Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Reportaj

“Hamı təəccüb edirdi ki, necə sağ qalmışam” – Çernobıl əlili ilə REPORTAJ

Təqvimlər 26 aprel 1986-cı ili göstərdiyi zaman dünyanın bu günədək gördüyü ən böyük nüvə partlayışı baş verdi. Hadisə Ukraynanın Kiyev şəhəri yaxınlığında Çernobıl AES-də yaşandı. Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etmişdisə, belə “ölüm bulud”unun yerdə qalan hissəsin küləklər cənuba “sürükləmişdi”.

Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.

Qəzanın aradan qaldırılmasına SSRİ-nin hər yerindən on minlərlə “könüllü” cəlb edilmişdi və onlara bu işin təhlükəli olmadığı barədə dönə-dönə izahat verirdilər. Bu da o dövrdə SSRİ-nin hər işdə səmimi olduğuna inanaraq, qəzanın aradan qaldırılmasında iştirak edən yüzlərlə adamın ilk günlərdən güclü şüalanmaya məruz qalmasına yol açdı. Həmin könüllülər arasında 7000- ə yaxın azərbaycanlı da iştirak etdi. Onlardan biri də Eldar Sultanovdur. Əslində, Çernobıl əlili ilə reportaj etməyimiz düşündüyümz qədər də asan alınmadı. Çernobıl Əlilləri Cəmiyyəinin sədri Mirhəsən Həsənli ilə söhbətimiz zamanı o bildirdi ki, onların çoxu Çernobıl əlili olduqlarının cəmiyyət tərəfindən bilinməsini istəmirlər. Elələri var ki, hətta həyat yoldaşları da onların Çernobılda iştirak etdiyini bilmir. Məlum məsələdir ki, hamısının övladları evlilik çağındadır. Əgər bilsələr ki, onların atası Çernobıl iştirakçısıdır heç kim o qapıya elçi gəlməz, yaxud elçi gedilən qapıdan əliboş qayıdar. Nəhayət ki, könüllülərdən birini söhbət etməyə razı sala bildik.

Həmsöhbətimiz 1986- cı ildə könüllü olaraq Çernobıla yollanan Eldar Sultanovdur.

“Düşünülmüş şəkildə şüalanmanın gücü aşağı göstərilir”

“Keçmiş SSRİ məkanında baş verən bu hadisə XX əsrin ən böyük texnogen qəzalarından birincisi idi. Bu qəza zamanı atmosferə buraxılan radionuklidlərin həcmi 1945-ci ildə Yaponiyanın Naqasaki və Xirosima şəhərlərinə atılan bombaların həcmindən 80 dəfə çox idi. Partlayış baş verən ilk anlardan heç bir sərhəd tanımayan radioaktiv şüalanma minlərlə kilometr məsafəni öz təsiri altına aldı və ətrafı radioaktiv tullantılarla çirkləndirdi. Radioaktiv şüalanma hətta hadisə yerindən minlərlə kilometr uzaqlarda olan İsveçdə belə, öz təsirini büruzə vermişdi. Amma düşünülmüş şəkildə şüalanmanın gücü aşağı göstərilir və onun insan həyatı üçün bir o qədər də təhlükəli olmadığı vurğulanırdı”.

“İnsanlar hətta şəxsi avtomobillərini belə apara bilmədilər”

“1986-cı ildə Çernobıla getdiyim zaman artıq bu fəlakət baş vermişdi. O vaxtlar Kiyevdə milisdə işləyirdim. Onda “Proqramı vremya” adlı  veriliş vardı. Təsadüfən o verilişə baxanda gördüm ki, Çernobıla gedən şosseni göstərirlər. İnsanları avtobuslar vasitəsiylə ordan çıxarırdılar. Heç kimə imkan vermirdilər ki, evlərindən bir əşya, paltar çıxartsın. İnsanlar ömrü boyu qazandıqları nə vardısa, hamısını qoyub çıxırdılar. Çünki o əşyalar artıq şüalanmışdı. Şüanın belə bir xüsusiyyəti var ki, nəyi şüalandırırsa ondan sonra həmin əşya özü başlayır şüa verməyə. Bu da əsasən dəmirdən olan əşyalara aid idi. İnsanlar hətta şəxsi avtomobillərini belə apara bilmədilər.

Mən o yolda insanların köçürülməsini gördükdən sonra fikirləşdim ki, mən də könüllü olaraq ora yollanım. Çünki beş il orada işləmişdim. Ərizəmi yazıb könüllü olaraq Çernobıla getdim.  Partlayış zamanı orda olan qrafit parçlanıb neçə kilometrlərlə kənara düşmüşdü və onu toplamaq çox çətin idi. Bu çətinliyi əsasən atom partlayışından sonra əmələ gələn radiyasiya buludu yaratmışdı. Göbələk formasında olan bu bulud küləyin təsiri ilə daha çox  Belarusa doğru getdi. Görün nə dərəcədə dəhşətli bir partlayış olmuşdu ki, Rusiyaya qədər gedib çıxmışdı. Belarusiyanın hardasa yarıdan çoxu şüalanmaya məruz qalmışdı”.

İki həftəlik sirr

Eldar müəllim deyir ki, o vaxtlar  SSRİ rəhbərliyi hər vasitə ilə bu hadisənin üstünü ört-basdır etməyə çalışırdı. O dövrdə SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov hadisənin dəhşətləri barədə mətbuata məlumat sızdırılmaması və ictimaiyyətin bu fəlakətin dəhşətlərindən daha ətraflı şəkildə xəbər tutmaması barədə gizli göstəriş vermişdi. Bu məsələni nəzarətdə saxlamaq isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarına tapşırılmışdı. Qəza zonasına yaxın ərazilərdə yaşayan insanlar arasında kütləvi şəkildə müxtəlif xəstəliklərin yayılması əhalini təşvişə salmışdı. Nəhayət, əhalinin müəyyən hissəsi xarici radiostansiyaların vasitəsi ilə Çernobıl faciəsinin dəhşətlərindən xəbərdar oldular. Ukraynada xalqın ayağa qalxa biləcəyindən ehtiyat edən Qorbaçov, iki həftədən sonra əsl həqiqətləri, üstüörtülü şəkildə olsa da, etiraf etməyə məcbur oldu. O bununla əlaqədar verdiyi açıqlamasında: “Bəli, əziz yoldaşlar, biz son günlərdə çox ağır anlar yaşadıq. Sanki tale və bəxt bizdən üz döndərmişdi. Bu qəza bütün xalqımızı ağır şəkildə yaraladı və dünyanı şoka saldı. Qəza öz sərhədlərini aşaraq ətrafa yayıldı və biz onun gətirdiyi dəhşətlərlə üz-üzə qaldıq”. Amma SSRİ-nin bu fəlakəti gizlətməsində əsas məqsədi insanlar deyil, itiriləcək pullar idi. Necə deyərlər bu məsələdə maddi maraqları vardı:

“O vaxt SSRİ Atom stansiyasının proyektlərinə bənzər proyektlərin başqa ölkələrdə tikilməsi ilə bağlı müqavilələr bağlamışdı. Əgər o hmin ölkələr bu  hadisədən və onun fəsadlarından xəbər tutsaydılar dərhal  müqavilələri ləğv edərdilər və SSRİ böyük miqdarda valyuta itgisinə məruz qalardı. Lakin rəhbərlik bu fəlakəti ən çox iki həftə gizli saxlaya bildi. Fəlakətin miqyası o qədər böyük idi ki, artıq gizlətmək mümkün olmadı. Təsəvvür edin ki, bu partlayışın atmosferə və bütövlükdə yer kürəsinə təsiri 80 bombanın partlaması ilə eyni idi.

Çox dəhşətli vəziyyət yaranmışdı. Əslində quyuların hamısını təcili betonlayıb oradan çıxmaq lazım idi. Lakin SSRİ-nin öz maraqları var idi. SSRİ-nin tərkibinə daxil olan 15 respublikadan o yerə insanlar cəlb etməyə başladılar ki, fəsadların qarşısı alınsın. Təəcüblü odur ki, Çernobılda ən çox azərbaycanlılar iştirak etdi. 7000-ə yaxın insan Ukrayna üçün canlarını qurban verdilər. Ermənistandan  gedənlərin 90 faizi də azərbaycanlılar idi, ermənilər deyildi. Burda da SSRİ rəhbərliyinin oyunları var idi”.

“SSRİ bilirdi ki, müsəlmalar güclü şüalanmaya məruz qalacaqlar”

“Halbuki hadisə Ukraynanın ərazisində baş vermişdi. Sual doğur. Bəs nə üçün onlar öz millətindən olan insanları kifayət qədər hadisə yerinə cəlb etmədilər? Ancaq müsəlmanları, xüsusən də azərbaycanlıları bu zəhərin içərisinə atdılar? Çünki SSRİ bilirdi ki, müsəlmalar güclü şüalanmaya məruz qalacaqlar. Ən dəhşətlisi isə bunun genafonda böyük təsiri vardı. Görün bu necə böyük bir bəladır ki, fəsadları ən çox üçüncü, dördüncü nəsildə hiss olunur. Bilirsiniz ki, Yaponiyanın iki şəhərinə atom bombası atmışdılar və orada yaşayan insanların sonradan dünyaya gətirdikləri uşaqlar insandan çox mutantlara bənzəyirdilər. Bu gün də Yaponiyada mutanların sayı çoxdur. Belə anlaşılır ki, bunların  hamısı düşünülmüş siyəsət idi. Bu elə bir siyasət idi ki, o vaxtkı rəhbərliyi qane edirdi”.

“Həmişə bağlı köynək geyinirəm ki, boğazımdakı kəsik görünməsin”

Eldar müəllim də həmin qəzada  yüksək dərəcədə şüalanmaya məruz qalıb. Onu möcüzə sayəsində həyatda qalan şanslı insanlardan hesab etmək olar. Müsahibim deyir ki, bir müddət Azərbaycan cəmiyyətində Çernobil əlillərinə münasibət birmənalı deyildi. Heç kim  Çernobl əlillərinin etdiyi fədakarlığı düzgün qiymətləndirmək istəmirdi. Bu insanların bəşəriyyəti xilas etdiyi reallığnı həzm etdirmək asan olmayıb.

“Biz bilirik ki, yüksək şüalanma çox qısa bir müddət ərzində insan bədəninə öz təsirini göstərir. Şüa adətən qana, sümüyün iliyinə, dəriyə  və udlağa xəsarət yetirir. Mənim də qısa müddət ərzində udlağım şişdi.  Şişkinlik dördüncü dərəcəyə çatdı. Hansı ki, beşinci dərəcəyə keçmək üzrə idi. Tibbdə də beşinci dərəcəyə keçmək üzrə olan bu xəstəliyi müalicə etmirlər ki mənasızdır. Məni də heç cür əməliyyat etmək istəmirdilər. Yazılı şəkildə razılığımı verdim ki, məni əməliyyat etsinlər. O vaxtdan bəri mən həmişə bağlı köynək geyinirəm ki, boğazımdakı kəsik görünməsin, çünki kəsik insanlara yaxşı təsir bağışlamır. Amma bizim ömrümüzün yayı, qışı var. Yayın isti günlərində belə, məcburiyyət qarşısında qalıb bağlı geyinirəm.

6 aya yaxın yataq xəstəsi oldum. Məni evə qoltuq ağaclarında gətirdilər. Lakin mən uzanan vəziyyətdə başladım idmanla məşğul olmağa. 1990-cı ildə qurultay olanda mən də nümayəndə kimi Azərbaycandan getmişim. O vaxt professorlar məni görəndə təəccüb etmişdilər ki, bu necə sağ qalıb, necə gəzir. Çünki hər iki ayağım, qolumun biri və gözlərim tutulmuşdu. 30 kiloya yaxın arıqlamışdım. Qurban olum Allaha onun köməkliyi ilə yenidən ayağa qalxdım. Düşünürəm ki, bu Allahın bir möcüzəsi idi. Ancaq çoxlu sayda insanlar dünyasını dəyişdilər, hansı ki, məndən də çox şüalanmaya məruz qalmışdılar”.

“Çoxları övladlarının gələcəyini düşünürək susurlar”

“Mən ora gedəndə subay idim. Oradan qayıdandan sonra  ailə həyatı qudum. Bilirsiniz, çoxları boynuna almaq istəmirlər o fəlakətin içində olduqlarını. Çünki bu faciənin fəsadları Çrenobıl iştirakçılarının əksəriyətinin gələcək nəslinə ötürülür. Çoxları övladlarının gələcəyini düşünürək susurlar. Hər şeyi açıb demək olmur... Çox adam ağrıyan yerini göstərmək istəmir. Ancaq bu bir faktdır və bunu görmək lazımdır. Çernobıl AES-də baş verən qəza Azərbaycana da öz böyük təsirini göstərdi. Amma bu gün Ukrayna Azərbaycana açıq olaraq heç nədə kömək etmək istəmir. Bu xəstəliklərin mütəxəssisləri əsasən orada toplanıb. Bu gün şüa xəstəliyi ilə xəstələnən insanlar müaəlicələrini davam etmək üçün Ukraynaya getmək istəyəndə böyük pullar tələb olunur və bu pul biz əlillərdə yoxdur. Halbuki bu insanlar Ukrayna ərzisini, Yer kürəsini qorumaq üçün əlil olublar. Bəs nə üçün Ukrayna bu insanlara qarşı öz qaydalarını tətbiq edir? Bu ədalətsizlikdir. Bu mövzu çox böyük bir mövzudur və illər sonra da aktual olaraq qalacaq. Müharibələr olur və müəyyən vaxtdan sonra fəsadları bitir. Ancaq bu elə bir hadisədir ki, nəsillərlə davam edəcək. Bunu gizltmək də mümkün deyil. Sadəcə olaraq istəyindən asılı olmayaraq bu bəlaya düşən insanlara kömək lazımdır”.

Bu gün dövlətimizin Çernobıl əlillərinə olan qayğısından razı olduğunu deyən Eldar müəllim yaxın günlərdə Çernobıl əlillərinin ev və maşınla təmin olunacaqlarını deyir və bu diqqətdən dolayı prezidentinə öz minnətdarlığını bildirir:

“Bu gün dövlətimiz Çernobıl əlillərinə qarşı çox böyük qayğı ilə yanaşır. Baxmayaraq ki, respublikamızın böyük problemləri var və torpaqlarımızın 20%-i əsarət alındadır. Ancaq bu vəziyyətdə belə hökümətimiz imkan tapıb Çernobil əlilləri üçün şərait qurur. Bunun özü təqdirə layiqdir. Biz dövlətimizdən çox razıyıq. Prezidentimizin bizə olan münasibəti göz qabağındadır”.

Günel Musa

 







26 Aprel, 2014  12:48 Baxılıb: 953 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
18 Oktyabr, 2018  09:42





16 Oktyabr, 2018  17:30





16 Oktyabr, 2018  12:34


16 Oktyabr, 2018  09:40

16 Oktyabr, 2018  09:37

16 Oktyabr, 2018  09:35




13 Oktyabr, 2018  09:30





12 Oktyabr, 2018  09:21








8 Oktyabr, 2018  13:14



8 Oktyabr, 2018  09:42


8 Oktyabr, 2018  09:35




5 Oktyabr, 2018  10:10


4 Oktyabr, 2018  13:48







4 Oktyabr, 2018  10:37