Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Parisdə “Azərbaycan şəhərciyi” təşkil olundu - FOTOLAR

Parisin San- Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” təşkil olunub. Simsar.az xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

“Azərbaycan şəhərciyi” ölkəmizin tarixi və mədəniyyəti, o cümlədən turizm imkanlarının tərənnümünə həsr olunan müxtəlif sərgiləri özündə birləşdirir. Şəhərciyin təşkil olunmasında əsas məqsəd xaricdə Azərbaycanın daha yaxşı tanıdılması, Fransada və onun paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığını təmin etməkdir. Heydər Əliyev Fondunun budəfəki təşəbbüsü də məhz bu məqsədə xidmət edir.

Sərginin açılışında çıxış edən Parisin 6-cı rayonunun meri Jan- Pyer Lökoq 10 gün ərzində parislilərin Azərbaycan və onun zəngin mədəniyyəti haqqında dolğun məlumat ala biləcəklərini bildirib. Ölkəmizin sürətlə inkişaf etdiyini deyən mer son illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə xaricdə bir çox tədbirlərin keçirildiyini, bu sərginin də onların davamı olduğunu qeyd etdi.

Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edib.

Birinci xanım Azərbaycanı, onun tarixini, incəsənətini və mədəniyyətini tanıdan bu layihənin hazırlanmasına və keçirilməsinə yardım göstərən hər bir şəxsə, xüsusən də Paris şəhərinin VI rayonunun meri cənab Jan-Pyer Lökoqa və onun komandasına öz dərin minnətdarlığını bildirib. O qeyd edib ki, Fransada həyata keçirilən layihələr Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini tanıtmaqda mühüm rol oynayır: “Azərbaycan Fransa ilə ikitərəfli münasibətlərə çox böyük əhəmiyyət verir. Mən çox sevinirəm ki, son illər bu münasibətlər strateji əməkdaşlıq xarakteri daşıyır. Həm dövlət, həm də qeyri-dövlət strukturları, biznes sektoru, ictimai təşkilatlar arasında işgüzar əlaqələr qurulur və inkişaf edir.

Azərbaycan ilə Fransa bir çox sahələrdə əməkdaşlıq qurub, xüsusən də şəhərsalma, nəqliyyat, kosmos, şərabçılıq və digər sahələrdə artıq işgüzar əlaqələr yaranıb və bu əlaqələr ildən ilə inkişaf edir.

Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki milyard dollara çatıb. Azərbaycanda əllidən çox fransız şirkəti fəaliyyət göstərir”.

 

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan- Fransua Mansel də bu cür tədbirlərin ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb. O, zəngin mədəniyyətə malik ölkəmizin üzləşdiyi ən böyük problemi - Dağlıq Qarabağ münaqişəsini diqqətə çatdırdı və bildirdi ki, Azərbaycan rəhbərliyi bu münaqişəni sülh yolu ilə həll etmək istəyir.

Sonra “Azərbaycan şəhərciyi” ilə tanışlıq olub. Bu şəhərcikdə ölkəmiz haqqında müxtəlif istiqamətlərdə müfəssəl məlumatlar öz əksini tapıb. “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisində min illərdir ölkəmizdə yaranıb inkişaf edən mədəniyyət barədə müfəssəl məlumat verilir. Azərbaycanın qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatların, o cümlədən misgərlik məmulatlarının, şəbəkələr, milli geyimlər, milli musiqi alətləri və Azərbaycan xalçalarının geniş çeşidinin təqdim olunduğu şəhərcikdə “Azərbaycana səyahət” turizm sərgisi vasitəsilə ölkəmizlə daha yaxından tanışlıq imkanı yaradılıb.

Burada, həmçinin “Bakı 2015” Birinci Avropa Oyunlarına hazırlığın təqdimatı da keçirildi, indiyə qədər görülən işlə barədə qonaqlara məlumat verildi.

Sentyabrın 28-dək davam edəcək sərgi-yarmarkada Azərbaycan incəsənət ustaları şəhər sakinlərini və turistləri müxtəlif konsert proqramları ilə salamlayacaqlar. Dövlət Rəqs Ansamblı, “Natiq” ritm qrupu, Dövlət Xalq Çalğı Alətləri Ansamblı, Qədim Musiqi Alətləri Ansamblı və digər musiqi kollektivlərinin ifasında Azərbaycanın klassik, caz və muğam sənəti təqdim ediləcək.

Açılış mərasimində iştirak edən kəndirbazların və pəhləvanların çıxışları da maraqla qarşılanıb. Müxtəlif Azərbaycan şirkətlərinə aid köşklərdə milli şirniyyatlar, içkilər, xalq sənətkarlıq nümunələri sərgilənir. Bu da ölkəmizin təbiəti, xalqımızın məişəti, adət-ənənələri barədə qonaqlarda dərin təəssürat yaradır.

“Azərbaycan şəhərciyi”ndə milli mətbəximizi nümayiş etdirən köşklər də qurulub.

Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrlərinin təqdim olunduğu sərginin ən maraqlı bölmələrindən biri də Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı materialların, həmin dövrə aid arxeoloji tapıntıların - zərgərlik nümunələrinin, məişət əşyalarının, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaların, miniatürlərin əks olunduğu çini qabların, “Xəmsə”yə daxil olan poemaların süjetləri əsasında işlənən xalçaların sərgilənməsidir.

Sonra “Fransa Azərbaycan rəssamlarının gözü ilə” rəsm sərgisi ilə tanışlıq olub. Sərgidə rəssamlar Xalidə Səfərova və Kamil Nəcəfzadənin əsərləri təqdim olunur. 50-dən çox rəsm əsərinin toplandığı ekspozisiya Fransaya həsr edilib. Əsas qəhrəman da Fransa və onun paytaxtı Paris və regionlarıdır. Burada fırça ustalarımız özlərinə məxsus bədii üslubda maraqlı sənət əsərlərini təqdim edirlər.

Tədbir tanınmış caz ifaçısı, Əməkdar Artist İsfar Sarabskinin konserti ilə davam edib.

Günel






20 Sentyabr, 2014  08:04 Baxılıb: 1009 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner