dostların deyir ki, öz səhifəni iki otaqlı mənzil də adlandırırsan.

- 90 mindən artıq insan mənim səhifəmi izləyir. Hərdən fikirləşirəm ki, İnstagramdakı sevənləimi bir yerə toplayım, onlarla canlı ünsiyyətdə olum. Mənə dəyər verən insanların sayı hər gün çoxalmaqdadır. Belə gətsə bu mənzillərin sayını artıracağam (gülür). Günüm başlayandan telefon əlimdən düşmür. Virtual mənzil sözünü ilk anam mənə dedi. Əvvəlki aylara nisbətdə bir az paylaşımları azalsa da instagrama olan sevgim hələ ki, tükənmir.

- Birdən hansısa xaker İnstagram şifrəni qırıb ələ keçirsə, profilin dağılsa, nə edərsən?

- (Ürəkdən ah çəkərək) Nə? Həmin gün ürək xəstəliyi taparam. Bu haqda düşünmək belə istəmirəm. Bir dəfə şifrəm yadımdan çıxmışdı, həmin gün gözümə yuxu getmədi. Sağ olsun Tolik, köməyimə çatdı. Onu da deyim ki, məni instagramda qeydiyyatdan keçirən də prodüserim olub. Toliksiz bir günüm də olmasın. Ən güvəndiyim insanlardandır Tolik. Allah işbirliyimizi davamlı etsin, İnşallah!

- Bəlkə oxucular müsahibəmiz zamanı sənə daha sərt suallar verəcəyimi gözləyirdilər, sadəcə şəxsi həyatından danışmamaqda əmin göründüyün  üçün söhbətimizi elə burada bitirsək yaxşıdır...

- Vallah, əmin olun ki, səhnədən kənarda da Sevda Yahyayeva göründüyü kimi xoşbəxtdir. Mən şükr etməyi bacaran insanam. Ona görə də həmişə nağılların xoş sonluqla bitməsinə inanıram. Qoy həmişə göydən 3 alma düşsün, biri mənim olsa yetərlidir. Səmimi ab-havada baş tutan söhbətimizə vergül qoyaq, çünki yaradıcılıq yeniliklərimi Simsar.az oxucuları ilə tez-tez bölüşəcəyəm.

Şahin Cavadsoy

Simsar.Az






22 Sentyabr, 2014  20:21 Baxılıb: 16041 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner