Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azad Şükürov: “O zabit sürücülük vəsiqəmi alıb cırdı” – AĞDAMA SƏYAHƏT

“Qarqar çayının körpüsü üstündə əsgərlər məni saxladılar”

Simsar.az yeni layihəyə başlayır. Bundan sonra məşhurlarla onların doğma yurd yerlərini, abidələrini, adət-ənənələrini xatırlayacağıq. İlk qonağımız əməkdar artist Azad Şükürovdur. Ağdamda doğulub, boya-başa çatan Azad Şükürovla Ağdamı xatırlayırıq.

Kəndimiz:“Kəndimizin içindən Xatın çayı keçirdi. Deyilənə görə  o çayı Xatın adlı bir arvad çəkdirib”.

Mənim doğulduğum kənd -Ağdamın Muğanlı kəndi  Ağdmadan Füzuliyə tərəf çıxanda, Qarqar çayını keçəndən sonra təxminən rayondan 4-5 kilometr məsafədə yerləşirdi. Füzuliyə gedəndə yolun sağında Şıxbabalı kəndi,  ondan sonra isə bizim kənd yerləşirdi. Meyvələrininin dadını heç yerdə  duymadığım bağlı- bağatlı bir kənd idi.  Bizim kənddən yuxarıda Şelli, Qasımlı, Qarabağlı, Dağın başında isə Gülablı, Abdal kəndləri yerləşirdi.Yolun o biri tərəfində Mərzili Saybalı Bağbanlar kəndləri idi.Bizim kənd bu kəndlərdən aşağıda yerləşdiyi üçün həmişə rəhmətlik Səxavət Məmmədov zarafatla deyirdi ki, bizim kənddən daş atanda sizin kəndə düşür.Kəndimizin içindən Xatın çayı keçirdi. Deyilənə görə  o çayı Xatın adlı bir arvad çəkdirib. Görünür nə vaxtsa tarixçilər bununla maraqlanacaqlar. Bütün kəndlər kimi ağıllısı, dəlisi,  ağsaqqalı, qarasaqqalı, davakarı cığalı olan bir kənd idi. Mənim də uşaqlığım bütün kənd uşaqlarının həyatı kimi keçib. At da çapmışam,ot da biçmişəm, çayda da çimmişəm, quş yuvasına da əl uzatmışam.  Bizim uşaqlığımızla, cavanlığımızla indiki cavanların həyat tərzində bir az fərq var. O fərq də bundan ibarətdir ki,  məsələn biz bir yerə yığışanda həmişə tarixdən, ədəbiyyatdan danışardıq.  İndiki uşaqlar yığışanda yaxşı maşından danışırlar, hansı maşının mühərrikininin güclü olmasını müzakirə edirlər.Görünür indiki dövrün tələbləri bunlardır.

Kənd məktəbi: “Mən məktəbdə dərslərdən aşağı qiymət alanda müəllimdən çox atamdan qorxurdum.”

Bizim Muğanlı kəndində orta məktəb səkkiz illik məktəb idi.Muğanlıda səkkizinci sinifi bitirəndən sonra biz gedib Şıxbabalı kəndində orta məktəbi bitirirdik. O vaxt bizim məktəbindirektoru  İsmayıl müəllim muharibə əlili idi bir qolunu da müharibədə itirmişdi. İsmayıl müəllim Şıxbabalıda yaşayırdı, amma bizim kəndin məktəb direktoru işləyirdi və biz məktəbə nə qədər tez gəlsək də gəlib İsmayıl müəllimi məktəbdə görərdik.Sağ qolunu itirmişdi, amma  sol əli iləelə gözəl yazı yazırdı ki, adam heyran qalırdı. Kimya müəllimi idi özü də. O mənim atamla həmyaşıd idi. Atam da uzun müddət məktəb direktoru işləmişdi, ədəbiyyat müəllimi idi. Ona görə də  mən məktəbdə dərslərdən aşağı qiymət alanda müəllimdən çox atamdan qorxurdum. Belə baxanda bizim kəndimiz yüksək inkişaf etmiş kənd deyildi, amma təhsil sistemi o dövr üçün çox yüksək idi.Hər özündən deyən orta məktəblər istəyərdi ki, elə təhsil sistemi olsun.Müəllimlərin uşaqlara münasibəti, uşaqların dərslərə münasibəti, kənd camaatınını məktəbə münasibəti tam fərqli idi. Tələbə hiss edirdi ki, bütün mühit onun təhsil alması üçün çalışır. Bizim məktəbimiz həm də kəndin mədəniyyət mərkəzi idi.Novruz bayramlarını orda keçirdərdik. Əvvəl məktəbdə tədbir olurdu, amma axırıncı çərşəmbə axşamı saat  6- 7 radələrində hamı yığışırdı məktəbin həyətinə, hətta  məktəblə əlaqəsi olmayanlar belə. İri bir tonqal qalayardıq məktəbin həyətində adətimizcə gedib qapılara torba atardıq.Bir saatın içində yığıdımız nəmərləri tonqalın ətrafına tökərdik.Söhbət edərdik, kimi qarmon çalardı, kimisi oxuyardı, rəqs edərdi.Mən, həm Muğanlıdakı məktəbdə, həm Şıxbabalı kəndində mənə dərs deyən müəllimlərimi çox ləzzətlə xatırlayıram.

Özfəaliyyət “Dram dərnəyi”

Məktəbin özünün dərnəyi yox idi.Mən orta məktəbdə oxuyanda biz tez- tez pambıq yığmağa gedərdik.Bizim kəndimizdə üzümçülük olduğu üçün pambıq yığmağa Nəmirli Şotlanlı kəndlərinə gedərdik. Orda da tələblər hər gün gedib gəlməsinlər, yolda maşında qəzalar törənməsin deyə həmin kəndin məktəbində bizim üçün  piyaner düşərgəsinə oxşayan bir yer düzəldərdilər və biz orda qalardıq. Gündüz pambıq yığırdıq axşamları isə boş qalmayaq deyə başımızı bir şeylə qatmalı olurduq.Onda biz bir “dram dərnəyi” yaratmışdıq.  Axşamlar qarmon çalardıq oxuyardıq, televizorda gördüyümüz tamaşaları  təkrar edərdik. Özümüz komediyalar qurardıq.  Sonra mən  Şıxbabalı kənd məktəbinə gedəndə ayağım rayona açıldı.  Ağdamın  Müəllimlər Evində bir dram dərnəyi vardı o dram dərnəyinin  rəhbəri Eyvaz Əliyev idi. O vaxtı İncəsənət Universitetində qiyabi təhsil alırdı, həm də Ağdam Dram Teatrında aktyor işləyirdi. Mən də o dram dərnəyinə gedib gəlirdim, artıq orda normal tamaşalarda oynayırdım, müəyyən kəndlərə konsertlərə gedərdik.

Ağdam Dram Teatrı

Amma mənim teatra ilk gedişim 4 -cü sinifdə oxuyanda olub. O vaxt məktəbliləri teatırlara aparırdılar və Ağam Dram Teatrında tədris proqramında olan əsərlər tamaşaya qoyulurdu o tamaşalara bizi mütləq aparırdılar. Mən də yuxarı sinifdə oxuyan qardaşıma qoşulub gedib baxırdım və ilk dəfə də Ə.Haqverdiyevin “Dağılan Tifaq” əsərinə baxmışam. Təbii ki, onda bilmirdim rejissor nədir, rəssam nədir sadəcə olaraq o qırmızı pərdələr, o işıqlar, papaqlı kişilər,  o musiqi,  güllər məni cəlb edirdi.  O vaxt məhşur əsərlər oynanılırdı ;“Niyə dirilmisən”,  “Tamahkar”, “ Unuda bilmirəm” tamaşaları vardı. Bir neçə dəfə də yuxarı sinifdə oxuyanda tamaşalara baxandan sonra başa düşdüm ki, bu nədirsə mənim axtardığımdır.

Aktyora münasibət

Bizim kənddə aktyorlara münasibət çox normal idi.Belə şeylər olmayıb ki, filankəs artistdi mən ona qız vermərəm.Olsaydı bəlkə də qulağım eşidərdi.Mən universiteti bitirəndən çox -çox sonralar ailə həyatı qurmuşdum, onda artıq mən televiziyada görünürdüm, kənddə artıq mənlə fəxr edirdilər.

Xatirələr: “Dərsləri yaxşı oxumadığıma görə atam məni möhkəm döysəydi bir o qədər təsir eləməzdi”

Bir dəfə yadımdadı bir gün dərsdən evə gəldim.Hardasa səkkizdə oxuyurdum.Gəldim gördüm atam həyətdə nə isə düzəldir. Ailəmiz çox böyük olub  beş bacı, beş qardaş idik. Onlar hamısı oxumaq üçün kənddən çıxmışdılar evdə mən atam anam qalmışdıq. Bizim evimiz məhəccərli bir ev idi. Artırma deyirlər bizdə. Dörd -beş pilləkən qalxıb artırmaya girərdik ordan da otaqlara. Gördüm atam beş dənə kürək düzəldib. Hiss olunurdu ki, o bunları mən səhər məktəbə gedəndən başlayıb düzəltməyə. Yenicə  saplayıb bitirib söykəyib divara. Mən də çantamı evə atıb tez çıxdım çölə dedim ki, “ ay dədə  bu qədər lapatkanı neyləyirsən evdə lapatka yoxdu ki?”  Atam da mənə dedi ki,  bilirsən son vaxtlar maraqlanmışam  mənə dedilər ki, sən dərslərini elə də yaxşı oxumursan.  Fikirləşdim ki, bir ailədən hamı gedib oxumaz ki, içərsindən bir fəhlə də çıxmalıdır. Qarqar çayının üstündəadına  DSR deyilən  bir yol idarəsi vardı. Dedi o yol idarəsinin mühəndisi ilə danışmışam bu il məktəbi qurtar səni düzəldək  get orda işlə.  Lapatklarını da düzəltmişəm beş lapatka ən azı beş il bəsindi. İşləyərsən fəhlə kimi orda sonra da baxarıq görək nə olur.Dərsləri yaxşı oxumadığıma görə atam məni möhkəm döysəydi bir o qədər təsir eləməzdi. Bu kişinin bu üsulu fikirləşməyi, səhər tezdən gedib bu lapatkları tapıb gətirib saplamağı və gözləməyi ki,  mən dərsdən gələndə bu sualı ona mütləq verəcəyəm. Mənim həyatımda çox kəskin döngələr olub ki, o döngələrdə, çətin anlarımda həmin o lapatkalar  mənim gözümün qabağına gəlib və qoymayıb ki, mən səhv addım atım.

Pambıq yığmağa aparırdılar bizi.Çox maraqlı keçirdi. Amma elə də qabaqcıl pambıq yığan olmamışam yığırdım də  60, 70, uzaq başı 100 kq. Pambıq oğurlayanlar da olurdu, amma mən eləməmişəm, başqa üsuldan istifadə edirdim.Pambıq kisəsinin içinə daş qırıntıları doldururdum ki, ağır gəlsin. Onu da pambıq çəkən, briqadir  çox vaxt hiss edirdi.

İnsanların bir-birinə münasibətləri

Bizim kənddə qəribə yazılmamış bir ailə  qanunları vardı.Ümumiyyətlə  Qarabağda qəribə bir ailə münasibətləri var idi. Kənddə bir ağsaqqal, qarasaqqalmünasibəti, qadına, qıza,  gəlinə münasibətlər fərqliydi. Məsələn kəndə kino gələndə elə adam vardı ki, həyətdə yer olmurdu məktəbin qapısının çölündən, setkadan baxırdı, amma o da kinonun haqqını verirdi. Heç ondan tələb edən olmurdu ki, pul ver, amma insanların bir -birinə xoş münasibəti, zəhməti dəyərləndirməyi vardı.

Toy, yas, bayram adətləri: “O adətlərin özünün qəribə bir rəngi, bir qoxusu,  istliyi vardı”

Kəndin qəbirqazanı, mollası ölüyuyanı vardı. Biri rəhmətə gedəndəheç kəs gözləməzdi ki, kimsə gedib onlara desin ki, filankəs rəhmətə gedib. Onlar çox yaxşı bilirdilər ki, bu adamın qəbri qabiristanlıqda harda qazılmalıdı.Ölü yiyəsi bir də gözünü açırdı ki, artıq hər şey hazırdı. Həyətində çadır da qurulub, ölüsü də yuyulub, qəbri dən qazılıb,  qazanlar da asılıb. Eyniylə də toy adətləri. Toya iki gün qalmış həyətdə toy mağarı qurmaq  bəhanəsiylə cavanlar yığışıdırdılar  toy həyətinə bir saatlıq qurulmalı olan mağarı iki günə qurardıq. Onun  öz ləzzəti vardı.Danalar kəsilirdi, ciyər axşamları olurdu.O adətlərin özünün qəribə bir rəngi, bir qoxusu,  istliyi vardı.  May bayramını xüsusi təntənə, şövqlə keçirərdik. Mayın 1- də parad olardı, 2- də bayram edərdik . Cavanlar uşaqlar yığışıb  bir qoyun yumurta pamidor götürüb gedərdik meşəyə. Bir ağacın dibində dibində qayğanaq bişirərdik.Mənim heç yadımdan çıxmır Şuşinin “Qırmızı qayın ağacı” filmi var orda yaxşı bir yer var deyir ki, “İnsanın qəlbində gərək bayram olsun”. İndi şükür Allaha bayramlarımız  çoxdur, amma o yerlərdəki bayram ləzzətini ala bilmirəm. Novruz bayramının tamamambaşqa bir ləzzəti vardı.İndibayramların  elə bir o palitrası solğunlaşıb.

Kənd sevgiləri: “Sevgililər bir -birinə Hind kinolarından şəkillər göndərərdilər”

Bizim kəndimizdə sevgilər də fərqli idi.Orta məktəbdə oxuduğum qızların hamısı ailə qurub. İndi durub kiməsə olan məhəbbətimdən  danışamağım düzgün olmaz. Amma olub mənim də uşaqlıq sevgim.Kəndin kənd sevgisi vardı. O vaxt yadımdadır  sevgililər bir -birinə Hind kinolarından şəkillər göndərərdilər. Ya da hansısa bir oğlan bir qızı sevirdisə gedib özü seçdiyi bir ağacın gövdəsinə həmin qızın adının baş hərifini qazıyırdı.Sevgi etirafını belə edirdi.

Muğanlı mətbəxti: “O bozbaşın dadını mən indiyənə qədər tapa bilmirəm”

Bizim kənddə mənim ən çox yadımda qalan kətədi.Yaz ağzı Ağdam- Füzuli yolunda taxıllıq vardı, taxıllığın içində də kiriş bitirdi.Gedib kiriş yığardıq.Gətirərdik onu evimizə anam sacı asardı və kətə bişirərdi. O kətənini maksimum ikisini yeyə bilərdin.  Bir kətə təxminən sacın yarısı boyda olurdu.Sonra mən gəlib şəhərdə gördüm ki, kətə boğazına qalstuk bağlayıb olub kutab.Sonra bizim kənddə İnqilab kişi, Qulam  kişi vardı onlar  toylarda bozbaş bişirərdilər. Toyda boşqablarda hər kəsin bozbaş payı qarşısına gətirilərdi.Bax o bozbaşın dadını mən indiyənə qədər tapa bilmirəm. Özdə  deyim ki, bu kişlər aşpaz deyildilər hərəsinin öz işləri vardı, amma  məclis olanda onları yemək bişirmək üçün çağırıdılar.

Muğanlıda nəsillər

Muğanlıda nəsillər vardı. Məsələn Şükürlülülər, Əhmədlər, Quliyevlər,  Hüseynovlar,  Bağırlılar. Hətta deyirdilər ki, həmin o nəsillər ki, var onlar beş qardaş olublar və bunlar Kür daşanda Muğan düzündən gəliblər.  Deyilənə görə Respublikanın  müxtəlif rayonlarındakı  Muğanlı kəndini salan insanlar -  çünki Ağsuda da Kürdəmirdə də var Muğanli kəndi - bunlar hamısı Muğan düzündən Kür daşanda gələn insanlardır.

“Dəli Muğanlı”

Bizim kəndə “Dəli Muğanlı” deyirlər. Hətta belə bir deyim var deyirlər ki,“Ağdamda gedin hər kənddən bir dəli gətirin Muğanlıda qabağınıza kim çıxdı gətirin”. Bu sözün içində bir zarafat var. Burda dəli sözü Korğlu dəlisinə uyğundu.Dəli bizim fikirləşdiyimiz psixiatrik xəstəxananın pasiyenti deyil.Cəsarətli deməkdi. O mənada dəli deyilir. Məsələn deyirdilər ki, filankəslə işiniz yoxdu o dəli şeydi gedib bu saat o işin hamısını görəcək.Məsələn vardı bizim kənddə belə adamlar. Onlardan biri  Qəmbər kişi idi. Hamı bilirdi ki, Qəmbər kişinin bu işi görülməlidi və o bu işin hamısını görəcək.Adam vardı ki, tək başına on nəfərin işini görürdü. Heç demirdi ki, buna görə mənə sağ ol deyin. Bunu öz borcu hesab edirdi.

Muğanlıda kino günləri

Mənim kinoyla tanışlığımlabağlı  yadımda qalan bir əhvalat var. Bizim kənddə kino göstərmək üçün xüsusi bir yer yox idi. Kino adətən yayda məktəbin həyətində göstərilirdi.Hamı evdən stulunu götürüb məktəbin həyətinə gəlirdi kinoya baxmağa. Məktəbin qapısından içəri girəndə hamı kinonun haqqını kino mexanik  Firuza verərdi. Atam da hər axşam mənə deyərdi ki, get inəkləri gətir inəyin quyruğundadı pul götürüm verim get kinoya.Mən də inəkləri gətirəndən yolda quyruqlarını bitim-bitim axtarırdım pul zad tapa bilmirdim.Heyvanları gətirib həyətə salırdım. Atam əlini atırdı inəyin  birinin quyruğundan pulu çıxardıb verirdi ki, ala get kinoya. Mən də fikirləşirdim ki, gələ -gələ bu inəyin üçünün də quyruğunu yoxlamışam hardan çıxartdı bu pulu.Sonralar məlum oldu ki, atam barmağının arasında gizlədirdi.Sonra mənim həmin kino mexanik Firuzla dostluğum başladı və başladım onun yanında şagird işləməyə bununla da kinoya getməmək pronblemim olmurdu.Axşam saat 6- da biz aparatları  quraşdırırdıq, filmdən mahnılar qoyurduq ki, hamı bilsin ki, bu axşam kino var. Bizim kənddəMirağa adlı zil sürücüsü vardı,  gəlib maşını saxlayıb deyirdi ki, “nemesdəndi kino?” Deyirdik ki, yox ey hind kinosudu.Deyirdi “eyy nemessiz kinonun nə ləzzət.Nemes kinonun bəzəyidi”.Ən çox maraq Hind kinosuna idi.“Toz içində çiçək”, “Kəşmirdə məhəbbət”, “Fillər mənim dostumdur” bu filmlər tez –tez göstərilirdi.

Kənddən endim şəhərə: “Bakı mühitində xarakterimdə dəyişilmə baş verdi”.

Rayondan 1976- cı ildə çıxdım gəldim İncəsənət Universitetinə  imtahan verməyə.  Birinci ili İnsituta girə bilmədim. O vaxt kənddən şəhərə oxumağa gedən uşaqlara böyük ümidlər bəsləyirdi camaat. Mən də utandım kəndə qayıtmağa.  Bir il Bakı Baş Tikinti idarəsində ekskavotor maşinist işlədim. Bakı mühitində xarakterimdə dəyişilmə baş verdi.Kənddədki utancaq Azad yavaş -yavaş sifətini dəyişir və yaxşı mənada sırtılma prosesi gedirdi.Məndən birinci ili imtahanı Adil İsgəndovla, Rza Təhmasib götürmüşdü. Birinci ili dişim şişmidi deyə danışa bilmirdim. Adil müəllim mənə dedi ki “qadam  sən orduna qoz qoymusan,get  qozu çıxardanda gələrsən” yəni iki alırsan. Sonrakı il gələndə sən demə mən Adil müəllimin yadında qalmışam. Mən imtahana gələndə otağa girən kimi Adil müəllim mənə dedi ki, “ qadam sən deyəsən  qozu ordundan çıxartmısan”. Mən də düşündüm ki,yaltaqlıq  eləmək nəsə burda məğbuldu bunu eliyim təki qiymət alım. Başladım ki, “Hörmətli Adil müəllim mən ki,sizin yadınızda qalmışam mənə yenə  iki verib burdan çıxartasınız mənə təsir etməz  mənim üçün şərəfdir ki, mən sizin yadınızda qalmışam”. Təmiz yaltaqlıq edirəm.Bu da baxdı- baxdı mənə dedi ki, “Qadam gopa basma çıx səhnəyə” . Həmin ili qabiliyyət imtahanından keçdim.

Ağdamda son günlər: “Həmin o zabit  sürücülük vəsiqəmi alıb cırdı”.

Hadisələr başlayanda mən artıq Bakıda ailə qurmuşdum bir övladım da vardı Bir onu çatdırdım ki, qızımı bələkdə  apardım bir dəfə kəndə ki, heç olmasa oranın havasını udsun. Bir dəfə də Ağdama gedəndə kəndə getmək istədim. Qarqar çayının körpüsü üstündə əsgərlər məni saxladılar. Üstümdə olan yeganə sənəd sürücülük vəsiqəsi idi.  O vaxt sürücülük vəsiqəsi bir neçə vərəqdən ibarət olurdu. Çıxardıb vəsiqəni təqdim elədim ki, mən Muğanlı kəndindənəm gedim kəndə dəyib çıxım. Həmin o zabit  sürücülük vəsiqəmi alıb cırdı. Hətta əlindən almasaydım iki böləcəydi. Bizim zabit idi dedi ki, olmaz ora getmək halbuki hələ kənd işğal olmamışdı, ailələr çıxasa da kişilər kənddə idi .Qardaşlarım ordaydı.Qoymadılar məni kəndə gedim. Sonra şəhərdə eşitdim ki, ermənilər rayonu işğal ediblər.Çox ağır bir xəbər oldu.

Eşitsəm ki, Ağdam alınıb…

Adamın üzü bərkdi öyrəşir. Biri ona nostalji deyir biri cavanlıq xatirəsi deyir, amma məndə qəribə bir darıxmaq var. Məsələn yaz ağzı Sumqayıt yolunun qırağına  qəfil görürsən ki, alça ağappaq çiçəkləyib.  Onda elə bil adamı tok vurur.Sən uşaqlıqda gördüyün o alçalar düşür adamın yadına.Qəfildən Yasamlıdan işə gələndə görürəm ki, Novruz bayramında, Orucluqda hamı qəbir üstünə gedir.Onda mənə çox pis təsir edir ki, niyə axı mən ata- anamın qəbri üstünə gedə bilməmliyəm.Mən uzaqdan -uzağa Quran oxutmalıyam niyə?Kənd adamları ki, gəlib burda yerləşiblər görürsən  uşaqlarının toyu olur məni də dəvət edirlər.  O toydan çıxanda 3- 4 saat sonra özümə gələ bilmirəm. Yadıma o adamın özünün kənddəki toyu düşür. Mənim könlüm hər gün o yerlərdən keçir. Çünki mən Qarabağı çox gəzmişəm.  Məsələn Şuşadan  Laçına  gedən bir yol vardı, hardasa iki saatlıq yol idi. Amma bizim o yolu 6- 8 saata getdiyimiz vaxtlar olub.Elə bil bilirdik ki, bir də o yollardan keçməyəcəyik.

Eşitsəm ki, Ağdam alınıb əvvəl burda Şəhidlər Xiyabanında dəfn olunan çox yaxından tanıdığım igid oğlanlar var, birinci onların qəbri üstünə gedərəm. Bəlkə də lap ucadan cikkə çəkərəm ki, Ağdam alındı. Birinci xəbəri onlara  verərəm,  sonra da  düşərəm yola. Rayona çatanda çox güman ki, birinci teatrın binasını axtararam. Çünki mən kənddən  rayona bir iş dalınca gələndə,  bazara gedəndə həmişə birinci teatrın binasının qabağında dayanıb baxırdım o binaya. Mən o binaya müqəddəs bir yer kimi baxırdım. Sonra kəndə gedərəm rəhmətliklərin qəbrini ziyarət edərəm, mənim uşaqlığımın bağlı olduğu bir neçə  ağac var əgər qalıblarsa gedib onlarla dərdləşərəm.

Günel Musa


 






23 İyul, 2014  10:09 Baxılıb: 3330 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner