Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Döyüşlərin çoxunu jurnalist kimi izləmişəm” - FOTOLAR

Bu gün Cəbrayıl rayonun işğalından 21 il ötür. İşğal omuş torpaqlarda doğulub böyüyən, o diyarın fəxrinə çevirilən insanların doğma yurdlarına xəyali səyahət etməyə davam edirik. Qonağımız Cəbrayılın Mahmudlu kəndində doğulub böyümüş yazıçı-publisist Elçin Hüseynbəylidir.

Mahmudlu kəndi

Mən Cəbrayılın Mahmudlu kəndində anadan olmuşam. Kəndimiz dəmir yolu və şose yolunun üstündə yerləşirdi. İrana, Ermənistana,  Naxçıvana gedən qatarların hamısı Mahmudludan keçirdi. Bu bizim bir qədər urbaniza olunmağımıza, sivil dünyaya daha tez qovuşmağımıza şərait yaratmışdı. Araz çayı da Cəbrayıl ilə sərhəddə yerləşirdi.  Amma Bala Araz düz bizim kəndin içindən keçirdi. Bağlı- bağatlı, bulaqlarla zəngin bir kənd idi. Bağlarımız, örüş yerlərimiz həddindən artıq çox idi. Mən hərdən düşünürəm ki, biz mülkədar olmuşuq xəbərimiz olmayıb. Elə təkcə bizim özümüzün beş kolxoz  bağımız vardı. Təkcə Göydərə deyilən yerdə Mahmudlu kəndinin hər ailəsinə orda torpaq payı düşərdi. Ondan əlavə bizim  dədə -baba yaylaqlarımız Sisiyan tərəflərdə idi. Sovet dağılandan sonra bizim dədə- baba torpaqlarımız qaldı o tərəflərdə.

Tarixi Abidələr

Cəbrayıl rayonu ərazisində çoxlu Şeyx abidələri, kurqanlar olub. 11 Tağlı Xudafərin körpüsü, Sultan Allahverdi hamamı vardı, şəhərin özündə XIII-XIV əsrlərə aid türbələr vardı.  Çələbilər kəndində Hacı Qaraman məzarı piri yerləşirdi. Dirili Qurbaninin məzarı da Cəbrayıl rayonu ərzisində idi.  Xudayarlı kəndində Türk qabiristanlığı yerləşirdi. Cəbrayıl rayonunu öznüdə tarixi abidə sayılan bir Çinar vardı yaşı çox böyük idi. Kəhrizlərimiz çox idi.  Cəfərabad  tərəfdə böyük kəhriz vardı ki, uşaq vaxtı onun hardan gəldiyini öyrənəmək istəmişdik. Bir dəfə  getdikcə, getdik və  gördük ki, bunun başlanğıcı gedib lap ziyarətgaha, dağ  tərəfə çıxır. Rus bulağı deyilən bir yer vardı görünür orda rusların zastavası  vardı ona görə adı belə gedirdi. Məhşur pirlər vardı adamlar ora gedirdilər. Xüsusən də ilin axır çərşəmbəsində niyyət olunub, arzu tutulub gedilirdi.

Sufilər məskəni: “Bizdə alıb satmağı haram hesab edirdilər”

Cəbrayılın ən böyük özünəməxsusluğu ondan ibarət idi ki, sufilər məskəni idi. Şeyx Həmzə Nigari uzun müddət Cəbrayılda olub. Cəbrayıl sufi məskəni olduğu üçün, camaatı mənəviyyat adamları olduqlarına görə onlarda bazar olmayıb. Yalnız rayonun özündə, dağın dibində “erməni bazarı” vardı. Bizdə alıb satmağı haram hesab olunurdu. Heç nəyi satmırdıq, ancaq pay verə bilərdik.  Pul yalnız heyvan satışında dövriyyəyə girərdi. Satırdılar, amma o pulu alan adam pulun üstündən müəyyən məbləği  götürüb müştəriyə qaytarardı ki, hallalıq olsun. Belə maraqlı bir adətimiz vardı. Ona görə də Cəbrayılın camaatı saf adamlar idi. Bizə kimi sufi məclisləri keçirilib Cəbrayılda, amma təssüf ki, bizim vaxtımızda elə məclislər olmurdu. Bizdə məscid olmayıb. Xəlvətxanlar olurdu ki, insanlar birbaşa kitabsız, axundsuz, mollasız Allahla  əlaqə yaradırdılar.

Xatirələr: “Qoyun quzu otaran, balıq tutmaq arzusunda olan bir uşaq idim mən nə bilirəm qız öpmək  nədi”

Bizim kənddə erməni yaşamayıb, bir ikisi vardı onlar da  stansiyada yaşayırdılar. Həmin stansiyada yaşayan erməni qızlarından biri də bizim sinifdə oxuyurdu. Adı Anaiti idi. Mənim “İlk öpüş” hekayəm var, o hekayə həmin Anaitə həsr olunmuşdu. Bağdan adlı bir sinif yoldaşımız vardı bir gün  gəlib qızlara demişdi ki, mən gördüm ki, Elçin  Anaitini öpdü. Deyiblər nətər gördün, deyib gördüm ki, Anaiti oturub peçin qırağında Elçin yaxınlaşdı onun üznüdən öpdü. Qız da ağlayıb özünü öldürür. Mən də donub qalmışam ki, axı belə şey olmayıb. Mən qoyun quzu otaran, balıq tutmaq arzusunda olan bir uşaq mən nə bilirəm qız öpmək  nədir?  Sonradan fikirləşdim ki, niyə məhz mən. Çünki sinifdə elə uşaqlar vardı ki, məndən daha  gözü açıq, yetişmişdilər. Necə oldu ki, mənim adım hallandı. Mənə elə gəlir ki, o bunu yuxusunda görmüşdü.  Sonralar mən belə nəticəyə gəldim ki, Bağdad məndən heyf çıxıb. O vaxtı mən iki coğrafiya  kitabı  almışdım birini ona 60 qəpiyə satmışdım o da bunun heyfini çıxırdı ki, niyə satmısan mənə kitabı. Axı bizdə satmaq haram idi. Bəlkə də sufi babalarımızın ruhu məni Bağdadın əliylə cəzalandırmışdı.

Ən yadda qalan hadisələrdən biri  də əmimgildən 2 manat oğurlamağım olub. Onda məktəbə getmirdim. Bir dəfə əmimgilə  getdim gördüm otaqda stolun üstündə iki təklik var. Onları götürüb bir dostum vardı onla getdim stansiyadan evə qənd, konfet özümə də bir  fıştırıq aldım. Denən sənə nə lazımdı evə qənd alırsan. Elə onla da tutuldum. Ondan sonra  bildim ki, bir şeyi icazəsiz götürmək oğurluq hesab olunur O gündən bəri bir çöpü də icazəsi götürmürəm.

Təamlar

Cəbrayıl zonasında dolmaların özünəməxsus dadı olurdu. Amma bu “Üç bacı” deyilən dolma bizdə heç vaxt bişirlməyib. Cücə, plov, maşdı plov,  dən dolması  bişirilərdi. Dən dolmasına yalançı dolma da deyilir. Ətsiz bişirilir, yaz vaxtı boyana, göyərti, düyüylə bişiridilər çox dadlı bir yemək növüdü.

Yuxular: “Həmişə yuxularımda görürdüm ki, kəndimizin böyründən axan bala Arazda su quruyub”

Tez tez gördüyüm yuxulardan biri balıqlarla bağlıdır. Mən həmişə yuxularımda görürdüm ki, kəndimizin böyründən axan bala Arazda su quruyub, balıqları  artıq yoxdu, yaxud da xəstədi suyun üstündə çabalayır. Mənə elə gəlir ki, torpağını itirən insanlar həmin balıqlara bənzəyirlər. Bu yaxınlarda isə mənə məyus edici bir məlumat verdilər ki, ermənilər Arazın kəndimizə gələn  su yolunu bağlayıblar. Görünür mənim yuxularımda gördüyüm suyu qurumuş Araz buna işarə idi.

İnsanların bir-birinə münasibətləri: “Biz daha çox sözə, mənəviyyata inanmışıq”

Bizdə insanlar arasında münasibətlər açıq idi. Çarşabda gəzmək bizdə olmayıb, ancaq  yaşlı qadınlar yad kişinin yanında yaşmaqlanardı. Amma qızlı-oğlanlı həmişə bir yerdə oynamışıq, dərs oxumuşuq. Qızlarla  laptı- laptı oyunu  oynayırdıq . O da bizim bir daha sufiliyimizin göstəricisi idi ki, biz daha çox  mənəviyyata, sözə inanıb, bir-birimizə arxayın olmuşuq, inanmışıq. Biz mahmudlular beynəlmiləl camaat olmuşuq. Bizdə rusa, erməniyə başqa milltələrə nifrət hissi olmayıb. Sərhədləri yoxlayan rus əsgərləri vardı ki, biz onlara üzüm, gavalı yığıb veridik, çörək aparırıdıq. Onlar da  bir buxanka çörəyə nişanlarını açıb bizə verirdilər. Kənd mühitində hamı bir- birini tanıyırdı. Bizdə yeganə təhlükəli yer bala Araz idi. Orda bir neçə uşaq batmışdı. Ona görə də adamlar uşaqlarını çox erkən yaşlarından üzməyi öyrədirdilər.

Cəbrayilda ermənilərə  münasibət: “Ermənilərdən qız alıb verməyə pis baxmışıq”

Erməniləri həmişə  azərbaycanlı kimi tanıyırdıq.  Düşünürdük ki, kürd, ləzgi kimi etniklərdilər. Amma ermənilərdən qız alıb verməyə pis baxmışıq. Ümumiyyətlə azərbaycanlı olmayan, başqa millətdən qız alıb- vermək qəbulolunmaz idi. Ancaq elə bir hadisə baş verəndə də tolerant yanaşırdıq, çünki artıq hadisə baş vermişdi. Amma “olmaz” tabusu  qalırdı. Bizdə hətta elə kəndlər vardı ki, sünni şiə məsələsinə görə bir-birimizdən qız alıb, qız vermirdik.

Qaçaq Hüseyn Alı: “Çox maraqlıdı ki babam öləndə dayısı ona Şuşa qalasından  bəraət kağızı alıb gətirib”

Bizim kəndimizdə çox məşhur nəsillər olub.  Bunlardan Mirzə Muxtar müəllimin adını eşitmişdim. O bizim kəndə oxuyub gələn ilk müəllimlərdən olub. Əli var idi haqqında danışırdılar ki, o vaxt  dərədə erməniləri qırıb. Mənim babamın özü də qaçaq olub. Qaçaq Hüseyn Alı. O, iki tərəfli qaçaq olub. Bir dəfə qan davası üstündə Mahmudludan  Aslandüzə keçib. Səbəb də bu olub ki, o vaxt Güneylilər gəlib gecələr bizim kəndi soyurdular. Onun üstündə babam dava eliyib bu taya keçmək istəyib. Ancaq düşmənləri babamı satmışdılar. Arazı keçəndə kazaklar onu  güllələmişdilər. Çox maraqlıdı ki, babam öləndə dayısı ona  Şuşa qalasından bəraət kağızı alıb gətirib.

Cəbrayılın son günləri : “Başıpozuq adamlar da vardı ki, camaatı vahiməyə salırdılar”

Hadisələr baş verəndə mən Bakıda Prezident Aparatında işləyirdim. Torpaqların getdiyini bəri başdan bilirdim. Çünki Bakıda əsasən hakimiyyət davası gedirdi. Başıpozuq adamlar vardı ki, camaatı vahiməyə salırdılar. Mən gedib araşdırdım məlum oldu ki, müəyyən səsgücləndirici vasitələrlə camaatı qorxudurdular ki, ermənilər gəldi qaçın. Bunu dəqiqliklə deyirəm. Həmin dövrdə kəndə getdim. Qardaşıma dedim ki, siz getməyin, amma arvad- uşağı şəhərə göndərin. Cəbrayıl da çox itgi verdi. İlk Milli qəhrəmanlarımızın ikisi də Cəbrayıldan olub. Elə adamlar oldu ki, axıra kimi kəndi tərk etmədlər.  Yura adında  bir oğlan vardı qardaşından avtomatı alıb, sona qədər kənddə qaldı. Bir də Bilal kişi vardı. O da demişdi ki, “erməni qələt eliyir, erməni kimdi ki, onlara görə evimdən çıxım”. Onların aqibəti necə oldu heç xəbərimiz olmadı.

“O vaxt jurnalist kimi müəyyən döyüşləri izləmişəm”

Qardaşım təzə ev tikdirirdi, dedim niyə tikdirirsən bu evi. O pulu saxla sabah ailənə lazım olacaq. Xocalı soyqrımı bizim adamların gözünü təmiz qırdı. O vaxt döyüşlərin çoxunu jurnalist kimi izləmişəm. Görürdüm ki, koordinasiya yox idi bir- birilərinə yalan satırdılar. Hətta yalan informasiya verirdilər ki, filan yüksəkliyi dağıtmışıq. Sonra məlum olurdu ki, belə bir şey olmayıb. Nizami ordunun olamamağına, siyasətçilərin hakimiyyət davasına xalq qurban getdi. Ermənilərdə bundan əclafcasına istifadə elədilər.

“Həyatım ağırıyır” bax o çox dəhşətli şeydir.

Mənim könlüm həmişə  Qarabağdadı. Heç cür ordan keçib bu tərəfə gəlmir. Adam öz kəndində, öz mühitində, öz aurasında olanda ola bilsin ki, onu doğru qiymətləndirə bilmir, amma zaman keçir sən o yerlərdən qoparılırsan və anlayırsan ki, sən o gözəl anları, gözəl mənzərəni, fərqli xarakterləri itirmisən. Bu işğal sırf coğrafi ərazi işğalı deyil, bu həm də bizim mənəviyyatımızın, dəyərlərimizin, ləyaqətimizin, insan mədəniyyətinin, qohumuluq, dostluq əlaqələrinin, təbiətə sevginin işğalıdır. Hər bir düşünən qarabağlının gözündə dərin bir kədər var. Vətən torpaq itgisi qədər ağır bir şey yoxdur. Qarabağlı olmayan Qarabağ ağrısını dərk edə bilməz. Qarabağlı olmayan, Qarabağda doğulmayan adamın dərdi tamam başqadır. Onlarınkı ümumi vətən dərdidir. Amma ömrünün əsas illərini orda keçirən insanlarınkı həyat dərdidir. Ənvər Məmmədxanlınını bir sözü var deyir “Həyatım ağırıyır” bax o çox dəhşətli şeydir. Torpaqların işğal olunacağını əvvəlcədən bilirdim ağır olsa də qismən hazırlamışdım özümü bu xəbərə. Amma deyim ki, eşitsəm ki, torpaqlarımız alınıb bəlkədə buna dözməz ürəyim. Sevincimdən partlayar.

Günel Musa

 






23 Avqust, 2014  09:29 Baxılıb: 2483 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner