Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Türk qanlı, İslam imanlı, Avropa qiyafəli Əli bəy Hüseynzadə

Azrbaycan və türk dünyasının ictimai-siyasi həyatında xüsusi rol oynamış Əli bəy Hüseynzadə - 150

Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq

Tarix dönür, dəyişilir, müzakirələr isə bitmir. Türkləşmək, islamlaşmaq, müasirləşmək triadasının müəllifi kimdir, ideyanın təməl daşını kim qoyub? - mübahisəsi kəsilmir. Bəzi araşdırmaçılar bu ideyanın Cəmaləddin Əfqaniyə, bir qismi Yusuf Akçuraya,  digər qism isə Ziya Gökalpa məxsus olduğunu irəli sürür. Amma diqqət etdikdə görürük ki, bütün adların mərkəzində bir şəxs durur. Bu şəxs,bütün tərəflərin ümumi hədəfi olan Əli bəy Hüseynzadədir. Nəzəri prinsipin Cəmaləddin Əfqaniyə, Yusuf Akçuraya, yaxud Ziya Gökalpa aid oduğunu iddia edənlərə ən tutarlı cavabı 1924-cü ildə Ziya Gökalpın vəfatı ilə əlaqədar yazdığı "Ziya Gökalp haqqında xatirə və mülahizələr" məqaləsində türkçülüyün böyük qurucularının ilklərindən olan Yusuf Akçuranın özü verib: "Türkləşmək, islamlaşmaq, müasirləşmək... türkçülərin fəaliyyətində bir vəchə mahiyyətini haiz olan bu üçlü ümdənin əsl atası Hüseynzadə Əli bəydir. Məhz siyasət sahəsində, biri digərinə zidd kimi görünən türklük, islamlıq, osmanlılıq siyasətlərinin, bu üç tərzi siyasətin, qabili təlif olduğunu Əli bəy iddia etmiş və "Füyuzat"ın 10 iyul ihtilalından əvvəl çıxmış nüsxələrindən birində "türklük, islamlıq və avropalılıq" qayələrinin məmzucən istehsalını tövsiyə eyləmişdi". 1928-ci ildə də Yusuf Akçura həmin fikrində israrlıydı: "Əli bəyin üçlü düsturu, yaxşı tapılmış xoşbəxt əsaslardandır. Bu əsas, türk aləminin hər tərəfinə yayılmış və xüsusən Məşrutiyyətdən sonra İstanbulda çox işlənmişdir. Məsələn, Gökalp Ziya bəy "türkləşmək, islamlaşmaq, müasirləşmək" məsələsi haqqında bir çox yazılar yazmışdır".

Əli bəy Hüseynzadə kimdir?

XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri Əlibəy Hüseynzadə (Əli Hüseyn Turan) – 1864-cü il 24 fevralda Salyanda anadan olub. 1885-ci ildə Peterburq universitetinin riyaziyyat fakültəsinə daxil olub. Burada dövrün məşhur elm xadimləri – Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "xalqçılar" hərəkatına rəğbət bəsləyir. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır. Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur.

Öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edən, türkün tərəqqisi naminə bütün gücü ilə çarpışışan Əli bəy Hüseynzadə "Kaspi",  "Həyat", qəzetlərində çalışır. 1906-cı il noyabrın 1-də isə Azərbaycan ictimai-siyasi həyatında mühüm rol oynayan "Füyuzat" jurnalını nəşr etdirir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı olub: Saida bəyim, Səlim Turan, Feyzavər. Amma nəsil bu üç övladla sonlanır. Çünki Əli bəyin nəvəsi olmur.

Əksəriyyəti iztirablar içində, 30 ildən çoxunu mühacirətdə keçən Əli bəy Hüseynzadə ömrü 76 yaşında, 1940-cı ildə İstanbulda başa çatır. Qaraca Əhməd məzarlığında, Səlimiyyə təkkəsi qarşısındakı yerdə, şair Hədimin qəbri yaxınlığında dəfn olunur.

Mühacirətdə türkçülük ideyalarını yaymaq

Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərən Ə.Hüseynzadə bu sahələrin hər birində özünəməxsus iz qoyub. XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri olan Ə.Hüseynzadə türkçülük və turançılıq ideyasının nəzəri cəhətdən hazırlanmasında mühüm rol oynayır. Bütün ömrünü türkçülük və Turançılıq ideyalarını yaymağa həsr edən Ə. Hüseynzadənin həyatında Türkiyə mühacirəti dövrü xüsusi rol oynayır. Onun və Əhməd bəy Ağaoğlunun 1901-ci ildə Azərbaycanı tərk edərək Türkiyəyə mühacirətə getməsi dövrünün ziyalılaını şox pis təsir edir və bundan sarsılırlar. Lakin bu mühacirət ədibin türkçülük dünyagörüşünün inkişaf etməsində xüsusi rol oynayır. Türkiyədə ictimai-siyasi fəaliyyətlə ciddi məşğul olan Əli bəy Ziya Göyalp, İshaq Sükuti, İbrahim Temo, Yusif Akçura və başqaları ilə birlikdə “İttihad və tərəqqi” cəmiyyətinin əsasını qoyur. Çox keçmədən onun fəal üzvlərindən birinə çevrilir. “İttihad və tərəqqi” cəmiyyəti türkçülük və turançılıq ideyasının nəzəriyyəsinin hazırlanmasında mühüm rol oynayır. Cəmiyyət nəzəri turançılığı reallaşdırmaq üçün ayrı-ayrı türk cümhuriyyətlərində ortaq ünsiyyət dili kimi Osmanlı türkcəsini təbliğ etmək, tarixin ədalətsizliyi ilə bir-birindən ayrı düşmüş müxtəlif türk qövmlərini yaxınlaşdırmaq, birləşdirmək kimi böyük bir missiyaya xidmət edirdi. Bu cəmiyyətin qurucuları türkçülüyün bütün sonrakı dövrlər üçün yaşayacaq nəzəri əsaslarını formalaşdıra bildilər.

Mühacirət illərində Ə.Hüseynzadə, İstanbulda Heydərpaşa hərbi xəstəxanasında işləyir, müəllimliklə məşğul olur. 1915-1916-cı illərdə ittihadçı yoldaşları ilə birlikdə Turan heyəti tərkibində Avropanın bir sıra ölkələrinə səyahət edən Əli bəy Sofiya, Vyana, Berlin, Lozanna və b. şəhərlərdə olmuş, “İttihad və tərəqqi” cəmiyyətinin tapşırığı ilə Yusif Akçura ilə birlikdə “Rusiya müsəlmanlarının”   tələbləri  adlı kitabça tərtib etdirir. Budapeştdə alman dilində nəşr olunan bu kitabçada Rusiya əsarətindəki altı türk-müsəlman dövlətinin istiqlaliyyəti tələb olunurdu.

Türk qanlı, İslam imanlı, Avropa qiyafəli Əli bəy Hüseynzadə

Əli bəy Hüseynzadə çağdaş türk cəmiyyətini quracaq türk qanlı, islam imanlı, Avropa mədəniyyət tərzini mənimsəmiş fədainin mənəvi yapısını və səciyyəsini şəkilləndirərərək, türk aləminin yalnız bu dəyərlərə söykənən məfkurənin timsalında qurtuluşa qovuşacağına inanırdı. “Füyuzat” jurnalı bağlandıqdan sonra da milli azadlıq, türkçülük və Turançılıq  mücadiləsini davam etdirən Ə.Hüseynzadə  bir müddət “Kafkasya”, “İrşad”, “Tərəqqi”, “Həqiqət” qəzetlərində işlədi. Topçubaşovun yerinə “Kaspi” qəzetinin baş redaktoru oldu. Həmin dövrdə xalqını qəflət yuxusundan oyatmaq və onları maarifləndirmək məqsədilə o, Bakıda “Səadət” məktəbini açdı və bir müddət də burada çalışdı. O dövrdə Əli bəy Hüseynzadənin fəlsəfi fikirləri də diqqəti cəlb edir. Məsələn, “Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar”.

Əli bəy Avropanın birləşə bilməsinin təməlində xristian qardaşlığının dayandığını bilirdi və elə buna görə də türklərin cahan  səhnəsindəki birliyini təmin edə biləcək ən qüvvətli amil kimi həm də İslamı görürdü. “Türklərin külliyyatı etibarilə sair dinlərə meyl və istedad göstərməmələri və nadirən göstərənlərin isə milliyyət və qövmiyyətlərini qayıb edərək gah çinli, moğol və hindulara, gah əqvami-nəsərayə qarışıb qayib olmaları və biləks türklərin ancaq müsəlmanlığa meyyal və müştaq bulunmaları və islamı qəbul etdikdən sonra bir tərəfdən aləmi-islamın mühüm bir rükn və istinadgahı sırasına keçmələri, digər tərəfdən də ancaq və ancaq bu dini mübin sayəsində öz qövmiyyət və milliyyətlərini mühafizə edib təmini bəqa edə bilmiş olmaları fövqəladə şayani-diqqət bir maddədir...”

Ə.Hüseynzadənin türkçülük haqqında yazdığı  “Türklər kimdir və kimlərdən ibarətdir” adlı məqaləsində türk xalqlarinin İslamaqədərki ve İslamı qəbul etdikdən sonrakı dövrü təsvir edilir. O burada islam dinini qəbul etməmiş və yaxud da islam dinindən əvvəl dünyada mövcüd olan digər səmavi dinlərə , məsələn xristianlıq və yəhudiliyə etiqad edənlərdən  söhbət açır. Müəllifi bildirir ki, türklər öz əvvəlki dinlərinə sadiq qalmaqla yanaşi həm də xristianlıq və bu kimi digər səmavi dinlərə etiqad etməyə başlayıblar. Amma onların həmin bu səmavi dinlərə keçmələri slavyanlar  və bu kimi qeyri xalqların içərisində əriyib getməsinə səbəb olub. Müəllif türklərin İslamı qəbul etmələrini isə təqdirəlayiq hal kimi göstərir.  O qeyd edir ki, türk xalqlarinin vahid bir  din ətrafında birləşmələri onların özlərini qoruyub saxlamaları üçün daha məqsədəuyğundur. Əsərdə müəllifin İslam dininə, bu dinin qanun-qaydalarına rəğbəti də nəzərə çarpır.

Əli bəy Hüseynzadə haqqında fikirlər

Ə.Hüseynzadənin həyat və fəaliyyəti bir çox tədqiqatçılar tərəfindən araşdırılıb. Yusuf Akçura ədibin yazdığı məqalələrə, ədəbi irsinə əsaslanaraq onun tam bir türkçü olduğunu qeyd edir. Bildirir ki, Əli Turan imzası onun təkcə  türkcü deyil, həm də bir turançı olduğunu göstərir. Yusuf Akçura Osmanlıya gəlişini Ə.Hüseynzadənin Osmanlıda bir günəş kimi doğması kimi dəyərləndirir və onun fəaliyyətinin gəncliyin inkişafında çox böyük  əhəmiyyətə malik olduğunu bildirir. Onun Osmanlıdakı davamçılarından Ziya Göyalpın adını çəkir. Əli bəy Hüseynzadənin “Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq”  ideyasını xüsusi qiymətləndirir.

Professor Əli Heydər Bayat “Əli bəy Hüseynzadə” adlı araşdırması ilə Əli bəyin həyat və yaradıcılığını geniş təhlil edib, onun bədii və elmi-publisistik əsərlərini də bu araşdırmaya daxil edib.

Son

“Əli bəy Hüseynzadənin üçlü düsturu bütün türk dünyasında yeni üfüqlər açdı... Bu səssiz-səmirsiz inqilabçı məmləkətimizdə türkçülüklə xalqçılığın bir mürşidi idi” (Ziya Gökalp). Ziya Gökalpın “Türkçülük nasıl doğdu” məqaləsində etiraf olunmuş bu fikir türkçülük ideyalarının müəllifinin kimliyini göstərən ən böyük etirafdır.

“Yaradılış etibarı ilə filosof təbiətli, dərvişməşrəb” olan Əli bəy Hüseynzadə gerçəkdən də öz sakit, təvazökar halı ilə düşüncələrdə çevriliş yaratdı. Milyonlarla insana sirayət edə bildi. Yüz ildir ki, türk dünyasının mənəvi problemləri onun yandırdığı çırağın işığında çözülür.

Elmar Hüseynov

Simsar.az-ın redaktoru

Yazı Azərbaycan Mətbuat Şurasının və Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzinin “Əli bəy Hüseynzadə və Türk Dünyası” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur






29 Aprel, 2014  13:47 Baxılıb: 10330 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner