Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Zəlimxan Məmmədli: “Azərbaycanlılar sürətlə gedən “gürcü qatarı”ndan geri qalır”

“Qarnımızın xətrinə ruhumuzdan keçməyəcəyik!”

O dövrdə balaca uşaq olsam da onu,  90-cı illərdə Xalq Cəbhəsinin meydanlara çıxıb müstəqillik mübarizəsi apardığı vaxtlarda tanımışam. Əsl peşəsi həkim olsa da, uzun müddət siyasətlə məşğul olub. Müsahibim AXC hakimiyyəti dövründə Xətai rayonunun icra başçısı, 10 il Azərbaycan Sambo Federasiyasının prezidenti olmuş, hazırda isə Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlidir.

- Zəlimxan müəllim son illərdə Gürcüstanda iki dəfə hakimiyyət dəyişdi. Öncə  Saakaşvili, sonra Marqvelaşvili hakimiyyətə gəldi. Borçalı Cəmiyyətinin sədri kimi nə deyə bilərsiz, Borçalıda yaşayan azərbyacanlıların həyatında, taleyində müsbətə doğru hansısa dəyişiklər oldu?

- Gürcüstanda demokratikləşmə prosesinin getdiyi inkar edilməzdir. Bu ölkədə hakimiyyətə gələn ayrı-ayrı fərdlər deyil, prosesdə iştirak edən xalqdır. Xalqın iradəsi ilə bu prosesdə iştirak edən insanlar hakimiyyətə gəlsə də, onların hakimiyyətinə xalq nəzarət edir. Seçkidə əsas məsələ ondan ibarətdi ki, bu prosesdə xalq necə iştirak edəcək. Xalq hakimiyyətin qurulmasında iştirak edir. Əgər yeni hakimiyyət onu qane edirsə, öz hakimiyyətini qoruyur. Yox, əgər yeni nəfəs, yeni insan görmək istəyirsə köhnə hakimiyyəti yola salır. Gürcüstandakı gedən proseslərin Azərbaycandan fərqi ondan ibarətdir ki, xalq yerli bələdiyyələri formalaşdırır və xalqın iradəsi hakimiyətə daşınır. Bundan da Gürcüstan bəhrələnir, o cümlədən bizim soydaşlarımız. Son 10 ildə, Saakaşvilinin hakimiyyətə gəlişinə qədər bir nəfər də olsun Gürcüstan universitetlərində Azərbaycan türkü oxumurdu. Demokratik hakimiyyət və xalq hakimiyyəti isə odur ki, o, etnik sərhədləri dağıdır, insanlara dəyər kimi baxır, ailələri, mədəniyyətləri qucaqlayır. Gürcüstanda demokratik proses gedənə qədər Borçalıda azərbaycanlılar ayaqlandı, onlara qarşı müəyyən təxribatlar aparıldı. Ancaq demokratik hakimiyyət qurulduqdan sonra Borçalıda yaşayan azərbaycanlılar da siyasi hakimiyyətin nəzər nöktəsinə çevrildilər. Bu gün Gürcüstan ali  məktəblərində təxminən 1200-dən yuxarı Azərbaycan türkü təhsil alır. Bu demokratiyanın qələbəsidi. Oxumaq istəyən milli azlıqlar üçün xüsusi imtiyazlar tətbiq etdilər; Bir il hazırlıq kursu, bir ildən sonra isə təhsil. Artıq Gürcüstanda bizim hüquqşünaslarımız, həkimlərimiz və mühəndislərimiz çalışırlar. Başqa yerdən kadr axtarılmır. Ümumilikdə 1200 nəfərlik bir ordudu. Bu şəxslər Gürcüstanda yaşayırlar, oxuyurlar, gürcü dilini mənimsəyirlər və mədəniyyətini öyrənirlər. Eyni zamanda özlərini qoruyurlar, o cümlədən, içtimai şəkildə təşkilatlanırlar. Əvvəllər onlara qarşı həqarətli bir yanaşma var idi. Yəni azərbaycanlılaraq “tat” deyə müraciət edirdilər. Bunun qanunvericiliklə qadağan edilməsi demokratik proseslər dövründə həyata keçirildi. Bütün bunlar artıq demokratiyanın təntənəsidi. Təbii ki, Saakaşvili bir tarix yazdı və bu tarix ondan sonrakı dönəmlərdə də davam etdirildi. İndiki hakimiyət də həmin siyasi kursu davam etdirir. Bu kurs xalıqın siyasi həyatında mühüm rol oynayır. Bunun özü ümidvericidi.

Bizim elat mədəniyyəti layihəmizin qanuni şəkildə həyata  keçirilməsinə əvvəlki hakimiyyətlər dövründə imkan vermədi. Ümumiyyətlə müxtəlif layihələrin həyata keçməsinə razı olmadılar. Amma demokratiya elə bir şeydi ki, deyirlər gəlin, bayramınızı keçirin. Bu da çox normaldı. Bu baxımdan gedən proseslər həm bütün gürcüstana, həm regiona həm də onun tərkib hissəsi olan soydaşlarımıza müsbət təsiri var.

- Amma ddeyəsən demokratiya Gürcüstandakı Azərbaycan məktəblərinə baha  başa gəldi. Ana dili ikinci plana keçirildi. Ümumiyyətlə, azərbyacanlıların yaşadığı ərazidə gürcü dilinə keçiddə müəyyən problemlər ortaya çıxırmı?

- Bizim Gürcüstanda yüzə qədər milli məktəbimiz var. Bu məktəblərdə dəsrlər Azərbyacan dilində keçirilir. Gürcü dilinin məktəblərdə tədrisinin tərəfdarlarından biri də mənəm. Sual oluna bilər ki, nə üçün? Ona görə ki, Gürcüstanda yaşayırsansa bu ölkənin dilini bilməlisən. Biz yaxşı şeylərin tərəfdarıyıq. Bəzən görürsən ki, yanlış bir məlumat yayırlar ki, məktəblər bağlandı, bunlar yalan məlumatlardı. Bu gün Borçalıda çox gözəl məktəblərimiz var. Mən oxuduğum məktəbdə indi 1280 azərbaycanlışagird təhsil alır. Bu məktəbdə tədris öz dilimizdə aparılır. Gürcüstanda gürcü dilini öyrənmək çox vacibdi. Biz gürcü dilinin dərs saatlarının artırılmasının tərəfdarıyıq. Təbii ki, prinsipial olaraq bir məqamı nida işarəsiylə vurğulayırıq ki, milli məktəblərə toxunulmasın. Gürcüstan siyasi hakimiyyətində siyasi xətt ola bilər ki, məktəblərdə tədrisi gürcü dilinə keçirsin. Bu zaman azərbaycanlılar gürcü dilini yaxşı öyrənə bilərlər, amma milli mənəvi dünyamızın qorunması şübhə altına düşə bilər. Bu baxımdan biz, milli məktəblərin qorunmasının tərəfdarıyıq.

- Gürcüstan ictimai-siyasi həyatında azərbaycanlıların iştirakı yox səviyyəsindədir. Bu nə ilə bağlıdır?

İctimai-siyasi həaytda kadr olaraq təmsil olunma məsələsi fərqlidir. Mən hər zaman demişəm ki, kadrlar təyin  olunmur, kadrlar seçilir. Toplum güclü olur, icmalaşır, təşkilatlanır, özü namizədini müəyyən edir, özü kampaniyasını aparır və qalib gəlir. Təəssüflər olsun ki, Azərbyacanda ictimai-siyasi həyatda yarana bir axsaqlıq, soydaşlarımıza da təsir edə bilər. Gürcüstan qatarı sürətlə gedir, ictimai elita, siyasi elita formalaşır.  Bizimkilərin bir az ora inteqrasiya olunma problemləri var. Bu da ayrı-ayrı zamanlarda seçkilərdə bəlli olur. Gürcülər demokratik qaydada bizim namizədi udur. Deməli, sənin soydaşın təşkilatlanmalıdı. Axırıncı Marnueli İcra hakimiyyətinə seçkilərdə bizim namizəd Əhməd Quliyev oldu. Çox yaxşı da mübarizə aparırdı. Amma Gürcü siyasi məktəbi bir mərhələni qət etdi. Bizimki təzə olduğu üçün seçilmədi. Əhməd Quliyev elə bilirdi ki, etnik kimliyinə görə ona səs verəcəklər. Buna arxayın oldu və uduzdu. Amma 28 faiz səs topladı. Bu normal bir səs gücünə malik olmaq deməkdi. Deməli, gələcəkdə necə olmalıdı? Soydaşlarımız siyasətə qorxu mənbəyi kimi yaxınlaşmamalıdı. Sevgiylə yanaşmalı, siyasi partiyalarda təmsil olunmalıdırlar. Mən hesab edirəm ki, gələcəkdə onların daha çox təmərküzləşməyi siyasi partiyalar üzərinə düşməlidi. Onda rayon rəhərliyi, bələdiyyələri uğrunda mübarizə aparacaq, hətta prezidentliyə də namizədliyini verə biləcək qüvvə ortaya çıxacaq. Biz köhnə ənənələri yaşatmaq istəyirik. Belə ki, mərkəzi hakimiyyət azərbaycanlı olduğuna görə, kimisə vəzifəyə təyin etməlidir. İndi elə şey yoxdu. Mərkəzi hakimiyyətin əsas nöqtələri seçkidəki səslərlə müəyyən olunur. İnsanlarımızı da seçkiyə təşviq emtəliyik.

- Mətbuatda yayılan informasiyalarda orada yaşayan azərbaycanlıların sosial problemlər içərisində olduğunu görürük. Sosial problem içərisində çapalayan toplum necə siyasi mübarizə aparsın? Bəs bu sosial problemlərin həlli hansı səviyyədədi?

- Məncə, son illər çox ciddi layihələr həyata keçirilir. Azərbaycan Dövlət neft Şirkəti (SOCAR) böyük investisiya qoyur.  Hətta ağıla gəlməz yerlərdə qaz xəttinini çəkilişi həyata keçirilir. Əksər kəndlərdə qazlaşma prosesi SOCAR-ın əlindədi, yəni alınıb. Demək olar ki, əksər kəndlərdə qazlaşma prosesi başa çatıb. İnfarstruktur, yol quruculuğu hətta ucqar dağ kəndlərinə qədər gedib çıxıb. Olduqca müasir standartlara cavab verən yollar çəkilir. Məsələn, bir zamanlar eşşək arabası ilə gedilən, 10-15 evdən ibarət olan kəndə asfalt yol çəkilib. Bu il bizim “Elat” mədəniyyəti keçirəcəyimiz yerə əvvəllər çınqıl döşənmiş yollarla gedərdik. İndi asfalt yol çəkilib. Yəni, yol quruculuğu və bu kimi bəzi layihələr var ki, belə layihələri hakimiyyət özü həyata keçirir. SOCAR isə sifariş götürən təşkilatdır. Azərbaycanın həyata keçirdiyi müəyyən humanitar layihələr var ki, SOCAR icra edir. Məsələn, məktəblərin təmiri və tikilməsi. Amma ümumi götürdükdə, dövlət proqramları var və qrantlar vasitəsilə həyata keçirilir. Gürcüstanda soydaşlarımızın yaşadığı bəzi ucqar kəndlər var ki, Azərbyacanda ondan da pis vəziyyətdə olan kəndlər var. Elə kəndlər Naxçıvanda da, cənub zonasında da var. Dağ yerlərinin özünün spesifik xüsusiyyətləri var. Məsələn, bu yaxınlarda Şəkidə oldum. Rayon mərkəzindən 14 kilometr aralıdakı kənddə məktəblə maraqlandım.  O vaxtı baş verən zəlzələdən bir az çatlayıb. Buna görə məktəbi bağlayıblar və 500 nəfərə qədər şagird qalıb onun-bunun evində. Bunu siyasiləşdirməyin tərəfdarı deyiləm. Belə problemlər ola bilər. Amma siyasi mahiyyət daşımamalıdır. Əgər soydaşlarımız yaşadığı ərazidən uşaqları götürüb Bakıya gəlirsə, orda məktəbə gedən uşaq qalmırsa, məcbur olub məktəbi bağlayırlar. Bu kimi proseslər də var. Əvvəllər Şvernadzenin dövründə çox ciddi diskirminasiya şəraitində yaşayan soydaşlarımız indi rahat yaşayırlar. Hətta bu bölgədə - Qafqazda soydaşlarımızın ən rahat yaşadığı məmləkət Gürcüstandı. Mən bunu qətiyyətlə söyləyə bilərəm.

- Siyasətdən söz düşdükdə deyirsiz ki, siyasətən kənardayam. Halbuki 90-cı illərdə Zəlimxan müəllimi insanlar daha çox siyasi meydanlardan tanıdılar.

- Bəzən deyirəm ki, siyasətdən ötrü darıxmışam. Hər şeyi qoyub gedib siyasətlə məşğul olacam. Ancaq Borçalı Cəmiyyətinin özünün tələbi var. Biz qanunlara tabe olmalıyıq. Sabah mediada çalışsam bərabərsizlik, obyektivlik, tərəfsizlik prinsiplərini qəbul etməliyəm. İctimai cəmiyyətlərin də kodeksləri var. Bu qurum aktiv siyasi fəaliyyətlə məşğul ola bilməz. Mənimsə fərd olaraq aktiv siyasi mövqeyim var, onu ifadə edirəm. Heç zaman, heç kimdən çəkinmirəm. Amma bir cəmiyyətin yönəldicisi kimi həm burada müxalifətçiliklə, həm də cəmiyyət rəhbəri kimi fəaliyyət göstərmək olmaz. Mən Klassik Xalq Cəbhəsində (KXCP) ali məclisin sədri idim. Bu işlə əlaqədar istefa verdim. Sabah bir partiyanın başqanı və yaxud ali məclisinin sədri də ola bilərəm. Bu problem deyil. İxtiyari bir partiyada təmsil oluna bilərəm, amma bu gün, bu işin milli maraqlarımıza da çox xidmət edəcəyini düşünürəm. Olduqca maraqlı layihədi. Borçalı ilə bağlı gördüyümüz işlər, bir qeyri hökümət təşkilatı səviyyəsində görüləcək iş deyil. Borçalı layihəmiz Qafqazda proseslərə istiqamət vermək gücündə olan, artıq fikirləri, ideyaları cəmləyən, xeyli insanı, xeyli dairəni düşündürən bir layihədi. Buna görə də, burada siyasi ambisiyalarımı qurban verməyi bacarıram. Bacarmaq lazımdı, əgər bacarmasan burda olmazdım.

- Zəlimxan Məmmədli siyasətdə daha çox yararlı idi, yoxsa bu sahədə?

- Mən fikirləşirəm ki, Borçalı layihəsi milli maraqlarımızın ən yüksək zirvələrindən biridi. Azərbyacanın bu bölgədə milli dövlət olaraq ciddi nəfəsliyindən biri Borçalıdı. Borçalılar bir başqa dövlətin ərazisində yaşayan bir toplumdu. Həm də Ermənistana və Rusiyaya təsir imkanları var. Türkiyəyə yaxın məsafədədi. Ağıllı dövlət bundan daha yaxşı istifadə edə bilər. Böyük siyasətdən balaca olmayan böyük bir xəttə əl qoymağıma peşman deyiləm.

- Elçibəy dövründə ümumi birlik uğrunda savaşanlar sonradan niyə o birliyi itirdilər?

- Cəbhə rassional yük daşıyıcısı idi. Millətin yükünü daşıyırdı. Cəbhə elə-belə bir təşkilat deyildi. Əvvəla Elçibəyin özü də böyük bir zirvə idi. Böyük texnoloqlar Əbülfəz Elçibəy çevrəsini dağıtmaq modelinə önəm verdilər. Və buna da nail oldular. Bizə Elçibəyçilər deyərdilər. Biz içəridə mübarizəmizi aparmışıq və düşünürəm ki, bu mübarizəmdə haqlıyam. Çünki mənim o zamanlar apardığım savaş milli maraqların qorunmasına yönlən bir savaş idi. Hədəf Elçibəy deyildi, hədəf milli mübarizə idi və ona da müəyyən mənada nail olundu. Bəziləri də bunun müqabilində pay aldı, deputat oldu. Amma Zəlimxan Məmmədli yenə də olduğu kimi qaldı. Yenə də həkimliyimi edirəm. Uşağımın çörəyi də ordan gəlir. Eyni zamanda, Allah bizə güc verib: qarnımızın xətrinə ruhumuzdan keçməyəcəyik! Amma qarnının xətrinə ruhundan keçənlər çox olur. Elçibəy xətti aparıcıdı və onun qalib gəlməyinə də mənim şübhəm yoxdu. Alternativ model yoxdu. Yəni çağdaş zamanımızda Elçibəyçilik dediyimiz bir ideya, siyasi bir cərəyan, Məmmədəmin Rəsulzadənin “Müsavat”çılıq təməli üzərində qurulan alternativsiz bir xəttdir.

- Bəs bugünkü Azərbyacan müxalifəti haqda nə deyə bilərsiz?

- Azərbaycanda müxalifət kifayət qədər pərən-pərən düşüb. Cəmiyyətə təsir gücü çox zəifləyib. Milli idealoji zəmini demək olar ki, hədsiz üzə çıxardıblar. Buna da sevinmək lazım deyil. Bu Azərbyacan dövlətini süquta uğratmaq istəyən güclərin, konkret halda Kreml və Tehranın layihələridi. Bu gün milli qüvvələrin üzərinə gələn basqıların kökündə də o durur ki, sən Azərbyacanı ixtiyarı zamanda bazara çıxarda bilərsən və bazarlıqda da sənin əlinə, ayağına dolaşan olmasın. Amma bütün hallarda millətimiz yerindədi. Onun ruhu yerindədi və mən bu gün müəyyən mənada bir az zəifləmiş, bir az passiv görünən cəmiyyəti ölmüş hesab etmirəm.

Elmar Hüseynov







26 İyul, 2014  13:55 Baxılıb: 1363 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14




sagbanner