Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Boşanma çarəsizlik yoxsa dəbdir? - ARAŞDIRMA

Ailə hər bir toplum üçün müqəddəs məvhumdur. Ancaq müasir dövrdə qurulan ailələrdən çox boşanmalar haqqında eşidirik. Ölkəmizdə də bir neçə ildə qurulan ailələrin sayında azalma boşanmaların sayında isə artım var. Bəs günbəgün artmaqda davam edən boşanmalara səbəb olan amillər nələrdir?

Boşanmaya gətirib çıxaran səbəbləri aydınlaşdırmaq üçün əvvəla tədqiqatçıların araşdırmalarına nəzər salsaq yaxşı olar. Tədqiqatçılar boşanmalara və ailənin dağılmasına gətirib çıxaran səbəbləri əsasən 3 qrupa ayırmağı məqsədəuyğun hesab edirlər: Maddi – məişət problemləri, şəxsi münaqişələr, xarici təsirlər.

Maddi-məişət problemləri ailənin yaşayış tərzi ilə bağlı meydana çıxan müxtəlif çətinlikləri özündə əks etdirir. Yaşayış şəraitinin ağırlığı, tərəf müqabillərindən birinin ailə təsərrüfatını idarə etmək istəməməsi və ya bunu bacarmaması, maddi təminatın olmaması və digər problemlər ailələrin dağılmasına gətirib çıxaran mənfi amillərdən sayılır. Belə problemlərin davamlı xarakter alması ağır maddi-mənəvi sıxıntılar doğurur. Bu vəziyyət son nəticədə ailədə ciddi fikir ayrılığının və kəskin münaqişələrin yaranmasına, ailənin ciddi böhran yaşamasına səbəb olur. Bəziləri bu böhrandan çıxış yolu taparaq ailə həyatını məcrasına qaytarmağa nail olur. Ancaq çıxış yolu kimi öz həyat yoldaşından ayrılmağı üstün tutanlar bu nisbətdə üstünlük təşkil edir.

Bir çox hallarda şəxsi münaqişələr də ailələrin dağılmasında həlledici təsirə malik olur. Qeyd edildiyi kimi, ilkin sevgi hissinin itirilməsi, həyata fərqli baxışlar, kobudluq, qısqanclıq, şübhələr, inamsızlıq zəminində yaranan şəxsi ziddiyyətlər ailə həyatına olduqca mənfi təsir göstərir. Kobudluq, saymazlıq və hörmətsizlik sadalanan amillər arasında aparıcı yer tutur. Və bu amillər də nəticədə ailədə qarşılıqlı laqeydliyə, yadlaşmaya gətirib çıxarır.

Qadınlar, adətən, həyat yoldaşları ailəyə soyuq yanaşdıqda, içkiyə qurşandıqda narkotik vasitələrə aludə olduqda, bu və ya digər səbəblərdən ailə məsuliyyətini daşımaq iqtidarında olmadıqda boşanmaya əl atırlar. Ailədə zorakılığa məruz qalması, şəxsi ləyaqət hissinin tərəf müqabili tərəfindən alçaldılması qadını bu addımı atmağa vadar edir.

Kişiləri boşanmaya vadar edən səbəblər isə bir qədər fərqli məzmuna malikdir. Belə ki, onlar qadınların kobud və məsuliyyətsiz davranışına tamam fərqli məzmunda yanaşırlar. Hər bir kişi bunu özünə qarşı olan hörmətsizlik, inamsızlıq, saymazlıq kimi dəyərləndirir. Burada xarakterlərin toqquşması amili də özünəməxsus rol oynayır. Bu amil kişilər üçün daha böyük əhəmiyyət kəsb edir.

Ailənin dağılmasına təsir edən xarici amillərə gəldikdə isə burada xəyanət, tərəf müqabillərindən birinin həyat yoldaşına emosional-hissi münasibətinin dəyişməsi və ya yeni ailə qurmaq təşəbbüsü, valideynlərin, bir sıra kənar şəxslərin ailə həyatına müdaxilə etməsi xüsusi yer tutur.

Bəs ölkəmizdə boşanmaların  vəziyyəti necədir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova deyir ki,  aparılan araşdırmalar zamanı məlum olub ki, Azərbaycanda boşanmaların səbəbləri sırasında ilk yerləri nikaha girən tərəflərin maddi maraq güdməsi, valideynlərin övladlarını evlənməyə məcbur etməsi və xarici görünüşə önəm verilməsi tutur.

Onun sözlərinə görə, ailə quranlar əsas meyarlara önən vermirlər. Nikaha girəndən sonra fərqli düşüncə və əxlaq sahibləri olduğu meydana çıxır və ailədə problemlər yaranır. Valideynlərin təkidi ilə ailə quranların əksəriyyəti qan qohumlarıdır. Qan qohumları arasında qurulan ailələrdə isə sonsuzluq və xəstə uşaqların doğulması kimi problemlər yaranır.

Psixoloq Aygün Ağabalayeva isə bildirir ki,  xəyanətin laqeydlik, inciklik və peşmanlıq hissini qüvvətləndirdiyini xüsusi vurğulayırlar. Ailədə xəyanətə uğrayanlar gec-tez bundan xəbər tutur və bu zaman dərin emosional-psixoloji sarsıntı keçirirlər. İstər qadının, istərsə də kişinin xəyanəti ailədə dərin böhrana, qarşılıqlı inam hissinin itməsinə, ailənin dağılmaq təhlükəsi ilə üz-üzə qalmasına səbəb olur.

Onun sözlərinə görə, bütövlükdə valideynlərin gənclərin ailə həyatına kobud müdaxiləsi mənfi fəsadlarla müşayiət olunur. Bu müdaxilə mənfi, kənar təsirlə tamamlandıqda ailələrin birliyi təhlükə qarşısında qalır. Bəzən gənc ailələrin ayaq tutub yeriyə bilməməsinin, başqa sözlə, həyatın ilkin sınaqlarından çıxmamasının günahkarı valideynlər olur.

Psixoloqun fikrincə, ailə həyatının pozulmasına ayrı-ayrı insanların münasibəti fərqli olur. Hər kəs bu böhranı özünəməxsus şəkildə yaşayır. Ailə həyatı ilə bağlı ümidlərin puç olması, həyat yoldaşında onun arzulamadığı, dözülməz hesab etdiyi bir çox keyfiyyətlərin ortaya çıxması hər kəs üçün ağırdır. Bu zaman insanın üzləşdiyi ruhi-mənəvi böhran, sanki onun həyatını dondurur. Ailədə yaranan böhran nəticəsində özünü yalqız və kimsəsiz hiss edən insan böyük ümidsizliyə qapılır, gərginlik, yorğunluq, özünə yaxın ətrafa, əməyə qarşı biganəlik bir müddət onun həyat tərzinə çevrilir.

“Boşanmalardan danışarkən bu cür ailələrin uşaqlarının  da üzləşdiyi çətinlikləri yaddan çıxarmamalıyıq. Belə ki, ayrıldıqdan sonra keçmiş tərəf müqabilləri arasında uzun müddət davam edən açıq və gizli münaqişə əziyyəti yaranır. Bu, bir tərəfdən uşaqlara diqqəti və qayğını həddən artıq zəiflədir, digər tərəfdən isə onların normal inkişafına mane olur”.

Aysel KƏRİMOVA

 






17 İyul, 2014  10:26 Baxılıb: 1790 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


27 Noyabr, 2020  00:28

25 Noyabr, 2020  16:40






18 Noyabr, 2020  12:52



17 Noyabr, 2020  09:39

14 Noyabr, 2020  10:33


















25 Oktyabr, 2020  23:08


24 Oktyabr, 2020  11:14



23 Oktyabr, 2020  11:17














sagbanner