Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Ateistlərin sayı artırsa, günahkar dindarlardır” - FOTOLAR

Neçə vaxtdır baş redaktorumuz İradə xanım Hacı Şahinlə görüşə gedəcəyimizi deyirdi. Bu görüş bizim üçün doğurdan da çox maraqlı idi. Lakin ilahiyyatçının işlərinin çox olması səbəbindən görüş bir az gecikirdi. Amma ləngiməsinə baxmayaraq görüşümüz alındı və biz Hacı Şahinlə görüşə yollandıq. Bizə elə gəlirdi, Hacının ofisi şəhərin ən görkəmli yerlərindən birində, cah-cəlallı bir ofis olacaq. Amma gözlədiyimiz kimi olmadı. İlahiyyatçı bizi binaların arasında, çətin tapılan bir yerdə, sadə, balaca bir ofisdə qarşıladı. Görüşün elə ilk dəqiqələrindən özümüzü tam sərbəst, sanki yaxın bir dostumuzla səmimi söhbətdəymişik kimi hiss etdik. Buna səbəb isə həmsöhbətimizin səmimiliyi və sadəliyi idi. Biz çox, Hacı tək. Yağdırdıq suallarımızı, çünki belə fürsət hər saat ələ düşən deyil. Hacı Şahin isə səbrlə, təmkinlə, ən əsası da səmimiyyətlə suallarımızı cavablandırdı...

“ “Mən döyüşə gedirəm” deyənləri anormal hesab edirəm”

- Son vaxtlar dünyada və ölkədə baş verən hadisələrdən xəbərdarsınız. Birinci Qarabağ məsələsindən başlayaq. Bu məsələ ilə bağlı mövqenizi bilmək istərdik?

- Bu barədə kifayət qədər mövqe bildirildi. İstər yazı şəklində, istərsə də bəyanatlarla çıxışlar oldu. Təmas xəttində atəşkəs ciddi şəkildə pozuldu, düşmən xeyli sayda itgi verdi. Bu haqda da müxtəlif mövqelər ortaya qoyuldu. Mən də belə düşünürəm ki, ordunun texniki təchizatı, hərbi qüdrəti ilə yanaşı,əsgərlərimizdə döyüş ruhiyyəsinin olması zəruridir və biz bu məsələyə də mənəvi yöndən yanaşırıq. Yəni fədakarlıq olmalıdır. Baş verən son hadisələrdə biz Azərbayacan gəncinin fədakarlığının bir daha şahidi olduq və gördük ki, Azərbaycan xalqı bu döyüşə mənəvi baxımdan tam hazırdır. Düşünürəm ki, bu da  çox önəmli məsələdir. Sorğular zamanı insanların bu məsələyə münasibətində də bunun şahidi olduq ki, insanlar, gənclər hər hansı bir vasitə ilə Azərbaycan torpaqlarının azad olunmasının tərəfdarıdır. Bu barədə bədbinliyə qapılanlar da oldu. Müxtəlif bədbin mövqe ortaya qoydular azərbaycanlılar döyüşmək istəmir, torpaqları azad etməyə hazır deyil və s. Mən belə düşünürəm ki, istər hərbi qüdrət nöqteyi-nəzərdən, istərsə də mənəvi ruhiyyə baxımından bu gün biz ermənilərə üstün gəlirik və şübhəsiz ki, burda dinimizin də rolu var.

Bu gün biz yad mədəniyyətlərin təsirinə məruz qalırıq. Kütləvi İnformasiya Vasitələrində daha çox bayağılığın təbliğ olunduğu bu günlərdə şəhidlərimiz bizə yenidən öz milli kimliyimizi xatırlatdı və bizi yenidən o dəyərlərə qaytardı. Mən bu hadisələrdən çıxış edərək, bu məsələyə nikbin yanaşıram. Təbii ki, məsələnin siyasi tərəfləri də var. Ancaq mən siyasi məsələlərə çox daxil olmaq istəmirəm. Bəzən bu “lazım gələrsə” sözü çox işlənir və artıq dəyərdən düşür. Amma mən doğrudan da düşünürəm ki, Azərbaycan xalqı öz torpaqları uğrunda mübarizə aparmağa qadirdir. Bu şişirdilmiş sözlər deyil. Bunu öz müşahidələrim və son hadisələr də göstərdi ki, cəmiyyətdə ruh yüksəkliyi var.

- Ancaq proseslər elə inkişaf etdi ki, o hay-küy sükutla əvəz olundu. Necə düşünürsünüz, bu insanlarda ruh düşkünlüyü yaratmaz?

- Bu məsələlər bir az da eyforiya ola bilər. Bu da təbiidir. Mən heç də hər deyilən sözü ciddiyə almağın tərəfdarı deyiləm, amma bir daha təkrar etmək istəyirəm ki, mən insanların ruhunda dirçəliş gördüm. Bəzi insanlarda səmimi şəkildə hazırlıqlar oldu. Məsələnin səngiməsi isə proseslərdən asılıdır. Əməliyyatlar dayandırıldı, danışıqlar prosesi davam edir.Yəni bu tam olaraq insanların əlində olan bir şey deyil, burada siyasi qərar da olmalıdır və bizlər d bunun mənsuliyyətini  anlamalıyıq. Müharibə təkcə hərbi məsələ deyil, qeyri-siyasi bir qərardır. Burda müxtəlif amillər də nəzərə alınmalıdır. Azərbaycanın bu günkü mövqeyi üçün döyüş qərarı vermək düşündüyümüz qədər də asan məsələ deyil. Çünki burda nəniki regionlarda, hətta bütün dünyada gedən proseslər nəzərə alınmalıdır. Amma düşünürəm ki, zərurət yarandığı an buna hazır olduğumuzu nümayiş etdirdik. Yenə zərurət yaranarsa biz bunu əməli şəkildə təsdiq edəcəyik. Ermənistanda müharibə əleyhinə keçirilən aksiyalar da onu göstərdi ki, erməni xalqında döyüşmək həvəsi, gücü yoxdur. Amma bizdə tam əksi baş verdi. Bu da təbiidir. Çünki işğal altında olan torpaqlar bizimdir. Onların ititirəcək heç bir şeyi yoxdur.

- Siz torpaqların hansı yol ilə azadlığının tərəfdarısınız?

- Hər halda mən hərb tərafdarı deyiləm. Ümumiyyətlə dinlər insanları hərbə deyil, sülhə səsləmək üçündür. Amma hərb bəzən zərurətdən doğur, bəzən hərbsiz normal həyata davam etmək mümkün olmur. Belə olduğu halda bir xalqın, bir millətin öz torpaqlarını, öz dəyərlərini qoruması zərurətə çevrilir.

- Qarabağla bağlı son hadisələrdə vəhabilər bidirdi ki, müharibəyə gedib döyüşməyə hazırıq. Belə bir zərurət yaranarsa onlar həqiqətən də Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün getmiş olacaqlar?

- Hər bir insan Azərbaycan vətəndaşıdırsa Azərbaycan vətəndaşı olaraq bu döyüşlərdə iştirak etməlidir. Qrup halında toplanıb “mən döyüşə gedirəm” deyənləri anormal hesab edirəm. Əgər döyüşə hazırsansa bunu şou şəklinə salmağa  ehtiyac yoxdur. Ümumiyyətlə qütbləşməyin əleyhinəyəm. Hesab edirəm ki, Azərbyacan əhalisinin əksəriyyəti inanclıdır. Amma inanclı olmaq namaz qılmaqla deyil. İnsan Allaha inanır, Quranı qəbul edirsə artıq inanclıdır. Yəni inanclıları, şiələri, sünniləri, sələfiləri ayrıca bir qrup kimi qəbul etməyin əleyhinəyəm. Bəzən bu addımlar da görüntü xarakterli olur. Mən təəssüflə bunu qeyd etmək istəyirəm ki, sosial şəbəkələrdə bu cərəyanın təmsilçiləri tərəfindən şəhidlərimiz təhqir olunur. Onlar deyirlər ki, bu şəhidlər Allah qapısında şəhid sayılmır. Bəziləri də sonradan, sanki görüntü üçün belə bir bəyanat verdilər ki, sələfilər də bu döyüşə hazırdır. Mən ümumiyyətlə bu tip ifadələrin əleyhinəyəm. Azərbaycanın hər bir vətəndaşı torpağını qorumalıdır. İnanclı, inancsız olmasından asılı olmayaraq.

- İslamda şəhidliyin fəlsəfəsi nədir?

- İslamda şəhidlik  məqsədsiz ölüm deyil. Bu gün şəhidlik məhfumunun özündən də istifadə olunur. Görürsüz ki, insanlar bəzi münaqişələrə cəlb olunur. Cihad adı altında, məzhəblər arası savaşlarda öldürülən insanlara şəhid statusu verilir. Amma İslamda şəhidliyin fəlsəfəsi ondan ibarətdir ki, insan öz dəyərlərini, torpağını,vətənini qoruyub, məqsədini bilib, məqsədli şəkildə mübarizəyə qalxır və canından keçirsə bu yüksək bir rütbədir. Yəni insan ölməzliyi əldə edir. Bu inancın çox müsbət təsiri var. Əslində bu döyüş tələb etmək deyil, şəhidliyi sevmək sülhün təminatçısıdır.Əgər bir xalqın evladları şəhidliyə hazırdırsa düşmən cürət edib ona hücüm edə bilmir və nəticədə sülh təmin olunur. Yəni insanlar əmin-əmanlıq içərisində yaşamaq üçün, şəhidliyə hazır olmalıdır.

- Müharibədə ölən hər insan şəhid sayılırmı?

- Şəhid haqq yolunda ölən, öldürülən insandır. Hətta bir insan döyüşə gedərsə düşmən tərəfindən deyil qəzaya uğrayarsa o da şəhid hesab olunur, çünki niyyəti şəxsi mənafeyi ilə bağlı olmayıb. Bəzən döyüşdə kimsə şəxsi mənafeyi üçün- ad, san üçün döyüşərsə o insanlar şəhid sayılmır, amma insan torpaqları qoruyursa haqq yolunda canından keçirsə o şəhid sayılır. Hədislərimizdə qeyd olunur  ki, elm dalınca gedən insan yolda təbii əcəllə dünyada köçərsə şəhid sayılır.

“Torpaq uğrunda döyüşmüş insanın intihar etməsini zəiflik hesab edirəm”

- Ön cəbhədən danışdıq bir azda arxa cəbhədən danışaq. Bir neçə gün bundan əvvəl Prezident Aparatının qarşısında iki müharibə veteranı özünü yandırdı. Buna münasibətiniz necədir?

- Özünü yandırma hallarının artması şəxsən məni çox məyus edir. Özünü yandıranların çoxunun qəhrəman kimi müsbət yöndə təbliğ olunmasını düzgün hesab etmirəm. Təbii ki, cəmiyyətdə problemlər var və bunların həllinə çalışmaq lazımdır. İntihar bir mənalı olaraq çıxış yolu deyil. İstər dini nöqteyi-nəzərdən, istər məntiqi nöqteyi- nəzərdən insanın özünə qəsd etməsi onun acizliyinin göstəricisidir. Düzdür bunu əsaslandırmaq olar ki, insan əlacsızlıqdan bu üsula əl atır. Amma hər halda güclü insan ən çətin dönəmdə belə intihara  əl atmaz. İnsan ümidini itirməməli və bütün çətinliklər insanı əslində ruhən möhkəmləndirməlidir. Hər halda mən belə düşünürəm. Hətta canını təhlükəyə atmış, torpaq uğrunda döyüşmüş insanın intihar etməsini zəiflik hesab edirəm. Amma  düşünürəm ki, qazilər dəyərləndirilməlidir. Azərbaycanda, həm şəhidlərə, həm də döyüşlərdə iştirak etmiş insanlara dəyər verilməlidir. Son dövürlərdə bu istiqamətdə də müsbət dəyişikliklər görürəm. Şəhid ailələri ilə bağlı dövlət qurumlarının diqqətinin artmasının şahidiyəm. İndi şəhidə verilən dəyər əvvəlki dövrlə müqayisədə çox artıqdır. Problemlər də var və düşünürəm ki,bu problemlər daha çox kütləvi informasiya vasitələrində qabardılmalıdır. Bütövlükdə cəmiyyət  sahib çıxmalıdır o qazilərə. Onların sosial problemi olmamalıdır. Sosial baxımdan ən çox  təmin olunmuş insan qruplarından biri də Qarabağ uğrunda döyüşən insanlar olmalıdır. Amma hər halda problemin çözüm yolu intihara əl atmaq deyil. Hətta intiharın dəbə düşməsinin şahidi olduq Bir müddət bundan öncə də bu hal baş verdi və  intihar edən insan az qala qəhrəman səviyyəsinə qaldırıldı. Mən bunun qəti əleyhinəyəm.

- Tez-tez cəmiyytimizdə iyrənc hadisələrlə rastlaşırıq. Sovet dövründə məscidlər sökülür, insanlar ibadətdən, dindən uzaqlaşdırılsa da, cəmiyyətdə insanlar bu qədər iyrənc deyildi. İntiharlar, zorlama hadisələri və hətta ailə daxilində zorlama hadisələri. İnsanların bu qədər azğınlaşmasına səbəb nədir?

- Ramiz Rövşənin çox maraqlı bir fikri var. O, deyir ki, biz koservləşmiş bir vəziyyətdə yaşayırdıq. Qapalı mühit mikrobun daxil olunmasının qarşısını alır. Təbii ki, qapalılıq mənfi haldır, amma yeganə müsbət cəhəti ondan ibarətdir ki, kənardan zərərli şeylərin də daxil olmasına imkan vermir. Amma indi dünyaya inteqrasiya oluruq, qloballaşan dünyada təbii ki, bu olanlar qaçılmazdı. Ümumiyyətlə dünyada qloballaşma prosesi gedir, dünya darlaşır. Sanki insanlar vahid bir ailə kimi yaşayır və müsbət dəyərlərlə yanaşı mənfi tendensiyaların da şahidi oluruq. Cəmiyyət dünyaya açıldıqca dünyanın mənfi meyilləri də həyatımıza daxil olur. Bunlar hamısı inteqrasiyanın fəsadlarıdır. Ona görə də biz düşünürük ki, dünyaya inteqrasiya olunan bir xalq mənəvi immunitetə malik olmalıdır, yəni onu yad təsirlərdən qoruya biləcək bir süzgəc olmalıdır ki, fəsadların qarşısını ala bilsin.

- Bəlkə də dünyadan təcrid olmalıyıq.

- Çıxış yolu təcriddə deyil. Müasir dövrdə təcriddə yaşamaq olmaz. Dünyaya açılmalıyıq, amma bu mənfi meyillərin qarşısının alınması üçün milli-mənəvi dəyərlərimiz var. Biz özümüzü milli kimliyimizlə tanımalıyıq, özünə qaydış prosesi ilə dünyaya yanaşmalıyıq. Yəni bu proseslər bir-birini müşahidə etməlidir. Biz dünyaya kim olaraq açılırıq, öncə öz kimliyimizi müəyyən etməliyik və bu kimliyimizdə milli-mənəvi dəyərlərimizin rolu olmalıdır.

- Cəmiyyətdə bu immuniteti saxlamaq üçün əsasən hansı addımlar atılmalıdır?

- Cəmiyyətdə immuniteti saxlamaq üçün öz dəyərlərimizi gənclərimizə aşılamalıyıq. Gənclərimiz müasir dövrün tələblərinə uyğun səviyyədə inkişaf etmiş insanlar olmalıdır, eyni zamanda da öz ənənələrinə, mənəviyyatına sadiq insanlar kimi yetişməlidir. Mən onu da vurğulamaq istəyirəm ki, kütləvi informasiya vasitələri bəzən mənfilikləri daha çox qabardır. Hətta bu dövlət səviyyəsində də qeyd olundu. Mətbuatın ən çox səsləndirdiyi fikir budur ki, “bu reallıq varsa niyə də göstərməyək”. Amma mən hesab etmirəm ki, hər var olan şey qabardılmalıdır. Psixoloqlar da təsdiqləyir k, kriminal mahiyyətli proqramların artması əslində cinayətin artmasına gətirib çıxardır. Biz belə düşünürük ki, cinayətkar cəza alıbsa və bu nümayiş olunursa bu cinayətlərin qarşısını alar. Amma psixoloqlar bunun əksini deyir. Ona görə də xəbərin təqdimatına fikir vermək lazımdır Pozitiv şeylərin işıqlandırılmasına ehtiyac var. Düzdür insanlar pozitivdən çox neqativə meyillənirlər. Hansısa bir cinayət xəbərinin oxunma sayı daha çoxdur. Amma hər halda biz ictimayi rəyi yönəltməyi bacarmalıyıq.  Daha çox mətbuat nümayəndələri, ümumiyyətlə səlayətli insanlar bunu formalaşdırmalıdır. Cəmiyyətdə müsbət yüklü  xəbərlərin yayılmasına ehtiyac var. Mən hətta özüm monitorinq aparıb görmüşəm ki, saytlarda faciələr daha çox qabardılır. Daha çox qabardıldığına üçün də çox oxunur. Partlayışlar, terror aktları digər mənfi yüklü hadisələr. Düşünürəm ki,mətbuatın bu məsələlərdə rolu böyükdür. Hər halda xəbər rəqabətinə görə, reytinq qazanmaq naminə bu tip xəbərləri tirajlayıb yaymaq doğru deyil. Hətta bu xəbərlər bəzən şişirdilir, bəzən həqiqəti əks etdirmir. Əlbətdə cəmiyyətdə bu varsa bunu tam gizlədək demirəm. Fikrim bundan ibrətdir ki, bunlar reklam olunmasın. Təbii ki, bunu da hansısa bir qərarla tənzimləmək olmur. Biz deməklə məsələ düzəlmir, ama hər halda səslənirsə yəqin nəticə çıxaranlar da olar. Əgər bu məsələyə dövlət başçısı da münasibət bildirirsə deməli məsələ bir qədər aktualdır. Bu gün dünyada fikirlərin manikuliyasiya olunması problemi var. Xəbərlər vasitəsi ilə istəniləm bir ölkədə dağıdıcılığı təbliğ etmək üçün bu tip xəbərlərin tirajlanma praktikası var. Yəni cəmiyyətdə hər çıxan xəbəri tirajlamaq olmaz, üzərindən su kimi keçmək lazımdır.

“Ateistlərin sayı artırsa, günahkar dindarlardır”

- Son zamanlar atestlərin sayı artıb. Bilmirəm sosial şəbəkələrdə izləyirsiz ya yox, ateist düşüncəli insanların statuslarında dini təhqirlərə yol verməsinə bir din xadimi kimi reaksiyanız necədir?

- Atestlərin cəmiyyətdə mövcudluğunu normal qəbul edirəm. Ateistlərin sayı artırsa, günahkar dindarlardadır. Çünki dini düz təqdim etmirlər. Din düzgün təqdim olunarsa ateistlərin sayı azalar. Din xadimlərimizin dini təqdim etməsində ciddi problem var. Hətta mən özüm bəzən din adı altında baş verən hadisələrə baxanda düşünürəm ki, görəsən din haqqında bu qədər məlumatlı olmasaydım dinə münasibətim dəyişərdimi? Dini olduğu kimi, müasir dövrün tələblərinə uyğun şəkildə təbliğ edən insanların sayı azdır. Bəzi hallarda da dindarların əməlləri ilə din eyniləşdirilir və insanlar bunu din kimi qəbul edirlər. Bu da dinə mənfi münasibətin yaranmasına gətirib çıxardır. Amma hər halda ateistlərin mövcudluğu bizi narahat etməməlidir. Çünki bütün cəmiyyətlərdə, istənilən dövlətdə  ateistlər var. Sadəcə dinə yönəlik iradları lazımi və düzgün şəkildə cavablandırmalıyıq. Bəzən ateistlər dindarları aqresivlikdə günahlandırırlar, ancaq biz ateistlərin aqresivliyi ilə də rastlaşırıq.

Xüsusilə son dövürlərdə ateistlərdə bir qədər kobudluq, aqresivlik müşahidə olunur. Sən Allaha inanmırsan və ya dini dəyərləri bölüşmürsənsə o sənə əsas vermir ki, kiminsə inancını təhqir edəsən. Təbii ki, bu qəbul olunan deyil. Amma eyni zamanda düşünürəm ki, bu da bir prosesdir, cəmiyyət inkişaf edir və dünyaya açılırıq. Müxtəlif fikirlər dəbə düşür, bəzi insanlar  dəb xatirinə ateist olur. Ateist olmaq səviyyəli insan olmaq kimi qəbul olunur.

- Ateizmlə bağlı düşüncələrinizi bilmək maraqlı olardı.

- Mən ateizmi Xurafat kimi qəbul edirəm. Yəni ateizim insanın öz təbiətinə, fitrətinə qarşı çıxması kimi dəyərləndirirəm. Amma hər halda təhqir etmək yol verilməzdir. Bu məsələlərdə inancılı insanları da qınayıram. Bəzən bu yanaşmaya bənzər bir yanaşma da dindarlar tərəfindən qoyulur və qarşı tərəflərə lənətlər yağdırılır. Quranda ümumiyyətlə düşünmüyən insanlar haqqında bu yanaşma var ki: “Onların gözləri, qulaqları möhürlənib”. Möhürlənmə burada insanların öz əməllərindən, haqqdan azması kimi verilir. Bu kateqoriyada olan insanlar var. Ancaq biz qarşımızdakı insanın bu katekoriyaya aid olub, olmamağını müəyyən edə bilmərik. Biz o zaman deyə bilərik bu insan möhürlənib o zaman ki, haqqı tam dəlil sübutla çatdırmış olaq, amma o qəbul etməsin. Quranda qeyd olunur ki: “Onlarla ən ən gözəl tərzdə mübahisə et!” Amma biz bəzən ən pis tərzi seçirik. İnsanlara hansısa dəyərləri çatdırırıqsa təbliğ üsulu da o dəyərlərə müvafiq olmalıdır. Quran bizə tək dini yox, hər şeyi gözəl şəkildə çatdırmağı tövsiyyə edir. Ona görə də burada dərəhal kiməsə lənət yağdırmaq lazım deyil. Bəzən bizə sual verilir biz o sualları cavablandıra bilmirik və  başlayırıq qarşı tərəfi ittiham etməyə.

Amma bir çox ateistlərin dinimizə tutduğu iradların cavab artıq verilib. Bəzən tutulan iradların o qədər də elmi çəkisi, əsası olmur. Ümumiyyətlə ateizm bir sıra amillərlə bağlıdır onlardan  biri də məsələyə səhv yanaşmadır. Məsələnin kökündəki yalnış anlaşılma düzəlsə bir çox sualların cavabları da verilmiş olacaq.

“Bəzən din xadimləri ixtilaf toxumları səpir”

- İslam ölkələrində məzhəb davaları, düşmənçiliklər geniş yayılıb. Müsəlmanlar arasındakı bu çaxnaşmanın yaranmasında qərbin barmağı olduğu fikri tez-tez səslənir. Siz necə düşünürsünüz?

- Ümumiyətlə dini zəmində yaranan münaqişələrin qarşısı alınmalıdır. Qərbin özündə də, Avropada məzhəb zəminində mübarizələr olub, hətta lap qabarıq şəkildə. Ancaq qərbdə bu məsələlər artıq öz həllini tapıb. Bu gün müsəlman dünyası bu ağrılı dönəmi yaşayır. Məzhəb savaşları hələ səngimək bilmir və bu da dinə səhv yanaşmağın nəticəsidir. “Mənim kimi düşünməyən, mənim düşmənimdir” prinsi  ilə çıxış edirlər. Təəsüflər olsun ki, müsəlmanlar içində radikallıq inkişaf edir və bunada rəvac verən dövlətlər var. Mən də düşünürəm ki, bu məsələdə bəzi dövlətlərin, qrupların maraqları var. Müsəlmanlar içərisində təkfirçilik, inkarçılıq ruhiyyəsi güclənsin və bunun üçün də həm dünyada, həm Azərbaycanda  bir sıra tədbirlər görülür.

- Azərbaycanda bu məsələ nə vəziyyətdədir?

- Azərbaycan doğrudan da din, dövlət və məzhəblər arasındakı münasibətlərdə tarazlığı qoruya bilən unikal dövlət madelidir. Azərbyacanın tarixində ciddi bir məzhəb münaqişəsi olmayıb. Bunu tarixçilər də təsdiq edir. Müasir dövrdə də belə bir qarşıdurma yoxdur. Amma kimlərsə ortalığı süni şəkildə qızışdırmaq istəyir və bunun qarşısı alınmalıdır. Xüsusilə də son vaxtlarda dini qurumlarda dövlət komitəsinin fəaliyyətində əsas pralitet məsələlərindən biri bu radikallıqla mübarizədir. Qafqaz Müsəlmanları İdarəsində mənim də iştirakçısı olduğum  bir sıra layihələr oldu.

Fərqli düşüncələr, fərqli yanaşmalar ixtilafa səbəb olmamalıdır. Qərbdə bunun nümunəsi var.  Quran bu məntiqi irəli sürür ki: dində məcburiyyət yoxdur. Hər bir insan öz düşüncəsini özü üçün qəbul edib. Sənin öz dinin var, mənim öz dinim. Yəni sənin fərqli düşünmə haqqını tanımalıyam, səni özüm kimi düşünməyə vadar etməməliyəm. Bu normal yaşam mədəniyyətidir. İnsanlarda bu mədəniyyət olmalıdır və bu mədəniyyəti insanlara aşılamaq lazımdır. Burda da din xadimləri məsuliyyət daşıyır. Amma bəzən din xadimləri ixtilaf toxumları səpirlər, çıxışlarında aqresivliyə rəvac verən bəzi addımlar atırlar. Üzdə, mətbuat üçün fərqli danışırlar, amma altda başqa, qarşıda başqa.

- İslamda əlibağlı adamın öldürülməsi var?

- Diri-diri insanın başının kəsilməsi vəhşilikdir. Bunu heç bir hökümlə əsaslandırmaq olmaz. Təsəvvür edin neynirlər. Maşnı saxlayıb deyir sən etiqadını mənə danış, Allaha inamını, namazı necə qıldığını izah et. Faktiki olaraq insanın əqidəsini təftiş edir, əgər onun görünüşünə uyğun gəlmirsə bu onun qanını halal hesab edir. Bu böyük bir vəhşilidir. Hətta Peyğəmbər ona daş atan xüdpəsəndlərə bəddua etmirdi. Peyğəmbərə daş atırdılar, alnını yaralayırdı, amma o oturub deyirdi: “İlahi mənim qövmümü doğru yola yönəlt. Onlar bilmədən bu işi gördülər”.

- Siz dünyəvi, yoxsa dini dövlətin tərəfdarısız?

- Onu xalq müəyyən etməlidir. Yəni Azərbaycanın bu gün inkişafı dünyəvi quruluşdadır deyə mən Azərbaycan dünyəvi dövlət madelinin tərəfdarıyam. Hər hansısa bir xalq dini quruluşun əleyhinə səs veribsə o da xalqın seçimidir. Amma Azərbaycanın mövcud reallıqlarına, xalqın seçiminə baxsaq doğrudan da Azərbaycanın inkişafını istəyiriksə bu gün seçim dünyəvi dövlətdən yana olmalıdır.

“Şou yaradacaq gücə malik deyiləm”

- Bu gün dindarlar arasında belə bir söz var: Hacı Şahinçilər. Buna münasibətiniz necədir?

- Kiminsə adı ilə, hansısa insanların şişirdilməsinin, hansısa cərəyanın yaranmasının əleyhinəyəm. Simpatiya ola bilər, amma bu məsələdə şişirtmələrə yol verməyə ehtiyac yoxdur. Kiminsə adını Hacı Şahinçilər, yaxud da filankəsçilər kimi hallandırmaq yalnışdır. Biz çalışırıq dini dəyərlərimizi, mənəvi dəyərlərimizi xalqa çatdıraq. Ümumiyyətlə insanların ilahiyyatçılara rəğbətinin olması müsbət bir haldır. Burdan gənclərə müraciət edib demək istəyirəm ki, bu məsələlərdə ifrata varmasınlar. Rəğbət etdikləri insanların sözlərini əmələ çevirməyə çalışsınlar. Mən hər zaman qeyd etmişəm ki, bu gün biz həyatda özümüzə ancaq ağıl və məntiqlə yol seçməliyik. Kor-korani itaət bizim dinimizin ruhu, məntiqi ilə ziddiyyət təşkil edir. Hətta bu mənə qarşı olsa belə  mən belə kor-korani bağlılığı inkar edir və bunu qeyri-normal hesab edirəm.

- Son zamanlar cəmiyyətdə sizinlə bağlı səs-küylü hadisələr baş verdi. Sizə sui-qəsd olunmasını şou adlandıranlar da oldu. Necə düşünürsünüz, bu olanların sizə qarşı qısqanclıqla əlaqəsi varmı, yoxsa doğurdan dasizə qarşı hazırlanmış təxribat idi?

- Təhdidlərlə bağlı artıq Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmişəm və o insanlar artıq saxlanılıb. Məhkəmə də keçirilib. Mən şou yaradacaq gücə malik deyiləm. Belə hadisələr həqiqətən baş vermişdi. Məşədi Dadaş məscidində hadisə törətməyə çalışan insanların görüntüləri də var idi və sosial şəbəkələrdə yayımlanmışdı. Sonra  tədqiqat aparıldı və onların  qrup halında olduğu məlum oldu. Artıq o insanlar mənsuliyyətə cəlb olunublar. Mətbuata ötürülən o informasiyalar çox vaxt imzasız məktub şəklində ötürülür, məktubun içərisindən həmin kontekstdəki fikirlər çıxarılaraq verilir. Düşünürəm ki, məni fiziki məhv etmək fikirləri alınmadı deyə, keçiblər mənəvi təzyiqlərə. Bunlar hamısı məni gözdən salmaq üçün müəyyənləşdirilmiş addımlardır.

- Hər insan fətva verə bilərmi?

- Mənim ümumiyyətlə fətva vermək səlayihətim yoxdur.  Fətva vermək üçün şəriyyət elmində müəyyən bir rütbəyə çatmaq lazımdır. Fətva sözü indi bir qədər ucuzlaşıb. Hansısa bir insanın fətva verməsinin xəbərlərdə getməsi belə yalnışdır.

Simsar.az

(ardı var)

 






21 Avqust, 2014  11:51 Baxılıb: 5192 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner