Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mahir Mehdi: Bu boz şəhərdə

Gizlin heç nə qalmayacaq

Kaş, səsinə, harayına
bircə adam gələ çıxa.
O da səni yıxıb gedə,
qalasan quruca yerdə,
için sökülə-sökülə.
Kaş, çiyninə baş qoymağa
tək bircə adamın ola.
O da səndən çıxıb gedə…
Dalınca qaçasan sən də
yola tökülə-tökülə.

***

Sevə bildiyimdən artıq
sevə bilmərəm…
Bütün sevgilər
yataqda qurtarır.
Yataqdan başlayır
bütün yalanlar…
Yataq xəstəsiyəm,
sevgim yatağa qədər…

***

Pərdə ayrılıqdı.
Ayırır adamları
bir-birindən.
Pərdə ayırır məni
şəhərlərdən, küçələrdən,
adamlardan, addımlardan.
Pərdənin dalından baxıram
şəhərlərə, küçələrə,
adamlara, addımlara.
Dartıb qırıram
bütün pərdələri.
Sındırıram şüşələri.
Nə qədər, havaxtacan
pərdələmək olar,
pərdələnə-pərdələnə
rəndələmək olar?
Pərdəsiz yaşayaq
bir az da.
Dostlardan biri
tez-tez deyirdi:
«pərdəsiz pəncərə
soyunmuş qadına
oxşayır».
Qoy olsun,
pərdəsiz pəncərəni sevirəm,
soyunmuş qadını…
Yaza bilmirəm,
bu şeirin ardını.
Pərdələr qoymur, mane olur…
Şeirə pərdədi varaq,
qələm, nöqtələr…

***

Adamlar addım-addım,
addımlar adam-adam
köçür, köy eləyir.
Addımlar adam-adam
evimdən, məndən keçir.
Keçirəm küçənizdən,
evinə, yuxuna,
sənə köçürəm
addım-addım,
adam-adam…

***

Bir söz, bircə söz
yetəcək köməyə
əl hər yerdən üzüləndə.
Bir söz, bircə söz
açacaq bütün
gizlinləri, düyünləri.
Açar olacaq
pas atmış
bütün kilidlərə,
açacaq bağlı qapıları,
gizlin heç nə qalmayacaq.
Tanınacaq hamı bir-bir,
təpədən dırnağacan,
çölündən içinəcən,
ölüsündən dirisinəcən.
Bir söz, bircə söz
səni hamıdan ayıracaq,
ayrı salacaq,
adamları tanımağın
ağrılı bir şey olduğunu
anladacaq sənə…
Bir söz, bircə söz
çəkib aparacaq səni,
səni tanımayanların
şəhərinə,
səni tanımayanların
arasına…

***

Gizlən, gizlən,
görüm, havaxtacan,
kiməcən
gizlənə biləcəksən.
Axtarışdasan,
düşüblər izinə.
Hazırlaş,
Tanı adamlarını
yavaş-yavaş…
Kürəyini gez-tez
o taxta hasara söykəyib
cavab verəcəksən.
Yalın əllərinə baxıb
səni təkləyənlərə güləcəksən,
söyəcəksən girdiyin
bu oyuna,
bu oyunun sonuna.
Tək qalacaqsan ortada.
Elədiklərini, eləmədiklərini,
olanları, olmayanları
qoyacaqlar boynuna.
Bir vaxt sənə üz tutanlar,
Sevgi verdiyin adamlar,
Sağlığına badə qaldıranlar
Əl qaldıracaqlar sənə,
duracaqlar üzünə.
Gözləmədiyin yerindən vuracaqlar,
Səni qıracaqlar, yoracaqlar…
Yadlar susacaq.
Doğmalarsa sənə olan
son borclarını
yumruq-yumruq,
təpik-təpik
qaytaracaqlar bir-bir,
artıqlamasıyla,
bəs deyincə,
qəpiyinəcən…

***

Hər yeri boşaldıb getdin.
Boşaltdın
otağını bu evdən,
bu evi bu küçədən,
küçəni bu şəhərdən.
Adamları özlərindən,
izlərindən.
Qıya bilmədin…
Əlin gəlmədi mənə,
təkcə məni
dolu saxladın…

***

Nə qədər
yaşamaq olar susa-susa,
istəmədiklərini yaza-yaza.
Onu-bunu pusa-pusa
haracan getmək olar?
…O tini burulub
o dar dalanda,
elə o darvazanın
qabağındaca
neçə yol, neçə kərə
ayrı adam olmaq olar?
Ayrı adda, ayrı üzdə,
ayrı gözdə doğulmaq olar?
Axı neçə yol dolar,
dolar, partlayar sinə,
sözlər püskürüb
hərf-hərf qəlpələnər,
dağılar?
Neçənci kərə
hərflər, hərflərdən
qopub ayrılar,
təzədən düzülər yan-yana,
təzə sözlərə dönər,
yazılar o tinə,
o dalana, o darvazaya,
neçənci dəfə,
haracan?

***
Səsim yaralanıb.
Susuram,
dua eləyirəm susa-susa.
Dualarım susanda
çatır sənə.
Susanda çatıram sənə.
Susa-susa dua eləməyin
ləzzəti başqadı.
Susmaqdı dua eləməyin
başqa adı.
Susmaq mənim duamdı…

***

Hər yerdən, hamıdan
ayırdılar səni.
Mağmın, fağır
adam sayırdılar səni.
Demə, dilin də varmış,
dilçəyin də.
Danışa bilmirmişsən
adam dilində,
adam balası kimi…
Danış, din,
Səssizliyə bük hər yeri.
Yüz il susmusan bəsdi.
Ancaq yüz il susan adamın
qəfil dil açmağı,
danışmağı dəhşətdi.
Görürsən ki, susmaq olmur.
İstəsən də qoymayacaqlar.
Susmağın daşını at.
Günahlarını yu,
eyvana sərib qurut,
qaranı ağart.
Sonra çək əyninə,
təzədən geyin
bəmbəyaz günah paltarını,
bəy balası kimi gəz,
döz
bu get-gəllərə,
gəlib səndə itənlərə…

***

«Dərdinə şərikəm,
ortağam» desəm,
yalan demiş olaram.
Gözümün içinəcən…
Uzaqbaşı, uzağı
elə-belə, yalandan.
Görk üçün kədərlənib,
dərdinə şərik ola bilərəm,
bir ölkənin prezidentinin
ayrı bir ölkənin
prezidentinə göndərdiyi
başsağlığı
teleqramındakı kimi…

***

Deyinin, deyin…
Yeyilməliyəmsə, yeyin.
Çörəyiniz, suyunuz məni
söyməkdən çıxırsa, söyün.
Dolandırın balaca balalarınızı.
Məni söyməyin hesabına
yaşadın oğlunuzu, qızınızı.
Arxamca danışdıqlarınız
ömrünüzü heç olmasa
bir saat, bircə gün
uzadırsa, danışın.
Arxada danışılanlar
arxada qalır,
arxadan gəlib çatır mənə.
Divarlara, qapılara
yazdığınız söyüşlər
mənə olan qəzəbinizi,
kininizi bil balaca
soyudursa, yazın.
Yaşayın doyun…
Əgər bununla
xoşbəxt olursuzsa,
bu xoşbəxtliyi
çox görmürəm sizə,
Olun.
Bəlkə gözünüz doya –
Onsuz da
«Boq sudya…»

***

Hər yetən basdı başından,
basa-basa keçdi başa.
Balaca qaldın yaşından,
bapbalaca, bircə tikə.
Oxşamadın
tay-tuşlarının heç birinə.
Yekəlmək istədin
öz vaxtınla
arın-arxayın, sakitcə…
Tələsmədin dil açmağa,
hamı kimi danışmağa.
Dil açanda da,
öz dilində danışdın.
Başa düşən olmadı,
anlamaq istəmədilər səni-dilini…
Zorla keçirtdilər
səni öz vaxtlarına.
Sənə güclə öyrətdilər
öz dillərini,
alt-üst elədilər illərini.
Bu vaxta keçənəcən,
bu dildə danışanacan
iş-işdən keçdi,
getdi işinin dalıyca.
Yaşına qalxa bilmədin.
Yaşıdların böyüdü,
məktəbə getdi,
qız sevdi, əkdi-biçdi…
düşdün lap dərinlərə,
yaşına çıxa bilmədin.
Yekəlməyə, məktəbə getməyə,
qız sevməyə,
evlənməyə…
boyun çatmadı.
Baxdın altdan yuxarı,
yaşına çata bilmədin.

***

Bir nöqtə qoy hamıya,
özünü qurtar burdan da.
Üz tut yadlar arasına,
qaç, elə yerə qaç ki,
səni heç kəs tanımasın.
Qarış, tanımadığın adamlara,
it, tanımadığın adamlarda.
Yad yerdə,
yadlar arasında yaşamaq
doğmalarla bir yerdə
yaşamaqdan min qat asan.
Nə itirən var, nə axtaran,
nə dost var, nə düşmən.
Nə bir ünvan bilirsən,
nə də telefon nömrəsi.
Üzlər yad, baxışlar soyuq.
Ölsən, ölümündən
xəbər tutan olmayacaq.
İtsən axtarmayacaqlar,
heç elə bil yuxuymuşsan…
Doğma sandığın yerlərdə
ən yaxşı hədəfsən, hədəfdəsən,
bircə gülləyə bəndsən.
Bir azcana büdrəsən
baş-gözünə yağacaq
daş-kəsək dörd tərəfdən.
Odur, tüpür dabanına…
Hədəf olma,
hələ vaxt var,
hərif olma…
…Ancaq oralarda sevməyi
yaxın qoyma özünə.
Sevmək ən zəif yerindi.
Onsuz da sevgin
heç kəsə lazım deyilmiş.
Hər şey çox gec bilindi…
Öyrən, öyrən nifrət eləməyi,
tərgit, tərgit sevməyi…

***
Yağmurla qol-boyun küçə.
düşüb, arxamca düşüb.
İzləyir hər addımınımı
ayağıma ilişib.
Gedəcəyim gizli yer yox,
niyə məni izləyir?
Dönüb arxaya baxanda
özün məndən gizləyir.
Qoy, izləsin, onsuz da mən
elə-belə gedirəm.
Bu lal şəhərdən özümü
silə-silə gedirəm.
…Hələ ki, səsə gedirəm,
Bəs səs batsa neyləyim?
İşıqdan düşüb gözlərim,
Çoxdan sönüb eynəyim.

***

Adamı söyüş-söyüş,
xəbər-xəbər, yalan-yalan
qoparırlar adamdan.
Bilmirəm, gerçəyin
nə olduğunu,
yalanın necə doğulduğunu…
Ancaq gerçəyin olacağına
inana-inana adam daha çox
yalan uydurur.
Axırı, yalan da
yalan olur…
Hər şey sənə oxşayır,
doğru, yalan, canlı-cansız,
fərq eləməz.
Baxdığım güzgülər, şəkillər,
köçdüyüm evlər, küçələr,
yediyim tikələr, şillələr…
…Canımda gəzdirirəm,
barmaqlarımın ucunda
yaşayıram səni.
Qulaqlarımda yaşayıram
səsinin cingiltisini.
Donanda hiss eləyirəm
bədəninin istiliyini…
Hər şeydə bir damcı
sən varsan.
Bir damcı səndə var
hər şeydən –
ən zibil şeirimdən…
Qulu Ağsəsə
Nə sevincim sevinc oldu,
nə də kədərim kədər.
Milyon cür sifətə düşdüm,
Üzüm olana qədər.
Düşdüm, öz yerimdən düşdüm,
daş olub başa düşdüm.
Ayrı bir boş yer tapmadım,
Otuz beş yaşa düşdüm.
Düşdüm, elə dağıldım ki,
Çətin özümə yığılam…
İndi yaza bilmədiyim,
Şeirlərlə məşğulam.
2005

***

Gün də elə həminki gün,
ay da elə həmin aydı.
Heç nə dəyişməyib burda,
bu tay yenə də o taydı.
Ağlayan göz yaşlarını,
Gülən gülüşün aldadır.
Kimisi öz gedişini,
Kimi gəlişin aldadır.
Kiçiklər qalxıb dikəlir,
böyüklər enib kiçilir.
Kimi seçilib doğulur,
kimi doğulub seçilir.
…Havadı, sudu bilmirəm,
Nəsə çatışmır elə bil…
Burdadı, hamı burdadı.
Heç kəs öz yerində deyil.

***

Çoxdandan dəyişib
hər şeyin rəngi.
Ümid pəncərəsi
sönüb, qaralıb.
Dar gəlir ölçümə
bu ev, bu şəhər,
sığmıram bu ömrə,
ömür daralıb.
Deyəsən, bu yer də
mənimki deyil.
Kiminləsə yerim
baş-ayaq düşüb.
Hamıya yaxşı-pis,
nəsə bir yazı,
mənimsə baxtıma
boş varaq düşüb.
Kimdisə gizlicə
sökür içimi.
Hər gün az-az yeyir,
azaldır məni.
Kimdisə canımdan,
varımdan gedir,
söz-söz, şeir-şeir
azaldır məni.
Baxırlar üzümə,
məni görmürlər.
Hamının gözünə
görünmür bu üz.
Hər yerdə, hamıda
görünür, ancaq
elə görünür ki,
bilinmir bu üz.
…Olmadığım yerdə
oluram hələ.
Burda yaşasam da
burda deyiləm.
Hardakı yoxamsa
elə ordayam.
Hardakı varamsa
orda deyiləm…

 

Məqam
…Bəzən içinə pərçimləndiyim, daha doğrusu, dürtüldüyüm günləri necə var eləcə, bəzəksiz-zadsız, artırıb-əksiltmədən yazmaq istəyirəm. Ancaq həmişə də nələrisə bəhanə gətirirəm və bu bəhanələrə çox səmimi şəkildə inanıb yazmıram. Ya başım ağrıyır, ya kiminləsə görüşə gedirəm, ya da… özümü inandırıram ki, yazacaqlarım istədiyim kimi alınmayacaq. Bu günləri və bu günlərdə məndən keçən adamları, ya da elə cansız şeyləri olduğu kimi dindirə bilməyəcəm. İstər-istəməz güzəştə getməli olacam. Nələrəsə göz yumacam, nələrinsə üstündən sükutla keçəcəm, hardasa rəngi qatılaşdıracam…
Ancaq bəlkə də ən gözəli və ən çətini yazmağa bəhanə tapmaqdı. Hər şeydən, bütün bəhanələrdən imtina eləməyə bir bəhanə…






12 Mart, 2011  16:35 Baxılıb: 3877 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner