Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Su ehtiyatlarımız nə səviyyədədir? - ARAŞDIRMA

Azərbaycanın şirin su ehtiyatları yeraltı sularla birlikdə təqribən illik 35 km³ qiymətləndirilir. Yerüstü su ehtiyatlarımızın 70 faizi iri tranzit çaylarla – Kür, Araz, Qanıx, Samur çayı ilə daxil olan su ehtiyatlarıdır

Ölkənin əsas su arteriyalaı olan Kür və Araz çayları qonşu ölkələrin ərazisində yüksək dərəcədə çirklənməyə məruz qalır. Nəzərə alaq ki, Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsullarının 90 faizi suvarılan torpaqlarda yetişdirilir. Ölkənin ərzaq təhlükəsizliyi də  birbaşa su ehtiyatları ilə bağlıdır. Formalaşmış ekosistemlərin və ekoloji tarazlığın qorunması şərtləri ilə istifadə oluna bilən su ehtiyatlarımız daha da azdır. Tədqiqatlar göstərir ki, qlobal iqlim dəyişmələri ilə əlaqədar temperaturun və buxarlanmanın artması nəticəsində su ehtiyatlarımız 20-25 faiz azala bilər. Küllü miqdarda ziyana səbəb olan daşqınlar və sellər isə bu problemin digər tərəfidir.

Yeraltı içməli su mənbələrində isə 23764,28 mln. m³/gün su ehtiyatı var. Azərbaycan ərazinin hər km²-nə və əhalinin hər nəfərinə düşən yerüstü su ehtiyatları göstəricisinə görə Cənubi Qafqaz dövlətləri və Rusiyadan geridə qalır. Cənubi Qafqazın ümumi su ehtiyatının (310 mlrd. m³) 62%-i Gürcüstan, 28%-i Ermənistan, yalnız 10%-i Azərbaycanın payına düşür.

Su çatışmazlığı həmçinin mövcud su ehtiyatlarından rasional istifadə edilməməsi ilə də izah edilir. Bakının su təsərrüfatı, infrastrukturu 1,3-1,7 mln. insan üçün nəzərdə tutulsa da, ölkədə paytaxt sakinlərinin sayı durmadan artır. Su çatışmazlığının digər səbəbi isə su anbarlarının az olmasıdır.

Bu gün Azərbaycanın 11-12 yeraltı içməli su ehtiyatı mənbəyi var. Bunların cəmi ehtiyatları təqribən 24 mln. metr³/sutka təşkil edir. Məsələn, hazırda Abşeronun içməli su ehtiyat mənbələrinin çox sürətlə çirklənmə prosesi gedir. Bu gün Abşerona 30 metr³/saniyə içməli su gəlir ki, bunun da 20 metr³/saniyəsi Bakı şəhərinin payına düşür. Hazırda Bakı şəhərinin içməli su tələbatının Ceyranbatan gölü vasitəsilə 65-70%-i təmin edilir.

Paytaxtın içməli suya olan tələbatını ödəmək üçün Oğuz-Qəbələdən gələn su şəhər üçün ən əlverişli su mənbəyi sayılır.

Ekologiya Standartlarının Monitorinqi Fondunun prezidenti, professor Rauf Sultanov deyir ki, yeraltı su yataqları səmərəli istifadə edildikdə, uzun illər boyu mövcud ola bilir. Lakin bu su yataqlarından səmərəli və düzgün istilfadə edilmədikdə suların parametrləri və tərkibi dəyişir. Onun  sözlərinə görə, bu gün yeraltı sular antropogen təsirlərə məruz qalır. Bu da içməli su ehtiyatlarının tərkibinin dəyişməsinə gətirib çıxarır.  R.Sultanov yeraltı suyun tərkibində yod-bromun həmişə normadan aşağı olduğunu bildirir. O, Oğuz-Qəbələ kəməri vasitəsilə paytaxta gələn suyun tərkibində də yod-bromun normativdən aşağı olmasını istisna etmir. Lakin bu gün bütün dünyada şəhərlərə verilən içməli suyun tərkibində yod az olduqda, süni yolla əlavə olunur. Professor içməli suyun ağır metallar, detergentlər, karbohidrogenlər, radiaktiv maddələrlə çirkləndirilməsi insan sağlamlığı üçün çox böyük təhlükə olduğunu vurğulayıb.

Alimin fikrincə, yeraltı su mənbələrindən istifadə həmin ərazinin torpaq sahəsinə çox böyük mənfi təsir edəcək. Belə ki, Oğuz-Qəbələdən su kəməri çəkildikdən sonra həmin ərazidəki yeraltı suların səviyyəsi 50-60 metr aşağı düşəcək. Bu zaman həm də oradakı qurunt sularının səviyyəsi aşağı enəcək. Bu da yerüstü bitki örtüyünə mənfi təsir göstərəcək. Bunun ərazidə yerləşən çaylara da təsiri mümkündür. Hazırda bu sahədə fəaliyyət göstərən mütəxəssislər bunu nəzərə almalıdırlar.

İçməli suyun texniki prosesi necə həyata keçirilir?

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyir ki,  Azərbyacanda iki təmizləyici qurğu Bakını içməli su ilə təmin edir. Ceyranbatan sutəmizləyici qurğusu 1961-ci ildə istismara verilib. Digəri isə 1971-ci ildə  Gürsu təmizləyici qurğular kompleksdir. Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun inşası yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, adı çəkilən qurğunun ilin sonunadək işə salınması planlaşdırılır.  Ceyranabatan gölü sahilində tikilən qurğunun məhsuldarlığı saniyədə 6 m³, yaxud sutkada 520 m³ olacaq. Ultrasüzgəclərdən keçən su ən təmiz su olacaq.

Artıq Ceyranbatan ərazisindən Binə qəsəbəsinə qədər yeni su xətti hazırdır.  Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusu, magistral kəmər, anbar və infrastrukturun digər obyektləri istismara buraxılandan sonra Abşeron yarımadasında 1 milyon nəfərdən artıq əhali fasiləsiz və keyfiyyətli içməli su ilə təmin ediləcək.

Ceyranbatan anbarından suyun qəbulu, ilkin təmizlənməsi və emal edilmiş suyun zərərsizləşdirilməsində yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir və qurğunun tikintisində Niderland Krallığı və Türkiyə istehsalı olan müasir avadanlıqdan istifadə edilir.

“Su ehtiyatlarının yenidən qiymətləndirilməsi işləri aparılır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin kompleks hidrogeologiya və mühəndis geologiyası ekspedisiyasının baş hidrogeoloqu Paşa Kərimov bildirib ki, Nazirlik tərəfindən  ölkədə  su ehtiyatlarının qiymətləndirilməsi və çirkləndirilməsinə qarşı monitorinqlər  aparılır. “Aparılan monitorinqlər nəticəsində neqativ hallara rast gəlinməyib. Dağlıq zonalarda, daha çox yayılan və hazırda  da istifadə olunan yeraltı su hövzələrinin Alazan-Əyriçay, Gəncə-Qazax, Qarabağ zonasında yeraltı su ehtiyatlarının yenidən qiymətləndirilməsi tərəfindən işlər aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərsu Səhmdar cəmiyyəti ilə birlikdə xırda şəhərlərin rayon mərkəzlərinin su təchizatının yenidən qurulması istiqamətində layihələr hazırlanır. Aparılacaq monitorinqlərdən sonra yeraltı su ehtiyatlarının hansının istifadəyə yararlı olduğu müəyyənləşdiriləcək.

Ölkədə əhaliyə verilən içməli suyun təmizlənməsi məqsədilə Almaniyanın bu sahədə aparıcı şirkətləri ən son texnologiyaları tətbiq etmək təklifi ilə çıxış ediblər. Həmçinin su vasitəsilə keçən xəstəliklərin qarşısının alınması istiqamətində ölkədə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Aysel Kərimova






1 İyul, 2014  13:51 Baxılıb: 1315 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


27 Noyabr, 2020  00:28

25 Noyabr, 2020  16:40






18 Noyabr, 2020  12:52



17 Noyabr, 2020  09:39

14 Noyabr, 2020  10:33


















25 Oktyabr, 2020  23:08


24 Oktyabr, 2020  11:14



23 Oktyabr, 2020  11:17














sagbanner