Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mahir Dərviş: “90-cı ildən sonra çəkilən filmlərə baxıb gülürük” – MÜSAHİBƏ – FOTOLAR

Mahir Dərvişin adı yeni nəsilə tanış olmasa da köhnə nəslin nümayəndələri onun yaradıcılığı ilə az da olsa tanışdır. O, uzun illər AzTV-də çalışıb, Azərbaycanın qızıl fondunda saxlanılan bir sıra sənədli filmlərin, baxımlı verilişlərin rejissoru olub. Özünün də dediyi kimi “Azərbaycankinofilm” Kinostudiyasında  böyüyən Mahir Dərviş bir sıra Azərbaycan filmlərində epizodik rollara çəkilib.

“Televiziya aləmində formatlar qarışıb”

- Adətim üzrə müsahibimlə görüşməzdən əvvəl bir balaca “kəşfiyyata” çıxıram. Ancaq sizin haqqınızda elektron mənbələrdə heç bir məlumata rast gəlmədim. Mahir Dərviş niyə bu qədər pünhandır?

- Əslində pünhan olmaq yaradıcı insanın əsas prinsipi olmalıdır. Bizim dövrün rejissorlarını tamaşaçılar şəhərdə, ictimai yerlərdə görsəydilər, tanımazdılar. Çünki onlar həmişə kadr arxasında qalıblar, onların reklamları çəkdikləri filmlər olub. Haqqımda elektron mənbələrdə məlumatın az olması müsahibə verməyi xoşlamamağımdan qaynaqlanır. Az görünməyimə gəlincə, həmişə məqsədim görünmək yox, göstərmək olub.

- Köhnə nəsil sizi yaxşı tanısa da, yeni nəsil sizin haqqınızda çox şey bilmir. Kimdir Mahir Dərviş, rejissorluq həyatı necə başladı?

- Mahir Dərviş elə dərvişdir (gülür). Baxmayaraq ki, yaradıcılıqla, sənətlə məşğulam, bu yolumu da heç vaxt tərk etməmişəm. Hər bir insanın həyatda arzuları olur. İnsan yaşa dolduqca, bu arzuların  hansısa    intihar edir, hansılarsa ayaq tutub yeriyir. Məndə də bu arzu ayaq tuta bildi. Demək olar ki, mən kinostudiyada böyümüşəm. Biz mikrarayonda yaşayanda, unudulmaz sənətkarımız Fazil Salayevlə qonşu idik. O məni hər səhər özü ilə “Azərbaycanfilm” Kinostudiyasuna  aparardı. Onda hələ 14 yaşım vardı. Bir neçə filmlərdə epizodik də olsa rollara çəkilimişəm. O vaxtlar “Mosfilm”in çəkdiyi bir sovet filmi vardı. İlk dəfə dəfə aktyor kimi o filmdə iştirak etdim. Sonra mənə “Qəzəlxan” filmində kiçik bir rol verdilər. Ondan sonra Azərbaycan Dövlət Televiziyasında işlədim. O vaxtlar AzTv-də bir sıra verilişlərin, sənədli filmlərin rejissorluğunu etmişəm. 20 il dövlət televiziyasında çalışdım, amma kinostudiyadan bir an belə uzaqlaşmadım.

- Rejissorun əsas prinsipi nə olmalıdır?

- Rejissorun əsas prinsipi odur yaradıcılığını  xalq üçün göstərməkdir. Rejissor gördüyü işlə gündəmdə olmalıdır, öz həyatı ilə yox. Ən çox televiziya proqramları, sənədli filmlər çəkərək çalışmışam ki, televiziya proqramlarına da film estetikası verim. Bu da televiziya tarixində bir yenilik olub. O vaxtlar yalnız bir televiziya kanalımız olduğu üçün, tamaşaçı onu daha gözəl duyurdu. Bu gün əfsular olsun ki, televiziya aləmində formatlar qarışıb.

- Bu gün belə bir fikir səslənir ki, artıq sənədli film çəkə bilən rejissorlar yetişmir. Bu fikirlə razılaşırsınız?

- Nəinki sənədli filmlər, ümumiyyətlə bədii filmlərin özündə də yaradıcılıq, baza baxımdan ciddi problem var. Sənədli film çəkmək olduqca çətindir. Bu janrda film çəkmək rejissordan daha çox peşəkarlıq, elm, savad, təcrübə tələb edir. Ələlxüsus, gərək sənədli film rejissoru psixoloq olsun. Qəhrəmanının bütün psixoloji cəhətlərini tutub, onun həyatını real kadra sala bilsin Gənclər arasında istedadlı uşaqlar var ancaq onlar üçün imkan yoxdur. Sənədli filmlər daha çox vaxt aparırır.

- Gənclər sənədli film çəkməyə niyə maraq göstərmir?

- Mənə elə gəlir ki, bu gün buna təlabat yoxdur. Gənclərin təlabatı daha çox şouya, xarici filmlərədir.

- Bir sözlə sənədli filmlər artıq tamaşaçısın itirib.

- Bəli sənədli filmin artıq tamaşaçıları da qalmayıb. Bugünkü gənclər ümumiyyətlə Azərbaycanın kino tarixindən bixəbərdirlər. Bütövlükdə kino, mədəniyyət aləmində bir inqilab lazımdır. Amma bu inqilabı etmək üçün sinəsini irəli verəcək insanlar yoxdur. Kino sənəti tənəzzülə uğrayır.

 

“Teleserialları daha çox qazanc mənbəyi kimi görürlər”

 

- Əvəzində serial dövrü başlayıb.

- Məsələ ondadır ki, seriallar vasitəsilə kinonu tamaşaçıya çatdıra bilmirlər. Təəssüfləndirici haldır ki, bu serilları çəkənlər də qeyri-peşəkarlardır. Teleserialları daha çox qazanc mənbəyi kimi görürlər. Ona görə də  pulun çox olduğu  yerdə sənət ikinci dərəcəli olur.

- Əslində serial da lazımdır. Dünya ilə ayaqlaşmaq üçün buna da ehtiyac var. Amma bu işdə peşəkarlara üstünlük verilsə, bəlkə, serialdan gözlədiyimiz nəticəni əldə edə bilərik.

- Bax, bu, heç vaxt mümkün olmayacaq. Çünki serialı əsasən televiziya kanalları sifariş edir. Burda əsas maraq maddiyyat olduğu üçün, televiziya rəhbərləri o maraqlara əsaslanaraq peşəkarları dəvət etmirlər. Çünki peşəkarlar öz qiymətlərini bilir və tələb edirlər. Öz şərtlərini qoyurlar, filminin keyfiyyətli olmasını düşünürlər.  Bu gün texnika çox inkişaf edib. Ona görə də sənətdən xəbəri olmayan adamlar çox asanlıqla  kameranı yandırıb, “mator, stop” deyə bilirlər.

- Yeni nəsl aktyorlarla işləyirsiniz. Onlardan razı qalırsınız?

- Gənclər arasında istedadlı aktyorlar var. Düzdür təkəbbürləri, eqoları da var. Sadəcə bu gün seriallar, şou proqramlar şərait yaradır ki, aktyorlar sənətə daha çox kommersiya kimi baxsınlar. Onlar üçün uzun-uzadı seriallarda görünmək daha əlverişlidir, nəinki yaxşı, keyfiyyətli bir filmdə görünmək. Amma mən gəncləri qınamıram. Deyirlər, “aşıq gördüyünü çağırar”.

- Bayaq dediniz sizin də aktyorluq fəaliyyətiniz olub. Siz filmə çəkiləndə qonorar haqqında düşünmürdünüz?

- Biz o dövrün tərbiyəsini almışdıq. Rejissorun fikri ilə ayaqlaşırdıq.  Şahmar Ələkbərzadə deyirdisə sən bu obraza çəkilməlisən, bizim üçün orda rolun böyük-kiçiyi yox idi. Əsas prinsip rolun öhdəsindən lazımı səviyyədə gəlmək idi. Bu yaşımda belə, bu ənənəyə sonuncu çəkildiyim Samir Kərimoğlunun “Mən evə qayıdıram” filmində də sadiq qaldım. Bir əhvalat danışım. Mən uzun illər həm də kinolarda dekarator kimi çalışmışam. Bir dəfə dekorasiya üçün taxta kəsirdim. Rəhmətlik Hamlet Xanızadə gəlib yanımda dayandı. Birdən dedi ki, mənə də taxta kəsməyi öyrət. Dedim axı sən aktyorsan bu sənin nəyinə lazımdır. Dedi, ona görə lazımdır ki, sabah mən xarrat rolu oynayanda bu mişarı necə tutmağı, peşənin xarakterini bilməliyəm ki, həmin obrazı tamaşaçıya təbii şəkildə çatdıra bilim. Ancaq indiki aktyorlar maşın sürməkdən, hansısa restoranda oturub badə qaldırmaqdan başqa detallar bilmirlər.

- Ona görə də indiki aktyorların oynadığı obrazlar tamaşaçıya yapışmır, süni alınır.

- Sünilik birinci rejissorlardan, ikinci aktyorların özündən qaynaqlanır. Mənə elə gəlir ki, aktyor rolu oynamalı deyil, yaşamalıdır.

- Rolu yaşayacaq aktyorların yetişməsinə ümid varmı?

- Ümid var. Sadəcə yetişdirmək lazımdır.

“Din özü yaradıcılıq üçün bir fəlsəfədir”

- Son vaxtlar qısametrajlı filmlərin çəkilməsinə dövlətin marağı artıb. Bunu necə dəyərləndirisiniz?

- Qısametrajlı filmlər hələ sovet dövründən format, keyfiyyət cəhətdən həmişə öndə olub. Düzdü, qısametrajlı filmlərə Gürcüstan daha çox meyl göstərirdi, nəinki Azərbaycan. Amma o vaxtlar az da olsa qısametrajlı filmlər çəkilib. Bu gün zaman etibari ilə texnika cəhətdən, məişətdə olan problemlərin sürətlənməsi nəticəsində vaxt qıtlığı yaranıb. İndi sizə desəm ki, çəkdiyim bir saatlıq filmə baxın, buna vaxt tapa biləcəksiniz? Amma 5-10 dəqiqəlik filmlərə həmişə vaxt tapılır. Bu baxımdan qısametrajlı filmlər böyük əhəmiyyət kəsb edir.

- Səhv etmirəmsə sizin çəkdiyiniz yeni film də qısametrajlıdır. Bir az yeni filminizdən danışaq.

- Mənim çəkdiyim qısametrajlı film dini mövzudadır. Məhəmməd peyğəmbər deyib ki, “Kişinin əqli kamil olanda nitqi azalar”. İnsan kamilləşdikcə qısa danışmağı sevər. Çünki qısa sözün  keyfiyyəti də daha çox olar. Mən də Məhəmməd peyğəmbərin dediyi sözü özümə üslüb bilərək, fəlsəfi, tərbiyəvi əhəmiyyət kəsb edən, qısa fimlər çəkmək qərarına gəldim. Bu gün bu mövzuya mənəvi aclıq var. Bu aclıq mədəniyyət sahəsindən də yan keçmir. Çəkdiyim filmin ümumi adı “Aşiqlər Bağçasıdır”. Silsilənin birinci filmi “Cəhd” adlanır. Filmdə gəncələrə daha çox meydan vermişəm. Bir neçə peşəkar aktyorumuz da filmdə rol alıb. Maraqlısı budur ki, həmin peşəkarlar bu filmdə epizodik rollarda iştirak edirlər. Mən fürsətdən istifadə edib burdan həmən aktyorlara təşəkkürümü bildirirəm ki, onlar filmin maddiyyatına deyil, mahiyyətinə dəyər verdilər. Filmin bəstəkarı Elza Seyidcahandır. Eyni zamanda filmdə ana obrazını canlandırır. Onu da qeyd edim ki, Elza xanımın çox yaxşı aktrisalıq qabiliyyəti var.

Film Mədəniyyət və Turizm Nazirliyinin qeydiyyatından keçib, Qafqaz Müsəlmanları İdarəsində Hacı Fuad Müavin ssenaridən xəbərdar idi. Filmin gedişatı filmin özündən daha maraqlı idi. Çünki bu film sponsorsuz başlamışdı. Heç bir dövlət idarəsindən, yaxud hüquqi şəxs tərəfindən maddi dəstək olmadı. Bir nəfər məni Həccə göndərmək istəyirdi. Mən də Həccə getməkdənsə, bu filmi çəkmək istədim. Sonra dostların köməkliyi ilə müəyyən məbləğ yığıldı. Kimin nəyə gücü çatırdısa bu filmin çəkilməsinə kömək etdi.

- Bu onu göstərir ki, dini mövzulu filmlərə insanlar tərəfindən maraq var.

- Bəli bu mövzuya insanların marağı və sevgisi var. Meydana əliboş girdik, amma əlidolu çıxdıq. Artıq hazırdır, bir-iki saatlıq çəkilişlərimiz qalıb. Qurban Bayramı ərəfəsində film təqdim ediləcək. Filmin özündə incə məqamlar çoxdur. Ana məhəbbəti, vətən sevgisi, şəhidlik. Hamısı bir-birini tamamlayır. Filmin müddəti 20 dəqiqəlik nəzərdə tutulub, ancaq mən çalışacam onu bir qədər də azaldım. Nə qədər lokanik olsa, o qədər dəyərli olar. Ümid edirəm ki, bu daha çox tərbiyəvi əhəmiyyət daşıyacaq.

- Dediniz ki, kino sahəsində bu mövzuya aclıq var. Rejissorların dini mövzuya müraciət etməməsinin əsas səbəbi nə ola bilər?

- Bu əsasən bizim mədəniyyət, kino sahəsində dini savadı olan peşəkarların olmamasından qaynaqlanır. Biri bu mövzuda film çəksə ya İslamı xurafat kimi qələmə verəcəklər, ya da ifrata aparacaqlar. Ona görə də bu sahədə bizim filmlər axsayıb. Bu gün dünya kinematoqrafiyasında rejissorlar şərq fəlsəfəsindən, İslami dəyərlərdən istifadə edərək böyük mükafatlara layiq görülürlər. Biz isə onların çoxdan istifadə edib kənara qoyduğu yaradıcılqdan istifadə etməyə meyl göstəririk. Din özü yaradıcılıq üçün bir fəlsəfədir. Din bizim əqidəmiz, mənəviyyatımız,əxlaqımızdır. Bu gün dini məqamları müasir görünüşdə  göstərib tamaşaçıya çatdırmaq olar. Əsas olan istədiyin mənanı ekranlaşdırıb tamaşaçıya göstərməkdir. Ola bilsin ki, bu sahəyə bundan sonra gənclər meyl göstərsinlər.

- Kino mədəniyyətin çox əhəmiyyərli bir sahəsidir, addımları daha genişdir. Bugünkü kinomuz bizi dünyada təbliğ edə bilirmi?

- Kinomuzun vəziyyəti mütləq düzəlməlidir. Kino bütün Avropanı gəzib, həmin xalqın mədəniyyətini, tarixini dünyaya göstərə bilir. Biz hələki o məqama yaxınlaşa bilmirik. Bəlkə də biz hələ kinonun nə olduğunu dərk edə bilmirik. Kino ümumiyyətlə fədailəri sevir. Vaxt vardı ki, kinostudiya özü bir baza idi. Ancaq bu gün o baza yoxdur. Film tək rejissordan ibarət deyil, bu kollektiv işidir. Bu gün peşəkarlar təkləniblər. Faciə bundan ibarətdir ki, tək rejissor yetişdirməklə iş bitmir. Artıq rejissoru əhatə edən yaradıcı qrup yetişmir. Ona görə də kinonun inkişafından danışmağa dəyməz. Birinci, bazanı kollektivi düzəltmək lazımdır. Bu gün kinostudiyanın bazasında qılınc yoxdursa mən VII əsrə aid filmi necə çəkə bilərəm?

“Klassik əsərlərimizi filmə çevirmək böyük maddiyyat tələb edir”

- Ssenarilərimizdə də ciddi problem var. Xüsusilə serial ssenariləri çox bayağıdır. Çox uzağa getmirəm, Türkiyə kinemotqrafları tez-tez klassik türk yazıçılarının əsərlərinə müraciət edirlər. Bizim rejissorlar niyə zəngin Azərbaycan ədəbi nümunələrindən istifadə etmirlər?

- Çox gözəl bir məqama toxundunuz. Bizim klassik əsərlərimizi filmə çevirmək böyük maddiyyat tələb edir. O filmlər çox böyük maliyyə vəsaiti tələb etdiyi üçün, rejissorlar yüngül işlərə qaçırlar. Amma razıyam ki, bu gün klassik yazıçıların əsərlərinə ehtiyac var. Kino aləmində monopoliya yaranıb və bu monapoliya qaldığı müddətdə, heç bir inkişafdan söhbət gedə bilməz. Kino azad sənətdir və kinonu peşəkarların ixtiyarına vermək lazımdır.

- Kinomuzun gələcəyini necə görürsünüz?

- Mən bir daha əmin oldum ki, bu cür çətinliklərlə heç vaxt peşəkar filmə gedib çıxa bilmərik. Kino qrimdir, işıqdır, kostyumdur, prodüserdir. Bütün bunların inkişaf etdirilməsi şərtdir. Çox təəssüf olsun ki, bu gün yalnız bir maraq var. Necə qazanım? Hardan qazanım?  Bu əslində kino sahəsinin adamlarının yox, bütövlükdə Azərbaycan mədəniyyətinin faciəsidir. Sadəcə olaraq biz bu faciəni hələ hiss etmirik. 90-cı illərə qədər çəkilən filmlərə baxıb şükr edirik, 90-cı ildən sonra çəkilən filmlərə baxıb gülürük. İstər faciə olsun, istər dram olsun o hadisə bizi güldürür.

Günel Musa

Foto: Nuranə Novruz

 






18 Sentyabr, 2014  16:45 Baxılıb: 3214 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner