Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Nəsimi barəsində ağıla sığmaz iddia

Böyük şairin qəbri Türkiyədədir?

Orta əsr Azərbaycan şairi və hürufilik təriqətinin ən məşhur nümayəndələrindən biri, Nəsimi təxəllüsü ilə daha çox tanınan Seyid Əli İmadəddin haqqında hələ də bilmədiyimiz nüanslar var.

Azərbaycan türkcəsində divan, fars və ərəb dillərində isə müxtəlif əsərlərin müəllifi olan Nəsiminin Suriyada (Hələb şəhərində) edam olunduğu tarixdən məlumdur.

Lakin bir neçə gün öncə bizə Nəsiminin qəbrinin Türkiyənin Qaziantep vilayətində olduğu barədə məlumat daxil oldu. Məlumatı verən Türkiyədə yaşayan azərbaycanlı, Qaziantep Böyük Şəhər Bələdiyyə başçısının məsləhətçisi, bilologiya elmləri doktoru Yusif Zeynalov ANS PRESS-ə açıqlamasında bunu təsadüfən bildiyini vurğuladı.

“Bir neçə illər öncə Suriyanın Hələb şəhərinə ezam olunmuşdum. Orada İmadəddin Nəsiminin məzarını ziyarət etmək istədim. Orada Nəsimi məqbərəsi var. Amma məqbərənin içərisində məzar yox idi. Hələbdəki bütün qəbiristanlıqları gəzdim. Amma Nəsimiyə aid heç bir məzar yox idi. Türkiyəyə qayıdandan sonra Qaziantepdə Heydər Şahin adlı yaşlı bir adamla tanış oldum. Söhbət təsadüfən şair Nəsimidən düşəndə, o mənə dedi ki, sizin Nəsiminin qəbri Qaziantepin Ağtorpaq kəndindədir. Əvvəlcə ona inanmadım. Amma birlikdə məzarı ziyarət etdik. Məzar Ağtorpaq kəndində bir təpənin üstündə idi”, - deyə Yusif Zeynalov bildirdi.

Ərazidə olarkən Hacı Mehmet Quzu adlı bir nəfərlə tanış olan Yusif Zeynalov Nəsiminin məzarının burada olması barədə bəzi məlumatlar öyrənə bilib. Məlumata görə, o zaman Qaziantep inzibati vahid kimi qəza olaraq Hələb valisinə tabe imiş. Nəsimi də orada məsciddə bir otaqda müvəqqəti olaraq qalırmış. Qısa müddət ərzində çox sevildiyi üçün din xadimləri onu aradan qaldırmaq istəyib. Bunun üçün Nəsimiyə tələ qurublar. Gizlincə onun ayaqqabısının altına Quranın bir ayəsini qoyublar. Sonra da valiyə xəbər veriblər. Əvvəlcə vali buna inanmayıb. Deyib ki, əgər belə şey olsa, onun dərisini soyduraram. Doğrudan da Nəsiminin ayağının altından Quranın ayəsi çıxır. Onu çarmıxa çəkirlər və bədəninin bir parçasından dərini soyurlar. Sonra Nəsimini sərbəst buraxırlar. Şair yaralı halda camiyə (məscidə) dönür. Amma əhali onu kafir adlandıraraq məscidə buraxmır.

Nəsimi şəhərdən kənarda Ağtorpaq adlanan kəndə gedir. Ora ilə şəhərin arasında təxminən 1 kilometr məsafə var. Kənddə təpəlikdə “Cücə adam” deyə çağırılan balacaboy kişi yaşayırmış. Nəsimi ona deyib ki, mən öləndən sonra təpənin üstündə basdır. “Cücə adam” da Nəsimini təpənin üstündə basdırıb. Amma gücü çatmadığına görə, şairi balaca çuxurda dəfn edib. Uzun illər ərzində yağış yağandan sonra qəbrin üstü açılırmış və sümüklər çöldə qalırmış. O zaman əraziyə gələn Səlcuq dövlətinin bir hərbçisi məzarı daşlarla hörür. Bu məzar 1985-ci ilə qədər qalır. Həmin dövrdə kənddə çox zəngin bir insan olub. O həmin ərazini alır və istəyir məzarı sökdürsün. Lakin təsadüf nəticəsində müflisləşir və planları baş tutmur.

Sonradan 1986-cı ildə məzarın üstündə məqbərə tikilir. Məqbərə Mehmet Quzunun ailəsi tərəfindən tikdirilir. Beləliklə, Nəsiminin məqbərəsini və məzarını Mehmetin ailəsi qorumağa başlayır.

Məsələ ilə əlaqədar Nizami adına Ədəbiyyat İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Bəkir Nəbiyev ANS PRESS-ə açıqlamasında bildirdi ki, konkret olaraq haqqında söhbət gedən yer İmadəddin Nəsiminin məzarı deyil.

“Tarixdə 600 ildən artıq mövcud olan qəbrin yerinin dəyişdirilməsi mümkün deyil. İki il bundan əvvəl bir neçə alimlə birgə Suriyanın Hələb şəhərinə getdik. Burada nəinki Nəsiminin qəbrini ziyarət etdik, orada Nəsiminin şəxsiyyətinə, taleyinə, əsərlərinə çox yüksək qiymət verildiyinin şahidi oldum. Şahidi olduq ki, orada yalnız Nəsiminin qəbri deyil, onun adına küçə, dini ocaq, məscid var. Onun məzarı çox böyük hörmətlə qorunur. İmadəddin Nəsiminin məzarı Hələb şəhərindədir".

B. Nəbiyevin sözlərinə görə, Nəsiminin məzarının üstündə belə yazılıb: “Bu şəhid bəndə, böyük sufi, arif, Allahın dostu Şeyx Əli İmadəddin Nəsiminin məzarıdır. Allah ona rəhmət eləsin. Qəbri müqəddəs olsun”.

"Biz Nəsiminin məzarının, başdaşının yanında şəkil də çəkdirmişik. Ziyarət vaxtı bizim bələdçimiz şairin nəslinin davamçılarından Məhəmməd Məmduh oğlu Nəsimi ilə də tanış oldum. Hazırda Nəsiminin qəbrini həmin şəxs qoruyur”, - deyə Bəkir Nəbiyev vurğuladı.

B. Nəbiyev Türkiyədə aşkar edilən qəbirlə bağlı isə bunları dedi: "Bor çox yerlərdə hörmət əlaməti olaraq, görkəmli alimlərə, şairlərə məzarlar qoyulur. Bu səbəbdən Yusif Zeynalov Türkiyənin Qaziantep vilayətində Nəsiminin qəbrinə rast gəlib. Mən bunu ancaq belə qiymətləndirirəm".

Nəsiminin dərisinin soyulmasına gəlincə, alim bunun həqiqət olduğunu deyir. Lakin onun bütün dərisinin, yaxud da bədəninin bir qisminin soyulması haqqında dəqiq məlumat olmadığını bildirir.






7 Mart, 2011  21:34 Baxılıb: 1688 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner