Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Reportaj

İçərişəhərin klassikası – Qubernator bağı – FOTOREPORTAJ

İnsanın ruhunu oxşayan həzin musiqi. Əsəbləri sakitləşdirən fəvvarələr. Bağda dincələnlərə xoş əhval-ruhiyyə bəxş edən yaşıllıq. İnsanı keçmişlə indiki zamanın qovşağında saxlayan tarix...  Bəli, bura Filarmoniya bağıdır. Bakıda ən sevdiyim məkan. Klassik musiqisinə, suyun səsinə, arxitekturasına, qədimliyinə doymadığım bu bağ dincəlmək arzusunda olanların məkanıdır.

Bir çox əsərlərin müəyyən epizodlarının məkanı olub Filarmoniya bağı. Sevilən filmimiz “Gün keçdi”-nin qəhrəmanları burda qar topu oynayıblar. Daha nələr-nələrə şahidlik edib...

180 yaşı olan Filarmoniya bağı İçərişəhər hələ iki divar əhatəsində olan vaxt salınıb, uzun müddət Bakının ilk və yeganə bağı olub. Bu status Bakı bulvarının ( Milli park) salınmasına qədər davam edib. Filarmoniya bağı 1830-cu illərdə Bakı komendantı R.R.Xovenin təşəbbüsü ilə yaradılıb. 19-cu əsrin 30-cu illərində salınan bağ məhz qubernatorun təşəbbüsü ilə yaradıldığı üçün əvvəllər “Qubertnator bağı” kimi tanınırdı.O, Lənkəran və İrandan gələn bütün gəmi sahiblərinin qarşısına bir şərt qoyubmuş ki, getdiyiniz yerlərdən bir neçə çuval qara torpaq gətirməlisiniz! Torpaq gətirməyənlər isə cərimələnirdilər. Sahibkarlar tərəfindən Lənkəran və İrandan gətirilən torpaqların sayəsində bağda əvvəlcə meyvə ağacları yetişir, sonra bəzək kolları. Kasıb camaatın bağda dincəlməsinə həftədə bir dəfə icazə verilirdi. Varlıların isə istirahəti limitsiz idi, ürəkləri istədikləri vaxt bağa girib-çıxa bilərdilər. Hətta bağın girişinə xüsusi elan da vurulubmuş: “Əsgərlərin və itlərin daxil olması qadağandır!”

1859-cu ildə bağda bir yenilik edilir. Rəqs meydançası düzəldilir, axşamlar orkestr çalmağa başlayır.

Monte-Karlodakı Filarmoniyanın eynisini xatırladan indiki Filarmoniya binası 20-ci yüzilin əvvəllərində tikildi. Tikili "İctimai iclasların yay evi" adı ilə inşa edildi. Əvvəllər indiki Filarmoniyanın yerində taxta bir klub olub: “Ağ klub”. Və bu klub bir gecədə yanğın nəticəsində külə dönür. Onun əvəzinə isə orda  Bakı Şəhər Dumasının qərarı ilə 1910-cu ildə tikintisinə başlanan Filarmoniya binası tikilməyə başlayır. Binanın inşası 1912-ci ildə başa çatır. Beləliklə, “Qubernator bağı”nın sonralar “Filarmoniya bağı” adlanmasına səbəb olacaq bina tikilir.  1936-cı ildə  isə Azərbaycan Dövlət Filarmoniyası yaradılır.  Vaxtilə Bakı İctimai Məclisinin tikdirdiyi “Yay evi” filarmoniyaya verilir.

Tikinti üçün niyə məhz indiki Filarmoniya binasının yeri istənilib? Bu sualın cavabı Bakı İctimai Məclisinin adından şəhər upravasına göndərilmiş bir məktubda açıqlanır. Həmin sənəddə Bakı İctimai Məclisinin rəhbərliyi 1907-ci ildə yanan “Ağ klub”un əvəzinə yeni yay binası inşa etdirmək istəyini bildirir  və bu məqsədlə məhz indiki Filarmoniyanın yerinin ayrılmasını xahiş edir. Məktubda yeni binanın tikintisinin onlara baha qiymətə başa gələcəyi göstərilsə də məhz bu sahənin ayrılmasının vacibliyi vurğulanır: “...İctimai Məclis xərcləri gözə alması səbəbsiz deyildi. Səbəb, Bakı şəhərinin müstəsna iqlim şəraitini nəzərə alsaq, yay binası üçün bundan sərin və nisbətən təmiz havası olan yer tapmağın mümkün olmamasıdır”.

Elə o vaxtdan da bu ərazi şəhərin havası təmiz və sərin olan yerimiş.

Filarmoniya bağının bu günə qədər müxtəlif adları olub. İlk vaxtlar “Qorodskoy sad” – “şəhər bağı” kimi tanınan ərazi sonralar çar I Nikolayın qardaşı Mixailin şərəfinə “Mixaylovski bağı” adlandırılır. Lakin Bakının general-qubernatoru şəhərin varlılarından olan Hacı Nemətulla Seyidovun bağın kənarında yerləşən evini (o ev sökülüb və yerində “Four Season” – “Dörd Fəsil” oteli tikilib) kirayəyə götürdüyü üçün buranı şəhər əhli “Qubernator bağı” – “Qoburnat bağı” adlandırmağa başlayıb. Çünki bağ qubernatorun evi ilə  üzbəüzmüş. Qubernator hər gün eyvanda oturub çay içə-içə bağı seyr edirmiş. Sovet dövründə isə  bağın adı dəyişdirilərək “Pioner” qoyulur. Vahidin heykəlindən sonra Vahid bağı. Və nəhayət “Filarmoniya bağı” adı ilə əhaliyə xidmət göstərir...

Özündə İtaliya intibahının elementlərini, Şərq müsəlman memarlığının cizgilərini, eləcə də milli ornamentləri birləşdirən bağı bir-birindən gözəl dekorativ ağaclar, güllər, daşlar , fəvvarələr, saatlar bəzəyir. Demək olar ki, yüz illərdir mədəni-kütləvi tədbirlərə, musiqinin təbliğinə, insaların istirahətinə xidmət edir.

Nuranə Novruz

 

FOTO: Nuranə Novruz Simsar.az






13 İyun, 2014  09:17 Baxılıb: 8880 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16