Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tovuzun mərd qızı Aşıq Samirə ilə ön cəbhədən – ÖZƏL REPORTAJ – FOTOLAR – VİDEO

Müxənnət ölkəsi talansın gərək!

Leş-leşin üstünə qalansın gərək!

(“Koroğlu” dastanından)

 

Vətən haradan başlanır? Torpaq sevgisi hansı sözlərlə izah olunur? Şəhidlikdən uca zirvə varmı? Bu kimi sualları özünə ünvanlayan yüzminlərlə gəncdən biri kimi, son günlər Ermənistanın cəbhə bölgəsində həyəcan yaratmaq istəyi haqlı olaraq məni də qıcıqlandırırdı. Ön cəbhədə vuruşan oğullarımızın düşmən gülləsinə tuş gəlməsi ilə bağlı məlumatları sosial şəbəkələrdəki profillərimdə yazmaq, yaşadığım ağrını sözlərə çevirmək yeganə təsəllim idi...

 

Sadəcə bir zəng hər şeyi dəyişdi. “Günlərdir yazdıqlarını oxuyub, ürəyim parçalanır. Keçirdiyin hisslər mənə çox tanışdır. Tovuza - baba yurduma, cəbhə bölgəsinə getmək istəyirsənsə, bir neçə saatdan sonra yola çıxıram, bərabər gedək”- avqustun 12-i günorta saatlarında tanınmış aşıq dostum, Azərbaycanın əməkdar mədəniyyət işçisi, Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru Samirə Əliyevanın (Aşıq Samirə) telefonda dediyi bu sözləri eşidəndə uçmağa qanadım olmadı.

 

Valideynlərimi təlaşlandırmamaq üçün çəkilişlə bağlı Tovuza getmək istəyimi söylədim. Anamın “cəbhə bölgəsinə gedirsən?”-sualı nigarançılığından xəbər verirdi. Xeyir-dua verməkdən başqa yolu olmadığını gözəl anladığı üçün evdən çıxanda təkcə bunu eşitdim:“Allah amanında!”

 

Çox keçmədi ki, Bakının mərkəzində Samirə ilə görüşüb, idarə etdiyi avtomobili ilə yola çıxdıq. “İnsanı səfərdə tanı” misalını  sözün yaxşı mənasında sənətinə aşiq olan dostumun ünvanına yazıram. Bir neçə saat davam edən yolu onun maraqlı söhbətlətləri qısaltdı yazsam, daha düzgün olar.

 

Bəli, artıq bütün yollar Tovuza çatdırırdı. Gecə yarısı işıqlarla bəzədilən əzəmətli Tovuz qalası insanda sözlərlə izah olunmayacaq xoş təəssüratlar yaradırdı.

 

Tovuza ilk dəfə gəldiyim üçün şəhərlə əlaqəli saysız-hesabsız sualarımla bəlkə də  Samirəni yorurdum. Doğulduğu el-obasının səfalı təbiətindən söhbət açan aşıq, qalacağımız “Ayan Palace” otelinə qədər şəhərin mənzərəli məkanlarını mənə göstərməyə çalışırdı.

 

Beləcə otelə çatdıq. Bir neçə dəqiqə keçmədi ki, şəhərin mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradov “xoş gəldiniz” üçün bizi görməyə gəldi. İllərdir səhiyyə sahəsində layiqincə xidmət edən Paşa müəllimlə çox yaxşı həmsöhbətə çevrildik.

 

6 saata yaxın sükan arxasında olması Samirəni yorduğu üçün o, öz otağında dincəlməyə getdi. Mən isə həkimlə sağollaşıb yatmağa yox, otelin gecə növbəsində çalışan tovuzlu gənclərlə tanışlığa başladım. Güllə-borandan qətiyyən çəkinməyən gənclərin fikirlərini bir cümlə ilə belə yazıram: “Biz döyüşə hazırıq!”

 

Səhəri dik gözlə açdım. Deyəsən Samirə də yata bilməmişdi. Telefonda “sən də yatmamısan?” deməsi yanılmadığımı isbatladı. Tələsik səhər yeməyi yeyib, konsertin baş tutacağı “N” saylı hərbi hissəyə yollandıq. Dağların döşündə, düşmənin bir addımlığında yerləşən hərbi hissədə xidmət edən zabit, gizir və əsgər heyəti yolumuzu səbrsizliklə gözləyirdi. Skripka ifaçısı Vüqarın rəhbərlik etdiyi “Tovuzum” instrumental ansblının musiqiçiləri də konsertə tam hazır idilər.

 

Səmimiyyəti ilə seçilən Samirə mikrofonu əlinə aldığı andan hərbi hissədə əsl bayram abu-havası yaratmağa müvəffəq oldu. Oxucularımız bu anları olduğu kimi görsün deyə, şəkildən çox video kadrlara üstünlük verdim. Simsar.az da yayımlanan bu reportajda həmin videoları bir neçə hissə ilə sizə təqdim edirik.

 

Səhər saat 11.00-da başlayan və iki saata yaxın davam edən konsert zamamı canlı ifaları ilə əsgərlərdə yüksək əhval-ruhiyyə yaratmağa müvəffəq olan Aşıq Samirənin sevincini gözlərindən oxumaq elə də çətin deyildi.

 

13 avqust hər ikimiz üçün niyyətimizin yerinə yetdiyi gün kimi tarixə yazıldı. Tovuz Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, icra nümayəndələri və həkim dostumuz Paşa müəllimlə birlikdə Ermənistanla sərhədlərimizin yaxınlığında yerləşən Koxa Nəbi və Ağbulaq kəndlərinə də baş çəkdik. Onlarla kənd sakini Samirə ilə görüşüb, onun avazına vurğun olduqlarını dilə gətirdilər. Sevdikləri aşığın xoş sözlərinə qoşulan yerli əhali, yaşadıqları çətin dönəmlərdə onlara baş çəkməyə gəlmiş Samirənin bu dəstəyini alqışladılar. Cəbhə bölgəsində yaşayanlar müharibə şəraitini yaxından hiss etmələrinə baxmayaraq dövlətimiz tərəfindən tam güvəndə olduqlarından ağızdolusu danışdılar.

 

Sözlərindən belə qənaətə gəlmək olar ki, Milli Ordumuzun vəziyyəti nəzarətdə  saxlaması, hər gün onları qələbəyə daha da ruhlandırır: “Kəndlərimizə yaxın olan postlarda keşik çəkən əsgərlərimiz bizim qürur mənbəyimizdir. Onların sayəsində qələbəyə olan inamımız günbəgün artır ” - Koxa Nəbi və Ağbulaqda bizimlə görüşən sakinlər belə deyirlər.

 

İcra başçısı hərbçilər qarşısında çıxış etdiyi üçün Tovuzun mərd qızı Samirəyə təşəkkür etdi. Və rica etdi ki, Bakıya qayıtmazdan öncə mütləq Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan zirvəni və bulağı görək.

 

Tovuzun cənnət məkanlarının birində istifadəyə verilən bulaqdan su içib, başda Mübariz olmaqla cəmi şəhidlərimizin ruhlarına dualar oxuduq. Samirə otelə aparan yolun yaxınlığında yerləşən “Qərib Seyid”in məzarını ziyarət etməyi də yaddan çıxarmadı.

 

Bir gün ərzində elə mənalı anlar yaşadıq ki, gördüklərimi yazmaqla tamamilə anlatmaq olmaz.

 

Lakin vətən naminə yazılmış qalaq-qalaq kitabları belə bir nəfəsə oxumağa dəyər. İlk cümlədə verdiyim suallara cavab tapmaqdan ötrü...

Cəbhədən qələbə reportajı hazırlamaq ümidim çox olduğundan cümlələrimı nöqtə yox, vergüllərlə bitirirəm,,,

Yaşa Azərbaycan!!!

 

Şahin Cavadsoy

Simsar.az

Bakı-Tovuz-Bakı


Video və fotolar müəllifindir.



 






14 Avqust, 2014  20:09 Baxılıb: 13666 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner