Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ZEYNAL MƏMMƏDLİ: “MARKS DOĞULSAM DA, MƏNİ STALİN KİMİ GÖRMƏK İSTƏYİBLƏR”

“Azərbaycan cəmiyyəti bu gün sevə bildiyi qədər demokratikdir”

Jurnalist kimi hımişə pərəstiş etdiyim Zeynal Məmmədlidən müsahibə götürmək mənim üçün çox məsuliyyətli idi. Əvvəlcədən bu görüşə əməllicə hazırlaşmışdım da. Olduqca həyəcanlı idim, görəsən Zeynal müəllim suallarımı necə qarşılayacaq? Ancaq düşündüyüm qədər çətin olmadı televiziya mütəxəssisi, jurnalist Zeynal Məmmədlidən müsahibə almaq. 

- Balaca Zeynal Məmmədli haqqında nə danışa bilərsiniz?

- 1953-cü ildə mayın 5-də anadan olmuşam. Çox həssas, başqalarının gözündə yaşından böyük, hətta başından böyük görünən, özlüyümdə isə duyğularım qapalı və sanki məni anlamırlar kimi hamıya yaxşılıq etməyə çalışan biri kimi yadımda qalıb uşaqlığım. Həmişə arzum olub ki, öz yaşıdlarımla dostluq edim. Amma nədənsə mənimlə dostluq edənlər məndən böyüklər olub.
- Qeyd etdiniz ki “sanki məni anlamırlar”... Niyə sizə anlamayıblar?
- Bəlkə də mən onları anlamamışam. Yəqin mən onlara normal yanaşmamışam, başa düşmək istəməmişəm. Onların oyunlarını oynamamışam. Misal üçün sizə deyim ki, mən rəqs etməyi bacarmıram. Heç öyrənməyə də cəhd etməmişəm.
- Məlumdur ki, oğlanlar gənclik dövrlərində çılğın həyat tərzi yaşayır. Siz bu dövrü çılğınlıqla keçirmisiniz yoxsa?..
- Gənclik dövürümdə həddindən artıq çılğın olmuşam. Universitetdə oxuyarkan hələ təkcə hərbi kafedrada düz 52 dəfə dərsdən qovulmuşam. Amma bu mənim hərbi dərsdən 5 almağıma heç cür mane olmurdu. Çox dərslərdən qovulmuşam. Amma buna baxmayaraq müəllimlər mənə 5 yazırdılar. Ona görə mənim qiymətlə problemim olmayıb.
- Peşakar jurnalist olmaq bir arzu idi, yoxsa həyat sizi bu sahəyə gətirdi?
- 15 yaşıma qədər fizika fənninə meyilli idim. Mənim yaşadığım 7 mərtəbəli binada indiki “Azərtac”, “Azərbaycan gəncləri” qəzeti və “Kirpi” jurnalının redaksiyaları həmçinin Respublika prokrorluğu, Hərbi komissarlıq yerləşirdi. Jurnalistikanı özüm seçdim, çunki digər peşələr mənim üçün çox darıxdırıcı və sıxıcı idi. Jurnalistikaya meylim çox qəribə bir hadisədən sonra yarandı. Həyətdə futbol oynayırdım. Topu atanda təsadüfən yazıçı Əli Vəliyevin başına dəydi. Əli Vəliyev də məni yanındakı “Azərbaycan Gəncləri” qəzetinin baş redaktoru Cəmil Əlibəyova şikayət etdi. O, da yaxınlaşıb, çox sakit, söyüşsüz və təmkinli səs diapozonu ilə dedi ki, “Futbolu oynayıb bitirəndən sonra vaxtın olsa, qalxarsan mənim yanıma deyersən ki, baş redaktor özü çağırıb”. Mən də yaşlılara hörmət əlaməti olaraq, onun sözünü yerə salmayıb, oyunumu bitirəndən sonra yanına getdim. O da mənə yazı tapşırığı verdi. Dedi istədiyin mövzu ətrafında bir yazı yaz. Mən də yazını yazdım, apardım onun yanına o da nəzər yetirdi. Qonararımı verəndə dedim ki, “Sizin pula qalmamışam”. Çunki mənə yazını enerjimi yaxşı və gərəkli işlərə sərf etdirmək məqsədi ilə yazmaq tapşırılmışdı. O zamanlar qonarar ilə yazı yazmaq heç mənim ağlımdan belə keçmirdi. Bitməyən və tükənməyən daxili istedadımın sayəsində heç çətinlik çəkmədən bunun da öhdəsindən gələ bildim. Bu yazı mənə jurnalistikaya marağımı və meylimi artırdı. Bildiyiniz kimi o gündən bu günə kimi mən jurnalistika sahəsində çalışıram. Özü də ilk qonararımı poçt vasitəsi ilə almışam. 2 manat 38 qəpik.

“...Təəssüf ki, elə mədəniyyətim yoxdur”

- Həmin poçtla göndərilən məktubu indiyə kimi saxlamısınız?
- Çox təəssüf ki, elə mədəniyyətim yoxdur. Mənim yetərli mədəniyyətimin olmadığını deyən adamlar görürəm ki, haqlıdırlar. Gərək ən azı mən onu saxlayardım.
- “Elgizli axşamlar” verlişinə baxırsınız?
- O verilişdə qonaq qismində iştirak etsəm də, inanın ki, heç izləməmişəm. “Elgizli axşamlar”-ı aparan Elgizlə “Toy olsun”- u aparan Elgizin arasında bir uçurum var. “Elgizli axşamlar” verilişində olan Elgiz çox ciddi, sosial problemləri müzakirəyə çıxaran, insanların dərdinə şərik olmağa çalışan biridir. Mənim daha çox “Elgizli axşamlar” verilişindəki Elgiz xoşuma gəldi.
- Efirlərimizdə bu formatda verilişlər şou-maqazin verilişlərini üstələyib. Sizcə bu nədəndir?
- Gəlin bu formatlı verilişlərə aydınlıq gətirək. Bu format nə formatdır?. İnsanın durumunu istismar edən bir veriliş formatıdır. Sanki sosial problemdən danışılır. Nəticələri vurğuluyanda səbəblər kənarda qalır. Səbəblərində açılmasına siyasi, inzibati və peşəkar maraqlar mane olur. Sonunda da belə tip və formatda olan verilişlər şou verilişlərin yaradacağı effektlərdən daha çox effekt yaradır. Çox ciddi sosial problemlərin miqyasını və səbəblərini göstərməyə gəlincə isə çox cılız və biganə olur.
- Seriallara necə baxırsız?
- “Kurdlar vadisi” serialını izləyirəm. Açığı seriallar mənlik deyil. Mən serialları bəyənmədiyim üçün deyil sadəcə təsir altına düşməmək üçün izləmirəm.
- Zeynal Məmmədli üçün mükəmməl musiqi hansı musiqidir?
- Xüsusi musiqi zövqüm yoxdur. Bütün musiqi janrlarına açığam. Bilmədiyim musiqini xoşladığım kimi göstərirəm, əslində bəlkə də həmin musiqiyə müqavimətim var. Mən çox səsli musiqini xoşlayıram. Bilmədiyimi öyrətsin və yaşamadığımı yaşatsın. Folklorumuzu çox bəyənirəm. Bütün xalqların folklorlarını xoşlayıram.

“Azərbaycan cəmiyyəti bu gün sevə bildiyi qədər demokratikdir”

- Bu yaşda özünüzü qoca hesab etmirsiniz ki?
- Yox. Qocaldığımı hiss edirəm, duyuram amma bunu özümə də büruzə verməməyi çalışıram. Öncə söylədim ki, 1953-cü ilin mayın 5-də dünyaya gəlmişəm, amma sənədlə dekabrın 21 tarixi qeyd edilib. Tarixin birində Marks, o birində isə Stalin dünyaya gəlib. Marks doğulsamda, nədənsə məni Stalin kimi görmək istəyiblər.
- Sevib evlənmisiniz?
- Təbii. Əgər sevməsəydim, bu günə kimi subay qalardım. Sevgiyə çox önəm verirəm. Mən düşünürəm ki, o cəmiyyətlərdə ki, sevib evlənirlər həmin cəmiyyətlər demokratik olur. Çünki belə olan halda bir-birini anlamağa, sayqı göstərməyə, səsini dinləməyə yorulmur və usanmırlar. Azərbaycan cəmiyyəti bu gün sevə bildiyi qədər demokratikdir. Əgər demokratik deyilsə, deməli sevə bilmir və sevgi bu cəmiyyətin həyatında rol oynamır. Çünki sevgi çox pilləli bir hissdir. Yəni bu hiss tək qadına olan sevgi deyil, bu peşəyə, işinə və yaratdığı biznesə də ola bilər. Mənim üçün istənilən dahi mənimdir. Heç bir milli sərhəd tanımadan, bəyəndiyim dahi amerikanlı da, türkmən də, ingilis də və hətta erməni də ola bilər. Əgər həmin dahinin humanist enerjisi varsa, bəşəriyyətə açıq mesajlar verirsə və inkişafı üçün nə isə edibsə, o mənim dahimdir. Onun mənimlə eyni qandan və eyni dindən olması daha yaxşı olardı. Mən sizə deyim ki, həmişə geri də qalmış xalqlar dahiləri ilə öyünür. Sanki dahilərlə daha önəmli və qabaqcıl göstərmək istəyir. Bir xalqın dahisinin olması, o biri xalqdan üstün və ya aşağı olması demək deyil. Dahilik keçmişdən bizə qalmış bir fərqlilik elementidir. Önəmli olan sıradan insanların xoşbəxtliyidir. Əgər dahi sayılan insandan sıradan bir insan çıxmırsa, o ya böyük bir fırıldaqçıdır, ya böyük diktatordur, ya da öz sahəsində bəşəriyyətə xeyir verən bir insandır. Mən o üçüncü kateqoriyanı sevirəm. Nə etmək olar, bu da mənim sevgimdir.
- Jurnalistin ailə saxlaması adi vətəndaşdan asandır, yoxsa çətin?
- Adi vətəndaşın yaşadığı bütün çətinliyini jurnalist də yaşayır. Əgər o jurnalist vətəndaşın çətinliyini yaşamırsa, özünü sıradan vətəndaşdan ayrırsa, deməli o artıq jurnalistikada deyil. O Siyasətlə, hansısa oliqarxa və məmurlara xidmətlə məşğuldur. Həmin vətəndaşa jurnalist demək olmaz. Mənim bir jurnalist kimi işim insanların bilmək istədiyini və insanların həyatı üçün ehtiyacı olan bir məlumatı ona çatdırmaqdır. Qanunla da bu mənim borcumdur. Yəni sıradan bir vətəndaşdan özümü fərqləndirməməliyəm və xalqdan qorxmamalıyam. Mən baş redaktoram, çoxlu paralar qazanıram və adi vətəndaşın yaşadığı çətinliyi yaşamıramsa, deməli mən jurnalistikadan qopmuşam. Adi vətəndaş biri digərindən yaxşı və pis yaşaya bilər. Jurnalist isə öz sahəsində həmişə çətinliklə rastlaşmalıdır. Əgər o çətinliklə rastlaşmırsa, deməli o jurnalist peşəsində deyil.



Şahzadə Gül






7 Mart, 2011  21:02 Baxılıb: 2846 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner