Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

Doğum günündə anılmayan böyük sənətkar - FOTOLAR

Sevdiyimiz filmlərin ən sevilən siması oldu, teletamaşalarda, teatr səhnəsində üzümüzü güldürən yüzlərlə obraza həyat verdi.

“Yol əhvalatı”nda Qurban, “Evləri köndələn yar” da Nadir, “Yaşıl eynəkli adam” da Seyfulla”, “Əhməd hardadır” da Saqqal Ramiz, “Bəyin oğurlanmasında” Mustafa, “Yuxu” da Fərəcov, “Ulduz” da Şubay, “Hicran” da Dadaşbala, “Altı qızın biri Pəri” də Füuzbala, “Qaçırılmış qız” da Qəmzəli və bütün bu və digər sevilən obrazların cəmi Səyavuş Aslan. Bu gün onun doğum günüdür.

1935-ci ildə sentyabrın 5-də Bakıda sürücü Məmmədağa kişi və xanımı Anaxanımın kasıbvarı komasında doğulan  Səyavuş Aslan aktyorluğa  həvəskar kimi dram dərnəyindən başlayır. Sovet dövrünün Bakısında hər bir uşaq mütləq ya musiqi məktəbinə getməli, ya idmanla məşul olmalı idi.  Şəhər əhalisi varlı və ya kasıb olmasından asılı olmayaraq bu ənənəyə sadiq qalırdı. Köhnə Bakının istənilən küçəsindən, dalanından keçən məktəblilərin əlində ya musiqi aləti, ya da çiyinlərində idman çantası görmək olardı. Balaca Səyavuş da əvvəlcə musiqini seçir. Tar sinifində 3 il təhsil aldıqdan  sonra könüllü olaraq dram dərnəyinə keçir. Və böyük sənətkarın uzun snət yolu burdan başlayır. Hər zaman üzümüzü güldürən bu insanın həyat hekayəsi bir o qədər də ürəkaçan deyil. Uşaqlığı müharibə illərinə təsadüf edən Səyavuş öz dövrünün ağrı-acılarını, yoxluğunu kiçik çiyinlərində daşımalı olur.

Səhnəmizin “Çarliston”u Ofeliya Aslanla ailə quran Səyavuş Aslanın ailə həyatı da yarımçıq bitir. Bəzən həddindən artıq sevilmək də insanın başına bəla olur. Elə Səyavuş Aslanın qadın pərəstişkarlarının çox olması, onun haqqında şaiyələrin yayılmasına gətirib çıxardır. Səngimək bilməyən söz-söhbətlər bu ailənin dağılması ilə nəticələnir.

Ancaq onların bir-birinə olan sevgiləri ölən günə qədər bitmir. Ayrılsalar da ömürlərinin sonuna kimi bir evin içərisində qonşu kimi yaşamağa davam edirlər.

Bu böyük sevgi özünü, həm də Ofeliya xanımın ölümü zamanı göstərir. Ofeliya xanımın dünyadan köçməsi Səyavuş Aslanı həddindən artıq sarsıldır. Onu sağalmağa qoymur. Son müsahibələrinin birində  etdiyi bu etiraf isə məni çox kövrəltmişdi: “Ofeliyanın yoxluğu onun nə qədər dəyərli olduğunu, nə qədər sevimli olduğunu düşünmək üçün mənə imkan verdi. Bu, çox qəribə bir hissdir, insan bunu zamanında dərk edə bilsə, bəlkə də heç səhv etməzdi”.

Həyatında bir sıra çətinlikləri, xoşagəlməz xatirələri olsa da tale Səyavuş Aslanı  bir sənətkar kimi çox gözəl mükafatlandırır. Qısa müddətdə o kino, teatr sənətində özünü təsdiq edir və rejissorların imtina edə bilməyəcəyi bir aktyora çevirilir. Özünün də dediyi kimi o sənət aləmində xoşbəxt bir sənətkar idi: “Mən teatr aləmində həmişə xoşbəxt olmuşam. Həmişə istədiyim yerdə olmuşam, istədiyim yerə aparıblar, gətiriblər. Bircə Ofeliyayla yaşadığım illəri yadımdan çıxara bilmirəm, gərək o, mənimlə belə etməyəydi”.

Amma ailə həyatının yarımçıq qalması, onu bu düşüncəyə vadar edir: “Teatr aləmi bizə və sevgimizə düşmən oldu”.

“Sənətə gələndə ən böyük arzum alqış qazanmaq və sevilmək idi” deyən aktyora Allah bu böyük sevgini bəxş etmişdi.  Azərbaycanda Səyavuş Aslanı tanımayan, bir kəlimə də olsun onun obrazlarının dialoqundan sitat bilməyən insana rast gəlmək çətin olar. Bütün sənət dostları onun ürəyiyumşaq, həlim xarakterə malik, yüksək insani keyfiyyətlərə malik bir insan, görkəmli sənətkar kimi xatırlayır.

Bu gün doğum günündə onu anmaq üçün dəfn edildiyi II Fəxri Xiyaban yollandıq. Gördüyümüz mənzərə ürəkaçan olmadı. Ən azından bir neçə sənət adamının onu doğum günündə anmasını xəyal etmişdim. Fikirləşdim ki, bəlkə gəlib gediblər. Xiyabanda nəzarətçidən soruşdum ki, bu gün Səyavuş Aslanın məzarını ziyarət etmək üçün sənət adamlarından kimlər gəlmişdi? Aldığım cavab: “Heç kim gəlməyib. İki nəfər gəlmişdi, onlar da sənətçi deyildi. Deyəsən qohumları idi”.

Xəstələndiyi günlərdə Səyavuş Aslan səhnədən ayrılıb ev şəraitində müalicə alanda da sənət dostları onu tək qoymuşdu. Son müsahibələrinin birində sənət dostlarının yanına  gəldiyini deyən aktyorun  söhbətinə müdaxilə edən baxıcısı 7 ay ərzində onun yanına heç bir aktyorun gəlmədiyini deyəndə "qarayı-qaraya tutmayan" sənətkarın reaksiyası bu olur: “Gəlirlər, sadəcə olaraq sən aktyorları tanımırsan”... Bəli o heç kimdən incimirdi, küsmürdü. Bəlkə də küsürdü, amma sevgisi kimi incikliyini də biruzə verən insan olmadı.

Məzarı başında onunla bağlı xatirələrini paylaşacaq, haqqında söhbətləşəcək kimsəni tapa bilmədik. Qərənfilləri məzarı üzərinə qoyub “Ad günün mübarək böyük sənətkar” dedik və yağış yağdı...

Günel Musa

Foto Nuranə Novruz









5 Sentyabr, 2014  13:57 Baxılıb: 5136 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner