Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Küçələri üfunət qoxan Paris - REPORTAJ

Hər zaman dünyanın ən gözəl şəhərlərindən biri kimi tərifi göylərə qaldırılan Parisə, xüsusilə yay mövsümündə gedilərsə şəhəri bürüyən üfunət iyinin müşaiyəti ilə əsl mənzərəni görmək 2000 illik bir tarixə sahib Paris haqqında fikirləri dəyişmək üçün yetərli ola bilər.

Əgər Parisə getmək sizin də ən böyük arzularınız sıiyahısına daxildirsə, o zaman getdiyiniz zaman qarşılaşacağınız xəyal qırıqlığına hazır olmalısınız.

Hardasa bütün küçələri üfunət iyi verən bir şəhərdir Paris. Şəhərə girən turistlərin diqqətini Eyfel qülləsindən əvvəl bu qoxu çəkir. Yağış yağmasa da, küçələrin yaş və siqaret kötükləri ilə dolu olduğunu görəcəksiniz. Çünki Parisdə küçələri süpürmək əvəzinə yuyurlar. Səki kənarlarından axan çirkli sular eybəcər mənzərə yaradır. Demək olar ki, küçələrin istənilən səkisində it-pişik pisliklərinə rast gəlmək mümkündür. Anlayacağınız Parisdə heyvanlara verilən dəyər insanlara verilən dəyərdən bir pillə yuxarıdır. Heyvan sevgisini qəbul edirəm, amma bu iyrəncliyin nə olduğunu, şəxsən mən anlaya bilmədim.

Paris metrolarına enməzdən əvvəl əleyhiqaz taxmaq məsləhətdir. Çünki şəhərin mərkəzi küçələrindən gələn həmin üfunət qoxusu metrolardan da yan keçmir. Hətta hava dövriyəsi zəif olduğu üçün metrolardakı bu qoxuya dözmək mümkün deyil. Şəhərdə evsiz insanların sayının çox olması da diqqətdən yayınmır. Çünki metrolar axşam saatlarında otelə çevrilir. Bu şəhərdə sərxoşlar, evsizlər ayaqyolu axtarmaq dərdinə düşmür. Küçə ortasında təbii ehtiyaclarını ödəmək fransızlar üçün adi haldır. Bizim Avropa havasına yellənib uçan həmvətənlərimiz, bax budur əsl Avropa mədəniyyəti

“Tolkuçka” Luvr və hamam-tualetsiz Versal

Şəhərin natəmiz mənzərələri bununla bitmir. Siz hətta Parisdə dəmir yolu stansiyalarında burnunu silib kağız dəsmalları relslərin üstünə atanları, maşının baqajındakı zibilləri küçə ortasına tökənləri, öz qapısını təmizləyib, qonşusunun qapısının ağzına zibil silkələyənləri də görə bilərsiniz.

Məşhur Luvr muzeyinin həyətində gördüyüm mənzərə isə avropalıların bizlərdən heç bir üstünlüyə malik olmadığı haqqındakı fikirlərimə güclü bir təkan oldu. İkinci əl geyimlərin pərakəndə, səliqəsiz şəkildə satışı, Avropa səliqə-səhmanından qətiyyən xəbər vermirdi.

Yerlərdə qələmdən tutmuş, dırnaq qayçısına qədər hər şeyin satıldığı küçə bazarları isə “Fransız xalqı kef” edir bumunu dağıdır. Yoxsulluq bu insanların üzlərindəki ifadələrdən bəlli olur və ən maraqlısı isə yoxsulların sayının təxmin edilməyəcək dərəcədə çox olmasıdır.

Fransanın ən möhtəşəm, tarixi memarlıq abidələrindən biri olan, YUNESCO-nun Dünya Miras Siyahısına daxil olan Versal Sarayında ayaqyolu və hamam yoxdur. Möhtəşəm sarayın içərisindən gələn üfunət iyi sarayın həyətinə girər-girməz adamın burnunun dirəyini göynədir. Qoxunu aradan qaldırmaq üçün “parfüm” hazırlasalar da, bu işə yaramır.

Ayrılıqlar və soyuqqanlılar şəhəri

Parisin məhəbbət, eşq şəhəri olduğunu deyirlər. Düzdür şəhərdə tək gəzənlər azdı. Əl-ələ tutan, öpüşən cütlüklər üstünlük təşkil edir. Amma buna baxmayaraq, şəhərin statistikasına görə cütlüklərin tətilə gedib, ordan ayrılaraq geri qayıtdıqları şəhərlər sırasında birinci yeri məhz Paris tutur (ikinci yerdə Amsterdamdır). Kişiləri bizim kişilərdən daha sədaqətli görünürlər. Məsələn, yanlarında xanım olan kişilər başqa qadınlara gözlərinin ucu ilə də baxmırlar. İnsanları mədəni olsalar da Paris xalqının sevimsizliyi, soyuqqanlılığı şəhərin heç də qabardıldığı qədər xoş və romantik olmadığını, hətta fransızca bilmirsə insanın düşmən kimi qarşılandığı bir şəhər olduğunu göstərən əsas amillərdən biridir.

Fransızlar turistləri qətiyyən sevmirlər. Amma çətin vəziyyətə düşdüyünüz zaman sizə kömək etməyə çalışırlar. Fransız dilini bilsəniz gün sizin üçün yaxşı keçər. Ən azından sual verdiyiniz zaman tez cavab almaq üstünlüyünüz olar. Çünki fransızlar İngilis dilinə nifrət edirlər. Ümumiyyətlə bu insanların Amerika puluna və dilinə qarşı qəribə bir antipatiyaları var.

Parisdə tez-tez aksiya və mitinqlər olur. Əgər Paris şəhərində, bir dostunuzla görüşmək üçün sövdələşib və o görüşə gecikmisinizsə “mitinq vardı, ona görə gecikdim” yalanınından rahatlıqla istifadə edə bilərsiniz. Çünki həqiqətən də bu şəhərdə, demək olar ki, hər gün mitinq olur. Parisdə mitinq şəhərin həyat tərzinə çevirilib.

Növbəyə çox böyük önəm verirlər. Növbə sırası nə qədər-uzun olursa, olsun səbrlə öz növbənizi gözləməlisiz. Ağlınıza belə gətirməməlisiz ki, kimsə insaflı çıxıb öz növbəsini sizə verəcək. İşdi-şayət əgər kəmhövsələlik edib başqasının növbəsinə keçsəniz bu sizin ölümünüzə belə səbəb ola bilər. Fransızlar insanların çox olduğu məkanlarda yüksək səslə danışmağı sevmirlər. Küçələrdə yol polisi maşınlarına rast gəlmək mümkün deyil. Fransız polisləri küçələrə adətən velosipedlərlə nəzarət edirlər. Siqnal səsi hardasa tarixə qarışıb bu şəhərdə. Avtobusları çox olmayan bir şəhərdir. Ancaq buna baxmayaraq  insanlar bir-birinin üstündə mənzil başına çatmağı seçmirlər.

Ətirin vətənində ətir almaq xəyaldır

Şəhər eybəcər, natəmiz mənzərələrinə rəğmən çox bahalı şəhərdir. Hətta deyərdim ki, Londondan da bahalı şəhərdir. Təsəvvür edin 3 omlet və 3 portağal şirəsi 42 avroya başa gəlir. Qayğanağa bu qədər pul ödəyəcəyim ağlıma da gəlməzdi. Taksi tapmaq müşküldür. Tapdığına minmək üçün isə bir xeyli götür-qoy etmək məcburiyyətində qalırsan. Çünki  bu şəhərdə taksi ilə hərəkət etmək, vətənə qayıtmağa bilet pulu tapmamalqa nəticələnə biər. Ona görə də iy versə də metro seçimi cibinizin qayğısına qalmaq üçün unikal seçimdir.

Bir daha xatırladım ki, fransız xalqı Amerika dollarına nifrət edir. Fransaya getdiyiniz zaman  cibinizdə avro götürməyi unutmayın.

Ətirin vətəni olan Parisdə ətir almaq xəyaldır. Çünki qiymətlər fantastik dərəcədə bahadır. Bir də bütün dünyaya ətir paylayan fransızlardan nədənsə ətir qoxusu gəlmir. Qadınları çox baxımsızdırlar, eybəcər əlləri var. Məşhur Fransız manikürü deyilən dırnaqlara heç rast gəlinmir.

Bu da arzular, eşq-məhəbbət şəhəri Paris. Bu şəhərdə gözəl olan yeganə şey şəhərin arxitekturasıdır. Ən gözəli isə XXI əsr olmasına baxmayaraq, şəhərin qədimliyinə toxunulmamasıdır. Paris bir-birindən gözəl, qədim binalara sahib bir şəhərdir.

Əgər Fransaya bilet almaq fikriniz varsa iki dəfə düşünün. Yox artıq almısınızsa nə qədər ki, gec deyil səyahətinizi başqa ölkəyə dəyişin. Artıq hava limanındasınızsa o zaman keçmiş olsun...

Simsar.az

 







1 Sentyabr, 2014  13:04 Baxılıb: 2999 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner