Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Seriallarımızdakı sünilik o vaxt düzələcək ki...” – MÜSAHİBƏ + FOTOLAR

Müsahibimiz bu günlərdə sona çatan “Səndən sonra” serialının rejissoru Elmir Süleymanovdur. Onun haqqında mətbuatda geniş məlumat olmasa da, kino sahəsində kifayət qədər təcrübəsi olan bir operatordur. Altı ay əvvəl başlayıb bu günlərdə sona çatan “Səndən sonra” serialı ilə ilk rejissor işini ortaya qoyan Elmir Süleymanov rejissor kimi özünü təsdiq etməyə müvəffəq olduğunu deyir. Sözü gedən serial, Azərbaycanda yayımlanan seriallarla birinci yer uğrunda mübarizə apardı

- İlk olaraq kino fəaliyyətinizin nə zamandan başladığı haqda danışaq.

- Bu sahəyə ilk dəfə 1998-ci ildə ANS televiziyasında operator kimi gəldim. Uzun illər Ans-in aparıcı operatorlarından biri olmuşam. Sonra o vaxtlar “Samanyolu” adlanan – indiki “Xəzər”  televiziyasında fəaliyyətimi davam etdirdim. Azərbaycanda “Samanyolu”nun təməlini qoyanlardan biri də mənəm deyə bilərəm. 2000-ci ildən isə sərbəst fəaliyyət göstərirəm.  Azərbaycanda 600-dən çox klip çəkmişəm. Demək olar ki, Hüseyn Dəryadan başqa işləmədiyim, klipini çəkmədiyim tanınmış müğənni qalmayıb. Bir çox filmlərdə ikinci operator, əsas səhnələrinin operatoru kimi işləmişəm.

- Amma nədənsə internetdə sizin haqda demək olar ki, məlumat yoxdur.

- Özüm hər zaman mediadan qaçan olmuşam. Özüm və gördüyüm iş haqqında çox danışmağı sevmirəm.

- Bəs serial bazarına necə gəldiniz?

- Xəzər televiziyasında yayımlanan “Həyat varsa” serialının quruluşçu operatoru idim. O filmdə türklərin dili ilə desək birbaşa “görüntü yönətməni” idim. Səhnələrin quruluşunda bilavasitə iştirak edirdim. O vaxt birlikdə  çalışdığım rejissor dəyərli insan Naci Çelik Berksoy mənə serial dəsti xəttini, serialın nə demək olduğunu öyrətdi. Elə oldu ki, növbəti layihədə  mənə rejissorluq  təklif olundu. Qeyd edim ki, “Səndən sonra” serialının ideyası tamamilə mənə aiddir. Filmdə cərəyan edən hadisələr həyatdan götürülüb. İdeyanı təklif etdim, Xəzər televiziyası baxdı və təsdiqləyəndən sonra biz onu ssenariləşdimək üçün ssenaristin öhdəsinə buraxdıq. Artıq hər şey hazır olandan sonra ötən ilin avqust ayında filmin çəkilişlərinə başladıq.

- “Səndən sonra” ilə bağlı istədiyiniz nəticəni əldə edə bildinizmi?

- Şükürlər olsun ki, Azərbayanda ən reytinqli seriallardan biri  oldu. “Səndən sonra” serialı Xəzər televizyası üzrə ikinci, respublika üzrə birinci yer uğrunda hər zaman mübarizə apardı.

- Adətən filmlərdə mübahisəli məqamlar olur. Bu sizin serialdan yan keçdimi?

-  “Səndən sonra” filmində də mübahisəli məsələlər var idi. Məlum məsələdir ki, filmə pulu prodakşn ayırır və onun bəzi şeylərlə razılşamamaq haqqı var. Amma elə şeylər var ki, prodakşnın maliyyə problemi olsa belə, mən onu tələb etməliyəm. Maddi zərərindən asılı olmayaraq nəzərdə tutulan səhnə çəkilməlidir, çünki film bunu tələb edir. Məsələn bizim bir səhnəmiz vardı. Filmdə Şahmar rolunu oynayan aktyoru diri-diri torpağa basdırdıq. Hər aktyor o səhnəyə çəkilməzdi, amma sağ olsun İntiqam xəstə olmağına baxmayaraq mənim istəyimlə o səhnənin çəkilməsinə razılıq verdi və biz həmin kadrı çəkdik. O səhnə efirdə hər biri 3 saniyə olmaqla iki kadr getdi. Həmin 6 saniyəyə görə biz təxminən 3 saat işlədik. Bax kino budur. Klipdə bunu etməmək olar. Qrafikasını aldada bilərsən, yalançı etmək mümükündür, amma film təbiilik tələb edir. Bütün dünya filmlərində də bu bir qaydadır ki, alınan bir şey varsa bu mütləq  real olmalıdır.

“Azərbaycanda prodakşnın funksiyası bəlli deyil”

- Əvvəllər klip rejissoru olmusuz. Film çəkmək asandır, yoxsa klip?

- Klipin estetikası ilə filmin estetikası tamam başqadır. Mənim üçün hazırda film daha doğmadır. Klipdə ardıcıllıq deyilən bir şey yoxdur. Amma filmdə ardıcıllığa diqqət etmək vacibdir. Bu baxımdan flm çəkmək olduqca çətin və məsuliyyətlidir. Klipə gəlincə mən yenə klip çəkirəm. Müğənnilər tərəfindən təklif gələndə işləyirəm. Məsələn “Səndən sonra” serialının bitdiyi gününün səhəri müğənni Yaşar Cəlilovun “Qonşu” mahnısına klip çəkdim. Klip hələ nümayiş olunmayıb. Ancaq baxanda da görəcəksiniz ki, klip ilk baxışdan film təəssüratı bağışlayır. Mən operator kimi də hər zaman  sırf görüntü rejissoru funksiyasını yerinə yetirmişəm. Elə operator olmuşam ki, mənə nəyi isə izah etməyə ehtiyac olmayıb. Hətta bəzən rejissorlara təkliflər də vermişəm.

- Seriallarımızla bağlı tamaşaçı fikirləri birmənalı deyil. Heç sərt tənqidlərlə qarşılaşmısız?

- Hər bir yaradıcı insan, özünə hörmət edən rejissor tamaşaçıdan əvvəl yaradıcı aləmi düşünür.  Tənqidlər olurdu, amma yaradıcı tənqidlər idi. Mən onlara hörmətlə yanaşırdım. Bəzi səhnələrə görə mənə irad tutdular. Məsələn, filmin qəhrəmanı Ayazın ölümü ilə çox adam razılaşmadı ki, sən nahaq yerə qərəmanı öldürdün. Ancaq mən filmdə Ayazın sona qədər yaşadığını görə bilmirdim ona görə də onu öldürdüm. Yerinə kimi isə öldürsəydim, bu artıq standart film olacaqdı. Mən “Qəhrəman ölmür” stereotipini qırdım. Bu ideya mənim ağlıma filmin ortasında gəldi, ancaq filmin ortasında bunu edə bilməzdim. Çünki dediyim kimi tamaşaçıda “qəhrəman ölməz” anlaşıyı var və mən məcbur idim ki, o xətt ilə filmin sonuna kimi gəlib Ayazı sonda öldürüm. O ki, qaldı tamaşaçı tənqidinə mən sosial şəbəkələrdə çox aktiv deyiləm. Sadəcə arada girib yazılan məlumatları oxuyuram, amma şəbəkələrdə “Səndən sonra” haqqında sərt tamaşaçı tənqidi ilə heç rastlaşmadım. Bundan əlavə Türkiyədə piar güclüdür. Bizdə prodakşnın funksiyası bəlli deyil. Buna görə də görülən işlər bizə zəif gəlir. Elə şeylər var ki, orada ancaq aktyoru, rejissoru qınamaq doğru deyil.

- Qəbul etsək də, etməsək də bütün yerli seriallarda aktyor ifasında sünilik hiss olunur. Bu tənqidlə razılaşırsız?

- Bəli, bu tənqidlə zaman-zaman mən də qarşılaşıram. Amma gəlin bir şeyi nəzərə alaq ki,  Azərbaycan serial bazarına iki ildir qatılıb. Jurnalistlərdən xahiş edirəm ki, ötən ilki seriallar ilə bu ilin seriallarını müqayisə etsinlər və aradakı fərqi oraya çıxarsınlar. Görəcəklər ki, keçən ildən bu ilə nə qədər inkişaf olub. Keçən il bir serial özünü sübut etmişdisə, bu il rəqabət oldu və ələndi. Elə serial var ki, 3-4 reytinqlə efirə girib 10-15-lə tamamladı. Bəzi rejissorlarımız seriallara klip kimi yanaşdılar. İşin əvvəlində tamaşaçını qazanmaq üçün çox şey etməyə çalışdılar, amma sonrasını buraxdılar, çünki gücləri çatmadı. Ona görə ki, çoxunun ideyası tamam deyildi. Biz bu gün oturub söhbət edirik. Siz mənim çəkdiyim film haqqında bir ideya deyin mən tez qaçıb onu çəkim. Bu film deyil. Filmə rejissorun sırf  öz yanaşması olmalıdır. Rejissor filmə öz övladı kimi baxmalıdır. Çox vaxt bizi türklərlə, ruslarla müqayisə edirlər. Ancaq bir fakt deyim. Türkiyədə hər serialın bir seriyasının büdcəsi 200 minə yaxıdır.

Bir seriala çəkilən aktyoru eyni zamanda başqa serialda görə bilmərsiniz. Bugün mənim serialımda çəkilən bir aktyor başqa serialda da çəkilirsə, onun fikri istər istəməz dağılacaq. Və biz heç bir aktyoru saxlaya bilmərik. Çünki aktyoru qane edəcək məbləği ona ödəyə bilmirik.  Atyor da insandır, problemləri var və o, keçimini təmin etməlidir.  Mən beş nəfərdən başqa heç bir aktyora başqa serialda, yaxud da tamaşalarda oynamasına qadağa qoymadım. Necə deyə bilərəm ki, siz başqa filmə çəkilməyin? Bu sünilik o zaman aradan qalxacaq ki, bizə ayrılan büdcə, aktyora ayrılan məbləğ onu filmdə saxlamağa kifayət etsin.

“Bizdə hələ də sovet məktəbi yaşayır”

- Fikrimcə, maddiyyatın aktyorların rollarını süni oynamaları ilə heç bir əlaqəsi yoxdu. Bu sırf peşəkarlıq məsələsidir.

- Bunun hamısı məktəbə bağlıdır. Azərbayacanda teatr məktəbi çox güclüdür. Türkiyədə isə kino məktəbi. Gəlin bizdə çəkilən aktyorların teatr səhnəsindəki ifasına da baxaq, kinodakı ifasına da. Çünki bizdə hələ də sovet məktəbi yaşayır. Onu dəyişmək olmur.  Mən iki il bundan əvvəl Türkiyədə bir reklam çəkdim. Kiçik bir reklam filmi idi. Həmin filmin müzakirsində mən də iştirak etdim. Deməli, fikir bu idi ki, 6 aktyor 6 ay boyunca bir yerdə yaşamalıdırlar. Türkiyədə bugün filmə çəkilən, öndə olan aktyorların heç biri sənətinə görə aktyor deyil. Əksəriyyəti manikendi. Çünki onlarda məktəb başqa cürdür. Onlar şəxsi həyatlarını da layihə üzərində qururlar.

- Uğurda aktyor seçiminin də əhəmiyyətli rolu var. “Səndən sonra”dakı aktyor seçimindən  razı qaldınızmı?

- Bizim serialda aktyor kastinqi super idi. Sağ olsun bizim kastinq direktorumuz Mehman müəllim. 4 əsas qəhrəmandan başqa bütün aktyorları o seçmişdi. Bizim serialda peşəkar aktyorlar üstünlük təşkil edirdi. Təkcə baş rolları oynayan aktyorların seçimi üzərində mən dayanmışdım.  Mehman müəllim qalan aktyorları elə seçdi ki, seriala baxanda bunlar ailə deyil anlayışı olmadı. Hər bir aktyor xarakteri, görünüşü, oxşarlığı ilə bir-birini tamamalamışdı. Elçin Məmmədli, Türkay,  Nərmin çox istedadlı aktyorlardır. Təkcə Elnur aktyor deyildi. Sadəcə olaraq fakturası və içində olan  aktyorluq bacarığı imkan verdi ki, biz onu filmə çəkək.

- Əsas qəhrəmanları canlandıran gənclərdən gözlədiyiniz nəticəni ala bildinizmi?

- Türkay bir az özünü göstərə bilmədi, onu da mən qoymadım. İstədim Türkay ilk seriyada olduğu ampulasında da qalsın . Türkay  avropada təhsil almış bir qız, Elçin varlı pul içərisində yaşayan, imkanlı tərbiyəsi görmüş uşaq, Nərmin kənd qızı, Elnur da ali təhsilli kənd uşağı idi.  Film bu dörd obraz üzərində quruldu. Onların işlərindən razı qaldım.

- “Səndən sonra”nı film olaraq sizin ilk işiniz saymaq olar. İçinizdə “birdən tamaşaçı qəbul etməz” qorxusu oldumu?

- Elə bir şey ola bilməzdi. Mən baş vurduğum istənilən sahədə istədiyim uğuru əldə edəcəyimə inanan insanam. Çünki gördüyüm işə ürəyimi qoyuram. Televiziyada işlədim ilin ən yaxşı  operatoru nominasiyasını aldım, reklam, klip bazarına girdim bir nömrə oldum. Seriala keçdim Azərbaycanda ən gözəl filmin operatoru oldum, sonra da “Səndən sonra”nı çəkdim. Nəticə də göz qabağında oldu.

- “Səndən sonra” bitdi. Yeni bi layihə olacaqmı?

- Bəli. Yeni layihə üzərində işləyirik. Azərbaycanda fərqli bir serial olacaq. Serialın mövzusu polislərlə bağlıdır. İnşallah, qısa zamanda tamaşaçılarla yenidən görüşəcəyik.

- Bəzi rejissorlarımız bütün işlərində eyni komandadan yararlanır. Bu “ənənəyə” sadiq qalacaqsız?

- Xeyr. Belə bir şey olmayacaq. Düzdü, rejissor üçün işlədiyi komanda ilə təkrar işləmək çox rahatdı. Çünki artıq aktyorların halını, xasiyyətini öyrənmiş olur, onların potensialına bələd olur. Ancaq buna baxmayaraq düşünürəm ki, bu düzgün deyil. Ola bilər ki, əvvəlki serialda işlədiyim bir-iki aktyoru yeni seriala  da çəkim. Bu olacaq. Amma tam əvvəlki komanda ilə başqa serialda işləməyi nəzərdə tutmuram. Hər biri gözəl insanlar, istedadlı və öz işlərində peşəkar aktyorlardır. Ancaq tamaşaçını yormaq olmaz.

Günel Musa

Foto: Nuranə Novruz






16 Aprel, 2014  13:56 Baxılıb: 11055 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner