Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şəhid Elnur İbrahimovun ailəsindən – REPORTAJ – FOTOLAR

“Tanrım

Anamı

Nigaran

Qoyma”

Ötən həftə yenə şəhid cənazələri gördük. Bayrağa sarılmış tabutlar, fəryad edən analar, göz yaşı tökən həyat yoldaşları və uşaqlar. Ataları demirəm, çünki onlar dərdlərini ürəklərində dəfn edirlər. Ekranlarda bu mənzərələri izləyərkən ürəyimiz sızıldayır. Tabutları qucaqlayan anaları görmək içimizi yandırır. Ötən həftə çox ağır həftə oldu. Ağrısını daşıya bilmədiyimiz 9 şəhidin ardından daha 4 şəhid xəbərini aldıq. Ötən həftə Azərbaycan bayrağı 13 şəhid tabutuna büküldü.

İllərdir şəhid veririk. Şəhid evlərinə od düşür. Şəhid xəbərləri vətəndaş olaraq bizi hər nə qədər yandırsa da necə deyərlər “atəş düşdüyü yeri yandırar”.

İyulun 31-dən avqustun 1-nə keçən gecə düşmən gülləsinə tuş gələn 9 igiddən biri də Qubanın Vladimorvka kəndində doğulan, əslən Ahısxa türkü olan 19 yaşlı Elnur İbrahimov idi.  Elnur İbrahimov kasıb bir ailənin övladı idi. Onun nə diplomu var idi, nə də pulu. Üstəlik o heç milliyətcə azərbaycanlı da deyildi. Amma onun ürəyi yaşadığı Azərbayacanın parçalanmış torpaqları üçün yanırdı. O torpaqlarından döyülərək, söyülərək, işgəncələrlə çıxarılan insanları – məcburi köçkünləri yaxşı anlayırdı. Onların dərdini hiss edə bilirdi. Çünki onun nənə-babası, qohumları da 50 il bundan əvvəl o taleyi yaşamışdılar.

Tanımaza-bilməzə Qubanın yolunu tutmuşduq. Nə ünvan bilirdik, nə də bir bələdçi tanıyırdıq. Əslində, ora jurnalist kimi yox, vətəndaşlıq borcumuzu yerinə yetirmək üçün gedirdik. Rahatlığımız üçün canından keçən 19 yaşlı qardaşımıza minnətdarlığımızı bildirməyə gedirdik. Quba avtovağzalında avtobusdan enər-enməz gənc bir taksi sürücüsü bizə yaxınlaşdı və hara getdiyimizi soruşdu. Tərtərdən gətirilən Şəhidin ünvanını axtardığımızı deyəndə; “Əyləşin mən tanıyıram” dedi. Yolboyu Elnurdan danışan sürücü mənzil başına catanda Elnurun yas çadırına baxaraq köks ötürüb, başını buladı:“Heyf!”Biz maşından düşəndə Daxili Qoşunların Qubada yerləşən hissəsinin əsgər və zabitləri Elnur üçün dua oxuyurdular. Çadırın içindən Elnurun əksi boylanırdı, darvazadan Azərbaycan bayrağı dalğalanırdı. Bu mənzərə çox təsirli idi. Ürəyimiz qürur hissi ilə döyünürdü.

Yas çadırının qarşısında Elnurun atası Mühəddin dayı ilə görüşdük. Məğrur dayanmağa, belini bükməməyə çalışırdı Mühəddin dayı. Danışmaq onun üçün çətin idi, bunu anlayırdıq.Tez-tez çadırın içindən, boylanan şəklə baxır, sonra gözlərini uzaqlarda gəzdirirdi:

“Şəhid olsam, qəbrim üstə ağlama”

Atası: Hər şey çox yaxşı idi. Təzəliklə məzuniyyətə gəlmişdi. İyulun 31-də telefonla danışdıq. Dedi hər şey yaxşıdı. Avqustun 1-i gecə saat 3-də Şəhid olduğu xəbərini aldıq.

Həyətin bir küncündə böyük qardaşı İlqar boynunu büküb dayanıb. Hər şey yuxu kimi gəlir İlqara. O, qardaşını belə xatırlayır:

Qardaşı İlqar: Elnur elə bir uşaq olub ki... (kövrəlir). Zahirən çox sakit görünürdü, amma içində həmişə bir qaynarlıq var idi. Yaşda məndən balaca olsa da, həm zahiri görünüşünə, həm də fikirlərinə görə məndən böyük görünürdü. Ailəsinə - anama çox bağlı idi. Elnur həm də çox romantik uşaq idi. Yaxşı şeirlər yazırdı. Amma gözündə bir qram da qorxu yox idi. Onun bu qorxusuzluğu həmişə məni qorxudurdu. Ona görə də istəyirdim Elnuru əsgərlikdən saxlatdırım. Nə qədər çalışsaq da onu buna razı sala bilmədik. Bölgü zamanı birinci Gəncəyə düşmüşdü. Orda qalmadı, dedi gərək cəbhə bölgəsinə gedəm. Tərtərə düşəndə dedim heç olmasa aşağıda, yeməkxanada qal. Mənə dedi “mən bura yemək bişirməyə gəlməmişəm, döyüşməyə gəlmişəm”.

İlqar bizə Elnurun əşyalarını, hərbi xidmətdə olarkən yazdığı məktubları, şeirlərini, şəkillərini göstərir. Yazdığı bütün şeirlər, məktublar  isə “Canım anam, atam, ailəm sizi çox sevirəm” sözləri ilə başlayıb, bitir. Elnur şerilərinin birində yazır ki:

Ey Əsgər anası!

Ürəyini dağlama

Şəhid olsam,

Qəbrim üstdə

ağlama

Bayram günü

sən payımı saxlama

Yolumu gözlə,

gələcəm ANA

Gəlib göz yaşını

Siləcəm ANA

“Evi də arzuları kimi yarımçıq qaldı"

İlqar bizi  anası Xalidə xanım oturan otağa dəvət etdi. Evin bir küçncündə dizlərini qucaqlayıb səssiz, göz yaşısız ağlayan ana hay-küy qoparmırdı. Bəlkə də oğlunun ölümü ilə barışmırdı, kim bilir?! Yaxınlaşıb yanında əyləşdim. Balasını itirən anaların gözlərinin içinə baxmaqdan həmişə ehtiyat etmişəm, çəkinmişəm. Xalidə xanım  qəfil başını dizlərindən ayırıb, gözlərini gözümə zilləyib bir neçə dəfə mənə bu sualı verdi:

“Niyə mənim yavrumu öldürdülər?”

Qarşılıqlı susduq. Çətin idi bu dərdli anaya oğlu ilə bağlı sual vermək. Onun gözlərinin içinə baxmaq, onun gözlərindəki suallara cavab tapmaq çox çətin idi. Xalidə xanımla söhbətdən sonra başa düşdüm ki, bu ağrını dərindən anlamaq üçün şəhid ailəsi olmaq lazımdır. Biz isə sadəcə anlamağa çalışırıq. Nə deyiriksə deyək, nə qədər üzülürüksə üzülək, ən çətin şey şəhid övladı olmaq, ondan da çətini şəhid anası olmaqdır.

- Mən onu əsgərliyə gülə-gülə yola salmışdım. Hər bir ana kimi mən də övladına bağlı bir anayam. Yoldaşımla övladlarımızı böyüdüb boya-başa çatdırana kimi çox əziyyətlər çəkdik. Elnur mənim ikinci övladım idi. O çox fərqli bir uşaq idi. Mənə heç vaxt əziyyət vermədi. Mərhəmətli idi, mərd idi, vətəninə , ailəsinə candan bağlı bir oğul idi. Bu kənddə əsgər gedənlərin heç biri bəlkə də onun qədər sevincli, həvəsli deyildi.

Onsuz da hər gün əlim ürəyimin üstündə idi. Bilirdim ki, cəbhə bölgəsidi, atışmalar olur. Amma qəribə idi ki, həmin gün mənim ürəyimə heç nə dammadı, heç nə hiss etmədim. İyulun 31-i saat 5-də telefonla danışdıq. Deyib-gülürdü. Çox şeyləri gizləyirdi, demirdi. Bizi çox arxayın salırdı. Bilirdi ki, onun üçün nigaranam. Elə deyirdi, hər şey yaxşıdı. Dağ kimi oğlum getdi. Mən onu gülə-gülə yolla saldım, qara günlər üçün yollamadım ki... Bax o həyətdəki ağacları görürsən qızım, yarımçıq evi görürsənmi?

Pəncərədən Xalidə xanımın göstərdiyi səmtə baxdım. Həyətin bir qırağında yarımçıq tikili, yenicə əkilmiş körpə ağaclar gördüm. Xalidə xanım deyir ki, əsgər getməzdən əvvəl bu ağacların hamısını  Elnur öz əlləri ilə əkib. Evin bünövrəsini əsgər gedəndə özü töküb. Deyib ki, sağ-salamat qayıtsa, evlənib burda yaşayacaq. Amma necə deyərlər “sən saydığını say, gör fələk nə sayır”.

- Bax, o evi özü üçün tikdirirdi ki, qayıdan kimi evlənsin.  Evlənməyə tələsirdi. Gedən gündən deyirdi, ay ana, mənə qız tapın, gələn kimi evlənim. Həmin gün telefonda gülə-gülə dedi, “ana, mənə qız tapdınız?” Mən də dedim “bala, təki sən sağ-salamat qayıt gəl, qızdan çox qız var”. Çox arzusu vardı. Evi də arzuları kimi yarımçıq qaldı. Balamın ölüsünə da baxmağa qoymadılar. On dəqiqəyə apardılar cənazəni. Qoymadılar Elnurumla doya-doya vidalaşım... Övlad acısını mən bilirəm, içimdəki acını bir mən bilirəm...”

Görünür Elnurun arzuları arasında Şəhid olmaq da vardı. Bunu onun yazdığı məktublardan, şeirlərdən duymaq o qədər də çətin deyil. Bir çox məktublarında anasına dönə-dönə dediyi sözlərdən biri də “Şəhid olsam qəbrim üstdə ağlama” idi. Məktublarının birində yazır ki:

“Canım anam, atam ailəm. Neçə gün idi ki, hospitalda idim. Sizə bildirmək istəmədim, bilirdim ki, narahat olacaqdınız. Həkimlər deyir əməliyyat olmalıyam. Ancaq bəlkə gələndən sonra oldum. Birdən bıçaq altında mənə bir şey olar”.

Qardaşı: Əsgərliyə getməzdən hardasa bir il əvvəl qəzaya düşmüşdü. Belində zədəsi var idi. Əməliyyata gedirdi, amma son anda fikrini dəyişdi. Dedi qoy əsgərliyi bitirim, sonra əməliyyat olaram.  Məzuniyyətdən qayıdıb gedəndə kəmərini açıb evdə qoydu. Hamımıza diqqətlə baxdı. Sonra gülə-gülə dedi ki: “Buna baxıb məni xatırlayarsınız”.

“Quşvuranı neyləyirəm, mənə qumbaratan verin”

Elnuru  mərdliyinə, qorxmazlığına, elə qəddi-qamətinə görə də  Mübariz İbrahimova bənzədirdilər. Onu tanıyanlar  deyir ki, Elnur Mübariz İbrahimova qarşı olan heyranlığını, sözün yaxşı mənasında həsədini heç vaxt gizlətmirdi. Soyadları eyni olan İBRAHİMOVların elə taleləri də bənzər olur. Qismətdən Elnurun komandiri də elə İbrahimovlardan olur.

Qarabağ müharibəsi veteranı olan əmisi: Kənddə hamı Elnura hörmət edirdi. Tez bir zamanda hərbi hissədə də komandirlərinin, əsgər yoldaşlarının hörmətini qazanmışdı. Olduqca mərd uşaq idi. Hamı onu Mübarizə bənzədirdi. Komandiri Milli Qəhrəman Mübariz İbrahimovun əmisi oğlu idi. Bir dəfə komandiri Elnuru qucaqlayıb deyib ki, “Mübarizin birini itirdim, ikincisini burda tapdım”.

Fiziki cəhətdən güclü görünüşə malik olan Elnur düşmənə sonsuz nifrəti və içindəki güclü intiqam hissi ilə daxilən də nə qədər qüvvətli olduğunu hələ əsgərliyə getdiyi ilk günlərdə göstərir.

Qardaşı: Elnurun içindəki intiqam hissi heç kimdən gizlədə bilməyəcəyi dərəcədə çox idi. Ağır silahlarla daha çox maraqlanırdı. Hətta ona avtomat veriləndə etiraz edib ki, “mən quşvuranı neyləyirəm, mənə qumbaratan verin”.

Hər gün Elnur üçün narahatlıq keçirən ailə üzvlərinin ürəyi məhz həmin gün çox rahat olur. İlqar iyulun 31-də düz 10 dəfə qardaşı ilə telefonla danışır. Xeyli zarafatlaşırlar. Amma heç kimin ağlına da gəlmir ki, bu Elnurun son gülüşü, son zarafatlarıdır. Ailəsi onun ölüm xəbərini gözləmirdi. Anasına tez-tez verdiyi “mənə qız tapdınmı?” sualının əslində bir zarafat olduğunu isə yalnız qardaşı İlqarla,  gəlinləri bilirdi. Gözü yolda qalan təkcə Mühəddin dayı, İlqar, Xalidə xanım olmadı. Elnurun yolunu bir GÖZƏL də gözləyirdi. Məktublarında “nolar bacı (G.M :gəlinlərinə belə müraciət edirmiş) ona çatdırın ki, mən onu çox sevirəm” sözlərini oxuyanda özümdən asılı olmayaraq kövrəldim. Ona həsr etdiyi şeirlər bəlkə də poetik cəhətdən o qədər də güclü şeirlər deyil. Amma o şeirlərin içərisindəki sevginin böyüklüyünü duymamaq mümkünsüzdür.

Əzmin, cəsarətin, iman gücünün və sərgərdən ruhun qarşısında əzilən dünyalıq və içindəki yerlə yeksan olmağa məhkum zülmət... Bir eşq... Bir sevda... Qara üzlü balaca dəftərçəyə yazdığı sonuncu məktubun, son sözləri isə belə idi:

“İndi getməliyəm. Son sözüm odu ki, bu dəftəri itirməyin. İçində vacib qeydlərim var. Sağ olun sizi çox sevirəm”

Qardaşı: Atışmadan hardasa yarım saat əvvəl də danışdıq. Dedi “postdan aşağı düşmüşəm hər şey yaxşıdı. Bir az atışma var, qorxulu deyil, elə-belə şeydi”. Gecə saat 4-də bizə xəbər verdilər ki, Elnur yaralanıb. Amma sən demə Elnur elə vurulduğu an keçinib.

Şəhidlik anı

Gecə saat 1-də Elnurun postdakı növbəsi başa çatır və növbəni əsgər yoldaşına təhvil verib aşağı düşür. Lakin düşmənin hücuma keçdiyini bildirən həyəcan siqnalını eşidər-eşitməz yenidən posta qayıdır. Hərbi hissədəki mayorlardan birinin sözlərinə görə Elnur hardasa 7-8 ermənini gözünü qırpmadan məhv edir. Onu saxlamaq mümkün deyildi. Ancaq qarşı tərəfin atdığı qumbaralardan biri düz Elnurun yanında partlayır və sağ böyründən yaralanır. Silahında güllə qalmadığını görən Elnur sürünə-sürünə posta qayıtmaq istəyir. Ancaq qayıda bilmir... Kürəyinin düz ortasından snayperlə vurulur və yerindəcə Şəhid olur.

Bu gün Elnuru doğulub, yaşadığı Vladimirovka kəndində qəhrəman kimi tanıyırlar. Qubada hamı onun haqqında danışır. Elnurun “Şəhidlər Xiyabanı”nda yox, evlərinin iki-üç addımlığında yerləşən balaca kənd qəbiristanlığında dəfn olunmasını isə Xalidə xanım özü istəyib. Balasını tez-tez ziyarət edə bilsin deyə.

Şücaəti, qorxmazlığı, üzərində yaşadığı torpağa duyduğu sevgisi ilə ortada yeyib, qıraqda gəzənlərə dərs keçənlərdən biri də Elnur oldu.  O, haqlı olaraq düşünürdü ki:

“Pullu

Oğlan

Sərhədd

Tanımır”

 

Allah bütün Şəhidlərə rəhmət eləsin. Amin!

Günel Musa

Vüsal Qarayev


































































































































4 Avqust, 2014  09:48 Baxılıb: 4993 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner