Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tanınmayan sənətin qocaman sənətkarı

Hüseyn Məlikov: “Butaforiya standartlara sığmayan sənətdir”

- Bax, (şəkilləri göstərir) bu, “Torpaq, dəniz, səma” filmindəki partladılan qatardır. Bu isə, “Sehirli xalat” kinosunda xan taxtının sağ və solundakı şirlərin heykəlləri. Hamısını mən düzəltmişəm. 
- Bunları nədən düzətmisiniz?
- Kağızdan. Əl işlərimin çoxunu kağızdan hazırlayıram.

50 ildir butafor işləyən Hüseyn Məlikov kağızdan, taxtadan, nazik dəmir parçalardan və başqa yüngül materiallardan tamaşalar üçün müxtəlif əşyalar hazırlayır. Onun müəllifi olduğu əsərləri keçmiş Azərbaycan filmlərinin hamısında görmək mümkündür. “Sehirli xalat”dakı bütün süni əşaylar, heykəl və bəzəklər, “Şahsənəm və Qərib” filmində Şahsənəm və Qəribin şəkilləri həkk olunmuş qaya, “Dədə Qorqud” filmində öküz simvolu, müharibə dövründən bəhs edən “Torpaq, dəniz, səma” filmində partladılan qatar, “Bir Cənub şəhəri” kinosunda Eldənizin müharibədə həlak olan atasının büstü (abidə gipsdən hazırlanıb) onun əl işləridir. Hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeganə butaforudur.

Dosye

H. Məlikov 1930-cu ildə anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin heykəltaraşlıq fakültəsini bitirib. 1960-cı ildə Azərbaycan Kinostudiyasında heykəltaraş-butafor işləyib. Azərbaycan Dövlət Dram teatrında 1975-ci ildən çalışır. Əməkdar Mədəniyyət İşçisidir.

Butaforiya nədir?

Butaforiya italiyan sözüdür (buttafuoria), mənası süni deməkdir. Tamaşa və filmlər üçün hazırlanan, təbii əşyaları əvəzləyən xüsisi əl işləridir, məsələn, meyvə, güldan, qılınc, silah, şah tacı, məşəl və s. Butaforiyanın tarixi qədimdir. Romada ilk tamaşalar düzənləndiyi gündən süni əşyalardan istifadə olunub. Bu əşyaları hazırlayanlarsa butafor adlandırılır.

Hüseyn Məlikov deyir ki, xüsusilə teatr səhnəsində istifadə olunan əşyalar yüngül olmalıdır. Çünki əsərdə təsvir olunan həqiqi əşyaların teatr səhnəsində daşınması və istifadəsi çətinlik yaradır: “Məsələn, səhnədə hansısa ağır əşyadan – kərpicdən, səhəngdən, silahdan, qılıncdan istifadə etmək lazımdırsa, bu əşyalar ağır olduğundan aktyorun bunu səhnəyə çıxarması mümkün deyil”.
Butaforlar çəkisi az olan əşyalar da hazırlayır: “Səhnədə həftələrlə məşq gedir. Hansısa meyvə və ya tərəvəz günlərlə görünüşünü itirmədən orada qala bilməz. Yox, əgər aktyor meyvəni yemelidirsə, suni olanların arasına bir dənə təbiisi qoyulur. Aktyor onu götürüb dişləyəndə tamaşaçılara da təbii təsir bağışlayır və onlar elə zənn edir ki bu da həmin meyvələrədən biridir. Lazım olub, səhnə üçün kağızdan üzüm də düzəltmişəm, hətta plov, şəkərbura, paxlava xonçası da”. Əsərdəki dövrü tamaşaçıya düzgün çatdırmaq üçün də bu çox önəmlidir. H. Məlikovun əl işləri sırasında yeganə nüsxəsi muzeylərdə saxlanılan əşyaların oxşarlarına da rast gəlmək olar. Bu cür işlər verilən eskizlərə əsasən hazırlanır: “Əvvəlcə rəssam muzeydəki tarixi əşyanın şəkilini çəkir. Elə olur ki, əşya muzeydə də olmasın, onda lazımı əşyalar əsərdə bəhs edilən dövrə, tarixə əsasən qurulur”.
Kastyumlar üçün də butafor işləri gərəkli olur. Məsələn, tamaşada aktyora orden verilir. H. Məlikov bu günə qədər cürbəcür tarixi medallar, ordenlər, qədim dövrə aid paqonlar hazırladığını söyləyir.

Teatr səhnəsini canlandıran əşyalar...

Butafor təmir etmək üçün əlinə aldığı şahın tacını göstərərək, süni əşyaların hazırlanması texnalogiyasından danışır: “Bunun formasını almaq üçün əvvəlcə gildən düzəldirlər, sonra gilin üstünə gips tökülür və onun qəlibi çıxarılır. İçi boş olan qəlibə azı səkkiz, on qat kağız yapışdırılmalıdır. Sonra rənglənir, naxışlar vurulur və bürüncə oxşadılır. Buna “papemaşe” deyirlər, yəni kağızdan hazırlanmış əşya”.
Azərbaycanda butaforiyanın tarixi milli teatrın yarandığı ildən (1873) hesablanır. Lakin indiyə qədər bu sahədə məktəb, fakültə yoxdur. Görkəmli heykəltaraş Cəlal Qaryağdının tələbəsi H.Məlikovun butaforiyadan xüsusi müəllimi olmayıb. O, butaforiyaya gəlişini teatra olan marağı ilə əlaqələndirir: “Uşaqlıqdan teatra həvəsim olub. Tez-tez tamaşalara gedirdim, aktyorların həyat və yaradıcılığından oxuyurdum. Mənim üçün teatr sahəsində çalışmaq, aktyorlarla ünsiyyət daha maraqlıdır. Əşyalarını düzəltdiyim tamaşalara baxanda böyük fəxr duyuram”.
H.Məlikov qeyd edir ki, butafor olmaq üçün zehni düşüncə, əl qabiliyyəti və bacarıq vacibdir: “Eskizi qavrayıb ona uyğun əl işi hazırlamaq gərəkdir. Ustanın istedadından da çox şey asılıdır. Butaforiya nəqqaşlıq işi ilə rəssamlıq təfəkkürünü özündə birləşdirir. Elə eskizlər var ki, səhnədə effektli görünsün, tamaşaçılara daha yaxşı çatdırılsın deyə, rəssamla razılaşıb bir qədər dəyişdirilir”.
“Butaforiya standartlara sığmayan sənətdir” – deyən müsahib bu sənətdə üslubun olmadığını da vurğulayır: “Hər ustanın fərqli əl qabiliyyəti olduğundan, hər işin də özünəməxsus icrası olur. Sənətkar ona təklif olunan işi necə düşünür, necə qavrayırsa, o cür hazırlayır. Əşyaların düzəldilməsində istifadə olunan materiallar isə tamaşanın məzmunundan asılıdır”.
H. Məlikov butaforiyanın çox maraqlı sənət olduğunu bildirsə də maraqlanan gənclərin azlıq təşkil etdiyini də söyləyir. Butafor bildirir ki, əvvəl tələbələri olub, lakin sona qədər davam etdirməyiblər. H.Məlikov indi cavanların belə sənəti öyrənməyə meyilli olmadıqlarını söyləyir. İncəsənəti sevməyin, dramaturgiyaya həvəsin bu sənətdə mütəxəssis olmaq üçün önəmli olduğunu diqqətə çəkir: “Mən cavanlıqda Vaqif tamaşasına 12 dəfə baxmışam. Sözlərini əzbər bilirdim, amma yenə gedib izləyirdim. Çünki teatra məhəbbətim vardı. İndiki gənclər teatra heç gəlmirlər. Gərək teatrı sevib maraqlanasan, dünyagörüşünü, mütaliəni artırasan. Bu sənətdə sadəcə peşəkarlıq yetərli deyil. Sənətkar olmaq üçün sənəti sevəsən gərək. Butaforların hazırladıqları əşyalar hadisələrin baş verdiyi dövrü canlandırır, məkanı olduğu kimi təsvir edir və tamaşaya, aktyor oyununa təbiilik gətirir. Teatr bu sahəsiz yaşaya bilməz. Butaforiya olmasa səhnə bəzəksiz, cansız görünər”.

 


Arifə Mikayılova






9 Mart, 2011  19:24 Baxılıb: 2409 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner